“Uşaq sahəsində ən çox
iş görən elə bizik”
Dilşad Musa:"Biz
uşaqların dəcəlliklərini ortaya
qoyaraq onların
potensiyalarını uzə
çıxaririq
9 ildir “Dəcəl balam” Ailə və Uşaq
İnkişaf Mərkəzini yaradıb. Bu sahədə bir
çox işlər görüb, sosial layihələr və
tədbirlər həyata keçirib. Deyir ki, indiki
uşaqların İQ səviyyəsi, məntiqi həddindən
artıq inkişaf etmiş səviyyədədir.
Dəcəl uşaqları zəbt etmək
çətin olsa da, buna baxmayaraq onlar çox ağıllı
və zəkalı olurlar: “Bəlkə də bizim o zamanlar
15-16 yaşında dərk etdiklərimizi, bildiklərimizi
indiki uşaqlar 7-8 yaşında bilirlər və bizdən
çox tez böyüyürlər. Onların da
inkişafı üçün, uşaqlıqlarını
doya-doya yaşamaqları üçün uşaq filmlərinə
ehtiyacları var.
Tətillərdə televiziyalarda keçmiş
kinoları göstərməyə məcbur olurlar.
Çünki indi müasir uşaq kinoları çəkilmir.
Televiziya proqramımızı uğurla ərsəyə gətirdikdən
sonra yəqin ki, biz yenidən film haqqında düşünəcəyik”.
“Üç nöqtə” qəzetinin
qonağı “Dəcəl Balam” Ailə və Uşaq
İnkişaf Mərkəzinin, eləcə də “Ailə,
Qadın və Uşaqların İnkişafına Dəstək”
İctimai Birliyinin rəhbəri, “Dəcəl Balam” uşaq
jurnalının baş redaktoru və təsisçisi,
“İmpala textile” geyim brendinin sahibi Dilşad Musadır.
- 1 İyun uşaqlar günü ilə
bağlı “Fərqinə var” layihəsi keçirdiniz. Layihənin
məqsədi nə idi?
- Bəli, biz hər il olduğu kimi bu il də
1 iyun uşaqlar günü ilə bağlı “Fərqinə
var” adlı sosial layihə keçirdik. Artıq 9 ildir, “Dəcəl
balam” ailəsi olaraq fəaliyyət göstəririk.
Yarandığmız gündən etibarən hər il
uşaqlar günü ilə bağlı müəyyən tədbirlər,
layihələr həyata keçiririk.
Bu il isə tədbirimizin adı “Fərqinə
var” sosial layihəsi oldu. Bu layihənin əsas məqsədi
daun sindromlu, fiziki məhduduiyyətli və s. uşaqların
və gənclərin bir arada cəmiyyətə
adaptasiyası idi. Bir ay ərzində bu uşaqlar
hamısı birlikdə məşq etdilər, tədbirə
hazılaşdılar. Və təbii ki bu uşaqlar
arasında heç bir fərq hiss olunmadı. Onlar bir-biriləri
ilə çox gözəl anlaşdılar, yola getdilər.
Layihənin məğzi elə bundan ibarət idi ki, bu
uşaqlar bir-birilərinin fərqliliklərini görsələr
belə, öz aralarında fərq qoymasınlar.
Mənə elə gəlir ki, ən azından
öz layihəmizdə belə olsa uşaqlar arasında bunu
bacara bildik. Yalnız bunu layihə çərçivəsində
deyil, geniş kütləyə çatdırmaq istəyirdik.
Hər kəs, ailələr həmin uşaqların sadəcə
fərqli olduğunu görsünlər, onları xəstə
kimi qəbul edib cəmiyyətdən
uzaqlaşdırmasınlar. Bir ailə öz
övladını necə qəbul edirsə, cəmiyyət də
onu elə qəbul edər.
- Niyə “Dəcəl balam”?, sizcə
uşaqlar dəcəl olmalıdır?
- Bu adı mən həftələrlə
düşünmüşəm. Bir çox araşdırmalar
etmişəm. İlk dəfə biz bu adı qəbul edəndə
fotmüsabiqə keçirmək istəyirdim və ad
düşünürdüm. Xeyli müddətdən sonra bu
adı qərarlaşdırdıq. Onu da qeyd edim ki, hər
hansı bir insan işini qurarkən öz həyatından da nələrisə
götürür. 11 yaşında Musa adlı oğlum var.
O, uşaq yaşlarında həddindən
artıq dəcəl idi. Demək olar ki, “Dəcəl balam”
adı elə bundan qaynaqlanır. “Dəcəl balam” irəlilədikcə
Musanın fikirləri də öyrənildi. Gördüm ki,
bir uşaq nəyi istəyirsə, demək olar ki,
bütün uşaqlar eyni şeyi istəyir. Dəcəl
uşaqları zəbt etmək bir az çətin məsələdir,
lakin buna baxmayaraq həddindən artıq çox
ağıllı və zəkalı olurlar.
