"Mənim
gördüyüm, öyrəşdiyim jurnalistika başqa
idi"
Orta məktəb
illərində o qədər yaxşı oxuyub ki,
üçüncü sinifdən birbaşa beşinci sinfə
keçib. Musiqiyə gedib, idmanla məşğul olub və
qızıl medal qazanıb. Hansı sahə ilə
məşğul olur-olsun hər zaman uğur qazanıb,
yeniliklərə imza atıb. Azərbaycan çempionatında
iki dəfə 2-ci, bir dəfə də 3-cü yeri tutub.
Azərbaycanda ilk müstəqil jurnalist cəmiyyəti olan
“Azərbaycan gənc jurnalistlər cəmiyyəti”ni
yaradıb.
Bu cəmiyyətin nəzdində uşaqların idarə
etdiyi “Təmas” qəzetini yaradıb. Sonra daha bir yenilik
edərək pulsuz qəzet çap etməyə
başlayıb. Müsahibim xeyli müddət jurnalistika
sahəsində çalışdıqdan sonra istiqamətini
dəyişərək bank sektoruna keçib.
“Üç nöqtə” qəzetinin qonağı “Azər
Türk Bank”ın Mətbuat Katibi Rauf Ağayevdir.
“O
biri uşaqlar kimi dəcəllik etməyə vaxtım olmurdu”
Müsahibim 1958-ci il sentyabr ayının 2-də Şabran
(keçmiş Dəvəçi) rayonunun
mərkəzində anadan olub. Uşaqlıq illəri elə
orda keçib, orta məktəbi də orda oxuyub başa vurub.
Orta məktəbdə yaxşı oxuduğu üçün
3-cü sinifdən birbaşa 5-ci sinfə keçid edib. Deyir
ki, ona görə də orta məktəbi bir il tez bitirib:
“Ailədə iki qardaş, bir bacı olmuşuq. Mən evin
ikinci uşağı idim. Hamımız ali təhsil
almışıq.
Atam həkim-cərrah, anam isə ingilis dili
müəlliməsi olub. Orta məktəbdə oxuya-oxuya eyni
zamanda hər gün Musiqi məktəbinə də gedirdim.
Orta məktəbdən evə gələn kimi tez yeməyimi
yeyib musiqi dərslərimi hazırlamağa
başlayırdım. Bir neçə saat
hazırlaşdıqdan sonra musiqi məktəbinə
dərsə gedirdim. Bizdə həftənin 6 günü
dərs olurdu. Buna görə də necə deyərlər, o
biri uşaqlar kimi dəcəllik etməyə vaxtım olmurdu.
Musiqi məktəbini də fərqlənmə ilə
bitirmişəm. Həmçinin idmana da gedirdim,
“Əməyə və müdafiəyə hazır ol” devizi
ilə idman yarışları keçirilirdi, orda
qızıl medal almışdım”.
“Birinci
yeri götürə bilmirdim, məndən də
güclülər var idi ”
R.Ağayev deyir ki, orta məktəbi bitirdiksən
sonra Şabran rayonunun 7 illik Uşaq Musiqi Məktəbində
iki il fortepiano ixtisası üzrə müəllim
işləyib: “Bundan sonra 1976-cı ildə Azərbaycan
Dövlət Universitetinin “Jurnalistika” fakültəsinə
daxil oldum. Müəllimlərim jurnalistikada tanınan,
adlı-sanlı insanlar - Nəsir İmanquliyev,
Şirməmməd Hüseynov, Cahangir Məmmədli, Tofiq
Rüstəmov və s. olub. Universitet illərində də
idmanla məşğul olmuşam. Universitetin yığma
velosiped komandasının kapitanı olmuşam. Azərbaycan
çempionatında iki dəfə 2-ci, bir dəfə də
3-cü yeri tutmuşam. Birinci yeri götürə bilmirdim,
məndən də güclülər var idi. (gülür)”.
