Film çəkmək üçün 22
gün İraq çöllərində qaldım,
çadırlarda yatdım”
Kamal Yaşar: “Əgər istənilən
iş peşəkar səviyyədə sevgi və zəhmətlə
görülərsə, o iş uğur qazanar”
Rejissor, aktyor və ssenari müəllifi olaraq
üç sahəni özündə birləşdirir. Amma
deyir ki, buna baxmayaraq özünü daha çox
rejissorluğa yaxın hiss edir:
“Əvvəllər düşünürdüm
ki, rejissor ən yaxşı filmi özü yazdığı
ssenari əsasında çəkə bilər. Amma zamanla fikrim
dəyişdi. Rejissor başqa, ssenarist başqa olsa daha
yaxşıdır. Rejissor başqa ssenaristin mətnini
götürüb daha yaxşı film çəkə bilər.
Çünki rejissor öz yazdığı mətnə film
çəkirsə, artıq onu yaza-yaza təsvirə gedir və
artıq demək istədiyini də ssenarinin üstündə
çəkir.
Yəni çəkmək istədiyini ora
yazır. Amma başqa müəllifin mətninə müraciət
edəndə artıq orda iki fikir sözün yaxşı mənasında
biri-biri ilə toqquşur və daha uğurlu nəticə
alınır”. Qeyd edim ki, müsahibimiz bir çox bədii və
sənədli filmlərin rejissorudur. Hazırda isə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə
“Dan yeri” filminin çəkilişlərini
yekunlaşdırmaq üzrədir.
Ucnoqta.az-ın qonağı rejissor, aktyor və
ssenari müəllifi Kamal Yaşardır.
- Mədəniyyət Nazirliyinin təşkilati
dəstəyi ilə yeni bir film çəkmisiniz. Bu filmin PR və
reklamı, eyni zamanda beynəlxalq təşkilatlarda
iştirakı üçün hansı işləri
görürsünüz?
- Bəli, Mədəniyyət Nazirliyinin
sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının
bazasında film çəkmişəm. Bu film artıq hazırlanıb.
Əgər film festival standartlarına uyğun çəkilibsə
təbii ki, oluna biləcəyi ən böyük PR və
reklam, ən böyük hədəf festivaldır. Bu filmin PR və reklam məsələsi
ilə “Azərbaycanfilm” kinostudiyasının beynəlxalq
şöbəsi məşğul olur. Beynəlxalq şöbə
hansı filmin festivalda uğur qazanmaq ehtimalı varsa, o filmlərin
PR və reklamı ilə məşğul olur. Onu da deyim ki,
bizdə belə filmlər çox azdır. Birinci müraciət
etdiyimiz festival İsveçrədə, daha sonrakılar isə
Kanada və dünyanın bir çox ölkələrindədir.
- Rejissorluqda uğur qazanmağınızın
əsas səbəbi nə oldu?
- Uğur əslində bir az şərti
sözdür. Düşünürəm ki, hələ də
yoldayam, prosesdəyəm və inkişaf etməkdəyəm.
Öz seçilən tərəflərimi,
üstünlüklərimi də bilirəm. Uğurun səbəbi
peşəyə olan sevgi və zəhmətdir. Bundan o tərəfə
bir şey yoxdur.
- Rejissoru olduğunuz “Dan yeli” filmi insanlar tərəfindən
çox böyük maraqla qarşılandı. Bunu gözləyirdinizmi?
- Bəli, filmin treyleri yayılandan sonra insanlar
arasında maraq doğurdu. Çünki filmin treylerindən
belə onun müəyyən atmosferə sahib olduğu,
özünəməxsus bir havası olduğu hiss olunurdu. Bu
da təsadüfi deyil, çünki həmin filmin üzərində
həqiqətən xeyli ciddi iş görüldü. Mənə
təklif olunan ssenarinin üzərində nə qədər dəyişikliklər
etdim. Təkcə iki ay davamlı olaraq hər gün ssenarinin
üzərində işləmişəm. Və
bundan sonra təbii olaraq çəkiliş üçün
uyğun olan çəkiliş öncəsi
hazırlıqlar, çəkiliş prosesi və s. işlər
var. Əgər istənilən iş peşəkar səviyyədə
sevgi və zəhmətlə görülərsə, o
işin uğur qazanmamaq ehtimalı yoxdur. Bunu hə
hansı bir gözlənti üçün etmirdim. Bir sənətçi
olaraq üzərimə düşən öhdəliyim nədir?
Filmi çəkmək, istehsal etmək, bir müəllif
işi görmək. Mən də öz işimi görürəm.
Gözləntim yox idi, amma təbii ki nəticənin belə
olması da məni sevindirir. Çox xoş bir haldır ki,
insanların marağı var. İnsanlar yeni, maraqlı, fərqli
bir şey görəndə onu həqiqətən sevir və
maraq göstərirlər.
- Bu gün Azərbaycan kinematoqrafiyası
hansı səviyyədədir?
- Bu gün Azərbaycan kinosu yaxşı
işlərə doğru niyyətlənməkdədir. Yəni
niyyət var ki, yaxşı işlər görülsün.