Həm uşaqlar şirin görünürlər,
həm də dəcəl olurlar. Dahilərdən birinin belə
bir sözü var ki, “Gələcəyin dahi bir
insanını yox etmək istəyirsənsə,
uşaqlıqda onların dəcəlliyini əlindən al”. Yəni
uşağın dəcəlliyini əlindən almaq onun gələcək
potensialını əlindən almaq deməkdir. Biz də bu məqsədlə
uşaqların dəcəlliklərini görərək və
ortaya qoyaraq onların potensiallarını üzə
çıxarırıq.
- Son zamanlar sizi sosial layihələrdə
çox görürük, istiqamətinizi dəyişirsinizmi?
- Xeyr, istiqamətimizi dəyişmirik. Bizim elə
əvvəldən istiqamətimiz bu olub. Bir çox sosial layihələr,
xeyriyyə tədbirləri və aksiyaları həyata
keçirmişik. Xədicə balamız leykozdan əziyyət
çəkirdi, onun müalicəsinə, əməliyyatına
yardım göstərmişik.
Tunar balamız talassemiyadan əziyyət çəkir,
ona hələ də yardımlarımız davam edir. Bunlarla
yanaşı bir çox xəstəliklərdən əziyyət
çəkən uşaqlara dəstək olmağa
çalışırıq. İstiqamətimiz
uşaqların, gənclərin inkişafı ilə
bağlıdır. Bu yaxınlarda “Ailə, Qadın və
Uşaqların İnkişafına Dəstək” İctimai
Birliyi də Qeyri-Hökumət Təşkilatı olaraq
qeydiyyatdan keçdi.
Uşaqların və gənclərin
sosial aktivliyinin inkişafı, xeyriyyə işlərində
bütün vəsaitlərin səfərbər olması ilə
artıq “Dəcəl balam” Ailə və Uşaq
İnkişaf Mərkəzi və “Ailə, Qadın və
Uşaqların İnkişafına Dəstək” İctimai
Birliyi partnyor olaraq bu işləri birgə həyata
keçirir. “Dəcəl balam” yenə öz işlərini
davam etdirir.
Uşaqlar “youtube” kanalımızda aktiv və
sosial həyat keçirirlər, video-roliklər çəkilir.
Uşaqları müxtəlif istiqamətlərdə
inkişaf etdiririk. Əsasən ingilis-dilini yaxşı
öyrənmələri üçün xüsusi olaraq
çalışırıq. İngilis-dilini birbaşa olaraq
özüm tədris edirəm. Yaxınlarda bizim televiziya
proqramımız yenidən fəaliyyətə
başlamalıdır, onun hazırlıqları ilə məşğuluq.
- Media ailəsi layihəsi ilə cəmiyyətə
nəyi çatdırmağa çalışırdınız?
- Əslində bu layihəmin adı
“Övladım və mən” idi. Geniş kütləyə
yayılasın deyə, bu layihənin ilkin təqdimatı kimi
media ailələrini cəlb etmişdik. Mənə elə gəlir
ki, bunu bacardıq. Layihənin əsas məqsədi valideyn və
uşaqlar arasında ünsiyyətin inkişaf etdirilməsi
idi.
Çünki hazırda bəzi gənc
valideynlər uşaqlarla ünsiyyəti düzgün qura
bilmirlər və daha sonra uşaqların aqressivliyindən, ərköyünlüyündən
şikayət edirlər. İnşallah silsilə olaraq bu layihəni
davam etdirəcəyik. Əgər alınsa
düşünmüşəm ki, tv proqramımızda
da “Övladım və mən”i bir rubrika kimi əlavə edək.
Hər dəfə o istiqamətdə müxtəlif video-roliklər
hazırlayıb yayımlayaq.
- Bu layihələr sizə nə
qazandırır?
- Sosial layihələrin heç bir gəlirli tərəfi
yoxdur. Bunlar
bir təbliğat istiqamətli layihələrdir. Bu layihələr
bizdən çox cəmiyyətə qazandırır. Təbii ki cəmiyyətə
qazandırdığımız da elə bizim qazancımız
hesab olunur.
Niyə məhz “Dəcəl balam”? Valideynlərə
fərqimizi izah etməyə çalışırıq və
artıq onların fikirləri dəyişir. Müxtəlif
inkişaf, tədris mərkəzləri və liseylər var.
Biz də isə bir az fərqlidir. Valideynlər də, uşaqlar da artıq burdakı fərqi
hiss edirlər.
- İki
uşaq filminin “Big-Bubble əməliyyatı”, “Qış tətili”nin layihələri ilə əməkdaşlıq
edirdiniz. Bu layihənin davamı olacaqmı?
