Qanımız, genimiz, yaddaşımız
bizə hər zaman dəstək
olub" Günay Mehdizadə: "Fərqlənmək istəyirsinizsə
heç kimi təkrar etməyin, özünüz
olun"
Müsahibimiz
tanınmış rəssamdır, eyni zamanda təcrübəli,
peşəkar kuratordur. Ancaq gördüyü işlər
bir rəssamın əldə etdiyi nailiyyətlərdən də
ötədir. O, Türkiyə və Azərbaycanın mədəni
əlaqələrinin qurulmasında önəmli bir
missiyanın daşıyıcısıdır.
Gördüyü işlər, əldə etmiş olduğu
nailiyyətlər bunu deməyə əsas verir.
Onun yaradıcılıq nümunələri təkcə
Azərbaycanda deyil, qonşu ölkələrdə də
uğurla nümayiş etdirilir. Günay Mehdizadə müasir
rəssamlar içərisində özünəməxsus
üslubu, dəsti-xətti olan, geniş yaradıcılıq
imkanlarına malik, çox istedadlı bir rəssamdır. Onun
Rusiyada, Almaniyada, İspaniyada, dəfələrlə
Türkiyədə fərdi sərgiləri yüksək şəkildə
nümayiş etdirilib.
İzmirdə rəssamın “Azərbaycan
qardaşlıq və iş birliyi dərnəyi”nin fəxri
üzvü seçilməsi, onun sənət uğurları
ilə yanaşı həm də son illərdə Türkiyə
və Azərbaycan arasında mənəvi körpü” rolunu
oynamasının dəyərləndirilməsi kimi qəbul
olunmuşdu. Onun Türkiyə Respublikasının
qurucusu Atatürkə həsr etdiyi portretin bu gün görkəmli
dövlət xadiminin Ankaradakı ev-muzeyində sərgilənən
yeganə rəssamlıq əsəri olması da ilk növbədə
azərbaycanlı yaradıcının istedadına olan rəğbətin
ifadəsidir.
Eyni zamanda bu əsər Türkiyə
Cümhuriyyətinin milli sərvəti kimi elan olunub. Ən
sevindirici hallardan biri budur ki, Günay Mehdizadə
çoxşaxəli yaradıcılıq diapazonuna malik rəssamdır.
O, həm modern, avanqard, həm klassik, həm portret, həm də
miniatür janrında rəsmlər çəkir. Bu o deməkdir
ki, onun xüsusi baxışı, xüsusi tərzi var.
Müsahibimizin bir sıra əsərləri Türkiyənin
ayrı-ayrı muzeylərində sərgilənir.
Son illər isə
Günay Mehdizadəni beynəlxalq festivalların Azərbaycan
üzrə təşkilatçısı kimi
görürük. Belə ki, 15 aprel-4 may tarixlərində
Türkiyədə böyük nüfuza sahib olan Kayseri
14-cü Beynəlxalq Məktəblərarası Teatr
Festivalında Azərbaycan “Aləmin Nəfəsi: Nəsimi”
tamaşası ilə təmsil olunmuşdu. Bu layihənin Azərbaycan
üzrə rəhbəri və tərtibatçısı,
geyim rəssamı məhz
Günay Mehdizadə idi. Onlar bu festivalda 3 böyük
mükafatla geri döndülər.
Geri döndükdən sonra bir çox layihələr
imza atan Günay Mehdizadə ilə söhbət edib, yeniliklərini
xəbər aldıq. Qeyd edim ki, iyun ayının 18-i
müsahibimizin doğum günüdür.
- Günay xanım, doğum
gününüzü təbrik edirik.
- Çox sağ olun, minnətdaram.
- Ad gününüzü necə qeyd etməyi
düşünürsünüz? Bildiyimizə görə, ad
gününüzlə bağlı sərginiz olacaq…
- Bəli, olmalıdır. Hansı təşkilatın
edəcəyini demək istəmirəm. Başım
qarışıq olduğu üçün işləri
çatdırmaq çətin olur. Amma bu ayın sonuna kimi etməyi
düşünürük. Həmçinin Türkiyənin
Ankara şəhərindən ad günümü keçirmək
üçün təklif almışam. Ola bilər ki,
doğum günümü orda qeyd edim.
- Günay Mehdizadəni rəssam olaraq
tanısaq da böyük maştablı layihələrin rəhbəri və kuratoru kimi də tez-tez mətbuatda
uğurlarınızı eşidirik.
