“30 il bundan əvvəl bu işə başlasaydım nələr yaratmazdım!?”

 

Ziba Abdullayeva: “Mən gəlinciyimi satanda onunla sağollaşıram”

 

“Hər gəlinciyi satanda onunla görüşüb, sağollaşıram. Elə bilirəm ki, onlar mənim körpəmdir, canımdır. Bəzən isə hazırladığım əl işini satmağa ürəyim gəlməyib” - bu sözləri bizimlə söhbətində 54 yaşlı Ziba Abdullayeva dedi.

O bildirdi ki, uşaq vaxtından incəsənətin demək olar ki, bütün sahələrinə maraq göstərib, rəsm çəkməkdən tutmuş, gəlinciklər hazırlamağa qədər... Uzun müddət bu qabiliyyətlərini üzə çıxarmaq imkanı olmasa da, “heç vaxt gec deyil” deyib, 52 yaşında əl işləri hazırlamağa başlayıb və aradan illər keçməsinə baxmayaraq, hazırladığı gəlinciklər böyük maraqla qarşılanır. Bunu onun əl işlərinə baxanda əyani şəkildə görmək mümkündür.

 

“Gəlinimin də bu işlə məşğul olması mənə stimul verdi”

 

Bəs maraqlıdır, 50 yaşdan sonra bu işə maraq göstərməsi, gəlinciklər hazırlamağa həvəsi necə yaranıb?  Bu həvəsin real işə çevrilməsində bir az da gəlininin rolunun olduğunu bildirir: “Bu həvəs mənim içimdə uşaq vaxtından var idi, evdə rəsmlər çəkirdim. Balaca gəlinciklərim üçün paltarlar tikməyi xoşlayırdım. Demək olar ki, incəsənətə aid olan bütün sahələrə marağım böyük idi. Uşaqlıqdan rəssamlığa həvəsim olub, rəsmlər çəkmişəm. Amma sonra bu sahə ilə məşğul olmadım.

Bir çox sərgilərə gedirdim, əl işlərini seyr etməkdən xoşum gəlirdi. Xüsusilə əl işlərinə məndə böyük maraq yaranmışdı. İşə başlamaq üçün stimul lazım idi. Gəlinimin bu işlə məşğul olması stimul rolunu oynadı. Oğlumu nişanlayan vaxtı gəlinimin əl işlərini gördüm və qərara gəldim ki, mən də bu işə başlayım. İlk əl işlərimə baxanda özümün gülməyim gəlirdi, elə bil onları balaca bir uşaq tikibdi. Amma gəlnim məni həvəsdən düşməyə qoymurdu: “Bu cür işlər səndə yaxşı alınır”. Hazırda əlimdə iki yarımçıq işim var. Onları tamamlamaq üzrə işləyirəm. Gəlinim əsasən xonçalar, dekorlar edir, heyvan oyuncaqlar tikir. “Beş gəlin” verilişində qızlara əl işləri öyrədən Lalə mənim gəlinimdir.  Bəzən bizə deyənlər olur ki, gəlin-qayınana bu işlə məşğul olursunuz, bəs aranızda rəqabət yaranmır? Amma biz rəqabət deyil, əksinə daima bir-birimizə kömək etməyə, işlə bağlı bir-birimizin fikirlərini öyrənməyə üstünlük veririk. Ana-balayıq, bəzən o məndən soruşur ki, ana bunu belə etsəm, necə olar? Yaxud mən ondan soruşuram ki, qızım bunu bu cür etsəm, necə görünər? Fikirlərimizə önəm veririk. Bəzən mənə deyir ki, ana səndə gəlinciklər daha yaxşı alınır haa (Gülür).

 

 “Kişi üst geyimi üzrə dördüncü dərəcəli ustayam”

 

Bəs içindəki istəyi niyə bu qədər gec reallaşdırıb? Ziba xanım deyir ki, 80 nömrəli peşə məktəbində oxuyub. Və kişi üst geyimi üzrə dördüncü dərəcəli ustadır: “Lakin yoldaşım icazə vermədiyi üçün fabrikdə işləməmişəm. Ancaq evdə özüm və uşaqlarım üçün paltar tikmişəm, evdar xanım olmuşam. Bəzən insan həyatında olan problemi unutmaq üçün bir işlə başını qatmaq istəyir. Mənim də həyatımda bir sıra problemlər oldu və tikişlə başımı qatmaq fikrinə gəldim. İşə baş qatmaq üçün başlasam da, əslində o içimdə olan yaradıcılığı, bacarığı üzə çıxartdı”.

 

“Mənə bu sənəti öyrədən olmayıb, özüm təkbaşına öyrənmişəm”

 

Tikiş tikməyə, rəsm çəkməyə, əl işləri hazırlamağa uşaqlıqdan içində sevgisinin olduğunu deyən Ziba xanım bildirdi ki, bu peşəni öyrənmək üçün xüsusi olaraq heç bir yerə getməyib və kimdənsə dərs almayıb: “Mənə bu sənəti öyrədən birisi olmayıb, özüm təkbaşına öyrənmişəm. Necə deyərlər, müəllimim elə özüm olmuşam. “Youtube” kanallarına baxmışam, bəzi tikilmə sirrlərinə diqqət yetirmişəm. İnsanın içində bir işə sevgi oldusa, onu etməməsi mümkün deyil. Düzdür,  bu iş əldən və bacarıqdan asılı olaraq hər adamda fərqli alınır. Eyni bir işi hər kəs eyni formada görə bilmir. Özümün həvəsim və bacarığımın olmasından əlavə, internetdən də çox şey öyrənmişəm”.

