Azərbaycanşılıq
ideologiyası etnik yox,
siyasi və vətəndaşlıq xarakteri
daşıyır
Ümummilli Lider Heydər
Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin
qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir
Yeni Azərbaycan Partiyası (YAP) İcra
katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı www.yap.org.az
saytına müsahibə verib:
- Mübariz müəllim, mayın 10-da Azərbaycan
xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın
memarı və qurucusu, böyük dövlət xadimi Heydər
Əliyevin anadan olmasının 96-cı ildönümü
tamam olur. Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın
zəngin dövlətçilik tarixində yeri və rolu, Ulu
Öndərin xalqımız qarşısındakı misilsiz
xidmətləri barədə nə deyə bilərsiniz?
- Xalqların və dövlətlərin tarixi
inkişaf yoluna müxtəlif hadisələr və proseslərin
fonunda nəzər saldıqda lider amilinin həlledici rola malik
olduğu aydın görünür. Daha dəqiq
desək, ölkəsinin sahib olduğu resurslar və mexanizmləri
milli məqsədlərə yönəldən, xalqı
arxasınca aparan, dövlətinin tarixin siyasi səhnəsində
özünəməxsus yer tutmasını təmin edən
liderlər həm tarixi şəxsiyyətlər, həm də
tarix yaradan şəxsiyyətlər kimi yaddaşlara əbədi
həkk olunurlar. Şübhəsiz ki, hər bir xalq öz
tarixi şəxsiyyətləri ilə fəxr edir, onların
yaratdığı irsə bütün dövrlərdə
böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər
zaman tarixi şəxsiyyətləri ilə fəxr
etmişdir. Müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqının və dövlətinin
müstəqilliyi, inkişafı naminə böyük xidmətlər
göstərmiş Ümummilli Lider Heydər Əliyev hər
zaman fəxr edəcəyimiz, qürur hissi ilə
xatırlayacağımız dahi şəxsiyyət və böyük
dövlət xadimidir. Ulu Öndər Heydər
Əliyev tarixi prosesə təsir göstərməyə qadir
şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi
üçün misilsiz işlər görmüşdür.
Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin taleyüklü problemlərini
həll edən tarixi şəxsiyyət olmaqla
yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
Ulu Öndərin milli və dövlətçilik
maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində dərin iz buraxaraq əsl dövlət
idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən,
Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin
inkişafı, xalqımızın rifahı naminə
faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında
tərəqqi yolunda əmin addımlarla irəliləyərək
yeni zirvələr fəth edəcək. Yəni əminliklə
söyləmək olar ki, Heydər Əliyev irsi gələcək
nəsillər üçün də zəngin xəzinə
olacaq.
Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir
ki, O, özü bir tarix, salnamə yaratmış, zamanın
axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Azərbaycanın
müstəqil dövlət kimi mövcudluğunun qorunub
saxlanması, inkişafı, ölkəmizdə sabitlik və
həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Öz xalqı və dövləti
qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin
şanlı səhifələrini təşkil etməkdədir.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həyat
amalı, zaman və məkan anlayışına
sığmayan siyasi fəaliyyətinin əsas məqsədi
azad və müstəqil dövlət qurmaq idi.
Ümummilli Liderimiz Azərbaycanı özünə güvənən
qüdrətli bir ölkəyə çevirmək istəyirdi.
Bu yolda qəti addımlar atır, əməli işlər
görür, Azərbaycanın etibarlı, sağlam gələcəyini
qururdu. Xalq Onu sevir, parlaq zəkasını qiymətləndirir
və öz liderinə, Onun yeritdiyi siyasi kursa inanaraq
ardınca gedirdi. Azərbaycanın dövlət
müstəqilliyinin bərpası ərəfəsində gedən
proseslərdə Heydər Əliyev tarixi şəxsiyyət,
lider olaraq Azərbaycan xalqının taleyinə təsir
göstərən əhəmiyyətli addımlar atdı.
1993-cü ilin yayında Azərbaycan olduqca mürəkkəb
şəraitdə olduğu zaman xalqın təkidlə
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıtmasını tələb etməsi heç də təsadüfi
deyildi.
