"Nəsimi ili: klassik əbədi irsə  müasir baxış, milli və bəşəri  ideyaların  təbliği"

 

 

Nəsimi yalnız Azərbaycanın, Türk dünyasının deyil, bütün bəşəriyyətin əbədi azadlıq, hürriyyət günəşidir ki, 650 ildir bütün aləmə nur saçır. Nəsimi adlı günəş bəşəriyyətə Azərbaycandan doğub. Onun beşiyi Azərbaycanda qurulub, məzarı isə Hələbdə qazılıb. Yüz illərdir dahi Azərbaycan şairi, mütəfəkkiri, alimi İmadəddin Nəsiminin qəzəlləri, şeirləri, bədii-fəlsəfi əsərləri dünyanı dolaşır, xalqlara, ölkələrə, mədəniyyətlərə öz təsirini göstərir. Nəsiminin ədəbi irsi uzun illərdir dövrün, zamanın tələblərinə uyğun şəkildə araşdırılır, tədqiq edilir.

 

Maraqlıdır ki, dahi şairimizin ədəbi irsi bütün zamanlar üçün aktualdır və nə qədər insan var, bəşəriyyət mövcuddur, Nəsiminin ölməz poeziyası, fəlsəfi baxışları öz əbədiyaşarlığını, gözəlliyini qoruyacaq.

 

650 il bundan əvvəl dünyaya gələn Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi öz ölməz əsərləri ilə bəşəriyyətin söz mədəniyyəti xəzinəsini daha da zənginləşdirib. Mütəfəkkir şair dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilib. Nəsimi poeziyasının, düşüncəsinin əsas obrazı, simvolu insan amilidir. O, kamil insan axtarışında idi və insanı saflığa, ədalətə, haqsızlıqla mübarizəyə səsləməklə onları pisliklərdən, şərdən arındırıb təmizləyirdi. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında əhəmiyyətli yerə malik əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyəti, onların azadlıq uğrundakı mücadiləsini önə çəkib, tərənnüm edib. Heç şübhəsiz ki, Nəsimi anadilli poeziyamızın inkişafında, dilimizin qüdrətinin daha ifadəli şəkildə şeiriyyətdə yer tutmasında əhəmiyyətli rol oynayıb. Onun şeirlərinin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə zənginliyi hər zaman tədqiqatçılar tərəfindən qeyd edilib.

 

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam” - deyə bütün bəşəriyyətə insanın daxili arzu və istəklərini, şüuraltı bacarıqlarını ifadə edən Nəsimi bütün poeziyasını bu amal üzərində kökləyib.

 

Heç şübhəsiz ki, Nəsiminin yenidən xalqımıza və bəşəriyyətə qaytarılması, onun ölməz irsinin ölkəmizdə tədqiqata cəlb edilməsi, habelə dahi mütəfəkkirin xatirəsinin əbədiləşdirilməsi, irsinin nəşr olunması xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağldır. Keçən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaradan Heydər Əliyev Nəsimi irsinə də xüsusi münasibət göstərib. Məlumdur ki, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Eyni zamanda, həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə, klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adını daşıyır.

 

Nəsimi irsinə qayğı və diqqət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də davam etdirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi İli” elan edilməsi dahi şairə verilən dəyərin ən yüksək göstəricisidir. Bu sərəncam həm də Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Nəsimişünaslar bildirirlər ki, Nəsimini oxuyub dərindən başa düşmək üçün mütləq müqəddəs kitabımız Quranı bilmək vacibdir.

 

Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü təbliğ edib. Söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş bu filosof şair yalnız Azərbaycan deyil, eləcə də türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verib. Tədqiqatçılar qeyd edirlər ki, Nəsiminin yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

 

Bütün bəşəriyyətin azadlıq, hürriyyət carçısı olan Nəsiminin 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında vəfatının 600 illiyinin qeyd edilməsi, eyni zamanda da 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

 

Onu da bildirək ki, şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılıb, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərib. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanır. Dahi şairin əsərləri dönə-dönə çap edilib, barəsində tədqiqat əsərləri yazılıb. UNESCO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında geniş qeyd edilib.

