“Oynadığım hər bir roluma ayrıca
sevgim var”
Asya Atakişiyeva:
"Uşaq tamaşalarında oynamaq uşaqlar qarşısında çıxış etmək mənim
üçün həqiqətən
bir zövqdür"
Uşaq tamaşalarında oynamaqdan,
onların qarşısında çıxış etməkdən
xüsusi zövq alır. Deyir ki, istər uşaqlar, istərsə
də böyüklər üçün olan tamaşalarda
oynadığı hər bir rol onun üçün
böyük məna kəsb edir: “Rolları təklif edirlər,
mən də baxıram, içimdən keçirib
oynayıram. Əgər hansısa bir rolu bəyənməsəm
onu oynamaram. Mənim üçün əsas
əhəmiyyət kəsb edən məsələ çəkiləcəyim
rolun ürəyimcə olması, onu bəyənməyimdir.
Oynadığım bütün rollarımı
sevirəm. Hər bir roluma ayrıca sevgim
var. Bu günə qədər 50-dən çox rolum olub.
Hal-hazırda çoxunu oynayıram və
heç birini ayıra bilmirəm.”
“Üç nöqtə” qəzetinin qonağı Gənc
Tamaşaçılar Teatrının gənc aktrisası Asya
Atakişiyevadır.
- Sizi adətən
müsbət xarakterli rollarda görürük. Fikrinizcə, üzünüzdəki
məsumluq, saflıq sizin mənfi rollara çəkilməyinizə
maneədirmi?
-
Düzünü desəm, bilmirəm. Bəlkə
də elədir (Gülür). Rolları təklif
edirlər, mən də baxıram, içimdən keçirib
oynayıram. Əgər hansısa bir rolu bəyənməsəm
onu oynamaram. Fəliyyətim ərzində
bircə dəfə mənfi rol oynamışam. Amma təəssüf ki, həmin serial çox tez bitdi
və mən sonda yenə müsbət obraz oldum.
- Bəs
mənfi rollara çəkilmək istəyərdinizmi?
- Mənim
üçün əsas əhəmiyyət kəsb edən məsələ
çəkiləcəyim rolun ürəyimcə olması,
onu bəyənməyimdir. İstəməkdən
çox, məncə maraqlı olardı. Çünki
aktyor və aktrisa özünü istər mənfi, istərsə
də müsbət rollarda sınamalıdır.
- Sənətə
gəlməyinizdə ailəniz dəstək oldumu?
- Bəli,
ailəm incəsənəti, sənəti qiymətləndirir.
Onlar mənə heç zaman mane olmuyublar, əksində
hər zaman yanımda olaraq dəstək olublar. Ümumiyyətlə, bir şeyi deyim ki, insanın
ailəsinin ona arxa-dayaq, dəstək olması çox vacib məsələdir.
- Hər
bir aktrisanın arzusu Leyli olmaqdır. Gənc
yaşınızda siz Leyli obrazını
canlandırdınız. Çətinlikləri
oldumu?
- Mən Juliyettanı oynayanda fikirləşirdim ki,
çətindir. Amma Leylini tanıyandan sonra, həmin rolu oynayandan sonra
çox, lap çox çətin olduğunu gördüm. Çox çətinliklər oldu, çox işlədim
və bütün zəhmətlərimin nəticəsində
Leyli oldum. Bunu mən yox, həmkarlarım,
tamaşaçılar deyir. Hər
tamaşadan sonra mənə çoxsaylı mesajlar gəlir.
Tamaşadan sonra teatrda aşağıda
tamaşaçılar məni gözləyir, öz fikirlərini
deyirlər. Bu məni çox sevindirir,
bundan fərəh hissi duyuram.
- Sizi
tanıyandan eyni imicdə görürük.
- Dəyişikliklər
adətən tamaşalarda olur. Amma elə bir rol
gözləyirəm, ona uyğun şəkildə dəyişim.
Əslində indi bir az dəyişmişəm
(gülür). Amma hələ oynayacağım
rolun tam olaraq necə olacağını bilmirəm. Ona uyğun olaraq dəyişə bilərəm.
