“İnstituta daxil olanda
atam dedi, afərin, elə bilirdim, sən çoban olacaqsan”
Novruz Qartal(Əliyev): “Mənə ilk xeyir-duanı
böyük sənətkar Lütfəli Abdullayev verdi”
Ömrünün 50 ildən çoxunu teatra,
aktyorluğa həsr edib. Deyir ki, gənclik illərində Nəsibə
xanım Abdullayeva, Lütfəli Abdullayev kimi qocaman aktyorlarla
eyni səhnəni paylaşıb. Yarım əsrdən
çox fəaliyyəti dövründə irili-xırdalı
rollar oynayıb. Onu daha çox “Hicran”
tamaşasındakı Balaəmi rolu ilə
tanıyırıq. Müsahibimiz Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının aktyoru, prezident
mükafatçısı, əməkdar artist Novruz
(Əliyev) Qartaldır.
“Çox
dəcəl uşaq olmuşam, dərsi pozmaq üçün
hər şey edirdim”
Müsahibimiz
1947-ci il mart ayının 3-də Qərbi
Azərbaycanda anadan olub. Deyir ki, orta məktəbi də elə
Qaraqışlaq kəndində oxuyub: “Düzünü desəm,
məktəbdə yaxşı oxuyan uşaq olmamışam
(gülür). Məni məktəbə güclə
aparırdılar. Bizim məktəbdə
Vaqif adında oğlan vardı, çox yaxşı oxuyurdu.
Rəhmətlik atam oxumağa qəzet verirdi.
İki kəlməni hecalaya-hecalaya oxuya bilmirdim,
çox çətinlik çəkirdim. Amma
Vaqif əzbərdən su kimi oxuyurdu. Atam deyirdi ki, səndən
adam olmayacaq, çoban olacaqsan. Çox dəcəl uşaq olmuşam,
hazırlıqlı olmayanda dərsi pozmaq üçün hər
şey edirdim. Bir dəfə qış
vaxtı idi, məktəbdə o vaxtı odun sobası
yandırırdıq. Dərsi bilmədiyimə
görə bir qədər parça götürüb altdan
turbanın ağzına basdım. Tüstü
içəri doldu və dərs olmadı. Sonradan bunu mənim etdiyimi bildilər və cəzamı
verdilər”.
“Gənc
yaşımda qocaman aktyorlarla eyni səhnəni
paylaşırdım”
Teatra, aktyorluğa uşaq yaşlarından həvəsinin
olduğunu deyən aktyorun sözlərinə görə, o
vaxtı kəndlərində dram dərnəyi olub. Bu dərnəyə məktəbin
müəllimi Faiq Babayev və əməkdar rəssam Cabbar
Quliyev rəhbərlik edirdi: “Məmmədəli müəllimin
təşkil etdiyi proqrama yazılmışdım. Fəal idik, kəndlərə gedirdik, mahnı
oxuyurduq, yumorlar danışırdıq, rəqslər edirdik.
Burda ilk rolum “Vaqif” dramında Vəzir obrazı
olub. Məni həvəsləndirdilər
ki, sənədlərini Teatr İnstitutuna ver, səndən
yaxşı aktyor olar. 1964-vü ildə
Bakıya gəldim, Qara Şəhərdə (indiki Ağ
Şəhər) Texniki Təchizat İdarəsində fəhlə
işləməyə başladım. Burda işləyə-işləyə
sənədlərini Mirzəağa Əliyev adına
Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə
verdim. Elə həmin ildə Adil İsgəndərovun
sinfinə qəbul oldum. İnstituta daxil
olandan sonra Müəllimlər Evinin dram dərnəyinə
getməyə başladım. Oradakı ilk
rolum isə “Bəxtsiz Cavan” tamaşasında Mirzə Qoşunəli
obrazı olub. Bundan bir il sonra Azərbaycan
Dövlət Musiqili Komediya Teatrına gözətçi vəzifəsinə
düzəldim. Orda özümü yaxşı
apardığıma görə direktor Şəmsi Bədəlbəyli
və gözəl bəstəkarımız Seymur Ələkbərov
məni bəyəndi və rejissor müavini olaraq işə
götürdülər. Daha sonra isə
Şəmsi Bədəlbəylinin assistenti oldum. Teatrda artıq balaca rollar oynamağa başladım.
Korifey sənətkarlarımız Lütfiəli
Abdullayev, Nəsibə xanım Zeynalova, İmamverdi
Bağırov və bütün qocaman aktyorlarla eyni səhnəni
paylaşırdım. Ona görə tələbəlik
illərim yaxşı keçib, o qədər çətinliyim
olmayıb. Çünki teatrda işləyirdim, maddi
durumum da yaxşı idi, maaş da
alırdım.
