Bu gün üç övlad anası kimi
iki yerdə çalışa bilirəmsə, bu anamın sayəsindədir”
Həmidə Rüstəmova: “Üç
uşağını qoyub getməyinə dəyməz deyən
adamlara inad jurnalistikada olmaq, mədəniyyətdən yazmaq mənim
üçün böyük ayrıcalıqdır”
Jurnalistikaya ilk gəldiyi gündən etibarən
mədəniyyət sahəsindən yazıb və yazmaqda
davam edir. Deyir ki, bəziləri mədəniyyət sahəsindən
yazmağı asan qiymətləndirsələr də əslində
belə deyil: “Biz jurnalistikaya gələndə istər
saytlarda, istər qəzetlərdə
mədəniyyətdən gün ərzində cəmi
bir neçə xəbər olurdu.
Əslində indi başa düşürəm
ki, mədəniyyət sahəsindən yazmaq çətin
olduğu üçün bu sahəyə meyillənməyiblər.
Çünki mədəniyyət sahəsindən yazmaq
jurnalistdən çoxşaxəli bilik tələb edir. Mədəniyyət
sahəsində çalışan insanlarla ünsiyyətdə
olmaq, müsahibə almaq o qədər də asan deyil. 20 ilə
yaxındır bu sahədə olan insanlarla müsahibə
etmişəm. Onların ruh halını duymaq, onların əhvalına
köklənmək çətindir”.
“Üç nöqtə” qəzetinin
qonağı Mədəniyyət Nazirliyinin rəsmi orqanı
olan “Mədəniyyət” qəzetinin əməkdaşı,
Abdulla Şaiq adına Kukla Teatrının ədəbi-dram
hissə müdiri Həmidə Rüstəmovadır.
- Söhbətə elə jurnalistikaya gəlişinizdən
başlayaq. Neçə müddətdir
jurnalistikadasınız?
- 1998-ci ildə Mədəniyyət və
İncəsənət Universitetinə sənədlərimi
verdim və “Mədəniyyətşünaslıq”
ixstisasına qəbul oldum. Amma inad edərək bu ixtisasa getmədim.
Çünki Bakı Dövlət Universitetinin
jurnalistikasını istəyirdi. İkinci il sənədlərimi
verdim və BDU-nun “Nəşriyyat işi və redaktəetmə”
ixtisasına qəbul oldum. Bizim dövr tələbələrinin
yaxşı yadındadır, 2000-ci illərdə “Tələbə
press” adlı qəzet var idi, ora yazılarımızı
verirdik.
Bundan başqa “Panorama” qəzetinə
yazırdıq, tələbələr üçün
ayrıca qonarar ayrırırdılar. BDU-da birinci korpusla,
ikinci korpusun arasında “Pepsi” adlı kafe var idi,
qazandığımız pulla orda yemək yeyirdik və bundan
çox xoşbəxt olurduq, dünyanı xilas edəcəyimizi
düşünürdük. Diplom rəhbərim
İsmayıl Vəliyev məni redaktə işinə yönəltdi.
“Bakı Universiteti” nəşriyyatında əvvəl
korrektor, sonra isə redaktə ilə məşğul
olmağa başladım. Sonra “Bakı Universiteti” qəzetində
məqalələrim çıxdı. Universiteti bitirəndən
sonra əmək fəaliyyətimə Evlər İdarəsində
kargüzar kimi başladım. Ora çox rahat idi.
Arada həsədlə o illəri xatırlayıram,
ancaq xanımlar idi, işləyirdik, söhbət edirdik, səbrsizliklə
nahar fasiləsinin çatmasını gözləyirdik. Bir
müddət sonra isə mətbəədə işə
başladım. Bu iş oturaq iş olduğu üçün
gördüm ki, mənlik deyil. Axı aktiv fəaliyyətlə
məşğul olmaq istəyirdim. Beləliklə aktiv
jurnalistikaya qayıtdım, “Elm və təhsil”, “Şərqin
səsi” qəzetlərində redaktor kimi
çalışdım. Sonra “Sərbəst düşüncə”
qəzetində müxbir kimi fəaliyyət göstərdim.
- Bildiyim qədəriylə “Mədəniyyət”
qəzetində işə başlamağınızın
maraqlı tarixçəsi olub...
- Bəli (gülür). “Sərbəst
düşüncə” qəzetindən uzaqlaşdım.
