"Daxili aləmim rəsm çəkməklə  rahatlıq tapır"

 

 Aynur Yusifova : "Əlimin  altında heç nə olmasa belə qələmlə nəsə çəkirəm"

 

 

Rəsm çəkməyə lap uşaq yaşlarından həvəsi olduğunu deyir. Məktəbdə dərslərin yorğunluğunu rəsm çəkməklə çıxarır, daxili aləmi sanki bununla rahatlıq tapırmış. Hazırda başqa işdə çalışsa da, qələmi, fırçası əlindən yerə düşmür. Elə günü, bəlkə də elə saatı yoxdur ki, rəsm çəkməsin.

 

Rəsm çəkmək artıq onun həyatının bir parçasına çevirilib. Hazırda Meksikada Frida Kahlonun ev muzeyində 3 rəsmi var. Həmçinin İçərişəhərin ən çox maraq kəsb edən məkanlarından biri, tarix və mədəniyyətin qovşağı olan Dördbucaqlı Qalada (Art Tower) gənc rəssamların əsərlərindən ibarət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “ÍÏÎ Arts Council Azerbaijan” tərəfindən təşkil edilən “Start” layihəsi çərçivəsində nümayiş edilən əl işləri içərisində müsahibimizin də rəsmi yer alıb.

 

“Üç nöqtə” qəzetinin qonağı əsərləri ilə gözoxşayan gənc rəssam Aynur Yusifovadır. Müsahibimlə onun ümumi fəaliyyətindən, gələcək planlarından söhbət etdik.

 

- Əsərlərinizdə sevgi, romantika duyumu hiss olunur. Bu sizin romantikliyinizdənmi irəli gəlir?

- Ümumiyyətlə, romantik ruhlu insanam. Hisslərimi gizlətməyi qətiyyən sevmirəm. O an nə hiss edirəmsə, qarşımdakı insana onu hiss etdirirəm. Əlbəttə, bu əsərlərimdə də öz əksini tapır. Hər kəs əsərlərimdəki sevgini hiss edir. Əslində əsas məqsədim də elə budur, insanlara sevgi hissini aşılamaq. Bu qədər çətinliyin içində qısa müddətə də olsa həyatın bütün dərd-kədərini unudub ətrafımızdakı gözəlliklərdən zövq alaq, sevgini duyaq.

 

- Uşaqlıqdan çox adam rəsmlər çəkir və davamlı olaraq məşğul olur. Amma sizdə bir az fərqli olub. Xeyli müddət fasilə vermisiniz. Gec başlamağınızın səbəbi nədir?

- Rəsmə lap uşaqlıqdan həvəsim olub. Məktəb illərindən dərslərin yorğunluğunu rəsm çəkməklə çıxarırdım. Sanki daxili aləmim bununla rahatlıq tapırdı. Kitablardakı şairlərin portretlərini çəkirdim. Əsərləri oxuyanda xəyalımda canlandırdığım obrazları çəkməyə çalışırdım. Amma valideynlərim xüsusilə anam rəsm çəkməyimin əleyhinə olub. Əlimə qələm alan kimi deyirdi ki, dərsini oxu, uşaq kimi rəsmlə oynama. Sakit təbiətli olduğuma görə buna etiraz edə bilmirdim. Bunlara baxmayaraq rəsm çəkməkdən vaz keçmədim. Yenə də gizli-gizli çəkirdim (Gülür). Rəsmə gec başlamağımın əsas səbəbi də elə budur.

 

- Dediniz ki, ananız rəsm çəkməyinizin əleyhinə olub. Bəs indi necə?

- İndi anam çox peşmandır. Sözün həqiqi mənasında mənə hər zaman dəstək olur. Deyir vaxtında belə bacarıqlı olduğunu bilsəydim sənə mane olmaq yerinə dəstək olardım. Burdan bütün valideynlərə səslənirəm. Övladlarınızı sırf başqasının övladı filan ixtisasda oxudu deyə, məcbur edib öz istəklərinə uyğun ixtisasda oxutdurmağa çalışmasınlar. Biraz uşağın öz istəklərini nəzərə alsınlar. Nəyə bacarığı varsa onu müşahidə etsinlər. İnsan öz istəklərinin arxasınca gedəndə daha çox yararlı olur. Həm özü, həm də milləti üçün.