- Sizin
üçün rolun böyüyü kiçiyi varmı?
- Uşaq
tamaşalarında oynamaq, uşaqlar qarşısında
çıxış etmək mənim üçün həqiqətən
bir zövqdür. Hər zaman formada
qalırıq. Oynadığım hər
bir rol mənim üçün böyük məna kəsb
edir, istər uşaqlar üçün, istərsə də
böyüklər üçün olan tamaşalar.
- Fəaliyyətə
başladığınız gündən bəri Gənc
Tamaşaçılar Teatrında
çalışırsınız. Heç
başqa teatrda çalışmaq istəmisinizmi?
- Mən
ilk addımlarımı Gənclər Teatrında
başlamışam. Hüseynağa müəllimin
yanında fəaliyyət göstərmişəm. Sonradan isə Hüseynağa müəllim mənə
Gənc Tamaşaçılar Teatrında işləməyi məsləhət
gördü. Mən də razılaşdım.
Sənət baxımından ondan çox
şeylər öyrəndim. Doğrudur,
bu, çox qısa müddət davam elədi. Amma ora mənim üçün böyük bir məktəb
idi. Teatrda işləyə-işləyə
bu sənətin incəliklərinə yiyələndim. Sonra teatrlarımızı birləşdirdilər.
Arada Uşaq Teatrında da işləmişəm.
Hal-hazırda teatrdan ayrılmaq kimi bir fikrim
yoxdur. Amma bəlkə gələcəkdə fikrim dəyişər,
kim bilir (gülür).
- Hər
bir teatrın daxilində bir qruplaşma var. Maraqlıdır
Asya hansı qruplaşmanın tərkibindədir?
- Bizim
teatrda hər kəs öz işi ilə məşğul olur.
Mən də həmçinin.
-
Rejissorluq ixtisası üzrə təhsil alsannız da teatra gələndən
sonra aktrisa olmusunuz. Aktrisa sənəti sizi daha
çox özünə cəlb etdi, ya necə?
- Əslində rejissorluğu seçməyimə səbəb
əmim olub. Düşünürdüm ki, bu sənətdə
onun davamçısı mən olacam. Universitetdə
oxuduğum zamanlarda “Rejissor olacağam, tamaşalar
hazırlayacağam” - kimi arzularım var idi. Hətta o illərdə bir diplom tamaşası da
hazırlamışdım. Amma sonralar və
indinin özündə də rejissor olmaq iddiasında deyiləm.
Gələcəyi isə bilmək olmaz. Ola bilər, təcrübə qazandıqca tamaşa
hazırlamaq həvəsinə də düşərəm.
Rejissor olmaq üçün çox oxumaq,
çox bilmək lazımdır. Rejissor
hökmlü olmalıdır, aktyor onun baxışından belə
çəkinməlidir. Hüseynağa
müəllim aktyorların üstünə qışqırmazdı,
danlamazdı, sadəcə bir baxışı hamımıza
kifayət edərdi. Hərdən
düşünürdük ki, belə baxmaqdansa
yaxşısı budur bizi döyüb-söysün.
- Bu sahənin
adamları deyirlər ki, gəliri az olsa
da, sənətə olan sevgi hər şeyin öhdəsindən
gəlir. Bəs siz necə
düşünürsünüz?
- Mən
də bu sahənin adamı olduğuma görə elə
düşünürəm. Amma gərək sənət
olsun.
- Necə
düşünürsünüz, bu gün yaşlı nəslin
nümayəndələri gənc aktyorlara dəstək
olurlarmı?
- Əlbəttə, olurlar. Bilirsiniz necədir, bu
sənəti sevib gələn, onun üçün
canını qoyan hər bir gənc nəsə bir nailiyyət
əldə edir. Bu sənət bir az
peşəkarlıq, bir az da əziyyət tələb edir. Rejissor görür ki, sən bu obrazı yaratmaq
üçün dəridən qabıqdan çıxırsan
sənə başqa bir rolu həvalə edir.
-
Özünüzün ən sevdiyiniz rollarınız
hansılar olub?