Ümidimiz yeni nəsil rejissorlara və sənətçilərədir.
Fikrimcə, bunların sayəsində artıq yeni nəfəslər
gələcək və artıq nələrinsə dəyişmək
ehtimalı olacaq. O ki qaldı struktur məsələlərinə,
artıq Kinostudiyalar və Mədəniyyət Nazirliyinin də
tövsiyəsi ilə Konsepsiya hazırlayırlar. Yəqin ki,
bu konsepsiya Azərbaycan kinosunun inkişafına xidmət edəcək.
Problemlər yetərincədir və bir çox problemlər
var. Problem də varsa, deməli kino problemli səviyyədədir.
Problemli səviyyədən də çıxış
üçün ümid edirik ki, bu yeni konsepsiya nələrisə
vəd edəcək, yeni bir şeylər olacaq.
- Bu gün ölkəmizin kino sahəsində nələrin
dəyişməsinə ehtiyac var?
- O şeylərin dəyişməsinə
ehtiyac var ki, davamlı olaraq yerində dayanıb. Dayanan
şeylər də dəyişən zaman yaxşı olacaq.
Ona görə ki, artıq hərəkətə
başlayacaqlar. Və hərəkət varsa, orda nəticə
var deməkdir. Peşəkarlıq səviyyəsi çox
ciddi problemdir. İnsanlar durduqları vəziyyətlə kifayətlənirlər,
yenilik etməyə can atmırlar. Bu, çox böyük bir
problemdir. Digər bir ciddi problem isə Mədəniyyət və
İncəsənət Universitetində səs rejissorluğu və
işıqla bağlı fakültələrin
olmamasıdır. Bunlar teatrlarda da, kinolarda da sıx istifadə
olunan şeylərdir. Amma bizdə bununla bağlı tədris
yoxdur. Bu şeylər dəyişilməlidir, peşəkarlar
yetişməlidir. Qrafika işlərinə bizim kinoda
xüsusilə ehtiyac var. Çünki bu işləri
hansısa xarici ölkələrdə
gördürürük. Yəni adamlar peşəkarlığa
doğru getməli, bir az sevgilərini, bir az da zəhmətlərini
çoxaltmalıdırlar.
- Artıq belə bir fikir formalaşıb ki,
rejissorların öz aktyorları olur və davamlı olaraq
onlarla çalışır. Bəs sizdə necə?
- Bu əslində normal haldır. Rejissorla aktyor
ünsiyyət qururlar, onların arasında müəyyən
normal münasibət formalaşır. Niyə də
olmasın? Ortada Rasim Ocaqov, Fəxrəddin Manafov nümunəsi
var. Həmçinin belə nümunələr dünyada da
var. Məndə hazırda elə bir şey yoxdur. Sənədli,
bədii filmlərim var və bunların hamısında
müxtəlif aktyorlar çəkiliblər. Amma ola bilər
ki, növbəti çəkəcəyim filmi işlədiyim
aktyorlarla çəkim. Əgər bu aktyorla normal anlaşa
bilmişəmsə, onunla işləyə bilərəm. Bu,
problem deyil.
- Rejissor, ssenari müəllifi, eyni zamanda da
aktyor olaraq üç sahəni
özünüzdə birləşdirirsiniz. Ən çox
hansı sizə daha yaxındır?
- Rejissorluq mənə daha yaxındır.
Çünki bu peşənin təhsilini almışam.
Peşəkar olaraq özümü rejissor klassifikasiyasına
aid edirəm. Mən rejissoram. Bəli, ssenari müəllifi
kimi də yazıram, aktyor kimi də fəaliyyət göstərirəm.
Ssenariyə müdaxiləm olur və olmalıdır da. Amma
özümü ssenarist kimi formalaşdırmaq istəmirəm.
Bəzən məcburiyyətdən bunu edirəm, yaxud
hansısa ssenari müəllifi kimi işlər də
görürəm. Amma özümü daha çox
rejissorluğa yaxın hiss edirəm. Əvvəllər
düşünürdüm ki, rejissor ən yaxşı
özü yazdığı ssenari əsasında film çəkə
bilər. Amma zamanla fikrim dəyişdi. Rejissor
başqa, ssenarist başqa olsa daha yaxşıdır.
Çünki rejissor başqa ssenaristin mətnini
götürüb daha yaxşı film çəkə bilər.
Çünki rejissor öz yazdığı mətnə film
çəkirsə, artıq onu yaza-yaza təsvirə gedir və
artıq demək istədiyini də ssenarinin üstündə
çəkir. Yəni çəkmək istədiyini ora
yazır. Amma başqa müəllifin mətninə müraciət
edəndə artıq orda iki fikir sözün yaxşı mənasında
biri-biri ilə toqquşur və daha uğurlu nəticə
alınır.
- Filmlərinizin çəkilişi və maddi
tərəfləri haqqında danışardınız bir qədər...
