“Əsgərliyə gedənə qədər elə bilirdim ki, atam məni istəmir”

 

Natiq Muxtarlı: “Əslində müəllim də işləyə bilərdim, amma jurnalistikada işləməyi qarşıma məqsəd qoymuşdum”

 

Deyir ki, jurnalistikaya həvəsi məktəb illərindən olub, 5-ci sinifdən etibarən məktəbdəki bütün tədbirlərin aparıcısı olub. Ailəsindən xəbərsiz sənədlərini Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verib və qəbul olub. Filologiyanı bitirəndən sonra müəllim işləmə imkanı olsa da, o, jurnalistikanı seçib. Çünki jurnalistika onun uşaqlıq arzusu olub. Bu gün redaktor kimi çalışan müsahibimiz deyir ki, müxbir üçün işlənməsi çətin mövzu anlayışı olmamalıdır. Jurnalist öz üzərində daima çalışmalı, axtarışlar etməli, heç zaman həvəsdən düşməməlidir.

 

“Jurnalistlə söhbət” rubrikasının qonağı “Kaspi” qəzetinin redaktoru Natiq Muxtarlıdır.

 

- Natiq müəllim, “facebook”da Masallı ilə bağlı paylaşımlarınız tez-tez olur. Elə söhbətə ordan başlayaq. Uşaqlığınız orda keçib?

- Bəli, Masallıda doğulmuşam. Uşaqlıq illərim rayonun Həsənli kəndində keçib. “Facebook”da Masallının gözəl, mənzərəli  yerlərinin şəkillərini paylaşıram. Amma bizim kəndimiz Muğan bölgəsində yerləşir. Muğan bölgəsi olduğu üçün yaşıllığı o qədər də çox deyil, kəndimizin gözəlliyi ilə öyünə bilmərik.

 

Uşaq vaxtı bədii əsərlər oxuyanda, dağlar qoynunda, meşə, çay kənarında yerləşən kəndlərin təsviri ilə rastlaşarkən, düşünürdüm ki, niyə bizim kəndimiz belə deyil? Hətta ulu babalarımızı belə öz uşaq düşüncəmlə ittiham edirdim ki, niyə burda məskunlaşıblar?

 

Amma böyüdükcə, fərqinə vardım ki, Muğan bölgəsinin də özünəxas gözəlliyi var, sadəcə, onu duymaq, hiss etmək lazımdır. İndi kəndə gedəndə, şəhərə qayıtmaq istəmirəm. Ruhum dincəlir, sakitləşirəm.

 

- Uşaqlığınızdan nələri xatırlayırsınız?

- Uşaqlıq illərim çox maraqlı keçib. Təbii ki, uşaq vaxtı oynadığımız oyunlar, keçirdiyimiz həyat yaddaşımdan çıxmır. Balıq tutmaq hobbim olub.

 

Bizdən 12 km uzaqda Xırmandalı kəndində “Adıgözəl” deyilən yerə balıq tutmağa gedirdik. Qışda oranı su basdığı üçün gedə bilmirdik, yayda isə su çəkilirdi. Ona görə də yayın gəlişini böyük səbirsizliklə gözləyirdik. Çilingağac, qayışgötürdü kimi oyunlar oynayardıq. İndiki uşaqlar bu oyunlardan xəbərsizdir.

 

Zəmi biçiləndən sonra onun yerində futbol oynayardıq. Geyinməyə ayaqqabımız da olmazdı, ayaqyalın oynayardıq. Köhnə məktəbimizin yeri bir qədər nahamar olsa da, oranı uşaqlarla səliqə-səhmana salıb, kənarlarına xətt çəkib xokkey meydançası düzəltmişdik. Kəndimizdə məhəlləarası yarışlar keçirirdik.

 

Həddindən artıq maraqlı uşaqlığımız keçib. İndiki uşaqlar iş-gecdən bir az uzaqdırlar. Amma biz valideynlərimizə çox kömək etmişik, qoyun otarmışıq, həyət-bacada işlər də görmüşük.  İndi övladlarıma da deyirəm ki, virtual həyat yaşamaqdansa, canlı ünsiyyət yaxşıdır. Canlı ünsiyyət genetik kod kimidir, unudulmur. Ona görə də o dövrün uşaqları bir-birilərini həmişə axtarırlar.

