Azərbaycan dili fərdlər
arasında birlik yaradır...
Buludxan Xəlilov,filologiya üzrə elmlər doktoru, professor
Dilin ən böyük möcüzələrindən
biri onun millətin hər bir fərdi arasında birlik
yaratması, fərdləri bir-birinə bağlamasıdır. Dünyada elə
bir güc yoxdur ki, o, dil qədər insanları bir-birinə
bağlasın. Məhz dil vasitəsilə
insanlar bir-birini anlayır, sevir, bir-birinə bağlanır və
bir-birinə yardımçı olur. Ən
böyük orduları da ordu şəklinə gətirən
vasitələrdən biri dildir. Ən
böyük zəfərləri də zəfər halına
salan vasitələrdən biri dildir. Ona
görə də ordunun güclü olması, zəfərlərin
sayının çox olması üçün dilin
imkanlarından düzgün istifadə etməklə
yanaşı, onun imkanlarının genişlənməsinə
də bir borc kimi yanaşmaq lazımdır. Dilin imkanlarından düzgün istifadə kütləni
inandırmaq, uğurun və zəfərin təməlini
qoymaq deməkdir. Odur ki, Oğuz xanın
“Bu dənizlər, bu irmaqlar bizə yetməz! Daha dəniz,
daha irmaq istəyirik! Yurdumuzu elə
böyüdəyin ki, göy qübbəsi ona çadır,
günəş də bayraq olsun!” fikrini dilə də
şamil etmək olar. Belə ki, dilin
mövcud imkanlarına qane olmadan onun yeni-yeni imkanlarını
yaratmaq üçün əlimizdən gələni əsirgəməməliyik.
Bunun üçün ilk növbədə sözlərə,
kəlmələrə can verməyi bacarmalıyıq. Adi
daşa usta, mərmərə heykəltəraş can verdiyi
kimi, sözlərə və kəlmələrə də
ondan istifadə edən hər bir kəs, o cümlədən
şairlər, yazıçılar, söz
adamları həyat verməyi bacarmalıdırlar. Hər bir kəs sözləri və kəlmələri
hamının zövqünü oxşayacaq şəkildə
işlətməyi özlərinə müqəddəs bir
borc hesab etməlidir.
Sözlər və kəlmələr birdən-birə
bu məzmunda, bu formada, bu mənada yaranmamışdır. Onlara uzun zaman
ərzində insanlar ruh, can vermişlər. Buna sözləri, kəlmələri işlətməklə
nail olmuşlar. Sözlər, kəlmələr
işlənə-işlənə cilalanmış,
hamarlanmış və bir sənət abidəsinə
çevrilərək dövrümüzə gəlib
çıxmışdır. Təbii ki,
sözlərin, kəlmələrin abidələşməsində
ən böyük memar şairlər, yazıçılar
olmuşdur. Onlar sözlərin, kəlmələrin
heykəlini yaratmışlar desək, yanılmarıq.
Həm də onlar sözlərə, kəlmələrə elə
düzgün, yerində və məqamında nəfəs,
ruh, can vermişlər ki, bununla dilin özünü heç
bir şeylə müqayisəyə gəlməyən sənətə
çevirmişlər. Bu mənada dil bir
möcüzə olmaqla sənətdir, daha doğrusu, sənət
əsəridir. Ancaq dilin müqayisəyə
gəlməyən və müqayisə olunmayan sənət əsəri
olduğunu dildən istifadə edənlərin – yazanların,
danışanların hamısı başa
düşürmü? Hər bir kəs
öz istək və arzusunu dilin imkanları əsasında
reallaşdıra bilsə də, dilin imkanlarına söykənmədən
nə etmək olar? sualı barədə
çox az-az hallarda düşünür.
Ancaq şairlər və yazıçılar sözə
ruh, can, qan verməyə daha çox müvəffəq
olurlar. Onlar adi bir sözü, kəlməni, ifadəni elə
hərəkətə gətirir, yerində və məqamında
işlədirlər ki, nəinki həmin sözün, həm
də onun ətrafında fikrin, ideyanın birləşməsinə
nail olurlar. Nəticədə fikir, ideya,
sözlər, ifadələr və kəlmələr əsasında
daha tez qarşı tərəfə, oxucuya, dinləyiciyə
çatdırılır. Məsələn, Azərbaycanın
Xalq şairi Nəriman Həsənzadə fars mənşəli
nərdivan sözünü hər bir azərbaycanlı
oxucuya elə doğmalaşdırıbdır ki, onun “Nərdivan”
şeirini oxuyanda nərdivan sözünün də bu
sözün ətrafında şairin hissinin, duyğusunun,
ürək çırpıntılarının da
vurğunu olursan. Hiss edirsən ki, Xalq şairi Nəriman Həsənzadə
nərdivan sözünü öz fikrini, hissini, duyğusunu oxucuya
çatdırmaq məqsədilə çox dürüst,
düzgün, gözəl seçmiş və işlətmişdir.
