“Yenidən doğulsaydım, bu sahəni
seçməzdim”
Əzizağa Əzizov: “Nəsil-nəcabətimizdə
bu günə qədər artist olmayıb”
“6-7-ci sinifdən hobbi olaraq rayondakı Xalq
Teatrına gedərdim, rollar oynayardım. Böyük
bacımla, böyük qardaşım dedilər ki, sən
artist doğulubsan, elə artist də olacaqsan.
Bizim də nəsil-nəcabətimizdə bu
günə qədər artist olmayıb. Məndən
böyük olduqları üçün sözlərindən
çıxa bilmədim və bundan sonra yuxarı siniflərdə
oxumağın başını buraxdım. Onlarla şərt
kəsdim ki, universitetə qəbul üçün sənədlərimi
verəcəyəm, əgər qəbul olsam oxuyacağam, amma
qəbul olmasam çıxıb hərbi xidmətə gedəcəyəm.
Hərbi xidməti keçdikdən sonra sənədlərimi
dənizçilik məktəbinə göndərəcəyimi
də bildirdim.
Bilmirəm xoşbəxtçilikdən, ya bədbəxtçilikdən
oldu, məktəbi qurtaran kimi
universitetə qəbul oldum. Amma yenidən
doğulsaydım, bu sahəni seçməzdim, hərbi dənizçilik
məktəbini seçərdim”.
“Üç nöqtə” qəzetinin
qonağı Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının aktyoru, Əməkdar Artist Əzizağa
Əzizovdur.
“Atam gördü ki, siqareti tərgitmirəm,
özü mənə siqaret alıb gətirdi”
Uşaq vaxtı çox nadinc olduğunu deyən
Əməkdar artist 1960-cı ildə indiki Hacıqabul rayonunda
fəhlə ailəsində anadan olub. Atası maşinist,
anası isə evdar qadın olub: “Ailədə 7 uşaq
olmuşuq, 4 qardaş, 3 bacım vardı, ailənin 3-cü
uşağı idim. Dörd qardaşın arasında bir az
nadinc uşaq olmuşam, şuluqluq etmişəm. Həm
döymüşəm, həm də döyülmüşəm.
Siqaret çəkməyə vərdiş etmişdim, bunun
üstündə atam məni çox döyüb, incidib. Atam
axırda gördü ki, siqaret çəkməyi tərgitmirəm,
özü mənə siqaret alıb gətirdi. Hələ
gedib məktəbin direktoruna da demişdi. Amma buna baxmayaraq dərslərimi
yaxşı oxuyurdum, əlaçı idim, qiymətlərimin
hamısı “5” olurdu. Orta məktəbi əvvəl evimizə
yaxın olan 6 nömrəli məktəbdə oxumuşam. Bura
səkkiz illik olduğu üçün 9 və 10-cu sinifləri
şəhərin mərkəzindəki 7 nömrəli məktəbdə
oxumuşam”.
“Nəsil-nəcabətimizdə bu günə qədər
artist olmayıb”
Ə.Əzizovun uşaqlıq arzusu dənizçi
olmaq imiş. Amma özündən böyük bacı və
qardaşı buna icazə verməyib: “Uşaqlıqdan dənizçi
olmaq istəyirdim. O vaxt Odessada hərbi dənizçilik məktəbi
var idi. Dənizçilik məktəbinə məktub
yazdım və mənə cavab gəldi ki, imtahana
hazırlaşım.
6 və 7-ci siniflərdə hobbi olaraq
rayondakı Xalq Teatrına gedirdim, rollar oynayırdım.
Böyük bacımla, böyük qardaşım dedilər
ki, sən artist doğulubsan, elə artist də olacaqsan. Bizim də
nəsil-nəcabətimizdə bu günə qədər
artist olmayıb. Məndən böyük olduqları
üçün sözlərindən çıxa bilmədim
və bundan sonra yuxarı siniflərdə oxumağın başını
buraxdım. Hətta 10-cu sinifdə ağlamışam ki, hərbi
dənizçilik məktəbində oxumaq istəyirəm.
