XIX əsrin 90-cı illərində Azərbaycan
mətbuatı...
O dövrdə ziyalılar milli media uğrunda mübarizə aparırdılar
Problemlər
və reallıqlar
1891-ci ildə
“Kəşkül” qəzeti bağlandıqdan sonra “Şərqi-rus”un
çapına qədərki 14 il müddətində Azərbaycan
dilində heç bir qəzet və jurnalın nəşrinə
icazə verilməyib. Bu, çar
Rusiyasının müsəlmanlara, məxsusi olaraq Azərbaycan
türklərinə qarşı apardığı müstəmləkəçilik,
ruslaşdırma siyasətindən doğurdu. Azərbaycan dilində qəzet nəşr etmək
istəyənlərə çar III Aleksandrın Qafqaz müsəlmanları
üçün söylədiyi "qoy onlar rusca oxusunlar"
kəlamını xatırladır, təşəbbüslərin
qarşısını alırdılar. Çarizmin
yeritdiyi bu siyasətə qarşı mübarizə aparan
ziyalılar milli mətbu orqanların çapı
üçün bütün vasitələrdən istifadə
edirdilər. Çünki onlar gözəl
anlayırdılar ki, ictimai fikrin inkişafında, siyasi və
ictimai ideyaların mənimsənilməsində, milli
şüurun oyanışında anadilli mətbuatın əvəzsiz
rolu var. Böyük pedaqoq və ədəbiyyatşünas -
alim Firudin bəy Köçərli "Şərqi-rus"
qəzetinin 1903-cü il tarixli 17-ci sayında yazırdı:
“... Axırıncı qəzetənin ki, "Kəşkül"dən
ibarət ola, zavalından on il gəlib
keçdi və bu müddətin ərzində biz ruznaməsiz
qaldıq”.
“Məşriq”,
“Uçar yarpaq” və “Daniş” nəşrləri...
Mətbuat
tədqiqatçısı, tarix üzrə fəlsəfə
doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı "Azərbaycan mətbuat tarixi, I hissə,
(1875-1920)" adlı kitabında vurğulayıb ki, “Kəşkül”
bağlandıqdan iki ay sonra, yəni 1891-ci ilin dekabrında
Ünsizadə qardaşlarından Kamal bəy "Azərbaycan"
adında qəzet nəşrinə icazə istəsə də,
çar orqanları buna imkan verməyiblər: “Avropa təhsili
alaraq ölkəyə qayıdan, milli məfkurəli
ziyalı Əhməd bəy Ağaoğlu 1893-cü ildə mətbu
orqan yaratmağa cəhd etdi. 1893-cü il 6 dekabr
tarixində Baş mətbuat idarəsinə və əhli
Əhməd bəy Ağayev" müraciət edərək
"Məşriq" adlı qəzetin nəşrinə icazə
istədi. Rusiya daxli işlər nazirinin Bakı
polismeystrinə göndərdiyi cavab məktubunda isə bunun
yolverilməzliyi göstərilirdi: "Azərbaycan dilində
qəzet və jurnalların nəşri tamamilə arzuedilməzdir.
Baş Mətbuat İşləri İdarəsi
belə hesab edir ki, cənab Ağayevin xahişi rədd
edilsin. "Məşriq"in
çapına icazə verilməməsinin səbəbi
Ə.Ağaoğlunun çar rejimi nümayəndələrinə
panislamist, pantürkist kimi təqdim olunması idi. “Azərbaycan”ın çapına icazə ala bilməyən
Kamal Ünsizadə 1896-cı ildə "Letuçiya
listok" ("Uçan yarpaq") adlı mətbu orqan
yaratmaq üçün çalışdı. Senzura idarələrinin bəhanələrini kəsmək,
qəzet nəşrinə nail olmaq üçün
K.Ünsizadə "Letuçiya listok"u mülki
müşavir Georgi Klimovski ilə birlikdə nəşr etmək
istəsə də, onun bu cəhdi də alınmadı.
K.Ünsizadənin "az savadlı, mətbəəçilik
işində səriştəsi olmaması" əsas gətirilərək
qəzeti qeydiyyata almaqdan imtina etdilər. Yeni
mətbuat yaratmaq istəyi K.Ünsizadəni təkrarən
Qafqaz mülki işlər üzrə baş hakiminə
müraciətə sövq edir. 1896-cı
ildə o, "Daniş" adlı qəzet nəşrinə
ilkin hazırlıq görür. Həftədə
iki dəfə nəşr olunacaq qəzetin yığcam proqramı
və məramnaməsi tərtib olunur. 13
şöbədən ibarət olacaq "Daniş"in nəşrinə
hökumət icazə vermir. Məqsədinə
çata bilməyən K.Ünsizadə yerli elanları dərc
edəcək bir qəzetin nəşrinə yenidən
razılıq almağa çalışır. O,
mülki müşavir Georgi Klimovski ilə birgə nəşr
etmək istədiyi həmin qəzeti "Mestnoye obyavlenie"
adlandırdı. Rus və Azərbaycan dillərində
çıxarılması planlaşdırılan bu qəzetin
gündəlik nəşri nəzərdə tutulsa da, bu cəhd
də uğursuzluqla nəticələndi”.