Sözə ruh, dirilik, can və qan vermək budur. Şeirə
diqqət yetirək:
Bu
dünya nərdivandı,
Qalxanda
mehribandı,
Enəndə
nə yamandı...
Görüşdük
pillələrdə,
Yolun yarısında biz.
O
qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu
arzularına
Qaldırırdı
nərdivan,
Məni
xatirələrə
Endirirdi
Bu zaman.
Birimiz
günçıxana,
Birimiz
günbatana...
Qalxa bilməzdim
daha,
Nə o güc, nə o taqət.
O da enə
bilməzdi,
Haqlı,
haqsız vermişdi,
Öz
hökmünü təbiət,
Gərək
ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl
gələydi,
Ya mən
sonra dünyaya...
Sözlər nərdivan pilləkənləri kimidir. Nərdivan
pilləkənlərinin sayı nə qədər çox
olarsa, bir o qədər yuxarıya, ucalara qalxmaq olar. Bu mənada dildə sözlər nə qədər
çox olarsa, bir o qədər fikri hərtərəfli ifadə
etmək, qarşı tərəfə çatdırmaq və
dilin zənginliyini üzə çıxarmaq olar. Odur ki, söz adlı nərdivanın hər bir pilləkənindən
yerində, məqamında istifadə etmək lazımdır.
Azərbaycan dilində söz adlı nərdivanın
pilləkənləri, yəni sözləri azərbaycanlılaşmışdır.
Ərəb, fars, monqol və s. dillərdən
keçmiş sözlər söz adlı nərdivanda, onun
pilləkənlərində hər birimizin başa
düşdüyümüz Azərbaycan sözlərinə
çevrilmişdir. O kəslərin nitqi hamının xoşuna
gəlir ki, onlar söz adlı nərdivandan, onun pilləkənlərindən
düzgün istifadə edirlər. Nərdivan
ucalmağa, yüksəlməyə xidmət etdiyi kimi, söz
adlı nərdivan da ondan düzgün istifadə edənlərin
ucalmasına, yüksəlməsinə xidmət edir. Fars dilindən alınmış nərdivan
sözünün ərəb dilində adı “mirac”dır.
Nihad Sami Banarlı yazır: “...bu kəlmə məsəlmançılıqdan
sonra daha çox “Həzrəti Məhəmmədin
Tanrıya yüksəlişi” mənasında işlənilmiş,
bu mənada müqəddəsləşmiş, belə məşhur
olmuşdur. Mirac və nərdivan yaxınlığının
çox gözəl bir nöqtəsi isə (xatirimdə
qaldığına görə) Keçecizade Fuad Paşaya
istiqamətlənən bir sözdür: Hərçənd
bir diplomatlar məclisində qatı bir xristian diplomatı
Paşadan sormuş:
Sizin
peyğəmbərinizin Allaha yüksəldiyi doğrudurmu?
Bəli, yüksəldiyi yerdir.
Bəs hansı nərdivanla?
Çox sadə yüksəlmişdir, sizin peyğəmbəriniz
Həzrəti İsanın göyə çıxarkən
istifadə etdiyi nərdivanla”. Bu mənada söz
adlı nərdivanla daha müqəddəs mərtəbələrə
ucalmaq, yüksəlmək mümkündür. Bu pilləkəndə hər bir sözün öz
işlənmə yeri, ardıcıllığı və sistemi
vardır. Ardıcıllığı və
sistemi pozmadan bir-birinə bağlanan söz pillələri
Azərbaycan dilinin sərvətinə çevrilir. Yenə də bu sərvətin
ucalığını və yüksəkliyini anladanlar
içərisində şairlər, yazıçılar daha
arifdirlər. Ariflər hissləri,
duyğuları, fikirləri qəlibləşmiş ifadələrlə,
qəlibləşmiş sözlərlə ucalara, yüksəkliklərə
qaldırmışlar. Ucalara, yüksəkliklərə
qaldırılmış hisslər, duyğular, fikirlər yenə
də söz adlı nərdivanın pillələri əsasında
başa düşülmüşdür. Xalq şairi Nəriman
Həsənzadənin “Minnətdaram mən” şeirində
olduğu kimi:
Yenə səsin
gəldi, qulaqlarıma,
Həyata, dünyaya minnətdaram mən.
Sən
ordan pıçılda eşidim səni,
Özgəsi çağırsa ona karam mən.
Sən
açdın bir qəlbin məhəbbətini,
Mən duydum bir qəlbin səadətini.
Sənsiz
hər sözünü, hər söhbətini,
Sənsiz hər ədanı xatırlaram mən.
Bu
geniş dünyada öz aləmim var,
Sənlə sevincim var, sənsiz qəmim var.
Dünyada
qazancım bir qələmim var,
Sənin xidmətində daim varam mən.
