27 mart - Beynəlxalq Teatr
Günüdür
Hər il martın 27-si Beynəlxalq Teatr
Günü kimi qeyd olunur. Bu əlamətdar
gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada
keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən
təsis edilib. Ənənəyə əsasən hər il Beynəlxalq
Teatr Günü münasibətilə görkəmli teatr
xadimləri ictimaiyyətə müraciət
ünvanlayırlar.
Yaranmasının 146-cı ildönümü
qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr
Günü münasibətilə silsilə tədbirlər
keçirilir.
Azərbaycan teatr sənəti qədim və zəngin
tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı
realnı məktəbinin teatr həvəskarları
truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani
Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa
ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu
şərəfli işdə Həsən bəy Zərdabi və
Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli
teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat
Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O,
Bakı şəhərində ilk teatr binası inşa
etdirib. Nəticədə Azərbaycan səhnəsinin
Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev,
Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə
Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza
Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa
Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə
Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol
keçmiş Azərbaycan teatrının inkişafında
son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə,
teatrların maddi-texniki bazasının müasir dünya
standartlarına uyğun möhkəmləndirilməsində,
kollektivlərin yaradıcılıq
axtarışlarının bəhrəsi olaraq yeni maraqlı
tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o
cümlədən Avropa teatrları ilə təcrübə
mübadiləsinin genişləndirilməsində və s.
göstərir.
Şübhəsiz,
teatrlarımızın yeni inkişaf yoluna
çıxmasında ölkəmizə rəhbərliyinin
bütün dövrlərində daim mədəniyyət və
incəsənətin böyük hamisi kimi bu sahədə
çalışanların sonsuz rəğbətini
qazanmış Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin
bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz Prezident İlham
Əliyevin bilavasitə təşəbbüsü ilə son
illərdə ölkədə teatr sənətinin
inkişafı ilə bağlı bir sıra fundamental dövlət
sənədləri qəbul olunub.2006-cı ildə Azərbaycanda
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilib. Bu
qədim yaradıcılıq sahəsinin çağdaş
inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin
teatr sənətinə xüsusi əhəmiyyət verməsi
rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham
Əliyev teatr sənəti ilə bağlı daha bir
mühüm sənəd - “Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam
imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət
başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramını təsdiq edib.Azərbaycan
teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən
Dövlət Proqramı öz fəaliyyəti
ilə milli-mədəni sərvətə çevrilən
teatrımızın zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin qorunması,
Avropa mədəniyyətinə inteqrasiya olunması,
teatrların maddi-texniki bazalarının modernləşdirilməsi,
teatr binalarının dünya standartlarına uyğun təmiri,
informasiya və maliyyə resurslarından səmərəli
istifadə edilməsi və repertuarın günün tələblərinə
uyğun formalaşdırılması məqsədlərinə
xidmət edir.
Dövlət Proqramı çərçivəsində
Bakıda keçirilən beynəlxalq teatr konfransları da
mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan
Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli
Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət
Dram teatrlarının binalarında yüksək səviyyədə
təmir-bərpa və yenidənqurma işləri
aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima
Teatrının binasının bir hissəsi bərpa edilərək
tamaşaçıların ixtiyarına verilib.
Görülmüş işlər nəticəsində Azərbaycan
Dövlət Musiqili Teatrının binası dünya
standartlarına uyğun təmir edilərək istismara verilib.
Dövlət başçısının bu
sahə ilə bağlı imzaladığı sərəncamlar,
həyata keçirilən müvafiq dövlət proqramı
artıq öz bəhrəsini verir. Teatr binalarında əsaslı
təmir və yenidənqurma işləri paytaxtla
yanaşı, regionlarda da davam etdirilir. Ötən ilin dekabr
ayında Şuşa Dövlət Musiqili Dram Teatrının
binası əsaslı təmir olunaraq istifadəyə verilib.
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi
rayonunda İrəvan Dövlət Azərbaycan Dram
Teatrının binasının əsaslı təmiri və
yenidən qurulması işləri haqqında Sərəncam
imzalayıb. Sərəncama əsasən, teatr binasının
əsaslı təmirinin və yenidən qurulma işlərinin
davam etdirilməsi məqsədilə Mədəniyyət
Nazirliyinə iki milyon manat vəsait ayrılıb.
Bu il martın 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət
xadimlərinin bir qrupu ilə görüşündə bu sahə
ilə bağlı bir sıra təkliflər səsləndirilib.
Martın 4-də Prezident İlham Əliyevin “Azərbaycan
teatrlarının inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” imzaladığı Sərəncama
əsasən Azərbaycan teatr ənənələrinin qorunub
saxlanması və dövrün tələblərinə
uyğun inkişaf etdirilməsi üçün Azərbaycan
Respublikasının 2019-cu il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon
(bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı, Azərbaycan
Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus
Dram Teatrı və Azərbaycan Dövlət Kukla
Teatrının hər birinə 200,0 (iki yüz) min manat,
Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə
Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram
Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran
Dövlət Dram Teatrı və Şuşa Dövlət
Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min
manat ayrılıb. Prezidentin martın 5-də
imzaladığı digər Sərəncamla Azərbaycan
Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət
Rus Dram Teatrına “akademik” statusu verilib. Bütün bunlar
dövlətimizin teatr sənətinin inkişafına göstərdiyi
diqqət və qayğının bariz nümunəsidir.
Son illərdə onlarla sənət adamına
dövlətimizin başçısının sərəncamları
ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər
istedadlı sənət adamı Prezident təqaüdünə
layiq görülür. Yüzlərlə insanın mənzil
və digər problemləri həll olunur. Hər il Azərbaycan
sənəti qarşısında fövqəladə
böyük xidmətləri olan şəxslər
ömürlük təqaüd alanlar siyahısına daxil
edilirlər.
Həmçinin Dövlət
proqramının icrasına uyğun olaraq teatr sahəsində
xaricdə təhsil üçün yeni imkanlar
yaradılır.Ötən illər ərzində Azərbaycan
teatrları dünyanın 30-dan çox ölkəsində, o
cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus,
Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan,
Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya
Federasiyasının Başqırdıstan Respublikasında
keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi
layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana
xarici ölkələrdən teatr kollektivləri qastrol səfərinə
gəlib. Eyni zamanda, xarici dövlətlərdən
tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı
tamaşa hazırlamaq üçün ölkəmizə dəvət
olunub.
Teatr sənətinin inkişafı yalnız
dövlət teatrları şəbəkəsi ilə izah
olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor
və biznes münasibətlərindən faydalanaraq, yeni
prodüser mərkəzləri yaranır. Cəmiyyətdə
teatra olan marağın artması yeni teatr fəaliyyəti
formalarının yaranmasına səbəb olur. Bu, həm də
teatrla bağlı qəbul olunmuş qanun və digər
dövlət sənədlərinin işlək mexanizminə dəlalət
edir. Bu baxımdan yeni teatr formalarının ən müasir
nümunəsi kimi maraqlı layihələrlə
çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin
fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, hər zaman sənət
adamlarına diqqət və qayğı ilə yanaşan
Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı
ilə ölkəmizdə “Milli Teatr Günü” təsis
edilib. Sərəncama əsasən milli mədəniyyətin
inkişafında və ölkənin mədəni həyatında
milli teatrın əhəmiyyəti və rolu nəzərə
alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında
“Milli Teatr Günü” kimi qeyd edilməsi qərara
alınıb. Həmin tarix ölkəmizin hər yerində
silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 146-cı ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.