Həmin il iyunun 15-də müdrik siyasətçinin,
təcrübəli dövlət xadiminin hakimiyyətə
tarixi qayıdışı ilə Azərbaycan tarixinin yeni, əzəmətli
mərhələsinə qədəm qoydu. Bu
qayıdış ilə ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində
dönüş yarandı, elmi əsaslara uyğun şəkildə
müstəqil dövlət quruculuğu prosesi başlandı.
Ulu Öndər Heydər Əliyev tarixə müasir müstəqil
Azərbaycanın memarı olaraq düşdü. Ümummilli
Liderin hakimiyyətə gəlişi
ölkəmizi yalnız iqtisadi cəhətdən irəli
aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi
aləmində, psixoloji durumunda, milli şüurunda
böyük təkamülün, dəyişikliyin
yaranmasına gətirib çıxardı. Yəni Ulu Öndərin
Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, sosial, mənəvi, psixoloji, ideoloji əhəmiyyəti
var idi. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik
təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü
və uzaqgörən siyasəti nəticəsində
respublikamız hərtərəfli və dinamik inkişaf
yoluna qədəm qoydu. Heydər Əliyev
Özünün gərgin əməyi, uğurlu daxili və
xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi
inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın,
milli-mənəvi dəyərlərə qayıdışın,
bu dəyərlərin qorunması və təbliğ edilməsinin
rəhninə çevrildi. Biz Ümummilli
Liderin müstəqillik dövründə, yəni
1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi
dönəmində ölkəmizin keçdiyi inkişaf
yoluna, qazanılan nailiyyətlərə nəzər
saldıqda görürük ki, Azərbaycan, sözün əsl
mənasında, sabitlik adası kimi çox mühüm
zirvələr fəth edib, beynəlxalq münasibətlər
sistemində söz və nüfuz sahibinə çevrilib.
Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan
1993-cü ildən bu günə qədər inkişaf yolunda
inamla irəliləyir, qazanılan möhtəşəm
uğurlar ölkəmizin qüdrətinin daha da
artmasını təmin edir.
- Yeri gəlmişkən, Ulu
Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin
qorunması və təbliği, eyni zamanda, ölkəmizdə
din-dövlət münasibətlərinin tənizimlənməsi
istiqamətində həyata keçirdiyi işlərin əhəmiyyəti
nədən ibarətdir?
- Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın
özünəməxsus dövlət-din münasibətləri
modelinin formalaşdırılmasında, eləcə də
milli-mənəvi dəyərlərin qorunub
saxlanılmasında xidmətləri əvəzsizdir. Daha dəqiq desək, Ulu Öndər Heydər
Əliyev milli və dini dəyərlərimizin qorunmasında,
İslam dininə ehtiram göstərilməsində,
xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində,
eləcə də ölkədə vicdan
azadlığının bərqərar edilməsində,
tolerant və multikultural ənənələrimizin təbliğində
və təşviqində əməli fəaliyyəti ilə
misilsiz rol oynayıb. “Biz azərbaycanlılar öz tariximizlə,
milli-mənəvi dəyərlərimizlə fəxr edirik,
öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı
bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir.
Bunlara görə də biz islam dininə, islam mədəniyyətinə
mənsub olmağımızla da fəxr edirik”, - deyən Ulu
Öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə
zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi,
adət-ənənələrimizi yaşatmaq, ana dilimizi
inkişaf etdirmək üçün çox
mühüm tədbirlər həyata keçirib. Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışı ilə
gənc dövlətin siyasi və iqtisadi əsasları
yaradıldı, eyni zamanda, Azərbaycan xalqının milli-mənəvi
irsini ehtiva edən ideya - azərbaycançılıq
ideologiyası təşəkkül tapdı. Məhz Ulu
Öndərin həyata keçirdiyi milli siyasətin
sayəsində xalqın keçmişinə, milli adət-ənənələrinə,
dininə dövlət səviyyəsində qayğı
göstərilməyə başlanıldı, milli-mənəvi
dəyərlərə münasibət əsaslı dərəcədə
dəyişdi, bu dəyişikliyin fonunda ölkədə
etiqad, inanc azadlığı bərqərar oldu. Vətəndaşların
vicdan azadlığı Heydər Əliyevin müəllifi
olduğu Konstitusiyamızın 48-ci maddəsində öz əksini
tapdı.
