Akademik Musiqili Teatrın müsabiqəsinin
nəticələri məlum
olub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin
üzə çıxarılması
və işə qəbulu ilə bağlı müsabiqənin
ilk seçim turu keçirilib.
Sənət ocağının mətbuat xidmətindən
Axşam.az-a bildirilib ki,
Xalq artisti Şəfiqə Məmmədovanın
rəhbərliyi ilə
iki gün davam edən bu müsabiqədə 60-dək
iddiaçı öz
vokal imkanlarını
və artistlik məharətlərini nümayiş
etdirməyə çalışıb.
Teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan
seçimin yekununda Şəfiqə Məmmədova
nəticələri elan
edərək yeni istedadların üzə çıxarılmasında belə
müsabiqələrin əhəmiyyətini
vurğulayıb və
bununla yanaşı, onu narahat edən
bəzi məsələlərə
də ciddi iradlarını bildirib:
“Təəssüf
edirəm ki, müsabiqəyə qatılan
gənclər hələ
də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və
gənclər üçün
yaratdığı şəraiti
yetərincə dəyərləndirmək
iqtidarında deyillər.
Əslində bu müsabiqənin məqsəd
və tələblərinə uyğun
olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn
görkəmi və təbii ki, ilk növbədə səlis danışıq
qabiliyyəti olan gənclər müraciət
etməli idi. Lakin cavanların əksəriyyəti
seçdikləri ixtisası
layiqincə dəyərləndirmirlər.
İki gün ardıcıl davam edən bu turda
60-a yaxın iştirakçı
arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az
da olsa cavab
verdilər. Əminəm
ki, onlar gələcəkdə
bu teatrın səhnəsində maraqlı
rolları ilə tamaşaçıların diqqətini
cəlb edə biləcəklər. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları)
və Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları)
seçildilər. Mən
bu müsabiqəni növbəti illərin seçimləri üçün
yaxşı bir başlanğıc hesab edirəm. Biz “akademik” teatr
statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq
bioqrafiyası, həyat
tarixçəsi olan bir sənət məbədində işləmək
üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq”.
Teatrın direktoru,
Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın
səsləndirdiyi təklif
və iradlarla həmrəy olduğunu bildirərək deyib: “Biz artıq 5-ci ildir ki, bu
müsabiqəni keçiririk.
Sənəd verən gənclərin çoxu nəinki bizim, heç digər teatrların da işinə yaramır. Ümidvaram ki, budəfəki seçimimizdə
də yanılmadıq.
Belə müsabiqələr
təkcə teatr aləminə deyil, mədəniyyət və
incəsənətimizin gələcək
inkişafına çox
böyük təkan verəcək”.
Üç nöqtə.-
2019.- 23 iyul.- S.13