“Tox olanda belə onun
yeməyini yeyirdim ki, ürəyi qırılmasın”
Tələbəlik illərindən, jurnalistikaya
həvəsindən maraqla bəhs edən müsahibimiz deyir
ki, universiteti bitirən zaman diplom işi üzrə
rəhbəri Nəsir müəllim olub: “Nəsir
İmanquliyev “Bakı”və “Baku” qəzetlərinin baş
redaktoru, həm də bizim müəllimimiz idi. Düzdür,
dərslərdə görüşsək də, diplom
işini hazırlayarkən daha tez-tez ünsiyyətdə
olmağa başladıq. Diplom işi ilə bağlı
redaksiyaya onun kabinetinə gedirdim, lakin işləri çox
olduğu üçün mənə deyirdi ki, evə gəl,
orda rahat oturub məsləhət-məşvərətimizi
edək. Nəsir İmanquliyev birinci vitse-prezident Mehriban
xanım Əliyevanın babası olub.
Nəsir müəllimin həyat yoldaşı Gövhər
xanım çox yaxşı insan idi. Tələbə
olduğumu nəzərə alıb, mən gələn kimi
gətirib qabağıma yemək qoyurdu. Tox olanda belə onun
yeməyini yeyirdim ki, ürəyi qırılmasın. Bir
dəfə vaxtından tez gəlmişdim, Gövhər
xanım yemək gətirdi. Nəsir müəllim gəldi,
gördü ki, mətbəxdə yemək yeyirəm. Dedi, buna
niyə yemək verirsən, hələ baxım görüm
yazdıqlarına yemək düşür, ya yox? (Gülür).
Azərbaycan Dövlət Universitetində hərbi kafedra
olduğu üçün universiteti bitirəndən sonra
bizə zabit rütbəsi verildi. Zabit rütbəsi alandan
sonra həmin adamları əsgərliyə aparmırdılar.
Universiteti qurtarandan sonra imtahan verib leytenant rütbəsi
aldım”.
“Bu oğlan
“ştatdankənar müxbir” işləyəcək, ona masa da
ver, stul da”
R.Ağayev bildirir ki, universiteti bitirəndə digər
fakültələrdən fərqli olaraq jurnalistikada
təyinat yox imiş: “İstənilən yerdə gedib öz
ixtisasımız üzrə işləyə bilərdik.
Həmin vaxtı bir dostum Ağcabədiyə
işləməyə gedirdi, dedi, istəyirsən sən
də mənimlə gəl. Dostumla razılaşdım və
gəlib hazırlaşmağa başladım. Universitetə
gedib müəllimlərimlə görüşdüm. Sonra
isə Gövhər xanımla görüşməyə
getdim və Ağcabədiyə işləməyə
gedəcəyimi dedim.
Dedi ki, orda tanışın, qohum-əqrəban varmı? Dedim,
xeyr, heç kimim yoxdur. Dedi, bəs tanımadığın
yerdə necə baş çıxaracaqsan? Məni israrla
Nəsir müəllimin yanına göndərdi ki, onunla
görüşməmiş rayona getmə. Redaksiyaya getdim,
Nəsir müəllimin kabinetinə daxil oldum. Yazı oxuyurdu,
eynəyinin üstündən mənə baxıb dedi ki,
eşitdim Ağcabədiyə gedirsən. (Bildim ki,
Gövhər xanım zəng vurub deyib ki, o uşaq gedib orda
baş çıxara bilməz, gör onun üçün
nə edə bilirsən) Nəsir müəllim dedi ki, burda
işləmək istəyərsən? Bu təklif mənim
ürəyimdən idi, dedim əlbəttə (gülür).
Daha sonra soruşdu ki, hansı şöbəni
istəyirsən? Mən də ədəbiyyat və
incəsənət şöbəsini seçdim. Bu onun da
xoşuna gəldi. Bu şöbə digərlərinə
baxanda ən rahat və qalmaqalsız şöbə idi.
Zəng vurub şöbənin rəhbərini yanına
çağırdı. Dedi ki, bu oğlan sənin
şöbəndə “ştatdan kənar müxbir”
işləyəcək, ona masa da ver, stul da. Qoy
özünün stol-stulu olsun. Beləcə orda
işləməyə başladım”.