 

- Natiq müəllim, jurnalistikaya gəlişiniz necə oldu? Təhsiliniz bu sahə üzrə olub?

- Əslində jurnalistika sahəsində çalışacağımı orta məktəb vaxtından müəyyənləşdirmişdim. Beşinci sinifdən etibarən məktəbdə keçirilən bütün tədbirlərin aparıcısı mən idim.

Atam ədəbiyyat müəllimi olduğu üçün ədəbiyyata həvəsim həddindən artıq çox idi.

 

Əslində televiziya diktoru olmağa qərar vermişdim. Riyaziyyatı yaxşı oxuduğum üçün atam texniki elmlərə meyl etməyimi istəyirdi. Yuxarı siniflərə qalxdıqca riyaziyyata meyl azalır, ədəbiyyat məni özünə çəkirdi.

 

Atam da bunu hiss elədi, 8-ci sinifdən riyaziyyat müəllimimlə məsləhətləşdi. Müəllimim demişdi ki, uşaq artıq zəifləyib. Atam da məni 8-ci sinifdən çıxardıb gətirdi Bakı Politexnik Texnikumuna. Tərifnamə ilə gəldiyimi üçün, imtahan vermədim, müsabiqədən keçib qəbul olundum.

 

Atam,  texnikumu bitirəndən sonra təhsilimi texniki fənlər üzrə davam etdirəcəyimi düşünürdü. Amma mən belə fikirləşmirdim. Texnikumu bitirəndən sonra əsgərliyə getdim. Qayıdandan sonra isə sənədlərimi Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verdim. Qəbul olduğumu zəng vurub atama xəbər verəndə, artıq gec idi, qərarıma təsir edə bilmədilər.

 

Əslində müəllim də işləyə bilərdim, amma jurnalistikada işləməyi qarşıma məqsəd qoymuşdum.

 

- Sizi daha çox idman sahəsində görmüşük. Bəs ilk dəfə mediada hansı sahə üzrə yazmağa başlayıbsınız?

- İdmana maraq uşaq vaxtından var idi. İdmanla həvəskar səviyyədə məşğul olurdum. Həyətdə uşaqlarla futbol oynaya-oynaya reportaj aparırdım.

 

Universitetdə istedadlı şairimiz Vasif Süleymanla bir qrupda oxuyurdum. Vasif artıq həm də peşəkar jurnalist idi. Onun təşəbbüsü ilə qrupdaxili “Dədə Qorqud” qəzetini buraxırdıq. Vasif Süleyman mövzular verir, biz də işləyib gətirirdik. Bir dəfə yazıları müzakirə edəndə dedi ki, hamının yazısı Natiqin yazısı kimi olsaydı nə var idi ki... Məhz həmin vaxt Vasif  qoltuğuma qarpız verdi” deyə bilərəm. Mənə yazmağı Vasif Süleyman öyrətdi.

 

Tələbəlik illərində Vasifin çalışdığı “Azərbaycan dəmiryolçusu” qəzetində idman xəbərləri yazırdım. Peşəkar mətbuatda ilk yazım isə “Avrasiya” qəzetində çıxıb. O vaxtı “səhər saat yeddidə, qırmızı 07-də...” mahnısı təzə çıxmışdı. Həmin mahnını tənqid etmişdim. Uzun müddət ictimai-siyasi qəzetlərdə işləmişəm. İlk dəfə peşəkar olaraq “Ana Vətən” qəzetində fəaliyyətə başlamışam.

 

Bəxtim onda gətirdi ki, qəzetin baş redaktoru görkəmli şairimiz Salam Sarvan idi və onunla birlikdə işləməyə başladım. Daha sonra “Alma” qəzetində işlədiyim müddətdə idman jurnalisti Rəşad Elgünlə tanış oldum. O, mənə məsləhət gördü ki, idmana bu qədər həvəsin varsa, gəl bizim qəzetdə yaz. Bundan sonra “Futbol+” qəzetinə yazmağa başladım.

 

Sonra biz Azərbaycanda ilk müstəqil idman saytı olan “Fanat.az”-ı, daha sonra isə “Komanda” qəzetini yaratdıq. Beləcə, idman jurnalistikasında karyeram başladı. Bundan sonra ictimai-siyasi qəzetdə işləmək həvəsim qalmadı. Amma sonra İlham Quliyev məni “Kaspi” qəzetinə dəvət etdi. Onunla dost olduğum üçün təklifini geri çevirə bilmədim.  Necə deyərlər, “başımı bişirib” ictimai-siyasi qəzetə gətirdi.