 

 “Gəlinciklərim mənim körpəmdir, canımdır”

 

Ziba xanım deyir ki, gəlinciklərinə oyuncaq gözü ilə baxmır. Körpə qədər onları sevdiyini bildirdi: “İşimi sevə-sevə görürəm. Mən hər gəlinciyimi satanda onunla görüşüb, sağollaşıram. Elə bilirəm ki, onlar mənim körpəmdir, canımdır. Bəzən elə olur ki, hazırladığım əl işini satmağa ürəyim gəlməyib. Demək olar ki, ilk əl işlərimi satmamışam, qızıma və gəlinimə vermişəm. Bəzilərini isə evdə saxlayıram. Divardan asılı olanları da var, olmayanları da”.

 

Bəzən gecəni oyaq qalıb səhərə qədər işləyir...

 

Ziba xanımın sevə-sevə, həvəslə gördüyü iş böyük səbir tələb edir. O səbir də Ziba xanımda var: “Bir gəlinciyin üzərində iki-üç gün işləyirəm. Evdə işlərim çox olur, nəvələrimlə vaxt keçirirəm, bu səbəbdən də bəzən bir gəlinciyi hazırlamaq uzun çəkir. Amma işi görmək lazımdırsa, tənbəllik etmirəm. Bəzən elə olur ki, səhərə kimi yatmıram. Bu zaman təbii ki səbirli olmaq lazımdır. İşin bitmə mərhələsində nə isə gözümə xoş gəlməyəndə təzədən söküb düzəltməli oluram, bunları belə zövqlə edirəm”.

 

“Tək işləyirəm, amma bir balaca köməkçim var”

 

Ziba xanım deyir ki, gəlincikləri tikmək üçün lazım olan materialları internetdən də sifariş verir. Bəzilərini isə uşaqlar üçün olan saç bandlarından götürür: “Bizdə parçalar çox bahadır. Bu yaxınlarda Rusiyaya getmişdim, oradan çoxlu parçalar gətirdim. Rusiyada parçaların qiymətləri bizdəkindən dəfələrlə ucuzdur. Tək işləyirəm, amma bir balaca köməkçim - 1 yaş səkkiz aylıq nəvəm var. Tikiş zamanı köməklik edir (Gülür). 11 yaşlı nəvəm isə hər dəfə deyir ki, nənə, mənə də öyrət. Çox xoşlayır, baxır, öyrənir, istəyir ki, o da nəsə tikib düzəltsin. İstər-istəməz gendən gəlir. Amma qızımın marağı ancaq oxumağa idi, bu sənətə marağı olmadı. Hazırda ingilis dili müəlliməsidir”.

 

“Bacardığım qədər uçuz qiymətə satmağa çalışıram ki...”

 

Z.Abdullayeva deyir ki, Azərbaycanda əl işlərinə maraq azdır, onu almağa o qədər də maraq göstərilmir: “Əl işləri bizdə ucuzdu, gəlinciyin birini 30-40 manata satırıq. Turistlər daha çox alırlar. Ərəblər və rusiyalı tursitlər bizim əl işlərinə xüsusi maraq göstərirlər. Yerli əhalidə isə maraq azdır, demək olar ki, çox az alırlar. Evdən satış isə demək olar ki, yoxdur. Hazırda İçərişəhərdə “Art Tower” qalareyasının qabağında işlərimizi təqdim edirik. Satışlarım əsasən orada olur. Hər şənbə və bazar günlərini orada oluruq. “İnstagram”da da səhifə açmışam, amma indiyədək sifariş almamışam. Soruşanlar çox olur, alan isə yoxdur. Başım qarışıq olduğu üçün reklama qoymağa vaxt ayıra bilmirəm. Alıcılarımız isə müxtəlif yaş təbəqələrinə aid insanlar olur. Bəzən görürsən ki, bir xanım yoldaşı ilə gəlib baxır, çox bəyənir və yoldaşı onun üçün hədiyyə alır. Yaxud balaca uşaq gəlinciyi bəyənir, “mənə bundan alın” deyir, valideyn də gəlinciyi almalı olur. Düzdür, mən bacardığım qədər gəlinciyi aşağı qiymətə satmağa çalışıram, uşaqlar sevinsinlər. Amma bizdən fərqli olaraq Rusiyada belə gəlinciklər baha olur, 2500 rubla satırlar”.

 

“30 il bundan əvvəl işə başlasaydım...”

 

Bu peşəyə gənclərin böyük marağının olduğunu deyən Ziba xanım qeyd etdi ki, gözəl, bacarıqlı və həvəslə işləyən gənclər az deyil. Əgər 30 il bundan əvvəl bu işə başlasaydım, uğurlar daha çox olardı. Bu işi məndən öyrənmək istəyənlər çox olub. Bəzən deyirlər ki, master klass göstər, bəlkə bizə də öyrədəsən. Amma öyrətməyə heç cür vaxtım olmur. Çünki mən,ancaq gecələr tikirəm, ya da səhərlər tezdən durub işləyirəm. Gündüz nəvələrə baxıram deyə, vaxtım olmur. Öyrənmək istəyən çoxdur, öyrətmək həvəsim isə lap çoxdur, amma öyrətməyə, çox təəssüf ki, vaxtım yoxdur”.

 

Könül Əhmədova

Üç nöqtə.- 2019.- 14dekabr.- S.12