- Dövlət sifarişi ilə olan filmlərə
vəsaiti dövlət ayırır. O vəsait uyğun
formada maliyyə meneceri, prodüser tərəfindən
bölünür. Hamı işə cəlb olunur və pulunu
alır. Amma digər tərəf isə sponsor cəlb etməklə
çəkilən filmlərdir. Bu kommersiya layihələridir,
onun özünü şəxsi maraqları olur. Biri də var
müəllif filmləri, bunu dırnaqlarınla qazıyaraq
öz zəhmətinlə edirsən. Məsələn,
mən lap təzə vaxtlarda özüm film çəkərkən
maliyyə problemi olduğu üçün
tanışlarımdan biri rəssam, biri aktyor, digəri
operator və s. kimi heç bir təmənna güdmədən
gəlib mənə kömək ediblər. Eynilə də
mən onlara kömək etmişəm. Bu işləri sevgi ilə
görmüşük. Maliyyə çətinliyi olanda, pul
olmayanda bu yolla həll etmişik. Belə filmlərdə
texniki baxımdan ciddi problemlər olur. Amma biz o halda rahat oluruq
ki, dövlət yaxud sponsor tərəfindən vəsait
ödənilsin və işimizi görək.
- Yerli filmlərimizi bəyənirsinizmi?
- Bir neçə filmlər var ki, onları
çəkən rejissorlar perspektiv üçün nələrsə
vəd edirlər. Barmaqla sayılacaq qədər filmlər var
ki, bəyənirəm. Bu sənətə sevgi göstərmək
lazımdır, həm tamaşaçı olaraq, həm də
rejissor yoldaşlarımıza sevgi göstərmək
baxımından.
- Peşəkar bir rejissorun çəkdiyi
filmin uğur qazanması üçün ən vacib şərtlər
hansılardır?
- Ən vacib şərt filmdə peşəkar rejissorun
olmasıdır. Çünki peşəkarlıq varsa,
deməli göstərici var. Bunun içində sənətkarlıq
da varsa, deməli yuxarı səviyyədir, ordan gözlənti
var. Çünki peşəkarlıq sənətkarlığın
altındadır. Sənətkarlıq daha
yuxarı səviyyədir. Bunun içində ruh, mənəviyyat,
sevgi var. Film peşəkar şəkildə çəkilə
bilər, amma orda mənəviyyat yoxdursa, faydasız ola bilər.
- Rejissor
olaraq özünüzün bəyəndiyiniz ən uğurlu
işiniz hansı olub?
-
Özümün bəyəndiyim filmim sonuncu dəfə Mədəniyyət
Nazirliyinin dəstəyi ilə çəkdiyim filmim oldu.
Çünki orda əlim-qolum yığılmadı, əlimi
atdığım şeylərin hamısını yerində
tapa bildim, məhrumiyyətlərim az oldu. Ona görə də nəticə daha da yaxşı
oldu. Əslində gördüyüm
işlərin ən kiçiyindən böyüyünə qədər
hamısını sevgi ilə görmüşəm. Mənim üçün maraqlı xatirələri
olan işlərim var. 2017-ci ildə gedib İraqda 30 milyon
insanın arasında reportaj sənədli film çəkmişdik.
Operatorumla birlikdə
o filmi çəkmək üçün 22 gün
çöllərdə qaldıq, çadırlarda yatdıq.
Bu, mənim üçün daha yuxarı təcrübə
olmuşdu. O film mənim üçün daha doğma
idi. Sonuncu çəkdiyim “Dan yeri” filmini bir
çox göstəricilərinə görə yuxarı hesab
edirəm.
- Rejissor
olaraq bu gün aktyor və aktrisalarımızın təhsilini
necə qiymətləndirirsiniz?
- Təəssüf
edirəm ki, bu gün aktyor və aktrisalarımızın təhsili
çox aşağı səviyyədədir. Biz bunu real
olaraq hiss edirik. İstər mütaliə mədəniyyəti
baxımından, istərsə də digər baxımlardan bu
özünü göstərir. Əvvəllər
düşünürdüm ki, bizim aktyor və aktrisa
baxımından problemimiz yoxdur. Amma bir dəfə
material üçün aktyor və aktrisa lazım idi. Elə bir vəziyyət gəlib çatdı ki, o
yaş həddində olan aktrisanı tapdım. Amma həmin adamların heç birinin üzündə
ifadə yoxdur, yaxud danışıqlarından o enerjini ala
bilmirsən. Bu həm aktrisalarımıza,
həm də aktyorlarımıza aiddir. Düzdür,
istisnalar var, amma çox azdır.
-
Qarşıda hansı işləriniz gözlənilir?
-
Hazırda sizinlə çəkiliş prosesindən
danışıram, Gəncə-Şəmkir ərazisində
sənədli film üzərində dayanmadan işləyirik. Ümid edirəm ki, gələcəkdə nə
vaxtsa həm özümüzü, həm də dünyanı
təəccübləndirə biləcəyik. O işlərin,
o tip layihələrin mənim əlimdən
çıxacağına inanıram. O işlərə
doğru gedirik. Allahın izni ilə
hamısını həyata keçirəcəyik.
Könül Oruc
Üç nöqtə.-2019.-
15 iyun.- S.12