Heç bir halda təhqir və
söyüş siyasi mübarizə metoduna çevrilməməlidir
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının sədri, Milli Məclisin
deputatı Azay Quliyev www.yap.org.az saytına müsahibə
verib:
- Azay müəllim, YAP-ın Mərkəzi Qərargahında
partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədovla
QHT-lərin nümayəndələrinin görüşü
keçirildi. Görüşdə hansı məsələlər
müzakirə edildi və görüşün nəticələrini
necə qiymətləndirirsiniz?
- İlk öncə onu qeyd edim ki, ölkənin
aparıcı QHT-ləri ilə hakim partiyanın
görüşləri və bu görüşlərdə
ictimai əhəmiyyətli məsələlərin müzakirəsi
yeni təcrübə deyil, biz əvvələr də bu
formatda görüşlər keçirmiş, ən müxtəlif
məsələləri açıq və səmimi ortamda
müzakirə etmişik. Bu da təbiidir. Çünki hakim
partiya üçün hər zaman ictimai rəy
daşıyıcılarının və bütövlükdə
ictimai sektorun ölkədə və beynəlxalq aləmdə
baş verən bu və ya digər hadisələrə
münasibəti maraqlı olub, QHT-lər üçün də
hakim partiyanın ölkənin inkişafı, mövcud problemlərin
həlli ilə bağlı atacağı addımları
öyrənmək və bu istiqamətdə öz təkliflərini
vermək xüsusi əhəmiyyət kəsb edib.
Bu dəfə də belə oldu. Bu
görüşdə çox vacib və eyni zamanda, bir
sıra problemli məsələləri müzakirə etdik.
Ən çox müzakirə edilən məsələ sosial
medianın hazırkı vəziyyəti, bəzi istifadəçilər
tərəfindən sosial şəbəkələrdə
insanların heysiyyatına və mənəviyyatına edilən
açıq hücumlar, təhqir və “söyüş
maşını”nın işə salınması və bundan
doğan narahatlıqlar oldu. Təəssüf ki, bəzi
hallarda sosial şəbəkələr mədəni ünsiyyət
və kommunikasiya funksiyasını itirərək daha çox
problemli insanların, özünü idarə edə bilməyənlərin,
separatçıların, terrorçuların, qatillərin və
bir sözlə, bütün dəyərləri və
qanunları tapdalayan adamların tribunasına çevrilir.
Xalqların, millətlərin adət-ənənələri
və mental dəyərləri nəzərə
alınmır. Hamımız bilirik ki, söyüş söymək,
xüsusilə ailə üzvlərini ağır
söyüşlərlə təhqir etmək, alçaltmaq
bizim xalq üçün ən ağır və heç vəchlə
qəbul edilməyən və bağışlanmayan bir hərəkətdir,
naqislikdir. Həm dinimiz, həm qanunlarımız, həm də
beynəlxalq hüquq şəxsiyyətin
alçaldılmasını yolverilməz hesab edir və buna
görə cinayət məsuliyyətini nəzərdə
tutur. Lakin buna baxmayaraq, bu kimi hallar hələ ki azalmır,
belə hərəkətlərə qarşı hər hansı
təsirli tədbirlər görülmür, sosial şəbəkələri
yaradan şirkətlər də belə qanunsuzluqlara göz
yummaqda davam edirlər.
- Azay müəllim, haqlı olaraq qeyd etdiniz ki,
Azərbaycana qarşı “söyüş maşını”
işə salınıbdır. Sizcə, bu “maşın”ı
dayandırmaq mümkündürmü?
- Məncə, sizin sualınıza cavab verməmişdən
öncə daha iki suala aydınlıq gətirmək
lazımdır: Bu “söyüş maşını” niyə
yaradılıb? Kimlər bu oyunda, yəni “söyüş
maşını”nda iştirak edirlər? Bu suallara
aydınlıq gətirəndən sonra onu necə
dayandırmaq haqqında düşünmək olar.
