“Mən işində xoşbəxt olan adamam”

 

Zülfiyyə Qurbanova: “Aktrisa özünü oynamadığı müddətdə bütün rolları qəbul edə bilər”

 

Deyir ki, əslində hər kəsin içində mənfi də var, müsbət də. Sadəcə bu, balansla təmin olunur. Mənfi rolu düzgün şəkildə oynamağın çətin olduğunu nəzərə çatdırır: “Nə gəldi oynamaq, qışqırıb-bağırmaq, ssenarini mənasız yerə xərcləmək təbii ki asandır. Amma rolun daxilini düzgün hiss edərsənsə və xətti düzgün çatdırarsansa təbii ki çətindir. Mənə elə gəlir ki, peşəkar aktyor üçün mənfi obrazı da, müsbəti də oynamaq çətin olmamalıdır.

 

Peşəkarlıq o demək deyil ki, illərdir teatrda işləyibsən, bu sahədə təcrübə qazanmışan. Peşəkarlıq, işinə peşəkar şəkildə yanaşmaqdır. 50 il də işləyə bilərsən, amma peşəkar olmaya bilərsən, işinə barmaqarası baxa bilərsən. Xarakterim elədir ki, bir xırda işə belə çox vaxt sərf edirəm. Bu günə qədər yolaverdi, başdansovdu işim olmayıb”.

 

“Üç nöqtə” qəzetinin qonağı Bakı Bələdiyyə Teatrında biri-birindən maraqlı obrazlar yaradan, serial və filmlərdə tez-tez gördüyümüz tanınmış aktrisa Zülfiyyə Qurbanovadır.

 

- 10 ildən çoxdur səhnədəsiniz. Bu elə də az müddət deyil. Zülfiyyə Qurbanova bu illərdə nələr yaşayıb?

- Bu illərdə çox şeylər yaşamışam, danışmaqla bitməz. Ən əsası təcrübə qazanmışam. Ümumiyyətlə, səhnədə təcrübə qazanmaq vacib amildir. Gözəl xatirələrim olub, yaxşı insanlarla işləmişəm. Sənətə gəldiyim ilk günlə müqayisədə indiki vəziyyətin arasında çox böyük fərq var. İnsanın istər-istəməz yaşı, təcrübəsi çoxalır, bir çox şeylər yaşayırsan. Hər şey insanın yaradıcılığına, xarakterinə, hadisələrə yanaşmağına sözün yaxşı mənasında təsir edir.

 

- “Zəhər tuluğu 3” filmi sizi bir anda bizlərə fərqli ampulada təqdim etdi. Sanki ölkə belə bir aktrisanın varlığından xəbərsiz imiş kimi. Hər kəs sizi təbrik etməyə, tanımayanlar “bu qız kimdir?” deyə sual verməyə başladı.

- Beş adamın məni tanıyıb, birinin tanımaması çox normal haldır. Tamaşaçı kütlələri fərqli olur. Elə tamaşaçılarımız var ki, məhz serial izləyir, elə tamaşaçılarımız var ki, məhz filmlərə baxır, eləsi də var ki, internet şəbəkəsində yayılan video-rolikləri izləyirlər.

 

İncəsənətdə aktrisa və aktyorlar arasında səmimi olan insanlar çoxdur. Bu film yayıldıqdan sonra mənə şəxsən yazaraq təbrik etdilər. Bu mənə çox qürur verdi. Ona görə yox ki, mən o rolu yaxşı oynadım. Ona görə qürurlandım ki, insanlar arasında səmimiyyət bu qədər inkişaf edib. Yaxşılığa doğru gedən bir işi paxıllıq etmədən ürəklə təbrik edə bilirlər. İnsanların işinə paxıllıqsız, kinsiz, sevgi ilə yanaşa bilmələri çox gözəl haldır.

 

- Filmin layihə rəhbəri Taleh Yüzbəyov müsahibəsində deyib ki, bu əxlaqsız qadını oynamaq üçün 6 aktrisaya müraciət edib, lakin heç biri razılaşmayıb. Sizcə aktrisalarımız niyə bundan qaçır?

- Taleh ümumiyyətlə, çox istedadlıdır. Onunla işləmək mənə həqiqətən çox xoş oldu. Əslində aktrisaların bu təklifə yox demələri barədə mənim elə də məlumatım yoxdur. Düşünürəm ki, burda rədd olunacaq bir şey yoxdur. Burda,, loru dildə desək nə açıq-saçıq səhnə var idi, nə də başqa bir şey. Bir aktrisa olaraq mənim də sərhədlərim var. Misal üçün, təmas səhnələrini sevmirəm və bu səhnələrə çəkilmirəm.