“Nəsibə
Zeynalova mənəvi anam olub”
Deyir ki, gənclik
illəri Nəsibə Xanımın evində keçib, onun
evində boya-başa çatıb: “O, həqiqi mənada mənəvi
anam olub. Yayda hər zaman onun bağında
olardıq, hara getsəydi oğlu Cahangirlə məni kənarda
qoymazdı, ikimizi də aparardı. Həmişə
mənə deyirdi ki, böyük oğlum sən, kiçik
oğlum isə Cahangirdir. Teatrın
yaxınlığında olurdu, zəng vururdu ki, Novruz,
aclığın varsa qalx yuxarı, gəl Cahangirlə yemək
ye. O vaxtkı tamaşalar axşam saat 8-də
başlayırdı, üç pərdəli olurdu, gecə
saat 12-yə qədər davam edirdi. Tamaşa bitəndən
sonra gecə Nəsibə xanımla bulvara gedirdik. Nəsibə xanımın həyat yoldaşı
Mütəllim müəllim, oğlu Cahangir arxamızca gəlirdilər.
Ağacların arasından gizlincə gəlib
bizi qartopuna tutublar. Saatlarla qartopu
oynayırdıq. Evə gəlib yemək
yeyirdik, sonra evə getməyə qoymurdu. Deyirdi
ki, elə burda yat qal”.
“Məni
o qədər təriflədirlər ki, özümün
özümə inanmağım gəlmədi”
1974-cü
ildə Qərbi Azərbaycanda səfərdə olduğunu
bildirən aktyor deyir ki, oxuduğu kənddə onun
iştirakı ilə konsert olub və burda ona aid çox
gözəl bir guşə düzəldiblər: “Mənimlə
görüş keçirildi, sənət dostlarım da orda
idi. Məktəbimizin fəxri, əlaçısı və
s. kimi tərifəlayiq sözlər yazmışdılar. Məni o qədər
təriflədilər ki, özümün özümə
inanmağım gəlmədi. Dedim, bu əlaçı
mənəm görəsən? Zarafata salıb dedim ki, əşi
mən hardan əlaçı olmuşam? Direktorumuz
dəcəlliklərimə görə məni axurda
saxlamırdı? Bu sözümdən sonra insanlar
hamısı necə güldü... (Gülürük).
Uşaq vaxtı zəif oxusam da, indi əsəri
oxuyuram və bir neçə saniyədən sonra o, artıq
beynimə işləyir və hafizəmə yazılır.
Ona görə mən instituta daxil olanda atam dedi, afərin, elə
bilirdim, sən çoban olacaqsan. Onu da deyim ki, yaxşı
oxuyan Vaqif instituta da daxil ola bilmədi”.
Ömrünün
50 ildən çoxunu teatra həsr etsə də, hələ
də evi yoxdur...
Hərbi
xidmət illərinin çətin keçdiyini bildirən əməkdar
artist deyir ki, 1971-ci ildə institutu bitirib Belarusa hərbi xidmətə
yola düşüb: “Orda hava çox soyuq idi, ayaqlarımda
revmatizma olduğu üçün mənə çətin
oldu. Bir müddət müalicə aldım.
Sonra yanacaqdoldurma məntəqəsində
işə düzəldim. Bundan sonra
meşənin içində, iki dağın arasında
gözətçi qoydular. Gözətçi
tutluğunu əynimə geyindirib, əlimə də avtomat
verdilər. Günlərin birində yuxu
tutub yatmışam, bu zaman da komandir yoxlamağa gəlib, əlimdən
avtomatı götürüb, məni oyatdı. Bundan sonra məni ordan gətirdilər. Sənədimdə aktyor yazılmışdı deyə,
bir dəfə tədbir olanda dedilər ki, gör səhnə
üçün nə hazırlaya bilirsən. “O
olmasın, bu olsun” tamaşasından Sərvərin gəlin gələn
hissəsini hazırladım. Bundan sonra orda
hörmətim qalxdı və məni kluba direktor qoydular.
Rəşid Behbudov, Müslüm Moqamayev, Polad
Bülbüloğlundan və s. ifalar edirdim. Əsgərlikdən
qayıdandan sonra yenə öz teatrımıza dəvət
olundum. O vaxtdan bu günə kimi - 50 ildən çoxdur
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
çalışıram. Amma hələ də
mənim evim yoxdur, cənab prezidentimizin məni evlə təmin
edəcəyinə inanıram. Heç
vaxt boş dayanmamışam, indi də tədbirlərə
qatılıram, cəmiyyət həyatında fəal
iştirak edirəm. On ilə
yaxındır ki, ulu öndərimizin adını
daşıyan təşkilat yaratmışam”.
“O vaxtdan
“Qoşun” mənim boynumda qaldı”
Aktyor
teatrda ilk dəfə səhnəyə gəlişindən
söhbət açdı: “Teatrda ilk dəfə səhnəyə
Ağası Məşədibəyov və Məhərrəm
Əlizadənin “Toy kimindir?” komediyasında Qoşun obrazı
ilə gəlmişəm. O vaxtı hansı rolu
xoşlayırdıqsa, xəlvəti hazırlayırdıq. Nəsibə xanımın oğlu Cahangir Novruzovla
rolumuzu hazırlayıb Lütfəli müəllimə
göstərdik, çox xoşu gəldi. Dedi ki, hara
konsertə getsək, elə bu rolu siz oynayarsınız. O
vaxtdan da “Qoşun” mənim boynumda qaldı. Bu gün o rolu bir az müasirləşdirərək
repertuarımda saxlayıram. O vaxtı mənə ilk
xeyir-duanı Lütfəli müəllim verdi.