 

- Deyirlər ki, işə bir müddət ara verdikdən sonra adaptasiya olmaq çətin olur. Bəs siz necə arada bu qədər fasilə verdikdən sonra əliniz işə yatırmı? İstədiyiniz işi görə bilirsinizmi?

- Bəli, insan işə ara verdikdən sonra psixoloji olaraq adaptasiya olmaqda çətinlik çəkir. Amma əgər işiniz incəsənətdirsə, xüsusilə rəsmdirsə burda elə də çətinlik yaranmır. Çünki rəssam daima axtarışdadır. Əlində fırça, qələm olmasa da baxdığı hər şeyi beynində vərəqə, kətana köçürür. Yəni psixoloji olaraq daima bu işin içində olur. Ona görə də heç bir çətinlik yaranmır. Əksinə bəzən fasilə verəndə nə çəkmək istədiyini daha yaxşı dəqiqləşdirirsən. Çünki artıq çəkəcəyin rəsmin eskizi beynində hazır olur. Eskizi hazır olanda isə işin yarısı artıq bitmiş hesab oluna bilər.

 

- Təhsiliniz hansı sahə üzrə olub?

- Təhsilim hüquqşünasdır. Amma hüququ bitirəndən sonra bu sahədə çalışmamışam. Hüquqşünas olmaq üçün daha sərt xarakterli olmaq lazımdır. Bu sənət mənim daxili aləmimlə tərs mütənasib olduğu üçün davam etdirə bilmədim. Əvəzində uşaqlıq arzumun arxasınca getdim. Yəni jurnalistika. “Yeni Azərbaycan” qəzetində korrektor+operator vəzifəsində çalışıram. Əvvəl korrektor idim, indi isə operator.

 

- Başqa işdə də çalışırsınız. Yaradıcı işlə o sahəni müqayisə edirsinizmi?

- Əslində çalışdığım sahə də yaradıcı iş sayıla bilər. Çünki insan yazanda da yeni fikirlər yaradır. Hər ikisi bir-biriylə bağlıdı. Bəzən işdə də rəsm çəkirəm. Əlimin altında heç nə olmasa da qələmlə nəsə çəkirəm.

 

- Belə olanda işlərinizi çatdıra bilirsinizmi?

- İşlərimi heç vaxt təxirə salmıram. İşdə olanda əsas işimi görürəm. İşimə görə mənə nəsə bir söz gəlməsi kimi halları sevmirəm. İşlərimi bitirib arada fasilə olanda yorğunluğumu rəsmlə çıxarıram. Və yenidən daha yüksək əhval-ruhiyyə ilə işimi davam etdirirəm.

 

- Rəssamlar adətən iki cür əsərlər çəkir, abstrakt, yaxud real. Siz hansına daha çox meyillsiniz?

- Abstrakt əsərlər hər kəsin ruhunu oxşamır. Bu əsərləri çox az adam anlayır. Mən real əsərləri sevirəm. Çünki daha çox insanın daxili aləminə xitab etmək istəyirəm. İnsanlar onsuz da bütün gün çətinliklərlə uğraşır. Heç olmasa rəsmə baxanda düşüncələrdən azad olsunlar, zövq alsınlar. Bir də bu rəsmdə rəssamın nə demək istədiyini anlamaq üçün yorulmasınlar.

 

- Gələcəkdə sırf bu sahəyə yönəlmək fikriniz varmı?

- İnşallah onu zaman göstərər. Hazırda tam olaraq bir sahəyə yönəlib, onunla özümü çərçivəyə salmağı düşünmürəm. Rəsm hər zaman həyatımın bir parçası olub. Bundan sonra da ömrümün hər anında mənimlə olacaq. Amma məncə, rəsmlə bərabər hər zaman başqa bir sahə də olacaq. Çünki mən inkişaf etməyi sevirəm. Bir yerdə dayanmaq istəmirəm.

 

- Rəsmlər rəssamların daxili aləmindən xəbər verir. Siz daxili aləminizi rəsmlərdə necə əks etdirirsiniz?