 

Çünki təmasdan öncə onun əvəzinə həll oluna biləcək estetik vəziyyətlər çoxdur, onu başqa cür həll edə bilərsən. Amma bu obrazda elə bir şeylər yox idi. Mən hər zaman deyirəm ki, aktrisa özünü oynamadığı müddət ərzində bütün rolları qəbul edə bilər. Bu rolu qəbul etsəm də, etməsəm də hər zaman alnıaçığam. O rolda gündəlik danışığımızda istifadə etmədiyimiz bir az açıq-saçıq sözlər var, bu da həmin rolun tələbidir. Mən Zülfiyyə olaraq cəmiyyətdə belə danışmıram axı. Bu rolun, vəziyyətin tələb etdiyi sözlərdir. Taleh çox gözəl yazıb, mən də üzərimə düşəni bacardığım qədər etməyə çalışdım. Gələn rəylərdən gördüm ki, əksəriyyət bu filmi bəyəndi.

 

- “Zəhər tuğlu”na çəkilmədən öncə siz xarici qastrollarda oldunuz, uğurlar əldə etdiniz. Ancaq bu uğurunuz fahişə qadın obrazı qədər səs gətirmədi. Bunu nə ilə əlaqələndirirsiniz?  

- Tam səmimi deyim ki, bur medianın günahıdır. Mən elə bir aktrisa deyiləm ki, hansısa sözü deməkdən çəkinim. Əksinə hər zaman çalışıram ki, mənim haqqımda işdən əlavə heç nə yazmasınlar. Bəzən sosial şəbəkədə yazılan hər hansı bir fikrə münasibət bildirəndə onu elə bəzəyib xəbər edirlər ki... Misal üçün getdiyim festivallardan kifayət qədər şəkillər, məlumatlar paylaşdım.

 

Dünya səviyyəli festivallar idi və biz oradan mükafat aldıq. Bu o deməkdir ki, dünyadakı bütün tənqidçilər yığılıb yekdilliklə festivalda iştirak edən bircə filmə səs verdilər. O da bizim film oldu. Mən, həmkarım Rasim Cəfərov, oğlum rolunu oynayan uşaq Mövsüm Mirzəzadə, rejissor Elmar İmanov və bizim komanda idi. Yəni peşəkar iş olaraq dünya səviyyəli kino aparmışdıq. Bu dünyada çox gözəl qarşılandı. İtalyan, ingilis, ispan və s. dünya tənqidçilərinin filmimiz haqqında mükəmməl rəylər yazmışdılar, bunu sosial şəbəkədə şəxsi səhifəmdə paylaşdım. Amma demək olar ki, bu çox az sayda mediada yayımlandı. Mənim işim aktrisalıq, filmə çəkilmək , festivala qatılmaq və mükafat qazanmaqdır. Yayımlamaq isə medianın işidir.

 

- Sizi bir çox mənfi obrazlarda görmüşük. Müsbət xarakterli bir insana mənfi rolu canlandırmaq çətin olmur?

- Əslində hər kəsin içində mənfi də, müsbət də var. Sadəcə bu, balansla təmin olunur. Mənfi rolu düzgün şəkildə oynamaq çətindir. Nə gəldi oynamaq, qışqırıb-bağırmaq, ssenarini mənasız yerə xərcləmək təbii ki asandır. Amma rolun daxilini düzgün hiss edərsənsə və xətti düzgün çatdırarsansa təbii ki çətindir. Mənə elə gəlir ki, peşəkar aktyor üçün mənfi obrazı da, müsbəti də oynamaq çətin olmamalıdır.

 

Peşəkarlıq o demək deyil ki, illərdir teatrda işləyirəm, bu sahədə təcrübə qazanmışam. Peşəkarlıq işinə peşəkar şəkildə yanaşmaqdır. 50 il də işləyə bilərsən, amma peşəkar olmaya bilərsən, işinə barmaqarası baxa bilərsən. Xarakterim elədir ki, bir xırda işə belə çox vaxt sərf edirəm. Bu günə qədər yolaverdi, başdansovdu işim olmayıb.

 

- Teatr adamları deyirlər ki, səhnənin tozunu udduqdan sonra oradan ayrılmaq olmur. Həqiqətən elədirmi?