 

- Adətən, jurnalistin qələmə aldığı il yazısı dərc olunmasa belə, yadından çıxmır. Bəs sizin ilk yazınızın taleyi necə olub, dərc edilibmi? 

- 80-ci illərin sonları idi, heç onda tələbə də deyildim. “Gənclik” jurnalı çıxırdı, ora bir yazı göndərdim. Həmin yazı dərc olunmasa da, sadəcə, ordan mənə cavab gəlmişdi. Təsəvvür edə bilməzsiniz, o məktubu hansı həyəcanla, hisslə, sevgi ilə  oxuyurdum. Çünki dərc olunmasa belə, ilk yazıma gələn cavab idi.

 

- Sizinlə işləyən müxbirlər deyirlər ki, yaman qəliz mövzularınız olur...

- Bilirsiniz, ümumiyyətlə, müxbir üçün “çətin mövzu” anlayışı olmamalıdır. Bu, yəqin ki, bizim qızların fikridir (gülür). Bizim qızlara bəzən elə mövzu verirəm, işləməyə çətinlik çəkirlər.

 

Nahara qədər soruşuram ki, Şəbnəm, Günel mövzu nə yerdədir? Deyirlər ki, Natiq müəllim, müsahib tapa bilmirik. Deyirəm axtarın, tapın. Nahardan sonra soruşanda isə “əla” cavabını verirlər. Jurnalistin işi mövzunu araşdırmaq, axtarmaq, müsahib tapmaqdır. Düzdür, müxbir üçün müəyyən problemlər ola bilər, hansısa müsahibi tapmaya, mövqe öyrənməyə bilər.

 

Amma bundan ötrü ruhdan düşməyə dəyməz. Əgər ruhdan düşəcəksə, yaxşı jurnalist ola bilməyəcək. Çətin riyazi məsələnin həllini tapanda adam necə yüngüllük tapırsa, jurnalistin çətin mövzunu hazırlaması da təxminən buna bənzəyir. Yumruğunu sinənə vurub “bunu bacardım” deyirsən.

 

- Bu gün redaktor kimi çalışırsınız. Müxbirlərdən gələn yazılardan eləsi olurmu ki, dərc etmək istəməyibsiniz?  

- Xeyr, hələ ki, elə bir şey olmayıb (gülür). Müxbirlərə mövzunu verəndə bütün detallarını başa salırıq. Şükür Allaha, “Kaspi” qəzetində elə müxbirlər yoxdur ki, yazıları yayımlanmayacaq qədər bərbad olsun.

 

Bəzən qızlar elə yazı yazır ki, orda kiminsə mövqeyi çatışmır. Belə olan halda yazı natamam olur, bunu onlara deyirəm, həmin şəxsin mövqeyini öyrənirlər və yazı tamlanır.

 

- Bəzən yaşlı jurnalistlər deyirlər ki, müəyyən yaşdan sonra yazmaq həvəsi itir. Mövzunuz boldur, bəs yazmaq istəyiniz necə?

- Mənə elə gəlir ki, həvəs itə bilməz. Sadəcə olaraq, jurnalist peşəsi elədir ki, öz üzərində işləməyi tələb edir. Əgər bir müddət yazmağı dayandırırsansa, istər-istəməz kökdən düşəcəksən. Bu, birmənalıdır. Arada olur ki, bir həftəlik rayona gedib qayıdanda hiss edirəm ki, yazmağa köklənə bilmirəm. Necə ki, futbolçu məşq etməyəndə formadan düşürsə, bu da ona bənzəyir.

 

- Natiq müəllim, müxbir olanda jurnalistikaya yanaşmanız necə idi, redaktor olanda necə?

- İndiki jurnalistika bizim dövrümüzlə müqayisədə bir az qapalıdır. Biz əvvəllər qəzetdə işləyəndə otaqda oturmurduq. “Alma” qəzetində bələdiyyələrlə bağlı layihəm var idi, Bakının 10-15 bələdiyyəsini qarış-qarış gəzib problemlərini öyrənmişdim. İlk yazını hazırlamaq çox çətin başa gəlmişdi.