- Deyilənə görə, sevgi dolu insanam. Əsərlərimdə də daha çox sevgi hissləri əks olunur. Təbii ki, ikili münasibətlər daha çox öz əksini tapır. Amma bildiyiniz kimi,  sevgi sadəcə qarşı cinsə duyulan hisslər deyil. Təbiəti, quşları, heyvanları, gülü, çiçəyi, sevmək. Bütün bunlar sevginin müxtəlif növləridir. Və bunların hamısı əsərlərimdə öz əksini tapır.

 

- Əsərlərinizi sərgilərdə də görürük…

- Sərgilər gənc rəssam üçün çox önəmlidir. Tanınmaq üçün, digər rəssamların işlərini görüb, onlarla fikir mübadiləsi aparmaq, yenilikləri kəşf etmək üçün vacibdir. Hazırda Meksikada Frida Kahlonun ev muzeyində 3 rəsmim var. Bütün dünyadan gənc rəssamların rəsmləri burada toplanaraq sərgilənəcək. Həmçinin İçərişəhərin ən çox maraq kəsb edən məkanlarından biri, tarix və mədəniyyətin qovşağı olan Dördbucaqlı Qalada (Art Tower) gənc rəssamların əsərlərindən ibarət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “ÍÏÎ Arts Council Azerbaijan” tərəfindən təşkil edilən “Start” layihəsi çərçivəsində nümayiş edilən əl işləri içərisində mənim də rəsmim yer alıb.

 

- Sifarişləriniz necə olurmu? Qane edirmi sizi?

- Bəli olur. Şükür Allaha qane edir.

 

- Sifarişləri işləmək daha asandır, yoxsa öz istədiyiniz rəsmləri çəkmək?

- Bu əsasən əhval-ruhiyyəmdən asılıdır. Bəzən sifarişləri işləmək daha rahat olur. Çünki verilən sifariş daxili aləmimə xitab edir. Elə olur ki, bir əsəri bir neçə saata işləyib bitirə bilirəm. Bəzən də günlər lazım olur. Məncə bu sifarişçinin mənə ötürdüyü enerjidən irəli gəlir. Bəzən də öz daxili aləmimdəki rəsmləri çəkməklə rahatlıq tapıram.

 

- Özünüzü bu sahədə inkişaf etdirmək üçün nələr edirsiniz?

- Daima araşdırmalar aparıram, yeni metodlarla maraqlanıram. Rəssamlıq elə bir sahədir ki, burda yeniliklərə açıq olmalısan. Ümumiyyətlə, nəinki rəssamlıq, məncə, elə bütün sahələrdə yenilikçi olmaq lazımdır. Başqa rəssamlarla fikir mübadiləsi aparıram. Onların fikirlərini öyrənirəm, öz fikirlərimi bildirirəm.

 

- Dahilərdən kimlərin əsərlərindən bəhrələnirsiniz? Hansıları sevirsiniz?

- Pablo Pikasso, Vinsent van Qoq, Leonardo da Vinçi, Salvador Dali və s. rəssamaların əsərlərini sevirəm və bəhrələnirəm. Sevdiklərim sırasında Modiqliani, Frida Kahlo əsas yerləri tutur.

 

- Müştərilər əsərlərinizə istədiyiniz dəyəri verə bilirlərmi?

- Əgər söhbət mənəvi dəyərdən gedirsə bəli çox bəyənirlər, fikirlərini xoş sözlərlə ifadə edirlər. Amma söhbət maddiyyata gəldikdə nə qədər bəyənsələr də çalışırlar ki, rəsmə müştəri gözüylə baxsınlar və bacardıqca ucuz qiymətə dəyərli hədiyyə əldə etsinlər. Amma bunu edərkən bir şeyi nəzərə almırlar. Rəsm, heç də düşündükləri qədər ucuz başa gələn bir şey deyil. Həm rəsmdə istifadə olunan ləvazimatlar yetərincə bahadı, həm də rəssamın itirdiyi zaman, vaxt dəyərlidir. Bir sözlə əl əməyi, göz nuru olan əsərlər düşünülən qədər ucuz deyil.

 

- Sonda nə demək istəyirsiniz?

- Sonda demək istəyirəm ki, həyatda heç nə üçün gec deyil. Hər zaman arzularınızın arxasınca gedin. Buna cəsarətiniz varsa hər şeyə nail ola biləcəksiniz.

 

Könül Oruc

 Üç nöqtə.- 2019.- 19 dekabr.- S.12