“Epizodik
rol baş roldan çətindir”
Elşən
Hacıbabayev: “Əsas baş rola qaçmaq deyil, rolu
düzgün oynadıqda epizodik rol da gözəldir”
20 ildən çoxdur teatr sahəsində
çalışır. Bununla yanaşı film və seriallara da
çəkilir. Onu daha çox “Oğlan
evi” filmindəki məşhur oğru və eyni zamanda
yardımsevər obraz olan “İsi” obrazı ilə
tanıyırıq. Deyir ki, bu filmdən sonra həyatda
da artıq bir çox insanlar onu oğru kimi tanıyır və
“İsi” deyərək çağırırlar:
“Bilirsiniz, əgər məni “İsi” obrazı ilə
çağırırlarsa, məni oğru hesab edirlərsə,
deməli obrazım yaxşı alınıb. Bunu müsbət
hal kimi qiymətləndirirəm. Ümumiyyətlə,
o film Azərbaycandakı ən uğurlu filmlərdən biri
idi. O filmin rejissor və ssenaristlərinə
inanırdım, güvənirdim. Filmin
uğuruna da inanırdım. Amma
obrazımın bu qədər seviləcəyini
düşünmürdüm. Nəticənin
belə olması məni çox sevindirdi”.
“Üç nöqtə” qəzetinin qonağı Gənc
Tamaşaçılar Teatrının aktyoru Elşən
Hacıbabayevdir.
-
Hazırda “Qız qaçırtma - 3” filminin çəkilişlərindəsiniz.
Necə gedir proseslər?
- Proseslər
çox gözəl gedir. Hətta mən deyərdim
ki, “Qızqaçırtma 3” daha məsuliyyətli bir film
olacaq. Düzdür, əvvəlkilər də
yaxşı idi. Çox adam elə
bilirdi ki, 3-cü hissə alınmayacaq. Amma mənə
elə gəlir ki, çox gözəl alınacaq. Rejissorumuz Rüfət Şahbazov sağ olsun, bu
işin üzərində layiqincə çalışır.
- 20 ildən
çoxdur Gənc Tamaşaçılar
Teatrındasınız. Bu illər ərzində istədiyiniz rolları oynaya
bildinmi?
- Bu 20
ilin 10 ilini Gənclər Teatrında, geridə qalan 10 ilini isə
Gənc Tamaşaçılar Teatrında işləmişəm.
20 ildən artıqdır ki, artıq teatr sahəsində
çalışıram. İnanırsınız, bu
dünyada heç kəs tam olaraq istədiyinə nail ola bilməyib. Amma bəlkə də kimlərsə
nail olub, deyə bilmərəm. İstədiyim,
ürəyimə yatan rolların bir neçəsini
oynamışam.
Yenə də istəyərdim ki, yaxşı rollar
oynayım.
Sadəcə teatrda belə bir tendensiya var ki, rollar
düzgün seçilmir, bir az məcburiyyət
var. Belə ki, əgər bir rol sənə verilibsə, məcbur
da olsa onu oynamalısan. Aktyor bu rolu oynayaraq
öhdəsindən gəlməlidir. Kinoda
istəmədiyin bir roldan imtina edə bilirsən, amma teatrda
belə bir şey yoxdur. Oynamaq istədiyim
bir-iki rol var.
-
Uşaqlar üçün tamaşalar göstərmək
çətin deyil?
- İyirmi birinci əsrdə bu qədər
inkişafın olduğu dövrdə uşaqlar
üçün nəsə göstərmək çətin
məsələdir. Əvvəllər fikirləşməzdik
ki, telefonu əlimizdə tutaraq bu qədər informasiyanı əldə
edə bilərik. Biz bunu müəyyən
yaşdan sonra görmüşük. Amma
indiki uşaqlar anadan olan kimi bunun içində
böyüyürlər. Təsəvvür
edin ki, onlar bizdən nə qədər irəlidədirlər.
İndiki uşaqlar üçün tamaşa
göstərmək ən çətin məsələlərdən
biridir. Onları aldatmaq mümkün deyil.
-
Müsahibələrinizdə zərgər olmaq istədiyinizi
bildiribsən. Adından da
göründüyü kimi zərgərlik pullu sənətdir,
aktyorluq isə o qədər də yox. Zərgərliyi
deyil, aktyorluğu seçməyinizə səbəb nə
oldu?