“Tiflis” qəzeti
nəşrə başlaya bilmədi
Müəllif
əsərində bəyan edib ki, Azərbaycan mətbuatı
tarixində və milli jurnalistikamızın
formalaşmasında böyük xidmətləri olan Məhəmmədağa
Şahtaxtlı da milli mətbuatın yoxluğunu duyaraq, bu
boşluğu doldurmaq üçün fəaliyyətə
başladı: “O, 1896-cı ilin sonunda həftəlik
"Tiflis" adında qəzet nəşrinə hökumətdən
icazə istədi. Şahtaxtlı məqsədini
izah edərək yazırdı ki, rus təbəsi olan azərbaycanlıların
bir dənə də olsa qəzet və jurnalı yoxdur.
Onlar Baxçasarayda çıxan "Tərcüman" ilə
yanaşı, fars, ərəb və
türk dillərində xarici ölkələrdən gətirilən
dövri mətbuatı oxumaq məcburiyyətindədirlər.
Savadlı olub rus dilini başa düşməyənlər
isə rus qəzetlərindən istifadə edə bilmir.
Bu səbəbdən onların rus həyatı,
ədəbiyyatı, incəsənəti, ümumiyyətlə,
mədəniyyəti və ölkə daxilində baş verənlərdən
xəbəri olmur. Ana dilində olan qəzet
bu baxımdan onlara kömək edər, nəticədə bu
zümrənin üzvləri Rusiyaya yaxınlaşar. İcazə üçün M.Şahtaxtlı sənədləri
Baş Mətbuat İşləri İdarəsinə göndərir.
Baş idarə "Tiflis"in nəşri ilə
bağlı Qafqaz Senzura Komitəsinin rəyini tələb
edir. Qafqaz Senzura Komitəsinin müsbət rəy verməsinə
baxmayaraq qəzetin proqramı yenidən
araşdırılır. Rusiya Baş Mətbuat
İşləri İdarəsi "Tiflis"in sənədlərini
böyük rus şovinisti, senzor Simirnova rəy
üçün göndərir. Şahtaxtlının ərizəsi
yə qəzetin məramnaməsi ilə tanış
olan Simirnov geniş rəy yazaraq 1897-ci il yanvar ayının
7-də Baş İdarəyə təqdim edir.
Şahtaxtlının qəzet nəşr etmək təşəbbüsünü
"xeyirxah niyyət" adlandıran, onun bu sahədəki səylərini
"hər cür təqdirə və mükafata layiq görən"
Simirnov arayışında yazırdı: "Axı məsələ
bunlarda deyil, bu xeyirxah niyyətlərin hansı vasitələrlə
həyata keçiriləcəyi də çox əhəmiyyətə
malikdir, ancaq bu vasitələr cənab Şahtaxtlının ərizəsində
o qədər də aydın deyil". Simirnov öz mülahizələrini
genişləndirərək Şahtaxtlının ərizəsindəki
hər bir ifadənin sətiraltı mənasına varır:
"Cənab Şahtaxtinski həm qəzetin istiqamətini, həmçinin
də gələcək qəzetin məzmununu özü
lazımınca dərk etmir. Qəzetin səhifələrini
müxtəlif Şərq bağırtıları ilə
doldurmaqla məşğul olmaq istəyir. Başa
düşmək çətin deyil ki, bu, qafqazlılar
üçün də ümumi dövlət dili olan rus dilinin
kənar edilməsinə və eyni zamanda hətta ərəb
dilinin saxlanılmasına səbəb olar və buna rus mənafeyinə
xidmət kimi baxıla bilməz”. Baş Mətbuat
İdarəsi Simirnovun rəyini aldıqdan iki gün sonra, yəni
1897-ci il yanvarın 9-da Qafqaz Senzura Komitəsinə
bu məzmunda məktub göndərir: "Bizə qeyri-millət
və qeyri-dindaşların yaxınlaşması yalnız
maarifin yayılması ilə mümkündür, onun da
silahı rus dili olmalıdır. Əks təqdirdə
ümumi müsəlman dövri mətbuatı nəşrinin
təşəkkülü müsəlmanları rus vətəndaşlarına
nəinki yaxınlaşdırar, hətta uzaqlaşdırar.