Azərbaycan tarixən
tolerantlıq, dini dözümlülük ənənələri
ilə fərqlənsə də, beynəlxalq standartlara cavab
verən dövlət-din münasibətləri, tolerantlıq
prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin
xidmətləri sayəsində bərqərar olub. Ulu Öndərin həyata keçirdiyi
ardıcıl və məqsədyönlü siyasət nəticəsində
Azərbaycan Respublikasında insan hüquqlarının
qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq
normalarına uyğunlaşdırılıb, dövlət-din
münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə
bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət
gücləndirilib, konfessiyalar arasında dözumlülük
mühiti yaxşılaşdırılıb, eləcə də
dini-tarixi abidələrimizin tikintisi, bərpası və
qorunması istiqamətində mühüm tədbirlərin həyata
keçirilməsinə başlanılıb. Ulu Öndər
Heydər Əliyev Azərbaycanda hakimiyyətə
qayıtdıqdan sonra ölkədə iqtisadi çətinliklərin
mövcud olmasına baxmayaraq, Bibiheybət, Təzə Pir məscidlərinin
təmir və bərpasına xüsusi diqqət göstərdi.
Bununla yanaşı, Ulu Öndər 2001-ci il
iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin yaradılması barədə Fərman
imzaladı və Dövlət Komitəsinin
qarşısına Azərbaycan Respublikası
Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi
üçün müvafiq şəraitin yaradılması,
dini etiqad azadlığı ilə bağlı qanunvericilik
aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi,
dini qurumların dövlət qeydiyyatına alınması, zərərli
təriqətlərin fəaliyyətinə son qoyulması və
digər vəzifələr qoydu. Bu, dövlət-din
münasibətlərinin tənzimlənməsi
baxımından olduqca mühüm əhəmiyyətə
malik idi. Bir sözlə, Azərbaycanda dövlət-din
münasibətlərinin əsası Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulub.
- Mübariz müəllim, Siz Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq
ideologiyasına toxundunuz. Milli həmrəylik və
bütövlüyü təmin edən universal ideoloji formul
olan azərbaycançılığın tolerant və
multikultural dəyərlərin qorunub saxlanmasında rolunu necə
xarakterizə etmək olar?
- Əvvəla qeyd edim ki, azərbaycançılıq
məfkurəsi cəmiyyətdə sabitlik, əmin-amanlığı
təmin edərək dövlətçiliyin stabil əsaslar
üzərində tərəqqisinə geniş üfüqlər
açmaqla yanaşı, öz humanist və bəşəri
mahiyyəti ilə fərqlənir. Burada həm də
ayrı-ayrı din, dil və mədəniyyət
daşıyıcılarına nəinki toxunulmazlıq
hüququ verilir, hətta azlıq və çoxluq təşkil
etməsindən asılı olmayaraq bərabər miqyasda
hörmət, ehtiram göstərilir. Bu gün
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu
azərbaycançılıq məfkurəsi multikultural
münasibətlərin hakim olduğu Azərbaycan cəmiyyətində
və ictimai-siyasi münasibətlərin qeyri-müəyyənliyi
ilə diqqəti cəlb edən beynəlxalq aləmdə
öz orijinallığı ilə seçilir. Hər iki məfhum bir-biri ilə üzvi vəhdət
təşkil edən ideologiya və həyat norması kimi
ölkədaxili ictimai-siyasi və sosial-mədəni
münasibətlərin tənzimləyicisi, hərəkətverici
qüvvəsi qismində çıxış edir, Qərblə
Şərqin qovşağında qərar tutmuş Azərbaycanın
altruist düşüncədən qaynaqlanan, bəşəri
dəyərlərə ciddi önəm verən, mənəviyyatı
və humanist prinsipləri bütün maraqların
fövqündə saxlayan mövqeyində öz aydın ifadəsini
tapmışdır.