O vaxtdan bu günə kimi o teatrda yaşa doldum. Qoca
demirəm haa (gülür), hələ ki “canım suludur”, səhnədəyəm.
İrili-xırdalı rollar oynamışam, bu gün də
gündəmdəyəm, xalq tərəfindən sevilirəm.
Özümün müstəqil
qırmızı afişam oldu. Bu afişa
ilə Azərbaycanın bütün bölgələrini
qarış-qarış gəzmişəm, on günlərlə
səfərlərdə olmuşam. Azərbaycanın
elə bir bölgəsi yoxdur ki, orda olmayım. Cəbhə
bölgələrində, N hərbi hissələrdə,
hospitallarda, qocalar və əlillər evlərində, internat
məktəblərində, Neft daşlarında və s. hər
yerdə olmuşam. İndi həmin insanlar məni
görəndə deyirlər ki, “Novruz müəllim,
yaxşı ki sizlər varsınız, sizə baxa-baxa bu
günə gəlib çatmışıq, sizin o
tamaşaların biletlərini sataraq institut oxumuşuq, təhsil
almışıq”. Bundan gözəl nə ola bilər”.
“Sonradan
onlar Qartalı dəyişmək istəyəndə mən dəyişmədim”
O
vaxtı “Gülüş səninləsə yüz il
yaşarsan” adlı konsert proqramı hazırlayan aktyor
bütün bölgələri gəzirmiş:
“Qırmızı afişa vardı, hər yerə gedirdik.
Gürcüstanda olanda aktyorlar aralarında deyirdilər ki,
Novruz lap qartal kimidir. Eyni zamanda bir neçə
işi görürdüm. Sonra yeni proqram
hazırlamaq üçün Bakıya gəldik. Teatra gələndə gördüm ki, afişa
vurulub və yazılıb ki, Novruz Qartalın iştirakı
ilə “Gülüş səninləsə yüz il
yaşarsan”. Altdan da bütün
aktyorların adı yazılıb. Getdim Elxanın
yanına dedim, “Elxan, bəs mənim adım niyə yoxdur? Novruz Qartal kimdir? İrandan gəlib?”
Elxan da Gürcüstan ləhcəsi ilə
danışmağa başladı ki, “Ə, qıvlasız,
hancari, bilmersənmi? Ayə, sənsən dana”.
Buna görə çox əsəbiləşdim.
Dedim ki, soyadım Əliyevdir, məni “Hicran” tamaşası ilə
tanıyırlar. Siz niyə aləmi
qarışdırırsınız axı? Bu söhbətdən sonra bir həftə teatra gəlmədim.
Sonra Hacıbaba Bağırov arxamca adam
göndərmişdi. Gələndə
dedim afişanı dəyişin. Dedi, “ölsən də dəyişmərəm,
Gürcüstanda demədilər ki, qartalsan? Elə
bununla da gedəcəksən”.
Beləcə, Novruz Əliyev oldu, Novruz
Qartal. Bunu hansı məqsədlə etdiklərini
bilmirəm. Amma Allaha qurban olum, Azərbaycan
xalqı məni Novruz Qartal kimi də, Novruz Əliyev kimi də
sevdi. Sonradan onlar Qartalı dəyişmək
istəyəndə mən dəyişmədim”.
“Nəsibə
xanımı o qədər sevirmiş ki, başqasının
balını ona verib”
N.Qartal Nəsibə
xanımla keçmiş xatirələrindən çox
böyük həvəs və maraqla bəhs edir və deyir
ki, Nəsibə xanım qonaq evində qalırdı: “Cahangirlə
mən gedib orda yemək yeyirdik. Mərkəzi
Komitədən bir nəfər var idi, o da orda
yaşayırdı. Bir gün qapı
döyülüb, Nəsibə xanım gedib qapını
açıb və görüb ki, əlində bağlama olan
bir qadındır. Həmin qadın Nəsibə
xanımı görəndə şoka düşüb. Nəsibə xanım da qadından əlindəkinin
nə olduğunu soruşanda deyib ki, bunu sənə gətirmişəm.
Nəsibə xanımı o qədər sevirmiş ki,
başqasına gətirdiyi bir banka təmiz
balı ona verib gedib. Nəsibə xanım gətirdi,
səhər yeməyində qəşəngcə yedik. Üstündən bir-iki gün keçəndən
sonra gördük ki, Mərkəzi Komitədəki adamın
gözü elə yoldadır. Nəsibə
xanım soruşdu ki, nə gözləyirsən? Dedi ki,
Nəsibə xanım bir nəfərdən təmiz bal istəmişəm, amma səsi-küyü
çıxmır. Nəsibə xanım dedi: onu mənə gətirib
verdilər, uşaqlarla yedik. Həmin adam
bu sözə xeyli güldü. Bankanın içində bir az qalmışdı, Nəsibə xanım onu
balaca bankaya boşaldıb verdi. Yazıq balı
götürüb getdi”.
Könül Oruc
Üç nöqtə.-
2019.- 11 may.- S.12