- Teatr məktəbdir, təcrübədir, aktyora bazadır. 2007-ci ildən artıq teatrda işləyirəm. Rəhmətlik Amaliya xanımın rəhbərliyi ilə bu teatr fəaliyyət göstərirdi. O bizə həm teatr, həm də öyrətdiklərini qoyub getdi. Hazırda teatrın bütün rəhbərliyi Amaliya xanımın qızı Aynur xanımın çiyinlərindədir. Teatra çox öyrəşmiş adamam. Təsəvvür edin ki, illərlə eyni məkanda, eyni səhnədə, eyni adamlarla birlikdə işləyirsən.

 

Məkan olaraq teatra, yer olaraq səhnəyə və kollektiv olaraq insanlara öyrəşirsən. Sözün həqiqi mənasında bir ailə olursan. Bütün prosesləri, səfər və mükafat sevinclərini bir yaşayırsan. Ayrılmaq mənə çox çətin olar. Necə ola bilər ki, mən serialdan çıxıb teatra məşqə qaçmayım axı... Özümü bunsuz təsəvvür edə bilmirəm.

 

- Teatrda da olursunuz, filmlərə də çəkilirsiniz. İki işi icra etməyə vaxtınız çatırmı?

- Səhər teatrda məşqim olur, burdan çıxıb seriala qaçıram. Serialdan da çıxıb yenidən axşam teatra məşqə qaçıram. Hər zaman iş prosesində qarşıma yaxşı adamlar çıxır. Vaxtı idarə etməyimə köməklik göstərirlər. Bundan əlavə film çəkilişlərim də olur. Qrafikim demək olar ki, dolu olur. Təki hər zaman iş olsun (gülür).

 

- Bu sənəti seçdiyinizə görə təəssüf hissi keçirdiyiniz anlar olubmu heç? Aktrisa olmasaydınız, özünüzü başqa hansı sahədə görərdiniz?

- Düzünü desəm, arada hərdəmxəyallığım olur (gülür). Yaxşı bir sahə görəndə deyirəm ki, mən də burda yaxşı ola bilərdim. Amma tam səmimi desəm, nə vaxtsa cüzi peşmançılıqlarım olub. Amma bu uzun çəkmir, ani bir hiss olur.

 

Deyirəm ki, Zülfiyyə, axı sənə lazım idi? Sonra təsəvvür edən də ki, teatrda səhnəyə çıxmıram, serialda rollara çəkilmirəm, sanki məni qara basır. Artıq bu həyata öyrəşmişəm. Mən işində xoşbəxt olan adamam.

 

- Planda ailə həyatı qurmaq varmı?

- İnşallah düşünürəm. Çünki artıq vaxtı çatıb (gülür). Bu sualı hər zaman anam verir. Deyir ki, ay bala, nə vaxt tərpənirsən? Anam əslində çox dilə gələn adam deyil. Amma yazıq qadını da dilə gətirmişəm. Gözəl bir insanla qarşılaşsam, bilsəm ki, gələcəyimi bu insanla keçirə bilərəm, o zaman evlənərəm. Düşünsəm ki, gələcəkdə övladlarıma yaxşı ata ola bilər, təbii ki həyatımı kimləsə birləşdirə bilərəm. Bütün qadınlara ailə həyatı lazımdır, aktrisalara da həmçinin.

 

- Ailə quracağınız şəxsdə üstünlük verəcəyiniz dəyərlər nələrdir?

- Ailə mənim üçün hər zaman ön plandadır. Həyatımı birlikdə quracağım şəxs ən əsası dürüst olmalı, pulunu halal yolla qazanmalıdır. Heç kimin haqqına girməsin, 5 manat qazansın, amma halal olsun. Bu, mənim üçün çox önəmli bir şeydir. Çünki bu həyatda pul, vəzifə, şöhrət gəldi-gedərdi. Bu gün mən tanınıram, sabah tanınmaya da bilərəm.  Artıq o yaşa gəlmişəm ki, insanları müşahidə edəndə bilirəm ki, bu insanla gələcəkdə  yol yoldaşı ola bilərəm, ya yox. Çünki müəyyən yaşdan sonra insanın dünyaya baxışı dəyişir, təcrübəsi olur. Ətrafda insanların başına gələnləri görürük. Allah hər kəsi eləcədə qadınlarımızı səhv insanı seçməkdən saxlasın.

 

Könül Oruc

Üş nöqtə.- 2019.- 6 iyul.- S.12