Günümüzdə etnokonfessional zənginliyi
özündə yaşadan və birləşdirən ideoloji
baxışlar sistemi kimi azərbaycançılıq məfkurəsi
müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil
edir. Təsadüfi deyil ki, Ulu Öndər siyasi hakimiyyətə
qayıdışının ilk günündə etdiyi
çıxışda azərbaycançılığı
dövlət idarəçiliyi fəlsəfəsində əsas
tezis kimi irəli sürmüşdür: “Azərbaycan
Respublikasının ərazisində olan hər bir vətəndaş
milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər
biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli
surətdə həyata keçirə bilsək, biz Azərbaycan
Respublikasında olan bütün xalqların, bütün millətlərin
tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas
vəzifələrimizdən biridir”.
Azərbaycançılıq milli
ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin,
ənənələrin, konfessiyaların üzvi surətdə
birliyini təcəssüm etdirir. O, milli
maraqları ifadə edən güclü dövlət hakimiyyətinə
və yüksək milli intizama, formalaşan milli
özünüdərkə əsaslanır, ən müxtəlif
sosial təbəqələrdə anlaşma axtarır, millətin
və dövlətin öz potensialından irəli gələn
daimi islahatçılığı təbliğ edir. Bu gün azərbaycançılıq milli həyatın,
konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi,
ölkədə yaşayan bütün millət və etnik
qrupların qardaşlığının,
qarşılıqlı əlaqə və
qarşılıqlı təsirinin tarixi, onların ümumi
taleyi və müstəqil Azərbaycanın
bütövlüyü uğrunda birgə mübarizələrinin
tarixi təcrübəsidir. Beləliklə, azərbaycançılıq
ideologiyası etnik yox, siyasi və vətəndaşlıq
xarakteri daşıyır, yalnız müstəqil Azərbaycanın
vətəndaşlarına münasibətdə deyil, Azərbaycanın
müstəqil dövlətçilik ideyasını
üstün tutanlara münasibətdə də birləşdirici
funksiyasını yerinə yetirir. Bir sözlə, azərbaycançılıq
ideologiyası ilə multikulturalizm ideyası bir-birini
tamamlayır.
- Xalqımızın zəngin milli-mənəvi
dəyərlərinin qorunması istiqamətində
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycan dünyada
multikulturalizm mərkəzlərindən biri və
tolerantlıq nümunəsi kimi tanınır, ölkəmizdə
müxtəlif dinlərin və xalqların nümayəndələri
sülh, əmin-amanlıq və mehribanlıq şəraitində
yaşayırlar. Bu barədə fikirlərinizi bildirməyinizi
xahiş edirik.
- Bu gün müstəqil Azərbaycan Ulu
Öndər Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Yəni Heydər Əliyev siyasəti bu gün
də Azərbaycanın hərtərəfli inkişafına
xidmət etməkdədir. Dövlətimizin hazırkı
parlaq və möhtəşəm nailiyyətlərinin əsasını
Ümummilli Liderin ideyaları təşkil edir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və
müasir qlobal çağırışlara uyğun həyata
keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsi
kimi, Azərbaycan dünyada güclü, nüfuzlu dövlət,
sabitlik adası və dinamik inkişafa malik olan ölkə
kimi tanınır, qazanılan möhtəşəm
nailiyyətlər ölkəmiz qarşısında yeni
perspektivlər açır. Yüksək beynəlxalq
nüfuza, müsbət reputasiyaya malik olan Azərbaycan təkcə
iqtisadi inkişaf modeli ilə deyil, həm də özündə
milli və ümumbəşəri dəyərləri ehtiva edən
zəngin mədəniyyəti ilə diqqəti cəlb edir,
dünyada multikulturalizmin ünvanlarından biri, tolerantlıq
örnəyi kimi tanınır. Başqa sözlə, Azərbaycan
dünyaya milli inkişaf modeli ilə yanaşı,
tolerantlıq və multikulturalizmin təşviqi, təbliği
istiqamətində mütərəqqi nümunə təqdim
edib.