Şahtaxtinskinin türk Azərbaycan şivəsində
qəzet nəşrini əsaslandırması bu vaxta qədər
olmayan qəbilə dilində xüsusi jurnalistikanın
başlanğıcını qoyacaq, beləliklə də
Zaqafqaziya tatarlarının (Azərbaycan türklərinin -
red.) Rusiyadan daha çox
uzaqlaşmasına səbəb olacaqdır". Bu
izahatdan göründüyü kimi Azərbaycan türklərini
qəbilə hesab edən Rus imperiyası çinovnikləri
bu "qəbilə"nin öz ana dilində
mətbuat yaratmasını qəbul etmir, onları daim öz
müstəmləkəsində görür, milli-mənəvi
dəyərlərinin yox olmasına
çalışırdılar. Sonralar "Tiflisski listok"
qəzetindəki məqaləsində Şahtaxtlı rus
şovinisti Simirnovla olan görüşünü təsvir edərək
yazırdı: "Var qüvvəmlə ona dil töküb
xahiş etdim, lakin bundan bir şey çıxmadı. O dedi: -
tatar dilində heç bir qəzetə icazə verə bilmərəm.
İstəyirsinizsə, rusca qəzet
çıxarmanıza icazə verim. Qoy
tatarlar sizdən nümunə götürüb rusca oxusunlar.
Siz rus dilində əla danışırsınız, tatar qəzeti
nəyinizə lazımdır?”. "Mən
öz həmvətəndaşlarımın
hamısının tərəqqisinə kömək etmək
istəyirəm. Tatarlar hamısı rus
dilində təhsil ala bilməzlər. Bu ancaq varlı
ailələrə müyəssər olan bir nemətdir" dedim.
O isə dedi: - Qəzet xalqın nəyinə lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə
qoy gedib sürülərini otarsınlar". Simirnovun bu cavabı Rus imperiyasının tərkibində
olduğu xalqlara qarşı apardığı milli
ayrıseçkilikdən, rus millətçiliyindən
doğurdu”.
Çapına icazə verilməyən “Sovqat”,
“Nübar” və “Çıraq” nəşrləri...
Akif Aşırlı kitabında qeyd edib ki, Azərbaycanda
milli mətbuat yaratmaqla xalqın maariflənməsinə, milli
özünüdərk prosesinə təkan verməyə
çalışan ziyalılardan biri də Nəriman Nərimanov
idi: “Qori Müəllimlər Seminariyasını bitirdikdən
sonra bir müddət Borçalıda müəllimlik edən
Nərimanov Bakıya köçür və ictimai işlərlə
məşğul olur. O, pedaqoji fəaliyyətlə
yanaşı, Bakıda "Kaspi", Baxçasarayda "Tərcüman",
Kəlküttədə "Həbil-mətin" kimi mətbu
orqanlarla əməkdaşlıq edir, günün vacib məsələləri
haqqında məqalələr yazırdı. Nəhayət,
onun özü də qəzet nəşr etməklə xalqın
maariflənməsinə kömək etmək istəyir. O,
1896-cı ilin mart ayında müəllim dostu S.M.Qənizadə
ilə birlikdə "Sovqat" adında uşaq jurnalı nəşr
etmək üçün çalışır. Azərbaycan
məktəbləri üçün nəzərdə tutulan
"Sovqat" ayda bir dəfə, şəkilli
çıxmalı idi. “Sovqat”ın nəşrinə icazə
ala bilməyən N.Nərimanov bir neçə ildən sonra
yenidən qəzet çıxarmağa təşəbbüs
edir. Müvafiq idarələrə müraciət edərək
Azərbaycan və rus dillərində çapı nəzərdə
tutulan "Təzə xəbərlər" adlı qəzetin
nəşrinə icazə istəyir. Ancaq bu dəfə də
Nərimanovun arzusu reallaşmır. Bakı şəhər məktəblərinin
müəllimləri S.M.Qənizadə və "Həbibullabəy
Mahmudbəyov 1896-cı ilin may ayında "Nübar"
adlı ədəbi-pedaqoji jurnal nəşr etməyə qərar
verirlər. Hər iki müəllimin imzaladığı ərizədə
deyilir: "Bizdə, Rusiyada rus müsəlmanları
üçün bir dənə də olsun ədəbi
jurnalın olmaması üzündən Zaqafqaziya müsəlmanları
hələ də məişətdə fars kitablarını
oxumaqda davam edirlər". Lakin çar orqanları
"Nübar"ın çapına icazə vermədi. Bu dəfə
isə S.M.Qənizadə "Çıraq" adlı qəzetin
nəşrinə razılıq almaq istəyir, ancaq yenə də
onun istəyi baş tutmur.
(Davamı var)
İsmayıl Qocayev
Şərq.- 2019.- 11iyul.- S.6