 

Çünki rəsmi qurumun və əhalinin mövqeyini öyrənməli, hesabatı almalı idim. Vermirdilər, bürokratiya var idi. İndi hər şey elektrondur, sayta girib bütün hesabatları rahatlıqla götürürsən. Amma o vaxtı bunlar mümkün deyildi. Çiynimdə fotoaparat, əlimdə diktafon bələdiyyə sədrindən mövqe öyrənməyə gedirdim.

 

Bələdiyyə sədri məni otağa çəkib cibimə pul qoymaq istəyirdi. Çünki onların gördüyü “jurnalistlər” ancaq pul üçün gələnlər idi. Amma mənim o jurnalistlərdən olmadığımı başa düşəndən sonra heyrətlənirdilər, “sən demə belə də jurnalistlər varmış” deyirdilər.

 

- Bəs buna qarşı necə mübarizə aparmaq lazımdır?

- Mənə görə, ciddi jurnalistika otağa qapanmamalı, rayonlara getməli, insanların içində olmalıdır ki, haqqımızda yaranmış mənfi fikirləri dağıdaq. Qoy görsünlər ki, jurnalistika, hansısa idarənin qabağında durub 10-15 manat pul istəyən adamlardan ibarət deyil. Ciddi jurnalistika var və onlar həqiqətən işləyirlər.

 

Bu yaxınlarda “Kaspi” qəzetinin “Region” layihəsi ilə bağlı bir neçə rayonda olduq.  Maşınımıza benzin vuranda, bizi müşayiət edən icra hakimiyyətinin nümayəndəsi pulu ödəmək istədi. Bizim sərt reaksiyamızı görəndə, adam sanki şoka düşdü, donub yerində qaldı ki, jurnalistə pul verirəm, amma  götürmür. Onu qınamıram, çünki gördüyü “jurnalistlər” ancaq pul almaq üçün gələnlər olub. Onların düşüncələrində inqilab etdik.

 

Etiraf edək ki, reketliklə məşğul olanlara görə jurnalistlərin haqqında mənfi fikir formalaşıb. Ona görə, fürsətdən istifadə edib bütün mətbuat nümayəndələrinə deyirəm ki, çalışaq, otaqdan çölə çox çıxaq, əhali ilə, dövlət qurumları ilə ünsiyyətdə daha çox olaq, xüsusilə də rayonlarda. Qoy görsünlər ki, Azərbaycan jurnalistikası cibinə vəsiqə qoyub pul istəyənlərdən ibarət deyil.

 

- Maraqlı mövzuları ilə redaksiyada jurnalistlərin yaddaşında qalan Natiq müəllim, evdə necə bir ata və necə bir həyat yoldaşıdır?

- Özümü tərifləyə bilmərəm, bunu gərək evin xanımından soruşasınız (gülür). Özüm müəllim ailəsində böyümüşəm, buna baxmayaraq, atam uşaqlarına qarşı mühafizəkar olub. Biz, atam içəri girəndə mütləq ayağa qalxardıq, o oturan otaqda otura bilməzdik.

 

Əsgərliyə gedənə qədər elə bilirdim ki, atam məni istəmir. Amma məni əsgərliyə yola salanda gördüm ki, siqareti qoyub damağına... Atamın səhhətində problem var idi, ona siqaret çəkmək olmazdı. Amma məni əsgərliyə yol salanda siqaret çəkməyə başladı.

 

Atamın sərtliyi olmasaydı, bəlkə də oxumazdım, hamı kimi mən də bütün günü velosiped sürmək, oynamaq istəyərdim. Etiraf edirəm, mən atam ola bilmədim, uşaqlarımla daha mülayim oldum. Düşdüm yeni dövrün axarına, dedim ki, yox ey, övladla dost olmaq lazımdır. Onlar böyüdükcə, hiss etdim ki, uşaqlar o dostluqdan sui-istifadə edirlər. Bəlkə də bunda bir qədər də texnologiyanın günahı var, nə bilim. Amma indi əminəm ki, atamın, ümumiyyətlə, köhnə kişilərin tərbiyə metodu daha mükəmməl imiş.

 

Könül Oruc

Üç nöqtə.- 2019.-11 may.- S.7.