Şübhəsiz ki, bu sualların hər biri
dərin təhlil və əhatəli cavab tələb edir.
Ancaq mən çalışacam hər üçü ilə
bağlı qısa olaraq fikirlərimi bildirəm.
Birinci, “söyüş maşını” niyə
yaradılıb?
Baxın görün “söyüş
maşını” nə vaxt tam gücü ilə işə
düşdü. Son iki ildə. 2015-ci ildə manatın
devalvasiyasının şokundan dövlətimizin büdrəyəcəyini
və müvazinətini itirəcəyini sevinclə gözləyən
xaricdəki anti-Azərbaycan dairələr və daxildəki
radikallar tam fərqli, onlar üçün gözlənilməz
olan vəziyyətlə üz-üzə qaldılar. Belə
ki, cənab Prezident İlham Əliyev vəziyyəti
düzgün qiymətləndirdi və qətiyyətli
addımlar atdı. Prezident İlham Əliyevin ən
böyük uğuru o idi ki, ölkədə
genişmiqyaslı islahatlara başladı. Nəticədə,
Azərbaycan dünyanın ən 10 islahatçı ölkəsinə
çevrildi, uzun müddət gözlədiyimiz məcburi
tibbi sığortaya keçid haqqında qərar verildi, kənd
təsərrüfatında, gömrük və vergi sistemində
köklü dəyişikliklər başladı, sosial sahədə
bir çox ciddi problemlər öz həllini tapdı, bir
sözlə, mahiyyətcə yeni və modern Azərbaycan
quruculuğuna başlanıldı. Ən vacibi isə,
xalqımız cənab İlham Əliyevin bu xidmətlərinə
görə böyük səs çoxluğu ilə Onu
növbəti müddətə Azərbaycanın Prezidenti
seçdi.
Belə bir vəziyyətdə Azərbaycanı
istədikləri kimi idarə etmək arzusunda olan xarici
güclər və onların daxildəki dəstəkçiləri
əllərinin hər şeydən
üzüldüyünü, indiyə kimi tətbiq etdikləri
mexanizmlərin və üsulların işə
yaramadıqlarını görüb yeni metodlar üzərində
işləməyə başladılar.
Nə yolla olur olsun, Azərbaycanda ictimai-siyasi
sabitliyi pozmaq, təhlükəsizliyi təhdid etmək,
dövlətimizin beynəlxalq imicini zədələmək və
dövlət atributlarını və hakimiyyət nümayəndələrini
gözdən salmaq üçün ən müxtəlif
ssenarilər düşündülər.
Xalqımızın həssasiyyətini bildikləri
üçün özlərinin ağlınca “effektiv” metod
tapdılar. Bizi ən zəif yerimizdən vurmağa, ən
çox önəm verdiyimiz mental dəyərlərimizə və
milli xüsusiyyətlərimizə xaincəsinə hücum
etməyə başladılar. Bunun üçün ən təsirli
və eyni zamanda, çirkin mexanizm olan təhqir və
“söyüş maşını”nı işə
saldılar. Əsas hədəf isə bütün bu
islahatların müəllifi, müstəqil dövlətimizin,
milli təhlükəsizliyimizin, inişafın və
rifahın qarantı olan ölkə Prezidenti cənab İlham
Əliyev və Onun ailə üzvləri oldu. Məncə,
“söyüş maşını” niyə yaradılıb
sualının cavabını burada axtarmaq lazımdır.
İkinci, kimlər bu oyunda, yəni
“söyüş maşını”nda iştirak edirlər?
Söyüş söyənləri təhlil edərək
onları 3 qrupa bölmək olar:
1-ci qrup
daha radikal qrupdur. Bu qrupa yuxarıda qeyd etdiyim anti-Azərbaycan
dairələrin əlində alətə çevrilən, tam
olaraq xaricdən maliyyələşən şəxslər
daxildirlər. Bunlar üçün heç bir milli dəyərin
və mental xüsusiyyətin əhəmiyyəti
qalmamışdır. Bu qrupun “söyüş
maşını”na “benzin” tökənlər arasında son
zamanlar Azərbaycan dilini mükəmməl bilən ermənilər
və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları
daha çox fəallıq mümayiş etdirirlər.