“Bir
ayın içində 9 nəfər öz istəyimizlə
ərizəmizi yazıb çıxdıq”
Sonra rus dilində olan “Baku” qəzetində də ştat
açılıb və R.Ağayev orda da
işləməyə başlayıb. Deyir ki, orda
ədəbiyyat, incəsənət, elm və təhsil
sahəsində çalışırmış: “Burda
sahə geniş olduğu üçün iş daha
ağır idi. 1988-ci ilə qədər orda işlədim,
Nəsir müəllim təqaüdə çıxdıqdan
sonra rəhbərlik dəyişdi.
Nəsir müəllim öz işini çox gözəl
bilən insan idi, idarəetmədə çox
səriştəli idi. Rəhbərlik
dəyişəndən sonra redaksiyada ab-hava da dəyişdi və
bir ayın içində 9 nəfər öz
istəyimizlə ərizəmizi yazıb çıxdıq.
Hərə bir tərəfə dağıldı. Məni
“Arzu” dəb jurnalına redaktor dəvət etdilər, burda
işləməyə başladım. Bir müddət də
burda fəaliyyətimi davam etdirdim”.
“Azərbaycanda
ilk müstəqil jurnalist cəmiyyətini yaratdım”
Müsahibimiz heç zaman boş dayanmayıb. Öz
dostlarını başına yığaraq Azərbaycanda ilk
müstəqil jurnalist cəmiyyəti olan “Azərbaycan
gənc jurnalistlər cəmiyyəti”ni yaradıb: “Bu
cəmiyyətin tərkibində ““Freelancer journalists”
(Sərbəst jurnalistlər) qrupu yaratdım. Universiteti
oxuyan aktiv fəaliyyətli tələbələr, yaxud da
hazırda işsiz olan jurnalistlərin öz fəaliyyətlərini
davam etdirmələri üçün vəsiqə
hazırladıq.
Çünki vəsiqə olmayanda gedib kimdənsə, yaxud
hansısa qurumdan müsahibə götürə
bilmirdilər. Belə olan halda isə qonorar ala bilmir
və pis duruma düşürdülər. Həmçinin
jurnalistika fakültəsini bitirən jurnalistlər
əllərində heç bir vəsiqə
olmadığı üçün onları heç yerə
buraxmırdılar və heç kimdən müsahibə ala
bilmirdilər. Jurnalistikanı
bitirənə kimi hansısa mətbuat orqanında heç
olmasa 5-10 yazısı çıxmalıdır ki, bunu
təqdim edib işə düzələ bilsin. Buna görə də “Sərbəst jurnalistlər”
qurumunu yaratdım və vəsiqələrini düzəltdik,
möhürünü vurduq. Bu
vəsiqələri jurnalistika fakültəsinin bir
neçə ən fəal tələbələrinə
və işini itirmiş bir neçə istedadlı
jurnalistlərə verdik. Çox
yaxşı nəticəsi oldu. Qonorar sistemi
ilə özlərini dolandıra bildilər”.
“Orta məktəb
uşaqları divar qəzeti yox, səkkiz səhifəlik
qəzet buraxırdı”
R.Ağayev fəaliyyəti boyunca bir çox ilklərə
imza atıb. Bunlardan biri də “Azərbaycan gənc
jurnalistlər cəmiyyəti”nin
nəzdində uşaqların idarəsinə verdiyi “Təmas”
qəzetini yaratması olub. Belə ki, bu qəzetin
bütün işçiləri orta məktəb
uşaqlarından ibarət olub: “Məktəblərdə
ədəbiyyat müəllimlərinin köməkliyi ilə
yaxşı inşa yazan uşaqlardan 20 nəfər
seçdik və onlardan da 7 nəfər ən
yaxşısını saxladıq. İki ay
ərzində tanınmış jurnalistləri dəvət
edirdim, uşaqlara dərs keçir, jurnalistika haqqında
məlumat verirdi.
Uşaqları tam hazır etdikdən sonra
“Təmas” qəzetini onların ixtiyarına verdim. Bu uşaqlar 6-11 sinifləri əhatə edirdi.
