“Saxta
sevgilərə ehtiyacım yoxdur”
Əməkdar artist Nigar Şabanova:
“Haqsızlığı qəbul etmirəm”
“Ana olandan çox şey dəyişib. Elə
özüm də dəyişmişəm. Böyük bir pozitivlik gəlib mənə. Əvvəllər səhər
açılırdı, qalxırdım, hazırlıq
görürdüm, gedirdim ya toya, ya konsertə, gəlirdim evə
və mən tək-tənha qalırdım. Amma indi
qızım var. Gəlirəm, onu qoxlayıram və
özümü xoşbəxt hiss edirəm. Düşünün,
indi belə tələsirəm ki, tez evə getsəydim,
qızımı görərdim”. Ucnoqta.az
saytının qonağı Respublikanın əməkdar
artisti, xanəndə Nigar xanım Şabanovadır.
-Nigar
xanım uşaqlıq illərinizdən başlayaq...
-Sakit və
utancaq bir qız olmuşam. Baxmayaraq uşaq idim,
amma özümü xanım-xatın kimi aparırdım.
Oxumağı çox sevmişəm. 11 yaşımdan oxumağa başlamışam.
Düzdür, valideynlərim mənim müğənni
olmağımı istəmirdilər, amma özüm təkid
edirdim. Beləcə gördülər ki,
xeyr, mənim musiqiyə olan sevgimin qarşısını
heç bir vəchlə ala bilməyəcək, razı
oldular. Mahnı oxumağıma babam dəstək
olub. Valideynlərim ki, mənim musiqiyə
gəlməyimi istəmirdilər, o zaman babamın yanına
getdim. O isə valideynlərimə gəlib dedi ki, icazə
verin, oxusun. Onsuz Nigar xanəndə olacaq, Səkinə
xanım, Mələkxanım müəllimə, Nəzakət
xanım və digər sənətkarlarımız kimi
abırlı, həyalı çıxacaq efirlərə.
Babam ailəmizin böyüyü olduğu
üçün onun dediklərini qəbul etdilər və mənim
musiqi ilə məşğul olmağıma yox demədilər.
-Gözəl
xanımsınız, ola bilməz ki, sizə
ciddi sevgi təklifləri olmasın...
-Bilirsiniz,
ailə həyatım dağıldıqdan sonra 3 il mən depressiyada oldum. O illər
özümü güclə toparlaya bildim. Daha
sonra qarşıma məqsəd qoydum ki, mən təhsil
almalıyam. Hazırlaşıb Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə daxil oldum. Bu illər ərzində
də ancaq universitet haqqında fikirləşdim ki, buranı
yaxşı oxumalıyam, əla qiymətlərlə bitirməliyəm
və s. Universitetdə oxuduğum zaman müsabiqələrə
qatıldım və başladım özümü sənətə
qurban verməyə. Beləcə, xarici səfərlər,
dövlət tədbirləri özümü
düşünməyə imkan vermədi. Çünki, yenə də deyirəm, sənətə
sevgimlə bağlanmışdım. Düzdür,
sevgi təklifləri çox almışam. Amma sənətimi düşündüyümdən,
“bəli” cavabı deməmişəm. Bəlkə
də, kiməsə razı olmamağım keçmişin məndə
buraxdığı bir iz idi ki, mən heç kimə
inanmırdım, bəlkə də, sənəti ikinci dəfə
qurban verməyimdən qorxurdum. Düşünürdüm
ki, mən bu addımı atmışam, sənətdə irəliləmək
yolunu seçmişəm, bunun ardınca da getməliyəm.
Bu gün artıq mənim 30 yaşım var. Bu
yaşımda mən ağıllı qərar verməliyəm.
Yüz ölçüb, bir biçməliyəm.
Qismət Allahdan.
-Nigar
xanım, gələcəkdə ailənizə görə sənəti
tərk edərsiniz ?
-Bəli,
edərəm. Əgər, həqiqətən də,
məni anlayan, dəyər verən biri olarsa, edərəm.
Bilirsiniz, bu sənət vəfasızdır.
Baxın, bu gün 10 kişidən neçəsi Nisə
xanım Qasımovanı dinləyir ? Tam səmimi cavab verək. Bir-iki
nəfər olar, ya yox. Halbuki, Nisə
xanım bu sənətə hər bir şeyini qurban verib.
Efirdə bir dəfə özü demişdi.