 

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edir ki, Nəsimi Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır. Onun bildirdiyinə görə, Nəsimi dünya ədəbiyyatında sarsılmaz iradəsi və möhkəm əqidəsi ilə şəxsiyyətin bütövlüyünün və əzəmətinin nümunəsini göstərmiş nadir sənətkarlardan biridir, Nəsimi böyük ədəbi məktəb yaradıb: “Seyid İmadəddin Nəsimi (1369-1417) görkəmli Azərbaycan şairi və mütəfəkkiridir. O, Azərbaycanın qədim elm və ədəbiyyat mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlıq və gənclik illəri burada keçən Seyid İmadəddin Nəsimi Şamaxıda mükəmməl mədrəsə təhsili almışdır. Bədii istedadı ilə diqqəti cəlb edən İmadəddin Nəsimi ilk şeirlərindən etibarən ədəbi mühitdə istedadlı cavan şair kimi qəbul olunmuşdur. Qardaşı Şah Xəndanın məzarının və türbəsinin Şamaxı qəbiristanlığında bu günə qədər yaxşı vəziyyətdə qalması və xalq tərəfindən ziyarət yeri kimi qəbul olunması İmadəddin Nəsiminin mənsub olduğu şəcərəyə Azərbaycan xalqının, yerli əhalinin bəslədiyi yüksək ehtiramı nümayiş etdirir. Müxtəlif ədəbiyyatlarda Nəsiminin doğum yerinə dair müəyyən ölkələr və şəhərlər barədə qeyd edilən versiyalar onun anadan olduğu yerə aid olmayıb, tərcümeyi-halının digər hadisələri, xüsusən hürufilik təriqətini yaymaq üçün etdiyi səfərlər, müvəqqəti məskunlaşdığı məkanlarla əlaqədardır. Belə ki, Nəsimi hürufizm ideyalarını yaymaq üçün Azərbaycan vilayətlərindən başqa həm də İranda, Türkiyədə, İraqda, Suriyada olmuş və geniş təbliğat işləri aparmışdır. Olduğu ölkələrdə Nəsiminin və hürufizmin əleyhdarları olduğu kimi, tərəfdarları da formalaşmışdır. Bütün çətinliklərə baxmayaraq, onlar ustadlarının adını və əqidəsini daim uca tutaraq yaşatmışlar.

 

İmadəddin Nəsiminin həyatda və sənətdə rəhbər tutduğu hürufilik təliminin görkəmli yaradıcısı Fəzlullah Nəimi Astrabadi (1340-1394) ilə əlaqələri də maraq doğuran mühüm hadisələrlə bağlıdır. Mənbələrdə haqlı olaraq bu əlaqələr mürşid-şagird münasibətləri kimi yüksək qiymətləndirilir. Öz dövrünün görkəmli şəxsiyyətləri olmuş bu böyük mütəfəkkirlərin əlaqələri haqqında müxtəlif versiyalar mövcuddur. Bir versiyaya görə, İmadəddin Nəsimi XIV əsrin 80-ci illərində hürufizm ideyalarını təbliğ etmək üçün Şirvana gələrək söhbətlər aparan hürufizmin ideya-nəzəri əsaslarını yaratmış Fəzlullah Nəimi ilə burada tanış olmuşdur. Elmi ədəbiyyatlarda da qeyd olunduğu kimi, yaradıcılığının başlanğıc dövründə "Hüseyni” təxəllüsü ilə şeirlər yazan İmadəddin Nəsimi hürufizmin böyük ideoloqunun təliminə maraq göstərmiş və bu təriqəti qəbul etmişdir. Fəzlullah Nəiminin qızı ilə ailə qurması da, sadəcə, tərcümeyi-hal göstəricisi olmayıb, Nəsiminin ustadı ilə bütün varlığı ilə bağlı olmasının, əqidə və amal birliyinin mühüm faktlarından biridir. Eyni zamanda, İmadəddin Nəsiminin Şirvandan ayrılıb son dəfə Türkiyə-Suriya səfərinə gedərkən Naxçıvana gəlib, Xanəgahda Fəzlullah Nəimi ilə görüşməsi haqqındakı rəvayətlər də ədəbi-ictimai fikir tariximizin nadir səhifələrindən biri olmaqla bərabər, onların arasındakı münasibətlərin dərinliyini nümayiş etdirir. Fəzlullah Nəimi hürufizmin mükəmməl nəzəriyyəsini, İmadəddin Nəsimi isə böyük poeziyasını yaratmış qüdrətli şəxsiyyətlərdir. Bundan başqa, İmadəddin Nəsiminin Şərqdə qəzəl janrında böyük şeir xəzinəsi yaratmış Hafiz Şirazi ilə yaxın münasibətlərinin olması onun dövrün ədəbiyyat aləmində əsas simalardan biri kimi qəbul edildiyini düşünməyə əsas verir”.