- Zərgərlik
adı ilə Mədəni Maarif Texnikumuna (indiki Bakı
Humanitar Kolleci) gedib aktyorluq fakültəsinə qəbul
olmuşam. Bura qəbul olanda 14 yaşım var
idi. Sadəcə olaraq zərgərlik incəsənət
olduğuna görə onu çox sevirdim. Ümumiyyətlə
belə xırda işlərdən xoşum gəlir.
Zərgər sənəti vaxtilə pullu olub, amma indi o qədər
də deyil. Zərgər olmaq istəmişəm, amma yəqin ki
tam istəmişəm. Çünki tam zərgər
olmaq istəsəm olardım (gülür). İnşallah bizim aktyorluq sənətimiz elə bir
zamana gəlib çatacaq ki, zərgərlərin özü də
aktyor olmaq istəyəcək. Ona görə
də düşünürəm ki, insan öz sənətini
düzgün seçəndə onun qazancını əldə
edə biləcək. Ümumiyyətlə,
peşəsindən asılı olmayaraq bir işi ürəkdən,
istəyərəkdən edirsənsə onu lazımınca
qiymətləndirəcəklər. Düşünürəm
ki, mən öz sənətimi seçmişəm, bura mənə
rahatdır. Burda mənə xoşdur.
Öz işimi çox sevirəm. Hər şeyin yaxşı olacağına
inanıram.
- “Oğlan evi” filmində “İsi” obrazı ilə
çox məşhurlaşdınız. İnsanlar
sizi sanki oğru hesab edirdi. Bunu mənfi,
yoxsa müsbət hal kimi qiymətləndirirsiniz?
- O filmin
üzərindən müəyyən müddət keçsə
də çoxu mənə “İsi” deyərək müraciət
edir. Bu filmdəki obrazıma görə,
İlham Qasımova öz təşəkkürümü
bildirirəm. Kastinqlərdən sonra
düzgün obrazları seçdi. Ümumiyyətlə,
o film Azərbaycandakı ən uğurlu filmlərdən biri
idi. Bilirsiniz, əgər məni “İsi”
obrazı ilə çağırırlarsa, məni oğru
hesab edirlərsə, deməli obrazım yaxşı
alınıb. Bunu müsbət hal kimi qiymətləndirirəm.
Məlik Dadaşov ilk dəfə “Haray” filmində
erməni obrazını oynayanda hamı ona pis baxırdı.
Çünki rolunu çox gözəl
oynamışdı, əsl ermənini
canlandırmışdı. Mən də
onun rolunu çox bəyənirdim.
- “İsi” ilə Elşən arasında oxşar cəhətlər
varmı? Heç oğurluq etmisinizmi həyatda?
- İsi ilə Elşən arasında yerlə göy qədər
fərq var. “İsi” tamam başqadır, oğrudur, həm də
eyni zamanda yardımsevərdir. Bəlkə də həyatda
oğruluq etmişəm xəbərim olmayıb.
Qonşunun bostanından, bağındakı alma
ağacından oğurlamışam. Əslində
mən həyatda çox oğurluq edirəm. Küçədə, bayırda insanlara baxıb
onların obrazlarını, xarakterlərini oğurlayıram və
sonra istifadə edirəm.
- Bu
obrazı üzərinizə götürəndə bu qədər
seviləcəyinizi düşünürdünüzmü?
- Xeyr, həqiqətən
düşünmürdüm. Amma o filmin rejissor
və ssenaristlərinə inanırdım, güvənirdim.
Filmin uğuruna da inanırdım. Amma obrazımın bu qədər seviləcəyini
düşünmürdüm. Nəticənin
belə olması məni çox sevindirdi.
- Teatrda
çalışasınız da, serial və filmlərə də
çəkilirsiniz. Bütün bunları
çatdıra bilirsinizmi, çətin olmur sizə?
-
Dünyada asan iş yoxdur, hamının işi çətindir.