- Hər
iki kinoda çəkilən uşaqlar “Dəcəl balam”ın
uşaqları idi. Biz uşaqları
hazırlaşdırırdıq və uşaqlarımız
özlərini bu sferada da sınadılar. Layihənin
davamının olmasını istəyərik. Televiziya proqramımızı uğurla ərsəyə
gətirdikdən sonra yəqin ki, biz yenidən film haqqında
düşünəcəyik.
- Bu
gün uşaq filmlərinə tələbat hansı səviyyədədir?
- Bu
gün uşaq filmlərinə tələbat var, uşaqlar
filmə baxmaq istəyirlər. İndiki
uşaqlarla əvvəlki uşaqlar arasında fərq var.
Çünki indiki uşaqların İQ səviyyəsi, məntiqi
həddindən artıq inkişaf etmiş səviyyədədir.
Bəlkə də bizim o zamanlar 15-16
yaşında dərk etdiklərimizi, bildiklərimizi indiki
uşaqlar 7-8 yaşında bilirlər və onlar bizdən
çox tez böyüyürlər. Onların
da inkişafı üçün, uşaqlıqlarını
doya-doya yaşamaqları üçün belə filmlərə
ehtiyacları var.
Tətillərdə televiziyalarda keçmiş
kinoları göstərməyə məcbur olurlar. Çünki
indi müasir uşaq kinoları çəkilmir. Ancaq bizim filmlər tətil günlərində Arb
telekanalında göstərilir. Qalan
kanallarda isə “Sehirli xalat”, “Bir qalanın sirri” bu kimi kinolar
verilir. Uşaqlar artıq bu filmləri əzbər
bilirlər. Mənə elə gəlir ki,
tək biz deyil, bu sahədə olan adamlar birləşib birlikdə
çox işlər görə bilərik. Deyərdim
ki, uşaq sahəsində ən çox iş görən elə
bizik.
-
Müsahibələrinizin birində bugünün təhsil
sistemindən narazı olduğunuzu bildirmisiniz. Sizi
narahat edən səbəblər nədir?
- Təbii
ki narazılıq var. Mən özüm 2009-cu ildə
kurrikulum yaranması, inkişafı ilə bağlı
Xorvatiyada keçirilən “Yay məktəbi”ndə belə
iştirak etmişəm. Azərbaycandan gedən
dörd nəfərlik heyətin arasında bir nəfər də
mən idim.
Ölkəmizdə qayıdandan sonra bu haqda treninqlər
keçirildi, müxtəlif məktəblərin müəllimləri
gəlib həmin təlimlərdə iştirak etdilər. Kurrikulum
sistemi haqqında öyrənirdilər ki, məktəblərdə
tətbiq etsinlər. Amma demək olar ki,
bizim məktəblərdə tətbiq olan kurrikulum sistemi bu
deyil. Çünki kurrikuluma görə, sinifdə ən
çox 10 şagird ola bilər.
Amma indiki siniflərdə 30-40 şagirdə birdən dərs
tədris olunur. Adətən evə tapşırıq verilməməlidir,
iş dəftərindəki tapşırıqlar sinifdə
yerinə yetirilməlidir. Amma uşaqların sayı çox,
dərs müddəti az olduğu
üçün bunu etmək mümkün olmur. Amma siniflərdə 10 uşaq olsa çox rahat şəkildə
uşaqlar dərslərini öyrənərlər, fərdi
olaraq müəllim yanına getmiş kimi olarlar. Bu isə bizim təhsil sistemimizdə yoxdur. Ona görə də bizim müəllimələr də,
uşaqlar da bir-birindən narazıdır.
- “Dəcəl Balam” jurnalınız da var. Bu jurnal vasitəsilə
uşaqlara nəyi çatdırırsınız, əsas qayə
nədən ibarətdir?
- Bu, ailə-uşaq
jurnalıdır. Uşaq jurnalları
çoxdur, amma sırf ailə-uşaq, yəni bir jurnalda həm
ailə, həm də uşaqların marağını
çəkən jurnal yox idi. Ona görə
də biz onu məhz ailə-uşaq jurnalı adlandırdıq.
Burada uşaqlardan da, valideynlərdən də
müsahibələr götürülür, aylıq jurnala əlavə
edilir.
“Dəcəl balam”da hər üç dildə
nağıllar, rəngləmələr də var. Bir sözlə,
uşaqları maraqlandıracaq bütün şeylər burada
əks olunub.
Biz həm azyaşlı, oxuya bilməyən, həm
də hərfləri oxuya bilən uşaqları
düşünmüşük. Valideynlər
üçün isə uşaq psixologiyası, uşaqla
davranış qaydaları əks olunub.
Könül Oruc
Üç nöqtə.-
2019.- 13 iyun.-S.7