 

Nəsiminin yaratdığı mənəvi kamillik konsepsiyası nəinki Şərq poeziyasına, eləcə də dünya peoziyasına ciddi təsir göstərib. Tədqiqatçılar qeyd edirlər ki, Nəsiminin poeziyasında nəsihətçilik arxa planda qalıb, həyat fəlsəfəsi və mübarizə ruhu ön mövqeyə keçib. Nəsimi Azərbaycandan getdikdən sonra müxtəlif fasilələrlə Türkiyədə, İranda, İraqda yaşamış, nəhayət, Suriyada olub, Hələbdə məskunlaşıb və olduğu yerlərdə hürufizm ideyalarını geniş şəkildə təbliğ edib. Onun təbliğ etdiyi hürufi ideyalar heç də hər yerdə birmənalı qarşılanmamış, müzakirə və mübahisə mövzusu olmuşdur. Mütəfəkkir şairin əleyhdarları bundan istifadə edərək, haqqında müxtəlif böhtan və şayiələr yaymışlar. Nəsiminin məsləyi yolunda faciəli şəkildə edam olunması onun sarsılmaz, möhkəm əqidəsinin isbatıdır. Buna baxmayaraq, Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarı xalq tərəfindən həmişə ehtiramla ziyarət olunmuş və bu məqbərə ibadətgaha çevrilmişdir. Çox təəssüf ki, son dövrlərdə Suriyada gedən acınacaqlı müharibə böyük şairin məqbərəsi və məzarı ətrafında da müəyyən dağıntılara səbəb olmuşdur. Azərbaycan ziyalılarının nümayəndə heyəti, tanınmış alimlər və şairlər bir neçə dəfə Nəsiminin məqbərəsini ziyarət etmişlər.

 

Məlum olduğu kimi Azərbaycanda Nəsimi irsinin tədqiqi və nəşri sahəsində böyük işlər görülüb və ilk dəfə tanınmış Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz görkəmli sənətkarın irsini toplayaraq kitab halında nəşr etdirib. Sonrakı illərdə şairin zəngin irsi daha geniş səviyyədə toplanmış, kütləvi tirajla nəşr edilərək xalqımıza çatdırılıb. Həmçinin, Nəsimi şeirindən müəyyən seçmələr ingilis, rus, fransız, alman, Ukrayna və sair dillərə tərcümə edilib yayılıb. Sirr deyil ki, bu gün Nəsimi irsinə, onun poeziyasına yeni baxış bucağının formalaşdırılması labüddür. Tədqiqatçılar qeyd edirlər ki, Nəsimi irsi Sovet dövründə həmin dövrün tələblərinə uyğun şəkidlə tədqiq edilib. Hətta bir sıra qəzəllərinin, fəlsəfi əsərlərinin tərcüməsində ciddi təhriflərə yol verilib. Alimlərin bildirdiyinə görə, bu gün AMEA-nın müfaviq institutları tərəfindən Nəsimi poeziyası yenidən tədqiqata cəlb edilib, onun qəzəllərinin tərcüməsinə baxılır.

 

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə İmadəddin Nəsiminin "Seçilmiş əsərləri” böyük tirajla nəşr edilərək ölkə miqyasında bütün kitabxanalara göndərilib. Son vaxtlar professor Qəzənfər Paşayevin yenidən təkmilləşdirilmiş şəkildə nəşr etdirdiyi Nəsiminin İraq divanı və naməlum şeirləri, AMEA Əlyazmalar İnstitutunda əldə olunan yeni əlyazma nüsxələri şairin irsinin toplanması və nəşri işinə daha geniş miqyasda bir daha qayıtmağın zəruriliyini aktuallaşdırıb. Bu gün M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən dünyanın müxtəlif muzey və kitabxanalarından Nəsiminin əlyazmalarının surətləri əldə olunur və həmin nüsxələr yenidən tədqiqata cəlb edilir. Hətta o nümunələr arasında indiyə qədər elmə məlum olmayan çoxlu əsər də var ki, Əlyazmalar İnstitutu həmin nüsxələri Türkiyə muzeylərindən əldə edib. Bəşər poeziyasının mənəvi kamillik simvoluna çevrilən Nəsimi irsi bütün zamanlar üçün əbədiyaşardır”.

 

Nəsimi isrsinə göstərilən diqqət, qayğı, eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan edilməsi bizə imkan verir ki, Nəsimi irsini, onun bütün bəşəriyyətin tərəqqisinə gərək olan ideyalarını daha geniş miqyasda bütün dünyaya yayaq. Ölkəmizdə “Nəsimi İli” çərçivəsində keçirilən bütün tədbirlər, konfrans və simpoziumlar Nəsimi isrsinin təbliğini hədəfləyib.

 

İradə SARIYEVA

Üç nöqtə.- 2019.- 25 iyun.- S.12