Onların içərisində baş redaktor, məsul katib, dizayner vardı və müxtəlif
şöbələri uşaqlar arasında
bölüşdürdüm. Hərəsinə də bir
istiqamət verdim və dedim ki, sizin yazılarınıza
mən əl vurmayacağam. Bu qəzet
çıxandan sonra yaxşı mənada böyük
səs-küyə səbəb oldu. Heç
mənim xəbərim olmadan o uşaqları gedib
məktəbdən tapıb televiziyaya
çəkmişdilər, müsahibə
götürmüşdülər. Ona
görə gözəl nəticə oldu ki,
böyüklərin problemlərini daha saf gözlə,
uşaq gözü ilə görüb təsvir edirdilər.
Hər kəsə maraqlı oldu. Orta məktəb uşaqları divar qəzeti yox,
əməlli-başlı A3 formatda, səkkiz səhifəlik
qəzet buraxırdı. Üçüncü
dəfə də ilk edərək üç dildə
nəşr olunan “Reklam. Elan. Xəbər” adlı Azərbaycan mətbuatında
ilk pulsuz qəzet buraxmağa başladım. Uzun müddət onun üzərində
işləyib çap texnologiyasını dəyişdirdiyim
üçün mənə çox ucuz başa gəlirdi.
Bu sirri də heç kimə demirdim. Bu qəzet insanlar arasında pulsuz olaraq
paylanırdı. Günəmuzd işləyən
poçtalyonlarımız bu qəzetləri
evlərə, müəssisələrə
çatdırırdılar. Reklamlardan da yaxşı gəlir
əldə edirdik.”
“Həyat
yoldaşım da jurnalist olub”
Ailə həyatı qurmağından danışan
müsahibim deyir ki, elə həyat yoldaşı da bu
sahənin adamı olub: “Həyat yoldaşım
“Göyərçin” jurnalında işləyirdi. Tanış olduq, daha sonra evləndik. Bir qızımız, bir oğlumuz var. Qızım
İstanbulda magistraturanı bitirib orda işləyir. Oğlum isə mənim sənətimi davam etdirir.
Jurnalistika fakültəsini bitirib, “Arb24”
telekanalında redaktor işləyir”.
“Mənim
gördüyüm, öyrəşdiyim jurnalistika tamam
başqa idi”
“Azərbaycan gənc jurnalistlər cəmiyyəti”ndən
sonra R.Ağayevi “Xalq” qəzetinə dəvət ediblər,
bir müddət orda redaktor müavini işləyib:
“Cümə günləri 16 səhifəlik “Cümə”
adlı əlavə çıxarmağa başladıq.
Qəzetin məsul redaktoru mən idim. Bu əlavə əsas qəzetin özündən
fərqlənirdi. Çünki rəsmi
deyildi, daha oxunaqlı yazılar verirdik. Dörd il müddətində orda işlədim, daha
sonra gördüm ki, jurnalistika əvvəlki kimi deyil,
istiqamət tamam dəyişir.
Bildim ki, buna öyrəşə
bilməyəcəm. Çünki
mənim gördüyüm, öyrəşdiyim jurnalistika
tamam başqa idi. Mən bir tənqidi
yazı yazanda bir qovluq sənəd, arayış
yığırdım. Tənqid
yazıramsa, sabahı gün gəlib deməsinlər ki, yalan
yazmısan. Yəni biz bu cür
öyrənmişdik. Sonra gördüm ki,
əlində heç bir fakt olmadan kim-kimi istəsə
nəinki tənqid, cəmiyyət içində əsassız
olaraq biabır edir. Baxdım ki, bu
jurnalistika mənim jurnalistikam deyil və yavaş-yavaş
aralandım.
2001-ci ildən bank sahəsində
işləməyə başladım. Azərbaycan
Beynəlxalq Bankında mətbuat xidməti
açıldığını eşitdim və
sənədlərimi verdim. Bir
neçə nəfər namizəd var idi, nəhayətdə
məni seçdilər. Mətbuat
xidməti deyəndə orda tək özüm idim
(Gülür). Bütün işləri
mən görürdüm, elə axıra kimi tək
işlədim. O cür böyük bankın mətbuat
işlərini təkcə mən görürdüm. İşləyə-işləyə İqtisad
Universitetinin “Maliyyə” fakültəsini bitirdim. İndi isə Azər Türk Bankda Mətbuat katibi
vəzifəsində çalışıram”.
Könül Oruc
Üç nöqtə.- 2019.- 25 iyun.- S.11