Düşündüm ki, davamlı bu işlə məşğul
olmalıyam. Azərbaycan nəşriyyatında ikinci mərtəbəyə
düşdüm. “Azərbaycan” qəzetinin baş redkator
kabineti orda yerləşirdi. Qapını döydüm,
içəri daxil oldum və Bəxtiyar müəllimə
dedim ki, mən burda işləmək istəyirəm. Dedi nə
işləmək istəyirsən? Bu sahə üzrə təhsil
aldığımı bildirdim və “Azərbaycan” qəzetində
işləmək istədiyimi dedim.
Məni burda kimin yönləndirdiyini
soruşdu. Mən
də cavab verdim ki, özüm. Dedim ki, məgər bizim işləməyə
ixtiyarımız yoxdur? Bəxtiyar müəllim eynəyinin
altından bir qədər məni süzəndən sonra dedi
ki, hazırda ştatımız yoxdur, amma sizinlə əməkaşlıq
edə bilərik. Bu təbii ki məni qane etmədi.
Burdan çıxandan sonra ikinci mərtəbədə
yerləşən “Mədəniyyət” qəzeti
qarşıma çıxdı. Qapını
döydüm, içəri daxil oldum. Günəşli
yay idi və otağın pəncərələri
böyük olduğu üçün içəri bol günəş
düşürdü.
Gözümün
birini qıyıb “Salam, Nemət müəllim” – dedim.
“Nə lazımdır, qızım?” – deyə
soruşdu.
Dedim ki, mən bu qəzetdə
işləməyə gəlmişəm. Mənimlə
xeyli söhbət etdi, fikirlərimi öyrəndi. Orda işləyən görkəmli jurnalistlərin
adlarını sadaladı. Və dedi ki, sən burda
onlarla baş-başa işləyə biləcəyini hesab
edirsən? Dedim, əlbəttə. Mənim inadkeşliyimi bəyəndi və məni
işə götürdü. Nemət
müəllim hər dəfə danışanda deyirdi ki, mən
bu qızı koridordan tapmışam (gülür).
-
Hazırda mədəniyyətdən yazırsınız. Bəs jurnalistikada ilk dəfə hansı sahə
üzrə yazmağa başlamısınız?
- Elə
ilk yazmağa başladığım gündən mədəniyyət
sahəsindən yazmışam. Başqa sahədə
heç vaxt yazım olmayıb.
-
Çox vaxt mədəniyyət sahəsindən
yazmağı asan qiymətləndirirlər. Həqiqətən
elədirmi?
- Adətən
jurnalistikaya gələnlər ilk vaxtlar mədəniyyətdən
yazmağa çalışırlar. Amma mənim
mədəniyyət sahəsini seçməkdə məqsədim
başqa idi. Mövzum ədəbi redaktə
idi. Diplom işim Azərbaycan mətbuat
tarixinin çap məhsulları idi. Tarixi
işləyəndə gördüm ki, hər zaman mədəniyyət
jurnalistikası, mədəniyyət sahəsi müəyyən
mənada köməkçi sahə kimi qalıb. Ümumiyyətlə, biz jurnalistikaya gələndə
istər saytlarda, istər qəzetlərdə mədəniyyət
hətta şou-biznesdən də geridə qalırdı.
Mədəniyyətdən gün ərzində
cəmi bir neçə xəbər olurdu, sanki maraqlı
deyildi.
Əslində indi başa düşürəm ki, mədəniyyət
sahəsindən yazmaq çətin olduğu üçün
bu sahəyə meyillənməyiblər. Çünki
mədəniyyət sahəsindən yazmaq jurnalistdən
çoxşaxəli bilik tələb edir. Bu sahə məhdud deyil və mürəkkəbdir.
Mədəniyyət sahəsində
çalışan insanlarla ünsiyyətdə olmaq,
müsahibə almaq o qədər də asan deyil. 20 ilə yaxındır bu sahədə olan insanlarla
müsahibə etmişəm. Onların ruh
halını duymaq, onların əhvalına köklənmək
çətindir.
- Fikrinizcə,
mətbuat xidmətində işləmək üçün
nə qədər təcrübə lazımdır?
- Bu,struktura
görə dəyişir. Amma mədəniyyət
sahəsində mətbuat xidmətində çalışmaq
üçün o sahəni, ən azından
çalışdığın mədəniyyət müəssisəsinin
fəaliyyətini bilməlisən. Teatrın
nə olduğunu, teatrın faəliyyət istiqamətlərini,
tarixini bilmək lazımdır. Texniki məsələlər
- səhnə maşinistinin, quruluşcu rejissorun işindən
tutmuş rejissorun işinə qədər bunların
hamısından məlumatlı olmalısan ki, o teatrın mətbuat
katibi işini davam etdirə biləsən. Çünki mətbuat katibinin işi təkcə
press-reliz yazmaqdan, onu mediaya paylamaqdan, premyeralara jurnalist dəvət
etməkdən və televiziyaya çağrılmaqdan ibarət
deyil.
