"Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına daxil  edilməsindən arxayınlaşmamalıyıq" Əbülfəs Qarayev:"UNESKO-nun gələn il  keçiriləcək sessiyasında bir neçə yerin siyahıya salınması üçün iddia qaldıracağıq  

 

"Bu sessiya Azərbaycanda böyük marağa səbəb olub. Bu tədbir heç adi hal kimi qəbul edilməməlidir. Bunun üçün mübarizə, rəqabət aparılır. Təcrübəmiz olmasaydı, bunu ölkəmizdə keçirməzdilər".

 

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, bu sessiya çərçivəsində Bakıya gələn insanlar öz ölkələrinin tanınmış şəxsləridir: "Onlar tanınmış mütəxəssislərdir. Qonaqlar şəhəri gəzdilər, tarixi yerləri ziyarət etdilər. Ölkədəki vəziyyət onlarda müsbət təəssürat yaratdı. Xarici media da bu sessiyanı işıqlandırdı. Sessiya ilk gündən son günə qədər UNESKO-nun saytında yayımlanırdı. Bu müddət ərzində kommisiya 166 məkana baxıb, onların mövcud vəziyyəti müzakirə olunub. Bunlardan 32-si yeni nominasiya idi. Biz Şəkinin Dünya İrs Siyahısına daxil edilməsinə nail olduq. Bundan arxayınlaşmamalıyıq, beynəlxalq qaydalara əməl edilməlidir. Gərək elə edək ki, gələcəkdə bu prosesə nəzarət edə bilək. Hər il ya planlı, ya da plansız şəkildə komissiya gəlir, vəziyyəti dəyərləndirir".

 

Könül

Üş nöqtə.- 2019.-11 iyul.- S.5