-
Oynadığım bütün rollarımı sevirəm. Hər bir roluma ayrıca sevgim var. Bu günə qədər
50-dən çox rolum olub. Hal-hazırda
çoxunu oynayıram və heç birini ayıra bilmirəm.
-
Özünüzü daha çox hansı obrazlarda
görürsünüz?
-
Ümumiyyətlə, mən özümü hər bir rolda
görə bilərəm. Rolun önəmi yoxdur, mənfi də
ola bilər, müsbət də. Əsas məsələ odur ki, o obraz mənə
xoş gəlsin.
- Bəzən
yaşlı nəslin nümayəndələri ilə gənc
sənətçilər arasında gərginliklərin
şahidi oluruq. Siz
bu kimi hallarla rastlaşmısınızmı?
-
Bilirsiniz, yaşlı nəslin arasında
qısqanclıqların şahidi oluruq. Amma mənim
yolumu kəsən yaşlı sənətçi olmayıb.
Gənc Tamaşaçılar Teatrında mənə
dəstək olan böyük sənətkarlarımız olub.
Onların məsləhətini dinləməyə
çalışmışam. Çəkiliş
meydançasında da elə sənətkarlar olub ki, onlardan nəsə
öyrənmişəm. Normal haldır ki,
böyük sənətkarların özlərinə aid
kaprizləri olur. Bunu çəkiliş
meydançasında, teatrda görmək olar. Amma onu da qeyd edim ki, bu kaprizi etməyə də
haqları var. Çünki illərini sənətə, səhnəyə
həsr edən sənətkarın kaprizinin olması qəbulolunandır.
-
Aktyorların adətən mono-tamaşa oynamaq arzuları olur.
Sizin də belə bir arzunuz varmı?
- Mono
tamaşa arzum yox, fikrim var, amma hələki indi yox. Mono tamaşa oynamaq üçün hələ mənim
qarşıda uzun illərim var.
- Bu
gün yaşıdlarınız olan gənc aktyor və
aktrisaların fəaliyyətini bəyənirsinizmi?
- Bəli,
bəyəndiyim aktyor və aktrisalar var. Amma əsas məsələ
tamaşaçıların bizi bəyənməyidir. Yaşıdım olan-olmayan hər kəsə öz
işində uğurlar arzu edirəm.
- Bəzən
rejissorlarla aktyorlar arasında problemlər
yaşandığının şahidi oluruq. Sizin rejissorlarla
probleminiz yaranıbmı?
- Bu
günə qədər heç bir rejissorla problem
yaşamamışam. Bütün
rejissorların sənətini yüksək qiymətləndirirəm.
Hər bir rejissorun öz dəst-xətti var, mən
də onlara uyğunlaşmağa çalışıram.
- Aktrisa
olaraq daima gözəl və baxımlı qalmaq
üçün nə edirsiniz?
- Hər
bir xanım işindən, peşəsindən asılı
olmayaraq, baxımlı olmağı bacarmalıdır. Aktrisalar daha artıq çalışırlar ki,
gözəl və baxımlı olsunlar. Çünki
biz tamaşaçi önünə çıxırıq,
istər teatr səhnəsindən, istərsə də
ekrandan. Xüsusi nələrsə etmirəm.
Dəriyə və saçlara daha çox
qulluq etmək lazımdır. Amma buna elə
də vaxt olmur. Formada qalmaq
üçün mütləq idmanla məşğul oluram.
Ara-sıra dietlərdən də istifadə edirəm.
-
Qarşıda hansı planlarınız var?
-
Hazırda tətilə çıxdığımıza
görə istirahətə gedirəm. Bir
müddət dincələcəyik. Yeni
mövsümdə yeni işlərlə
tamaşaçıların qarşısında
olacağıq inşallah. Bəzi şeylər
düşünürəm, amma hələ əvvəlcədən
danışmayım. Tətildən tam
enerji ilə qayıdıb, bir qərar verib işləmək
fikrim var.
Könül Oruc
Üç nöqtə.-
2019.- 18 iyun.- S.7