2-ci qrupa
radikal siyasi müxalifətin üzvlərini aid etmək olar. Təəssüf
ki, bu qrup marginallaşmış və öz aləmlərində
guya siyasətlə məşğul olduqlarını zənn
edənlərdir. Bunlar sivil siyasi mübarizə metodundan imtina
edərək siyasətə söyüşü və təhqiri
gətirmək istəyənlərdir. Bu qrup ölkədə
baş verən bütün müsbət dəyişiklikləri
və inkişafı inkar edir, nəyin bahasına olur olsun,
hakimiyyətə gəlməyi qarşılarına məqsəd
qoyublar. Ona görə də milli hisslərə və dəyərlərə
məhəl qoymayaraq bütün dövlət və hakimiyyət
nümayəndələrini ağır söyüşlərlə
təhqir etməkdən, etik normaları ayaqlar altına
atmaqdan çəkinmirlər.
3-cü
qrupda isə hər hansı bir xüsusi səbəb və ya
motivasiya olmadan, nə baş verdiyini, bəlkə də, tam
anlamayıb ümumi axına düşüb gedənlər,
siyasi proseslərdən uzaq olanlardır. Onların sayı və
aktivliyi az olsa da, hərdən söyüş qrupuna dəstək
verir və onların təsiri altında əxlaqsız ifadələr
işlədərək insanları təhqir edirlər.
İndi
isə sizin sualınıza cavab verməyə
çalışım.
“Söyüş
maşını”nı dayandırmaq mümkündürmü?
Bu sual ən
çətin və ən mürəkkəb sualdır.
Çünki bunun birmənalı şəkildə və tam
uduşlu formatda cavabı bir az çətindir. Səbəb
isə, qeyd etdiyim kimi, “söyüş”ün bir layihə
olaraq Azərbaycanda icra olunması və onun arxasında duran
qüvvələr və onların maliyyə
imkanlarıdır. Lakin söyüş və təhqirin cəmiyyətimiz
üçün yad element olduğunu, milli genetikamızın
bu cür əxlaqsızlığı qəti olaraq rədd
etdiyini nəzərə alaraq, bu bəlanı ciddi şəkildə
azaltmaq və tədricən aradan qaldırmaq
mümkündür.
Söyüş
kampaniyasının “qaliblər”i radikal siyasi düşərgənin
rəhbərliyi tərəfindən
mükafatlandırılırlar
Məncə,
bizim əsas hədəfimiz “söyüş
maşını”nda iştirak edən 2-ci və 3-cü qrup
olmalıdır. Çünki qeyd etdiyim 1-ci qrup itirilmiş və
xalqdan qopmuş sayıldığına görə onlara
baş qoşmağa dəyməz. Lakin digər iki qrup bu
prosesdən çəkilsə, birincilərin
varlığı o qədər hiss olunmaz və təsirləri
azalar.
Bunun
üçünsə ilk növbədə
söyüşü siyasətə gətirməyə
çalışanlar bundan imtina etməlidirlər. Bəzən
isə tam əksini müşahidə edirik, sanki, “kim daha iyrənc
və “kreativ” söyüş söyər?”
yarışması keçirilir və radikal siyasi düşərgənin
rəhbərliyi tərəfindən “qaliblər”
mükafatlandırılırlar. Bu, çox təhlükəlidir
və arzuolunmaz nəticələrə gətirib
çıxara bilər.
Cəmiyyət
isə bunu ikrahla qarşılayır. Biz siyasətdə
bir-birimizi xoşlamaya bilərik, opponentlik edə bilərik, tənqid
edə bilərik, hətta nifrət də edə bilərik,
lakin ailə, namus məsələsini siyasətə gətirmək
ən böyük cinayətdir, əxlaqsızlıqdır.