Bu iki peşə bir-birinə nə qədər
yaxındır?
- Bu iki peşə bir-birinə çox
yaxındır. Təkcə rəsm çəkməklə
iş bitmir. Bir yerdə dayanmağın tərəfdarı
deyiləm. İnsan daima öz üzərində işləməli
və özünü istənilən sahədə inkişaf
etdirməlidir. Əgər mən
rəssamlıqla bərabər bu işlər də bacara bilirəmsə
niyə də olmasın?
Gerçəkləşdirdiyim
layihələr hamısı bizim şagirdlərimizin
inkişafına, ölkəmizin, mədəniyyətimizin təbliğatına
xidmət edir. Ötən ilin oktyabr ayında Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzində Türkiyə və
Azərbaycan rəssamlarının əsərlərindən
ibarət «Rənglərin qardaşlığı”
adlı sərgi keçirdik.
- Yaradıcılığınıza nəzər
salanda Mustafa Kamal Atatürk haqqında daha çox bilgilərə
sahib olduğunuzu və onu sevərək portretini çəkdiyinizi
görürük. Bu sevgi hardan qaynaqlanır?
- Əsərlərimin 80 faizindən çoxu
Azərbaycanın milli dəyərləri, memarlıq abidələri
ilə bağlıdır. Amma Mustafa Kamal Atatürkün əsərinin
bu qədər çox işıqlanmasının səbəbi
mənim o əsərlə daha çox tanınmağımla
bağlıdır. O da Türkiyədə simpoziumda Azərbaycanı
təmsil etdikdən sonra baş verdi. Mustafa Kamal Atatürkə
üç böyük əsər və bir heykəl həsr
etmişəm.
- Sizin kuratoru, dizayneri olduğunuz “Aləmin Nəfəsi:
Nəsimi” tamaşası Kayseri 14-cü məktəblərarası
Teatr festivalında 3 mükafata birdən layiq
görüldü. Təəssüratlarınızı
eşitmək istərdik.
- Ankaradan mənə çox gözəl bir təklif
gəldi. Azərbaycan Milli Konservatoriya nəzdində fəaliyyət
göstərən İncəsənət Gimnaziyasının
şagirdləri ilə bu festivalda iştirak etdik. Bundan öncəki il Azərbaycan
Milli Konservatoriyası (AMK) tərkibindəki İncəsənət
Gimnaziyası ilə Bursa Zəki Müren Gözəl Sənətlər
Liseyi “Qardaş məktəblər” layihəsi həyata
keçirdim.
Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi ilə əlaqədar “100 illik xatirələr”
adlı proqramla Zəki Müren liseyində
çıxış edik. Bu dəfə isə Nəsimi ili ilə
əlaqədar möhtəşəm bir tamaşa hazırladıq. İncəsənət
Gimnaziyasının şagirdlərinin ifasında
nümayiş olunan “Aləmin Nəfəsi:Nəsimi”
tamaşası Kayseridə böyük ruh yüksəkliyi ilə
qəbul olundu. Festivalın nüfuzlu ekspertləri bizim
tamaşamız, dekorasiyası haqqında dəyərli fikirlər
səsləndirdilər.
Festivalda dünyanın bir çox ölkələri
iştirak edirdi. Onların içərisindən “Aləmin Nəfəsi:
Nəsimi” tamaşamız 3 nominasiya üzrə – “Ən
yaxşı səhnə dekorasiyası”, “Ən yaxşı
rejissor işi” və “Ən yaxşı aktyor oyunu”na görə
mükafatlara layiq görüldü.
- Fikrinizcə, yaxşı rəssam olmaq
üçün haradan və necə başlamaq
lazımdır?
- Yaxşı rəssam olmağın iki yolu
var. Birincisi, ya tanrı səni istedadlı yaratmalıdır,
ya da sən öz üzərində çalışaraq, var
gücünü ortaya qoyub amalın uğrunda mübarizə
aparmalısan. Yəni gedib rəssamlığın sirlərini
öyrənərək edə bilərsən.
Amma öz əsərini yaradacaqsansa bu tanrının
sənə verdiyi istedaddır. Buna görə də
yaxşı rəssam olmaq üçün insan daima
çalışmalıdır. Dünyadakı bütün
texnikaları öyrənməlidir. Azərbaycanı duyaraq
yeni bir üslublar yaratmalıdır. Fərqlənmək istəyirsinizsə
heç kimi təkrar etməyin, özünüz olun.
Bütün əsərlərim
mənə məxsusdur, kimisə təkrar etməmişəm.