Bu gün o nə söyləyir ? Mənim dostum dörd divar və siqaretdir. Bir
qadın üçün həyatını karyeraya qurban verib
sonda tək qalmaq nə deməkdir, bilirsiniz ?
-Övladınızdan
danışaq...
-Övladımı
uzaq qohumlardan götürmüşəm. Bir qan
bağı var. Onu mənim övladlığa götürməyim
təklifini onlar verdilər. Düşündüm,
hər tərəfli nəzərdən keçirdim və təklifi
qəbul etdim. Təklif necə oldu, onu
deyim. Mənim doğmalarımdan başqa heç kim bilməz ki, mən nə hisslər
keçirirəm və ya mənim vəziyyətim necədir. Yəni mən bir tərəfdə ağlaya bilərəm,
amma çevrilib insanlara təbəssüm bəxş edə
bilərəm. Bunu kimsə duymaz ki, Nigar
kövrəlib. Yalnız doğmalarım
bilər ki, ürəyimdə nəsə var. Bəlkə də,
onlar məni yalnızlıqdan qurtarmaq üçün bu
addımı atdılar ki, al, övladımızı sənə
veririk. Təsəvvürünüzə gətirin,
qızımın doğuşdan sonra 4 ay müzakirəsi getdi
ki, götürüm ya yox ? Çünki,
məsuliyyət hiss edirdim. Mən
bütün işlərdə beləyəm. Xırda bir addım atanda belə mən sonranı
düşünən insanam. Nə
yaxşı ki, mən Nəfisəni övladlığa
götürdüm. Qızım mənim
xoşbəxt olma səbəbimdir.
-Nigar
xanım, birdən böyüdükdən sonra
övladınız sizi tərk etdi. Dedi ki, valideynlərimin
yanına gedirəm...
-Mən
ondan heç bir zaman valideynlərinin kimliyini gizli saxlamayacam. Onsuz mənim belə bir şansım, imkanım da
yoxdur. Çünki, mən üzdə
olan insanam. O böyüyəcək, istər-istəməz
hardansa xəbər tutacaq. Ən qısa yolu
internetdən. Görəcək ki, o, dünyaya gələn
dönəmlərdə anası ailəli olmayıb, hamiləlik
dövrü yaşamayıb (üzr istəyirəm), deməyəcək,
bəs mən hardan peyda oldum ? Uşaq bunları analiz edəcək axı. Ona görə də gizlətmək istəmirəm.
Gələk sualın cavabına. Mən inanmıram ki, Allah mənə belə bir zərbə
vurar. İkincisi də bir şeyi bilirəm
ki, mənim kimi ananın övladı onu heç bir zaman tərk
etməz.
-Neçə
yaşında ona etiraf etmək istəyirsiniz ki, sənin anan mən
deyiləm ?
-Mən
onu hər şeyə hazır görəndə. Mən nə zaman görsəm ki, qızımın
onu eşitməyə gücü çatacaq, etiraf edəcəm
ki, səni övladlığa götürmüşəm.
Onun beyninin inkişafından asılıdır
bütün bunlar.
-Nigar
xanım, ana olana qədər və ana olduqdan sonra. Nələr
dəyişdi ?
-Ana
olandan çox şey dəyişib. Elə
özüm də dəyişmişəm. Böyük bir pozitivlik gəlib mənə. Əvvəllər səhər
açılırdı, qalxırdım, hazırlıq
görürdüm, gedirdim ya toya, ya konsertə, gəlirdim evə
və mən tək-tənha qalırdım. Amma indi
qızım var. Gəlirəm, onu qoxlayıram və
özümü xoşbəxt hiss edirəm. Düşünün,
indi belə tələsirəm ki, tez evə getsəydim,
qızımı görərdim.
-İnternetdə adınızı yazanda bir də
insanın qarşısına sizinlə bağlı qalmaqallar
çıxır. İstər Mələkxanım müəllimə ilə,
istərsə də digər məsələlərlə
bağlı açıqlamalarınız böyük səs-küyə
səbəb olub...