Bunu edənlər
anlamalıdırlar ki, istənilən söyüş aqressiya
ilə qarşılanır və cavabı adekvatdır.
Biz isə
bunu istəmirik. Bu baxımdan, “söyüş
maşını”nın qarşısını ala bilməyən
və başqa yol tapmayan bəzi siyasətçilərin əlacsızlıqdan
məcbur qalaraq “söyüşə söyüşlə
cavab verək” çağırışını anlasam da,
onu doğru hesab etmirəm. Çünki təcrübə
göstərdi ki, elə “söyüş
maşını”nı icad eləyənlərə də tam
bu lazımdır ki, durum daha da gərginləşsin və vəziyyət
nəzarətdən çıxsın. Nəticədə qan
tökülsün və ictimai-siyasi sabitlik pozulsun, siyasi
mübarizə zorakılığa və qarşıdurmaya
yönəldilsin. Bu, bir siyasi tələdir və hakimiyyət
nümayəndələri bunu bildiyinə görə bu tələyə
heç vaxt düşməzlər. Digər tərəfdən,
xalqımız sivil və mədəni xalqdır, heç bir
halda təhqir və söyüşü siyasi mübarizə
metoduna çevirə bilmərik və çevirməməliyik.
Ona
görə də siyasilər öz tərəfdarlarına
müraciət etməli və söyüşlə, təhqirlə
mübarizə aparmağın yolverilməz və təhlükəli
olduğunu bəyan etməli, tərəfdarlarını belə
bir hərəkət etməkdən çəkindirməli və
bu işi nəzarətdə saxlamalıdırlar. Ehtiyac
yaranarsa, bununla bağlı partiyalar arasında ayrıca bir
görüş də təşkil etmək olar. Məncə,
bu, “söyüş maşını”nı ciddi şəkildə
zərərsizləşdirməyin ən doğru və ən
təsirli yolu ola bilər.
İkinci
yol isə hüquqi müstəvidə atılan addımlar ola
bilər. Burada isə həm sosial şəbəkələrin,
həm də söyüş söyənlərin qanunvericiliyə
uyğun olaraq hüquqi məsuliyyətə cəlb
olunması müzakirə oluna bilər. Bundan başqa, təhqir
və söyüş kontenti olan yazıları və şərhləri
müvafiq qaydada şikayət edib onların silinməsinə
və ya həmin şəxslərin profillərinin və səhifələrinin
bağlanılmasına nail olmaq mümkündür.
- Azay
müəllim, sizcə, QHT-lər bu istiqamətdə nə
iş görə bilərlər?
- QHT-lərin
bu cür həssas məsələlərin həllində rolu
çox böyükdür. Biz bu görüşdə bu barədə
ətraflı danışdıq. Onlar da hazırkı vəziyyətdən
çox narahatdırlar. Görüşdə maraqlı təkliflər
də səsləndirildi. Hesab edirəm ki, bütün QHT-lər
çalışmalıdır ki, ölkəmiz və
xalqımız əleyhinə aparılan bu çirkli oyunun
pozulmasında, “söyüş maşını”nın
durdurulmasında daha fəal olsunlar. Onların nüfuzu və
ictimai çəkisi imkan verir ki, siyasi mövqeyindən və
hansı partiyaya aid olmasından asılı olmayaraq, bu məsələyə
münasibət bildirsin və bu
biabırçılığın qarşısının
tezliklə alınması istiqamətində təsirli tədbirlər
görsünlər. İnanıram ki, bizim diqqətimizi əsas
strateji hədəfdən yayındıraraq bu kimi mənasız
işlərə yönləndirməyə cəhd edənlərə
QHT-lər təkcə öz prinsipial mövqeləri ilə
deyil, həm də dövlət və vətəndaş
birliyini və həmrəyliyini daha da möhkəmləndirməklə
də cavab verəcəklər.
Azay
Quliyev
Üç nöqtə.- 2019.- 16 fevral.-