Amma evdən qoymadılar. Onlarla şərt kəsdim
ki, universitetə qəbul üçün sənədlərimi
verəcəyəm, qəbul olsam oxuyacağam, amma olmasam
çıxıb gedəcəyəm əsgərliyə. Bir
il xidmət keçdikdən sonra sənədlərimi Hərbi
dənizçilik məktəbinə göndərəcəyimi
də bildirdim. Bilmirəm xoşbəxtçilikdən,
ya bədbəxtçilikdən oldu, məktəbi qurtaran kimi
də indiki Mədəniyyət və İncəsənət
Universitetinin qəbul oldum. Mən yenidən doğulsaydım
bu sahəni seçməzdim, hərbi dənizçilik məktəbini
seçərdim. Bizim ailədə hər kəs təhsilli
olub, bacı-qardaşlarım da Kiyevdə, Leninqradda ali məktəbləri
oxuyublar. Bakıda oxuyan bircə mən oldum”.
“Aktyor olmaq istəmədiyim üçün
qorxurdular ki, birdən institutu ataram”
Tələbəlik illəri çox
yaxşı keçib, kirayədə qalıb. Deyir ki, yemək
bişirmək işləri əlindən gəlmirmiş. Adi
kartof qızartmağı belə bacarmırmış: “Məktəbi
bitirən kimi 1978-ci ildə indiki Mədəniyyət və
İncəsənət Universitetinin “Musiqili-komediya aktyorluğu”
fakültəsinə daxil oldum. Rəhmətlik Yaşar Nurinin
kursunu bitirmişəm, yəni o, bizim sənət müəllimimiz
olub. Tələbəlik illərimiz çox yaxşı
keçib. Kursda 10 nəfər idik, 6 oğlan, 4 qız.
Rektorumuz Aslan Aslanov çox yaxşı insan idi, həmişə
müəllimlərə deyərdi ki, tələbələri
ancaq sənət fənlərindən
sıxışdırın. Yoxsa ingilis-dili, dünya tarixi və
s. kimi fənlərlə uşaqları sıxmayın. Dərslərimiz,
imtahanlarımız yaxşı keçib.
Düzdür, universitetdə də bir az
şuluqluq edirdim, Yaşar müəllim sağ olsun, çox
vaxt həddimi aşmağa qoymurdu. Bir neçə dəfə
məni institutdan qovmaq istəyiblər amma o, rektordan xahiş
edib, məni qovulmaqdan xilas edib. Amma qovulmağım dərslərimə
görə deyildi, dərslərimi yaxşı oxuyurdum. O
vaxtı 56 manat 25 qəpik olan
Nizami adına təqaüd alırdım. Rektor mənim xətrimi
çox istəyirdi, xarici ölkələrdən qonaqları
gələndə səsim yaxşı olduğu
üçün məni oxutdurardı.
Tələbənin haqqını heç vaxt
yemirdi, hörmətlə yanaşırdı, müəllimlərə
tapşırırdı ki, qiymətlərini kəsməyin, təqaüd
alsınlar. Tələbəlik vaxtı yataqxanada
qalmağıma evdən razı olmadılar. Dedilər ki,
orda “pis” uşaqlara
qoşulacaqsan,, dərslərindən uzaqlaşacaqsan. Ona
görə kirayə evdə qaldım. Əlimdən yemək
bişirmək gəlmirdi, adi kartofu belə qızarda bilmirdim.
Sovet dövründə yeməkxanalar çox idi, universitetin
yanında bir-ikisi vardı.
Gedib orda sovet pulu ilə 1 manat 10 qəpiyə nahar
edirdim. Böyük bacım-qardaşım da rayondan tez-tez gəlib
məni yoxlayırdılar. Hər gələndə
bacım 4-5 günlük neçə cür yeməyimi
bişirib soyuducuya qoyardı. Həmişə nəzarətdə
olmuşam, aktyorluğu istəmədiyim üçün
qorxurdular ki, birdən ali məktəbi
ataram”.
“20-21 il
teatrın xorunda oxudum”
Müsahibimin universiteti bitirəndən sonra təyinatını
səsi bass-bariton olduğuna görə Opera və Balet
Teatrına verəcəklərmiş. Amma o vaxtı hərbi xidmətdə
olmayanların təyinatı Bakı şəhərinə
verilmirmiş, ona görə də Gəncə Teatrına
yazıblar:
“Dedilər
əsgərliyə get, gəl, ondan sonra səni Bakıya Opera
və Balet Teatrına göndərəcəyik. Hərbi xidmətdən qayıtdıqdan sonra məni
Nazirlikdən çağırdılar ki, Gəncəyə
getmə, sənədlərin burdadır, sənin təyinatını
Bakıya dəyişdirəcəyik. Beləliklə,
mən Opera və Balet Teatrında fəaliyyətə
başladım. İlk vaxtlar xorda oxudum ki,
səhnəyə alışım. Evim yox
idi, teatrın özünün yataqxanası vardı, orda
qeydiyyata düşdüm və Bakıda qaldım.