Mənim üçün hər şeydən vacib olan təhsildir,
elm və yenilikdir. Sizi şəxsiyyət edən bir müəllimdir.
Müəllimin düzgün yönləndirməsi vacib
faktorlardan biridir. Tanrı sizə bir neçə yol
açır. İstedadınız olmalı, özünüz
çalışmalısınız və sizi düzgün
yolda istiqamətləndirən müəllim olmalıdır.
- Əsərlərinizdə milli ənənələr,
metallığımız, irsimiz öz əksini tapıb.
Onları çəkərkən nələr
düşünürsünüz?
- Biz azərbaycanlıyıq və bunu heç
vaxt unutmamalıyıq. Elə bir ailədə
böyümüşəm ki, nənəm
xalçaçı, dərzi olub. Onun dövründə elə
çox gəlin paltarları yox idi. O, xüsusi gəlin
donları tikirdi. Uşaq vaxtı bunlar mənim diqqətimi cəlb
edirdi və çox böyük maraqla izləyirdim.
Təbii ki bunlar öz təsirini göstərir.
Biz hər zaman teatr, konsert, balet və s. hər bir növ mədəni
tədbirlərə valideynlərimiz bizi aparırdı, orda
iştirak edirdik. Milli ənənə insanların daxilində
olur. Biz hansısa bir yerdən məlumat alırıq, öyrənirik.
Amma özümüz kimi olduqda yeni bir şey yaradırıq.
Elə bil ki, Üzeyir Hacıbəyli dünyada nə qədər
opera dinləsə də, muğamın üzərində
dayanıb. Və o muğamın üzərində durduğu
üçün dünyada, yaddaşlarda qalıb.
Yaxud dahi rəssamlardan Səttar Bəhlulzadə
ola bilər ki, texnikaları çox yerdə baxıb öyrənib.
Amma o, hər zaman rəsm əsərlərində Azərbaycanın
milli dəyərlərini göstərib. Bizim qanımız,
genimiz, yaddaşımız bizə hər zaman dəstək
olur. Bu bizə ruh, ilham verir.
- Adətən rəsmi çəkərkən
tarixlə maraqlanıb, ona köklənibmi çəkirsiniz?
- Mütləq. Heç bir şeyi məlumatsız
etmək olmaz. Xüsusilə də, mənim son zamanlar Heydər
Əliyev, İlham Əliyev, Mustafa Kamal Atatürkə aid
işlədiyim tarixi əsələr var. Həmçinin
Xocalıya aid böyük bir kompozisiyam var. Bu elədir ki,
burda tarixi də, kompozisiyanı yaxşı bilmək
lazımdır. Bir fiquru digərinin yanına qoymağa diqqət
yetirmək lazımdır ki, onun mənası dəyişə
bilər. Rəssam keyfiyyətli bir iş ərsəyə gətirmək
istəyirsə, çox şey bilməlidir.
- Siz Azərbaycanda kifayət qədər
tanınmış rəssamsınız, ancaq son illər sizi mədəni
layihələrin təşkilatçısı kimi daha
çox görürük. Gələcəkdə yalnız təşkilati
və kurator işi ilə məşğul olmanız və rəssamlıqdan
uzaqlaşmağınız gözlənilirmi?
- Yox, qətiyyən. Elə şey ola bilməz.
Mən rəssamam. Mən özümlə bərabər
bir çox gənclərə də yol açmağa, özlərini
büruzə verməklərinə yardımçı
olmağa çalışıram.
Üzərində işlədiyim, bitirdiyim rəsm əsərlərim
çoxdur, onları hələ göstərmək
lazımdır. Bu işlərdən də
aldığım bazanı toplayaraq ola bilər ki, yeni bir
texnika, üslub yaradım.
- Qarşıda yeni layihələriniz varmı?
- Qarşıda bir çox işlərimiz var.
Moskvada üzv olduğum Moskvada Avrasiya Ölkələri
Müəllif Hüquqları Konfederasiyasının
üzvüyəm. Ola bilər ki, orda sərgi açarıq.
Türkiyə ilə mən hər zaman
çalışıram. Ola bilsin ki, Qarabağ, teatr və
musiqi mövzusunda festivallar həyata keçirək. Qarşıda
iki böyük portret işləməliyəm. Bunlarla yanaşı bir neçə layihə etməyi
düşünürəm.
Könül Oruc
Üç nöqtə.-
2019.- 20 iyun.- S.11