-
Artıq neçə müddətdir Kukla
Teatrındasınız?
-
2013-cü ildən Kukla Teatrında çalışıram. Kukla Teatrının direktorunun həyat yoldaşı
yazıçı Səidə Haqverdiyeva ilə tələbə
vaxtlarından bir-birimizi tanıyırıq. Kukla Teatrında Rəşad Əhmədzadə ilə
müsahibəyə getmişdim. Dəhlizdə
Səidə mənə yaxınlaşdı, xeyli söhbət
etdik, keçmiş dövrləri xatırladıq. Çünki biz müəyyən vaxtı ayrı
düşmüşdük. Bundan sonra mənim
Kukla Teatrı ilə əlaqələrim genişləndi.
Daha sonra mənə təklif olundu ki, teatrın
mətbuat işləri ilə məşğul olum. Bu təkliflə dərhal razılaşdım.
Çünki burda çalışmaq mənim
üçün maraqlı idi. 2013-cü
ildən həm də Kukla Teatrının Ədəbi dram hissə
müdiri kimi fəaliyyət göstərirəm, yəni mətbuat
xidmətində çalışıram.
- Deyirlər
ki, uşaqlarla işləyən adamların ruhu gənc
qalır. Bu sizdə də hiss olunur...
- Təşəkkür
edirəm. Mənim 40-a yaxın yaşım var.
Biz necə hiss ediriksə, o cür yaşayırıq. Uşaqlar dünyanın yeganə məxluqlarıdır
ki, onları aldatmaq olmur. Uşaqlarla
işləmək əslində çox çətindir.
Deyək ki, tamaşa başlayıb, uşağı
uzağı ilk beş dəqiqə susdura
bilərik. Amma ondan sonra baxdığı
tamaşaya, sənin ona təqdim etdiyin nümunəyə maraq
göstərməsə onu sakit etmək mümkün deyil.
Böyük adam etika xatirinə əlini
çənəsinə qoyub, başqa şey haqqında
düşünüb sənə baxa bilər. Amma
uşaq sənə baxırsa emosiyasını mütləq
bildirməlidir.
-
Jurnalistin demək olar ki, yazdığı hər bir yazı
onun üçün əzizdir. Bəs sizin ən
çox sevdiyiniz, yazınız, müsahibəniz kiminlə
olub?
- Bu
günə qədər mən istər yerli, istərsə də
xarici aktyor və aktrisalarla, müğənnilərlə,
rejissorlarla müsahibələr etmişəm. Bunu
konkretləşdirmək mənim üçün çox
çətindir. Çünki içərisində
dünyasını dəyişmiş sənətkarlarımız
var. Deyim ki, çox çətin halda sevmədən
müsahibəyə gedirəm. Çünki
müsahib insanın ürəyinə yatmalıdır ki,
müsahibə maraqlı alınsın.
- Bəs
ilk yazınız hansı olub?
- Bu mənim
yadımda deyil. Amma anam birinci qəzetdə
çıxan məqaləmi, ilk korrektə etdiyim kitabı da
bu günə qədər çox sevərək saxlayıb.
Mən anam Mənzər xanıma təşəkkür
edirəm. Bu gün üç
övladımla iki yerdə çalışa bilirəmsə,
bu anamın sayəsindədir. Evim şəhər
mərkəzindən çox kənardadır. Uşaqlarımla bağlı əksər məsələləri
anam həll edir. Əldə etdiyim bütün
uğurlarımda onun əməyi olub. Ətrafdakıların
sözlərinə baxmayaraq atam da mənə hər zaman
inanıb.
Çevrəmdə, qohumlarım arasında köhnə
fikirli insanlar var. Deyirlər ki, jurnalistika qadın sənəti
deyil. Hətta
qızların ali təhsil almasına da
pis baxırdılar. Valideynlərim mənim
başqa sahə üzrə getməyimi istəyirdilər.
Amma mənim jurnalistikaya olan həvəsimi
gördükləri üçün buna qarşı
çıxmadılar və mənə dəstək oldular.
Bu gün də atamın adını öz
imzamda daşıyıram. Üç
uşağını qoyub getməyinə dəyməz deyən
adamlara inad jurnalistikada olmaq, mədəniyyətdən yazmaq mənim
üçün böyük ayrıcalıqdır.
- Bir
jurnalist kimi bu günün jurnalistikası sizi qane edirmi?