Xorda oxudum, sovet dövrü idi, orda yaxşı səsi
olanlar vardı. İmkan vermədilər ki, mən də
aparıcı rollarda oynayım və oxuyum. Beləcə,
20-21 il teatrın xorunda oxudum. Elə burda oxuya-oxuya 1989-cu ildə Musiqili Komediya
Teatrına dəvət etdilər.
Bir il də burda işlədim. Burda mənə
qalmağa ev verə, qeydiyyata sala bilmədilər.
Yenidən Opera və Balet Teatrına
qayıtdım. Həm burda, həm də Musiqili Komediya
Teatrında işləyirdim, 1994-1995-ci ildən sonra Afaq Bəşirqızı
atasının adına Bəşir
Teatrı açdı və məni də bu tetra dəvət
etdi. Operadan çıxmamaq şərti ilə
ora getdim, çünki həmin vaxtı ailəli idim,
qalmağa evim yox idi. 1998-ci ildən isə
Musiqili Komediya Teatrına qayıtdım və o vaxtdan bu
günə qədər burda işləyirəm”.
“Əsgərlikdə
komandirlər mənə xüsusi hörmət edirdilər”
Sovet
ordusu sıralarında hərbi xidmətdə olan
Ə.Əzizov Uzaq Şərqdə Vladivastok vilayətinin
Ussuriysk şəhəri yaxınlığında əsgərliyini
çəkib: “Daima meşədə olurduq, insan üzü
görmürdük. Ora ən yaxın
yaşayış yeri 45 kilometr məsafədə yerləşirdi.
Bir ildə iki dəfə insan üzü
görürdük, qaçmağa yer yox idi. Qışda 1 metrə yaxın qar, 40-45 dərəcə
isə şaxta olurdu. Universiteti qurtarıb
əsgərliyə getdiyim üçün komandirlər mənə
xüsusi hörmət edirdilər. Sıra
ilə gedəndə mahnını həmişə mənə
oxutdururdular. Sürünmə, qaçma hərəkətlərini
mənə etdirmirdilər. Yola verirdilər ki, bir ilimi
başa vurum.”.
“İndinin
özündə də mənim şəxsi evim yoxdur”
32
yaşında ailə həyatı quran müsahibimiz deyir ki, həyat
yoldaşı özündən kiçik bacısının
rəfiqəsi olub: “Evdə evlənməkdən
söz-söhbət düşdü. Mən evlənmək
istəmirdim. Anam dedi qohumda filan qız var, əmin
qızı, xalan qızı, bibin qızı və s.
Bacım dedi ki yox, mənim iş
yoldaşım var, onu neçə illərdir tanıyıram,
evlərinə getmişəm, onlarda qalmışam,
yaxşı qızdır. Qardaşım onunla
evlənsin. Bacım qızı gətirib
mənə göstərdi.
Onlar görüşdülər, söhbət etdilər. Mən də
guya bunları tanımıram, arxaları ilə gedirdim. (Gülür). Sonra ikimizi də tanış
elədi, bir müddət görüşdük, bir-birimizin
xasiyyətini öyrəndik. Daha sonra dədə-baba
adəti ilə rayondan elçilər gəldilər, toy elədik,
götürdük qızı rayona apardıq. Sonra isə gəldik Bakıya. Hazırda
iki övladımız var, bir qız, bir oğlan.
Uşaq yaşlarından onlara dedim ki, qəti surətdə
incəsənət adı çəkməyin.
Şükür Allaha qızım Tibb Universitetini bitirib,
diplom imtahanlarını verir. Oğlum da Milli Aviasiya
Akademiyasını bitirib. Özüm
yataqxanalarda, kirayələrdə çox əziyyət
çəkmişəm. Övladlarımın
da bunu yaşamasını istəmirəm. İndinin özündə də mənim şəxsi
evim yoxdur. Yoldaşımın iş yerindən
aldığı evdə qalırıq”.
Könül Oruc
Üç nöqtə.-
2019.- 20 iyun.- S.12