Şairlər hec vaxt tam  mənada  xoşbəxt  olmurlar"

 

 

Deyir ki, bu gün səsləndirilən şeirlərin çoxu olduqca səviyyəsiz mətnlərdir. Mənasız söz oynatmaları, yersiz ifadələr və s. Amma belə bir məqamda poeziyanı mükəmməl təmsil etməyi bacaran qiraətçilərimiz də var:

 

“Bəzən elə şeirlər yazırlar ki, oxuduqca, dinlədikcə əsəbdən gülürəm. O dəqiqə hiss olunur ki, onlar ömründə bir dəfə də kitab oxumayıblar. Heç orta məktəbi də bitirməyiblər. Sadəcə, sözləri qafiyələndirməyi bacarırlar. Bir adam şeir yazmaq adı ilə sevdiyi adamı niyə belə təhqir etsin ki?

 

Hərdən qarşıma çıxır, hardasa məclislərdə, kafelərdə qışqıra-qışqıra şeir oxuyurlar. Niyə? Dərdiniz  nədir? Camaatın ən şad günüdür, niyə gəlib hansısa qıza necə nifrət etdiyinizi mikrafonla bağırırsız ki? Deməli, onları toya çağıranlar da elə o ağıldadırlar”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı şeirlərini sevə-sevə dinlədiyimiz qiraətçi-şair Xəzər Süleymanlı dedi.

 

- Həm şeirlər yazırsınız, həm də səsləndirirsiniz. Öz şeirlərinizi səsləndirmək sizə daha yaxındır, yoxsa başqa müəllifin şeirlərini?

- Yəqin ki, səsləndirdiyim şeirləri dinləyənlərin də diqqətini çəkib. Daha çox başqa müəlliflərdən şeirlər səsləndirirəm. Bunun xüsusi səbəbi də var. Hər şeiri səsləndirmək mümkün deyil. Gərək şeir səsə, intonasiyaya tam uyğunlaşsın. Mənim şeirlərim arasında bu cür şeirlər çox azdır. Onları da səsləndirmişəm. Həm də uzun müddətdir şeir yazmıram.

 

- Şeirlərinizi həsr etdiyiniz biri varmı?

- Zaman-zaman kimlərəsə şeir həsr etdiyim olub, ancaq bu, müəyyən yaşla əlaqədar idi. Hazırda bütün fəaliyyətim məni izləyən və dəyərli olan auditoriya üçündür.

 

- Neçə müddətdir bu sənətdəsiniz?

- İlk dəfə 2009-cu ildə şeir səsləndirmişdim, ancaq ondan sonra uzun müddət ara vermişdim. 2016-cı ildən mütəmadi olaraq şeirlər səsləndirməyə başladım və hələ də davam edir.

 

- Bəs qiraətçilərdən ən çox kimi bəyənirsiniz?

- Qəribə olsa da, bu saat hamı şeir deyir. Əvvəllər bu qədər deyildi. Bir tərəfdən sevindirici haldır. Poeziyaya, ədəbiyyata bu qədər marağın olması yaxşıdır. Amma kaş ki, ədəbi zövq düzgün formalaşa… Çünki bu gün səsləndirilən şeirlərin çoxu olduqca səviyyəsiz mətnlərdir. Mənasız söz oynatmaları, yersiz ifadələr və s.

 

Amma belə bir məqamda poeziyanı mükəmməl təmsil etməyi bacaran qiraətçilərimiz var. İstər səsləri, istərsə də zövqləri ilə insanları heyran etməyi bacarırlar. Məsələn, sevimli aktyorlarımız Kamran Yunis, Kamran Ağabalayev hər zaman dinlədiyim insanlardır. Və bir gənc dostumuz da var ki, bu sahədə gözəl işlər görür. Rayonda yaşamağına baxmayaraq, artıq səsi hər yerdən gəlir. Orxan Dadaşov istedadlı gənc qiraətçidir. Onu da sevə-sevə dinləyirəm.

 

- İxtisasınız hansı sahə üzrə olub?

- Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsini bitirmişəm. İncəsənət adamları arasında belə bir deyim var: “İqtisad Universiteti Azərbaycan incəsənətinə ən az İncəsənət Universiteti qədər töhvə verib”.

İndi bilmirəm, bu deyim mənim üçün nə dərəcədə keçərlidir.

 

- Bu gün sosial şəbəkələrdən qazana bilirsinizmi?

- Müəyyən təkliflər olur. Əgər görəcəyim iş məni qane edirsə, qəbul edirəm. Ümumiyyətlə, bu məsələlərdə diqqətli olmağa çalışıram. Çünki qiraət, poeziya, ədəbiyyat xüsusi həssaslığı ilə seçilən sahələrdir. Burda bəzən təmənnasız iş görmək məcburiyyəti də var.

 

- Əsasən lirik və kədərli notlarda olan şeirlərə müraciət edirsiniz. Bu sizin təbiətinizləmi bağlıdır?

