Məhkəmənin qətnaməsi  qanuni və əsaslı olmalıdır

Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa  bilər

 

 

 

Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının aparılması gedişində qəbul olunmuş Azərbaycan Respublikasının Mülki-prosessual Məcəlləsində mülki prosessual qanunvericilik yeni normalarla zənginləşdirilmişdir. Bu normalar məhkəmə quruluşu sistemindəki dəyişikliklərlə yanaşı, mübahisələrin həllinə çəkişmə prinsipi hərtərəfli tətbiq etməklə yeni yanaşma tərzini özündə əks etdirir.

 

Dövlət adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin hüquqi, nəzəri, tәcrübi cəhətdən düzgün tərtib edilməsi vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına xidmət edir.

 

Azərbaycan Respublikasının dünyaya hərtərəfli inteqrasiyası. Yuxarı məhkəmə orqanlarının qərarlarının dərc olunması və dünyada yayılması məhkəmə sənədlərinin tərtibinə diqqətin daha da artırılmasını tələb edir.

 

Mülki və iqtisadi mübahisələr üzrə qəbul dilmiş məhkəmə qətnamələrinin öyrənilməsi göstərir ki, məhkəmələr tərəfindən qəbul edilən bəzi qətnamələr qanuni və əsaslı olmur, iddialar mahiyyəti üzrə düzgün həll olunmur, yaxud qətnamələrin tərkibi mülki-prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Bu da öz növbəsində qətnamələrin yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olur.

 

Məhkəmə qətnamələrinin keyfiyyətini və tərtibi qaydalarını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

 

Q Ə R A R A       A L I R:

 

1.Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

 

2.1.Məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilsin.

 

2.2.Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edldikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 134-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə. presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.

 

2.3.Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə müvafiq olraq Azərbaycan Respublikası Qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

2.4.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

 

2.5.Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə mülki qanunvericiliyin geriyә qüvvəsi ola bilməz.

 

3.1.Məhkəmələrə izah edilsin ki, Azərbaycan respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.

 

3.2.Qətnamədə Azərbaycan Respublikası MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir.

 

3.3.Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də әvvәlcәdәn müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyində digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

 

3.4.İşdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qәtnamәdә onların hər birinin qəbul edilməsi və ya rədd edilməsi səbəblərini göstərməlidir.

 

3.5.MPM-nin 218.3-cü maddəsinə әsasәn hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblə üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır.

 

4.Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də, cinayət işində meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehlik təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

 

5.Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.

 

6.1.Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hisslәrindәn ibarət olub, həmin ardıcıllıqla Azərbaycan respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir.

 

6.2.Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.

 

6.3.Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.

 

6.4.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz.

 

6.5.Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanun və y digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda məsələlər barədə qərarları da göstərilməlidir.

 

6.6.İddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir.

 

6.7.Məhkəmələr izah edilsin ki, işə qiyabi icraat qaydasında baxıldıqda iddianın predmeti və ya əsası dəyişdirilə, iddia tələblərinin məbləği artırıla bilməz.

 

6.8.Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrı tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

 

6.9.Məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı, ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır. Məsələn: şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu: sağlamlığa vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə tutulmalı ziyanın dəqiq miqdarı, ödəniş məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edildikdə qətnamədə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı kimi faktının müəyyən edilməsi işləri üzrə atalığım müəyyən edilməsi barədə aktın VVADQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (soyad, ad, ata-ana adı, doğulduğu gün, ay, il və yer, daimi yaşayış yeri) göstərilməlidir.

 

6.10. Əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir.

 

6.11.Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.

 

6.12.İşə qiyabi icraat qaydasında baxıldıqda qəbul edilən qətnamə “qiyabi qətnamə” adlandırılmalı, qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizənin verilməsi vaxtı və qaydası qeyd edilməlidir.

 

6.13.Bir qayda olaraq, məhkəmə qətnaməsi həmin işə baxılması qurtardıqdan dərhal sonra tərtib edilməlidir. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Məsələn, işdə bir neçə iddiaçı və cavabdeh olduqda, tədqiq edilən sübutların həcmi böyük olduqda və s.

 

7.Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

 

8.1.İşdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir.

 

8.2.Məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərin hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərməlidir.

 

9.1.İddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir.

 

9.2.Əmək tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınası mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır.

 

9.3.Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, pensiya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır.

 

10.Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən eidlən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

 

11.1.Məhkəmələrə izah edilsin ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda-qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir.

 

11.2.Məhkəmələrin diqqətinə çatdırılsın ki, dərhal icra olunma hallar (Azərbaycan Respublikası MPM-nin 235-ci maddəsi) istisna olmaqla, qətnamə qanunu qüvvəyə mindikdən sonra icra edilir. Digər hallarda qətnamənin dərhal icrası məqsədə müvafiq hesab edildikdə məhkəmə bunu öz qətnaməsində əsaslandırmalıdır.

 

11.3.Qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildikdə və yaxud dəyişdirildikdə Azərbaycan Respublikası MPM-nin 235.3-cü maddəsinə müvafiq olaraq hakim qətnamənin dönüşü məsələsini həll edə bilər.

 

12.Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

 

13.1.Məhkəmə qəbul etdiyi qətnaməni elan etdikdən sonra mahiyyətini dəyişmədən onda olan yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər.

 

13.2.Düzəlişlər etmək məsələsi iclasın vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməklə məhkəmə iclasında həll edilir.

 

13.3.Qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-də müddət müəyyən edilmədiyinə görə həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər.

 

14.Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

 

15.1.Əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan respublikası MPM-nin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz.

 

15.2.Qeyd etmək lazımdır ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə əsas qətnamə qanuni qüvvəyə minənə kimi baxıla bilər. məhkəmə baxışında müəyyən edilməmiş hallar barədə əlavə qətnamənin çıxarılmasına yol verilmir.

 

15.3.Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir.

 

15.4.Əlavə qətnamənin çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.

 

16.1.Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir.

 

16.2.Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

 

17.Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

 

18.Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli 2 saylı qərarı qüvvədən düşmüş hesab edilsin.

 

Üç nöqtə.- 8 iyun.- S.9