Son illər bütün
dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən
münaqişələrin, vətəndaş müharibələrinin
fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm
də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin
sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər
çəkdiyi, uğursuzluqlar yaşadığı ali
dəyərlərin - tolerant və multikultural ənənələrin
beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni
qoruyub saxlayan, gələcək nəsillərə
ötürən dövlət-din modeli var. O
model ki, dünyada tədqiq edilir, öyrənilir və tətbiqinin
əhəmiyyəti hər kürsüdə qətiyyətlə
vurğulanır. Ümumiyyətlə, əsrlər boyunca Azərbaycan
müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin
sülh və əmin-amanlıq şəraitində
yaşadığı yer olub. Biz bu gün də bu
reallığın şahidi oluruq. Şamaxı şəhərində
yerləşən, 743-cü ildə tikilmiş məscid
müsəlman aləminin ən qədim məscidlərindən
biridir. Azərbaycanın digər qədim şəhəri
olan Şəki şəhərinin yaxınlığında
Qafqazın ən qədim kilsələrindən biri olan
Kiş kilsəsi - Müqəddəs Yelisey kilsəsi yerləşir.
Adlarını çəkdiyimiz hər iki məbəd
dövlət tərəfindən əsaslı şəkildə
təmir, bərpa edilib və qorunur. Bakıda qədim atəşpərəstlik
məbədi olan Atəşgahın yerləşməsi isə
Azərbaycanda Zərdüştlük dininin ənənələrinin
olduğunu göstərir. Bütün bunlar Azərbaycanın
qədim dövrdən bu günə qədər multikultural
mühitə və dəyərlərə malik olduğunu,
tolerantlıq ənənələrini
yaşatdığını bir daha ortaya qoyur. Təsadüfi
deyil ki, bu gün heç kim, hətta bizə ikili standartlar
prizmasından yanaşmağı ənənəyə
çevirmiş müəyyən dairələr də Azərbaycanda
multikultural mühitin mövcudluğunu inkar edə bilmirlər,
ölkəmizin tolerantlıq nümunəsi olduğunu diqqətə
çatdırırlar.
Bunlarla yanaşı, bu gün Prezident İlham
Əliyev milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılmasını, təbliğ və təşviq edilməsini
daim diqqət mərkəzində saxlayır. Mənəvi Dəyərlərin
Təbliği Fondunun təsis edilməsi dövlət
başçısının milli-mənəvi dəyərlər
sahəsinə göstərdiyi diqqət və
qayğının daha bir ifadəsidir. Qloballaşma prosesinin gətirdiyi
bir sıra tendensiyaların müasir cəmiyyətlərə
intensiv təsir göstərdiyi hazırkı şəraitdə
xalqların milli xüsusiyyətlərinin, mədəniyyətinin,
milli özünəməxsusluğunun qorunub
saxlanılması vacib əhəmiyyətə malikdir. Bu baxımdan, Mənəvi Dəyərlərin Təbliği
Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və
gələcək nəslə çatdırılması
istiqamətində gördüyü işlər, həyata
keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər
də bu kontekstdə xüsusi önəm kəsb edir.
Dünyada multikulturalizm mərkəzlərindən
biri kimi tanınan Azərbaycan həmçinin beynəlxalq
dialoq və əməkdaşlıq məkanı olaraq qlobal əhəmiyyətli
nüfuzlu tədbirlərə uğurla ev sahibliyi edir,
sivilizasiyalararası dialoqun intensiv və faydalı xarakter
daşımasına fundamental töhfələr verir. 2008-ci
ildən Azərbaycan Prezidenti İlham
Əliyevin təşəbbüsü ilə həyata
keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif
qitələrdə yaşayan fərqli etnik, mədəni, dini
və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və
qruplar arasında qarşılıqlı anlayış çərçivəsində
səmimiyyət və hörmətə əsaslanan fikir
mübadiləsi üçün müsbət platforma yarada
bilib. Son olaraq cari ilin 2-3 may tarixlərində
paytaxt Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və
zorakı münaqişəyə qarşı fəaliyyət
naminə dialoq quraq” şüarı altında V
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun keçirilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı,
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı,
Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı
ilə keçirilib, tədbirdə 100-dən çox ölkənin
və 30-dan çox beynəlxalq təşkilatın yüksək
səviyyəli rəsmiləri iştirak ediblər. Bütövlükdə, belə tədbirlər bəşəriyyət
üçün aktual məsələlərin həlli
yollarının müzakirə platforması kimi mühüm əhəmiyyətə
malikdir, dünyaya mütərəqqi nümunə təqdim edən
Azərbaycanın dinlər və mədəniyyətlərarası
dialoqa mühüm töhfələr verdiyini göstərir.
Üç nöqtə.-
2019.- 11 may.- S.8-9.