- Demək olar ki, sosial şəbəkələrdə insanlar hər gün mesaj yazırlar. Və əksəriyyətinin fikri belə olur: nə yaxşı ki, bu şeirlər var. Dinlədikcə sakitlik tapırıq, üzərimizdə olan mənfi enerjidən xilas oluruq. Yəni şeirlər nə qədər pessimist olsa da, insanlara bir ümid bəxş edir. Həyatın hələ davam etdiyinə, hər şeyin yenidən yaxşı olacağına inandırır.

 

- Öz sahənizdə hansı uğurlarınız olub?

- Mən şeir səsləndirməyə başlamazdan qabaq tərəddüd edirdim. Düşünürdüm ki, peşəkar hesab etdiyim və sevdiyim aktyorlar haqqımda nə düşünəcəklər? Amma çox keçmədi, gördüm ki, onlar da müsbət fikirlər söyləyirlər. Mənim üçün ən böyük uğur bu oldu.

 

- Adətən, şairlər yazdıqları şeirlərin içərisindən birini daha çox sevir, ruhuna yaxın hiss edir. Bəs sizin belə bir şeiriniz varmı?

- Hislərimə yaxın olduğu üçün yox, sadəcə, simvolik olaraq “Küləklər” şeirimi kiçik uğurlarımın başlanğıcı kimi görürəm. Hər şey o şeirlə başladı. Ona görə də o şeirin ürəyimdə başqa bir yeri var.

 

- Şairlərdən ən çox kimlərdən bəhrələnirsiniz?

- Qeyd etdiyim kimi, artıq uzun müddətdir şeir yazmıram. Ona görə şeirləri oxuyanda bəhrələnmək niyyəti ilə yox, zövq almaq üçün oxuyuram. Zövq aldığım şairlər çoxdur.

 

- Fikrinizcə, bu günün gəncləri ədəbiyyata, şeirə yetərincə maraq göstərə bilirmi?

- Mən bu mövzuda heç vaxt insanları qınamamışam. Düşünürəm ki, ortaya keyfiyyətli iş qoymaq lazımdır ki, insanların zövqü də düzgün formalaşsın. Mən şeir səsləndirməyə təzə-təzə başlayanda ağlıma gəlməzdi ki, bir gün məni 40 minə yaxın adam izləyər. Deməli, insanlara bir şeyi doğru, düzgün təqdim edəndə mütləq ona dəyər verirlər.

 

- Həm yazırsınız, həm də səsləndirirsiniz. Hansını daha çox sevirsiniz, yazmağı, yoxsa səsləndirməyi?

- Şeir səsləndirməyə başlayanda qarşıma bir şərt qoydum ki, insanlar tərəfindən hansı daha çox bəyənilsə, ona davam edəcəm. Və mən şeir səsləndirməyi seçdim.

 

- Deyilənə görə, şairlərin, ədəbiyyat adamlarının ruhu, təbiəti bir az başqa olur. Burda əsas olaraq nəyi nəzərdə tuturlar sizcə?

- Ən birinci həssaslıq. Həssas olurlar. Və ən əsas şairlər heç vaxt tam mənada xoşbəxt olmurlar. Çünki ətrafda baş verən istənilən hadisə onların əhvalına təsir edə bilir.

 

- Bəzən elə “şairlər”, elə şeirlər yazırlar ki, adam deməyə söz tapmır. Belə özünə şair deyənlərə münasibətiniz necədir?

- Oxuduqca, dinlədikcə əsəbdən gülürəm. O dəqiqə hiss olunur ki, onlar ömründə bir dəfə də kitab oxumayıblar. Heç orta məktəbi də bitirməyiblər. Sadəcə, sözləri qafiyələndirməyi bacarırlar. Bir adam şeir yazmaq adı ilə sevdiyi adamı niyə belə təhqir etsin ki? Hərdən qarşıma çıxır, hardasa məclislərdə, kafelərdə qışqıra-qışqıra şeir oxuyurlar. Niyə? Dərdiniz  nədir? Camaatın ən şad günüdür, niyə gəlib hansısa qıza necə nifrət etdiyinizi mikrafonla bağırırsız ki? Deməli, onları toya çağıranlar da elə o ağıldadırlar.

 

- Qeyd etmisiniz ki, tez həyəcanlanırsınız. Səhnədə olarkən bəs bunun öhdəsindən necə gəlirsiniz?

- Səhnəyə alışmamışam. Yəqin ki. Zamanla bunun da öhdəsindən gələcəm. Çünki tədbirdən-tədbirə hiss edirəm ki, həyəcanım azalır. Artıq əvvəlkilərlə müqayisədə çox sakitəm.

 

- Qarşıda nə kimi planlarınız və yenilikləriniz var?

- İstəyirəm, artıq təkcə şeirlər yox, hekayələr, romanlar da səsləndirim. Çünki get-gedə insanlar məndən bunu da tələb edirlər.

 

Könül Oruc

 

Üç nöqtə.- 2019.- 22 iyun.- S.12