Müəllimin də, həkimin də, dərzinin də və
s. peşəsindən asılı olmayaraq insanların işi
çətinliklə başa gəlir. Mən
deyərdim ki, bizimki daha çətindir. Çünki
elə peşə var ki, orda fiziki cəhətdən, elə
peşə də var ki, zehni cəhətdən əziyyət
çəkirlər.
Biz amma həm fiziki, həm də zehni cəhətdən
əziyyət çəkirik. Müəyyən
işlər var ki, orda biri digərini növbə ilə əvəz
edir. Amma bizim işimizdə elə bir
şey yoxdur. Amma gərək
özümüz axıracan edək, bizim ifa etdiyimiz obrazı
kimsə əvəz edə bilmir. Evə
gecə saatlarında gəlirik, səhər gedirik. Çünki işi bitirib setdən elə
çıxmalıyıq. Çünki
günün işini çatdırmaq lazımdır. Aktyora film də, serial da, teatr da mütləq şəkildə
lazımdır. Əgər işini
düzgün görmək istəyirsənsə, düzgün
şəkildə bölgü etməlisən. Çətin olsa da bunu bacarmalıyıq. Teatr ən vacib yerdir. Teatrda
çıxış etdiyimiz tamaşalarla yanaşı film və
seriallarda da çəkilmək bizim peşə borcumuzdur.
- Bəzi
aktyorlar baş rola çəkildikdən sonra epizodik rollara
çəkilməkdən qaçırlar. Necə
düşünürsünüz, bu nə dərəcədə
düzgündür? Ümumiyyətlə,
aktyor üçün baş, yaxud epizodik rol
anlayışı olmalıdırmı?
- Bilirsiniz, baş rolu yaxşı ifa etsən alınacaq, yaxşı ifa etməsən alınmayacaq. Əsas baş rola qaçmaq deyil. Rolu düzgün oynayandan sonra epizod da gözəldir. Bizim o qədər gözəl aktyorlarımız var ki, hamısı epizodik rollarla böyüyüb, tanınıb. Epizodik rolu oynamaq özü çətin məsələdir. Epizodik rol baş roldan çətindir. Dünya aktyorlarının 95 faizi epizodik rollarla üzə çıxıblar. İstər epizodik, istərsə də baş rol mənim ürəyimə yatırsa, özümü o rolda görürəmsə oynamağa dəyər.
- Yeni
film, yaxud serial təklifləri varmı?
- Bəli,
hər ikisi var. Sadəcə olaraq indi adlarını
açıqlaya bilmərəm. Çünki əvvəlcə
efirə getməlidir, ondan sonra onun haqqında məlumat verə
bilərəm. Avqust ayında da yeni bir film
olacaq. Hal-hazırda teatrımız məzuniyyətdədir.
İctimai televiziyada “Bizim restoran” serialına
çəkilirəm. Başqa təkliflər
də var, onların təsdiqini gözləyirəm. Bu çəkiliş bitəndən sonra ora gedəcəm.
- “Oskar” mükafatı almaq istədiyinizi deyibsiniz. Bu, elə də asan iş
deyil. Bəs bunun üçün nələr
edirsiniz?
- Bəli,
demişəm. Hazırda bunun üçün
heç nə etmirəm (gülür). Əvvəllər
dünya kastinqlərinə videolarımı, şəkillərimi
göndərirdim. Amma gördüm ki,
heç birindən səs-soraq gəlmədi. Azərbaycanda serial və filmlərə çəkilərək
fəaliyyətimi davam etdirirəm. Bəlkə
nə vaxtsa filmlər üçün ölkəmizdə
mükafatlandırma olacaq, mənə də mükafat verəcəklər,
bilmirəm. Oskar almaq üçün nə
etmək lazım olduğunu bilmirəm. Bəlkə
də Amerikaya getmək lazımdır.
-
Qarşıda hansı işləriniz var?
- Gələcəkdə
işlər çoxdur. Bizim işimiz üzdədir,
hansı aktyorun necə çalışdığını,
hansı işlər gördüyünü bilirsiniz. İnşallah eyni işlərimiz işıq
üzü gördükcə siz də şahidi
olacaqsınız. Sonda sizə, qəzetinizə
və bizi izləyən oxucularınıza da təşəkkürümü
bildirirəm.
Könül Oruc
Üç nöqtə.-2019.- 25
iyul.- S.7.