Buna söz adlı nərdivandan, söz adlı nərdivanın
pilləkənlərindən abidə, heykəl yaratmaq demək
olar. Söz adlı heykəl, abidə bütün
komponentlərinə görə Azərbaycan dilinə borcludur.
Buna həm də Azərbaycan dilinin sirri,
möcüzəsi demək mümkündür. Söz
adlı nərdivandan və onun pilləkənlərindən
abidə, heykəl yaradanlar az
olmamışdır. Onların hər biri bunu
Azərbaycan dilinin sirri, möcüzəsi əsasında etməyi
bacarmışlar. Bu mənada İzzəddin Həsənoğlunun
“Ayırdı könlümü bir xoş qəmər yüz,
canfəza dilbər” qəzəli, Yunus İmrənin
“İçəri”, “Mənə səni gərək, səni”,
“Gəl dosta gedəlim, könül”, “Biz dünyadan gedər
olduq” və s. şeirləri, Şah İsmayıl Xətainin
“Qızıl gül, bağü bustanım, nə dersən?”
qəzəli və digər qəzəlləri, “Bu gün ələ
almaz oldum mən sazım” qoşması və digər
qoşmaları, o cümlədən gəraylıları,
bayatıları, “Dəhnamə”si, Məhəmməd
Füzulinin “Məni candan usandırdı, cəfadan yar
usanmazmı?”, “Söz” qəzəlləri və digərləri,
“Leyli və Məcnun” poeması, Hüseyn Cavidin “Mənim
tanrım...”, “Könlüm” şeirləri və digərləri,
o cümlədən poemaları, bütün
yaradıcılığı, Cəlil Məmmədquluzadənin,
Cəfər Cabbarlının, Mirzə Ələkbər
Sabirin, Səməd Vurğunun, Rəsul Rzanın, Osman
Sarıvəllinin, Süleyman Rüstəmin, Almas
İldırımın, Əhməd Cavadın, Mikayıl
Müşfiqin, bir sözlə, adlarını çəkə
bilmədiyimiz digər Azərbaycan şair və
yazıçılarının yaradıcılığı
sözdən abidə, heykəl qoymaqdır. Onlar
bu abidəni, heykəli Azərbaycan dilinin sirri, möcüzəsi
əsasında, bu dilin imkanlarından istifadə etməklə
qurub yaratmışlar.
Dilin bütün gözəlliklərini millətin
özü yaşadır. Millətin hər bir
övladı danışmağa başladığı vaxtdan
bu işə qoşulur və ömrünün sonuna qədər
bu müqəddəs işi davam etdirir. Ancaq
hər bir millətin içərisində şair və
yazıçılar dilin sevilməsi, anlaşılması,
bütün gözəlliklərindən istifadə
olunması işində başqalarından daha çox fərqlənirlər.
Belə ki, şair və yazıçılar
millətinin səsini dil vasitəsilə duyur,
duyduqlarını başqalarına çatdırırlar.
Hər bir millət o şairə,
yazıçıya böyük şair, yazıçı
deyir ki, onlar duyduqlarını dil vasitəsilə
başqalarına daha təsirli səviyyədə
çatdıra bilir. Belə şair və
yazıçılar hər bir millətin örnək şair
və yazıçıları kimi olub və olacaqdır.
Onlar dilin cümlələrini,
misralarını hər bir kəsin qəlbini ovsunlayan musiqi
parçasına çevirir, hər bir cümləni,
misranı nəğmə kimi təqdim edirlər. Həm də ata-babalarımızın əsrlər
boyu duyduqları və işlətdikləri sözləri məna
gözəllikləri ilə anlayır, ən qiymətli sərvət,
varlıq kimi yaşadırlar. Şairlər
və yazıçılar bu işi hamıdan fərqli olaraq
daha üstün şəkildə yerinə yetirirlər.
Dilin fonetik, leksik, qrammatik quruluşunu lazımi
səviyyədə bilməklə dilin gözəlliyinin sirlərini
arayırlar. Milli şüuru oxuculara
çatdırmaq yolunda cəfakeşlik göstərirlər.
Dildə mövcud olan milli komponentlərlə
yanaşı, milli olmayanları da (alınma sözləri)
milli düşüncə halına gətirirlər. Yazdıqlarına dilin inciləri kimi əbədi həyat
verirlər. Dilin özünə isə bir
sevgili kimi, bir yar kimi baxırlar. Bu sevgiliyə,
bu yara olan məhəbbət dildə möcüzələrin
yaranmasına səbəb olur. Aşağıdakı
misralar dilin möcüzəsidir.
Dərə
boyu saz olur,
Gül açılır yaz olur.
Mən
yarıma gül deməm,
Gülün
ömrü az olur.
Bu misralarda bahar ətri var. Misraların təbiəti
bahar kimi təbii, təravətlidir. Bu misralar sevənlərə,
sevilənlərə dilin təqdim etdiyi bir pay və hədiyyədir.
Xəlilov Buludxan.
Üç nöqtə.-2019.- 2 iuyl.- S.- 10