-
Çağdaş zamanın insanı hər şeyin ən
rahatına, ən yaxşısına qaçır. Bu mənada
saytlar və onların sosial şəbəkə səhifələri,
hər dəqiqə yenilənən xəbər
ardıcıllığı çapar jurnalistikası bizim məşğul
olduğumuz jurnalistikanı bir az ləngitmək
istəyir. Amma onlar qəzet
jurnalistikasını heç vaxt əvəzləyə bilməz.
Çünki qəzet jurnalistikası tarixdir,
qalıcıdır və peşəkarlıq tələb
edir. Saytlarda xəbərlərə baxanda
5 cümləlik xəbərdə 3-4 səhv görürsən.
Amma bizim bunu qəzetdə etmək şansımız
yoxdur. Ona görə də qəzet jurnalistikası tarixin
bütün məqamlarında, zamanlarında
qalıcılığını qoruyacaq. Qəzetdən
jurnalistikanın istənilən istiqamətinə getmək
asandır. Amma digər sahələrdən
bura gələnlər üçün çətin olur.
Çünki qəzet özü bir məktəbdir
və jurnalist yetişdirən bir məkandır.
- Həm
mətbuat xidməti sahəsindəsiniz, həm də jurnalist
kimi fəaliyyət göstərirsiniz. Hər
ikisinin çətin və maraqlı tərəfləri var.
Müqayisə etsək, ən çətini hansıdır?
- Mətbuat
katibi işləmək daha çətindir. Çünki
jurnalistikada konkret gün ərzində görəcəyin
işlər bəllidir. Amma mətbuat
katibi işləmək, jurnalistlərlə
çalışmaq, jurnalistlərin nazını çəkmək,
onlara müsahibləri yönləndirmək çətindir.
İş saatını uyğunlaşdırmaq
baxımından çox rahatdır. Rəhbərlik
sağ olsun, şərait yaradıb, işlərimi kənardan
da idarə edə bilirəm.
-
Jurnalistikaya başlayanda insana kömək edən, bu sahənin
sirlərini öyrədən kimlərsə olur. Bu sahədə sizə dəstəkçi kimlər
olub, o sirləri kimdən öyrənmisiniz?
- 2002-ci
ildə bizim ixtisasımızı bitirən 26 nəfər idi
və onlardan yalnız jurnalistika ilə məşğul olan mənəm.
Bu da müəllimim rəhmətlik
İsmayıl Vəliyevin xidmətidir. O, mənə hər
zaman deyirdi ki, sən yaxşı jurnalist olacaqsan, bunun
arxasınca get. Sağ olsun, məni yönləndirdi. Hələ universiteti bitirəndə məni işə
də dəvət etdi. Amma aktiv jurnalistika
ilə məşğul olmaq istədiyim üçün ora
getmədim. Həmçinin daha sonra
çalışdığım redaksiyadakı redaktorlar da mənə
yol göstəriblər.
- İki işdə çalışırsınız,
bəs ailəyə, övladlarınıza ayırmağa
vaxtınız olurmu?
-
Üç övladım var. Təbii ki məişət məsələləri
müəyyən şeylərdə problemlər yaradır. Cəmiyyət üçün əsas missiyam
övladlarımı düzgün yetişdirməkdir. Müəyyən mənada övladlarıma
arzuladıqları şeylərdə vaxt çatdıra bilmirəm.
Onlar üçün mənimlə gəzmək
maraqlıdırsa, onları parka aparmağa söz verirəmsə,
bəzən sözümü tuta bilmirəm. Bəzən uşaqlarımı götürmək
üçün baxçaya vaxtında gedə bilmirəm.
Bir neçə gün əvvəl oğlum mənə
deyir ki, “Mama, sən ölmüşdün?” Dedim, yox, oğlum. Deyir ki,
axı müəllimim dedi ki, anan ölüb, harda qalıb? Deyir ki, mama, mən də elə bildim ki, sən
ölmüsən. Oğlumun bu sözlərindən
çox pis oldum. Tədbirlərin
sıxlığı və mədəniyyət tədbirlərinin
ən çox axşam saatlarında olduğu
üçün bağçadan ən son götürülən
də mənim uşağım olur, məktəbdə ən
çox nəzarətçinin yanında qalan da mənim
övladımdır.
Onu da deyim ki, hər iki müəssisədə
çalışdığım rəhbərlik mənim məişət
qayğılarımı nəzərə alırlar və hər
iki işin öhdəsindən gələ bilməyim
üçün hər cür şərait yaradılar. Rəhbərliklərə,
dostlarıma, iş yoldaşlarıma, həmkarlarıma öz
təşəkkürümü bildirirəm.
Üç nöqtə.-
2019.- 4 iyul.- S.12