-Əvvəla deyim ki, Mələkxanım müəllimə
ilə aramıza kimlərinsə girmək istədiyi dönəmlərdə
sifarişlər çox oldu. Məni vurmağa
çalışdılar. Baxın, mənə
ad yeni verilmişdi və bunu bəzilərinin gözü
götürmürdü. Əslində, mənim
müsahibəmdə rezonans doğuracaq bir şey
olmamışdı. Mənə sual verildi, kimlər təbrik
etdi, kimlər etmədi ? Ardınca bir sual
da əlavə olundu, müəlllimləriniz təbrik etdimi ? Mən də dedim ki, müəllimim Qəzənfər
Abbasov təbrik etdi, Mələkxanım müəllimə isə
yox. Bunu böyütdülər, müzakirə
etdilər və bu uzandıqca uzandı. Sonda mənim xətrimi
çox istəyən bir jurnalist dedi ki, Nigar, bunu elətdirirlər
ki, gözdən düşəsən. Mən də dedim ki,
bunu hiss etmişdim, çünki burada şişirdiləcək
bir şey yox idi. O dönəmlər getsin, gəlməsin.
-Bu
gün Mələkxanım müəllimə ilə
münasibətiniz yaxşıdır ?
-Çox
yaxşıdır. O, mənim müəllimimdir, anamdır. Ana ilə balanın arasında inciklik olur, amma onlar
ömrü boyu küsülü qalmırlar ki. Çoxsu deyir ki, Nigar Mələkxanım
Eyyubovanı öz müəllimi kimi qəbul etmir. Xeyr, belə deyil. Necə ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
Qəzənfər Abbasov mənim müəllimim olub, Mədəniyyət
və İncəsənət Universitetində də Mələkxanım
Eyyubova mənim müəlliməm olub. Bu iki
insanın üzərimdə çox böyük əziyyəti
var. Hərdən özlüyümdə deyirəm ki, mən
müəlliməmin həyatını yaşayıram. Necə ki, sənətdə onun qarşısına
daşlardan divar hörüblər, bunu mənə də edirlər.
Mən Mələkxanım müəlliməni
öz müəllimim kimi qəbul etməsəm, həyatımı
onun həyatına bənzətmərəm.
-Elgizin
verilişini niyə tərk etdiniz ?
-Səbəb
o idi ki, verilişdə mənə uyğun olmayan qonaqlar var
idi. Məsələ Elgizlə bağlı
deyil. Bu hər bir verilişlə
bağlı belədir. Mən şou və
əyləncənin, həmçinin, qalmaqalın çox
olduğu verilişlərə getmirəm. Təbiətimə
görə getmirəm. Əgər mən hansısa bir
yerdə gedib özümü narahat hiss edəcəmsə, niyə
gedim və ya gedib də insanlara yalandan gülüş bəxş
edim ? Mən aldatmağı
sevmirəm. Gələk, indi Elgizin
verilişinə. Getdim, gördüm ki,
qonaqlar mənə uyğun deyil və bir də məni onlarla
qalmaqal etməyə sövq edirlər. Gözləyirdim
ki, fasilə yaransın, gedim. Amma baxdım
ki, yox atmosfer gərginləşir, durdum, efiri tərk etdim.
-Açıqlama
vermişdiniz ki, Gülyanaq xanımdan Opera və Balet
Teatrı 4 min manat rüşvət istəyib. Amma sənətçi
sizin dediklərinizi təkzib elədi...
-Mən
gözümlə görməmişəm, şahidi
olmamışam, amma mənə deyiləni demişəm. Mən o barədə söz vermişəm ki,
danışmayacam. Ümumən
danışmaq istəmirəm. Sadəcə
bir cümlə demək istəyirəm ki,
haqsızlığı qəbul etmirəm. Düzgün nədirsə, onu danışıram.
İstəyən bunu qəbul etsin, istəməyən
də qoy məni sevməsin. Mənim saxta
sevgilərə ehtiyacım yoxdur. Mən
saxtalıq etməmişəm və etməyəcəm də.
Bu fikir hər kəsə aiddir. Bu gün mənim bəzi sənət
yoldaşlarım var ki, arxada başqa cürdürlər,
üzdə isə tamam başqa. Onların
heç biri özləri deyillər. Arxada mənim
pisliyimə min bir iş görənlər, mənimlə
qarşılaşanda səndən yoxdur, deyillər.
-Nigar
xanım, hər zaman haqsızlıqlardan uzaq olasınız. Dəvətimi qəbul edib gəldiyiniz
üçün minnətdaram.
-Mən də sizə təşəkkür edirəm
Rövşən
Tahir
Üç nöqtə.- 2019.- 21
dekabr.- S.12.