"Jurnalistika mənə həm də ailə
qazandırdı Nəcibə Mirzəyeva:
"Jurnalistikaya olan sevgimdən aclıq elan etmişdim"
Jurnalistikaya həvəsi uşaq yaşlarından olub. Evlərindəki
suqızdıranı mikrofon əvəzi istifadə edir,
müsahibələr götürürmüş. Orta məktəb yaşlarından rayon qəzetinə
yazılarını verib. Deyir ki, valideynləri
onun jurnalistikaya gəlməsinə nə qədər
narazı olsalar da, o, öz fikrindən dönməyib. Hətta evdə ac qalıb, amma seçimindən
imtina edib. Və nəhayət öz istəyinə
çataraq Bakı Dövlət Universitetinin “Jurnalistika”
fakültəsinə qəbul olub.
“Jurnalistlərlə söhbət” rubrikasının
qonağı Azərbaycan Dövlət Memarlıq və
İnşaat Universitetinin Mətbuat və İnformasiya
Şöbəsinin rəhbəri Nəcibə Mirzəyevadır.
- Peşəyə
gəliş hər kəsdə fərqli olur. Kimi
arzusu ilə, kimi isə valideynlərinin istəyi ilə
seçim edir. Bəs siz ixtisas seçərkən
nəyə üstünlük verdiniz?
- Orta məktəbin
aşağı siniflərindən jurnalistikaya böyük
marağım və həvəsim olub. AzTv-də
daha çox xəbər proqramlarında mikrofonla müsahibə
götürən jurnalistlərə həsəd
aparırdım. Evimizdə mikrofona
oxşayan elektrik suqızdıran var idi. Valideynlərimdən,
evə gələn qonaqlardan “suqızdıran mikrafonumu”
götürüb müsahibə alırdım. Artıq evdə valideynlərim, yaxınlar,
qonşular bilirdilər ki, jurnalist olmaq istəyirəm.
Bir müddət sonra müəllimlərim də jurnalistikaya
marağımın olduğunu hiss etdilər. Ədəbiyyat
müəllimim Elmira xanım həmişə
yazdığım inşaları tərifləyir,
uşaqlardan fərqli yazdığımı, jurnalist kimi fərdi
yanaşmam olduğunu deyirdi. Bu dəstək
məni ruhlandırırdı. Səkkizinci
sinifdə oxuyanda sinfimizə anası rayon qəzetində
işləyən Vəfa adlı bir qız gəldi. Mənim jurnalistikaya marağımı bilirdi, həmişə
anasının işindən danışırdı, beləcə
dostlaşmışdıq. O vaxt rayon yerində qız
uşağının jurnalist olmasına birtəhər
baxırdılar, qız uşaqları üçün əsas
prestijli sənət müəllim və həkim idi. Valideynlərim də müəllim olduqları
üçün məni də bu sahəyə yönəltmək
istəyirdilər. Amma mən artıq
fikrimi tamamilə qətiləşdirmişdim, jurnalist olacam, vəssalam.
- Rəfiqənizin
anasının işlədiyi rayon qəzetinə getdikdən
sonra proseslər necə davam etdi?
- Rayonumuzda “Yüksəliş” adlı qəzet
çıxırdı, rəfiqəmin anası Sara xanım
da həmin qəzetdə jurnalist kimi
çalışırdı. Bir dəfə redaksiyaya getdik, tanış oldum və Sara xanım mənə
məqalə yazmaq üçün məsləhətlər,
müəyyən istiqamətlər verdi. Sonrakı
səfərimdə məktəbdə keçirilən Rus dili
gecəsindən yazı hazırlayıb apardım, oxudu və
bəyəndi. İlk məqaləm qəzetdə
dərc olundu. Səkkizinci sinifdən
başlayaraq rayon qəzetində yazılarım çap
olundu. Sonra öyrəndim ki, jurnalistika
fakültəsinə qəbul olunmaq üçün respublika
qəzetlərinə də məqalələr göndərmək
lazımdır. İlk belə yazım o
zamanlar Azərbaycan gənclərinin yeganə tribunası olan
“Azərbaycan gəncləri” qəzetində
çıxdı. Burda yazım çıxandan sonra evdə
gördülər ki, artıq qərarım qətidir, bir az söz-söhbətlər oldu, valideynlərim
“yox getmə, çətindir” - dedilər. Əslində
onlar haqlı idilər, o vaxt jurnalistikaya qəbul çox
çətin idi, müsabiqə yüksəkiydi, qəbulda
staj məsələsinə böyük əhəmiyyət
verirdilər. Amma mən inadkar idim, hətta
jurnalistikaya olan sevgimdən evdə aclıq elan etmişdim ki,
dediyimlə razılaşmalısınız. Valideynlərim başqa çıxış
yollarının olmadığını gördülər və
razılaşdılar. Beyləqan şəhər
1 saylı orta məktəbi gümüş medalla bitirdim.
O vaxtı məktəbi medalla bitirənlərə bir imtahanla
ali məktəbə qəbul olmaq
şansı verilirdi. Sənədlərimi o zamankı Kirov adına Azərbaycan Dövlət Universitetinə
verdim, imtahana qədər yazılı və şifahi
müsabiqələrdən keçdim, Bəxtiyar Vahabzadə,
Qulu Xəlilov kimi dahilərin qarşısında imtahan verdim.
Qulu Xəlilov dünyagörüşümü yoxlamaq
üçün 1-2 sual verdi və dedi ki,
bu qızdan jurnalist olar. Təbii ki, belə böyük
yazıçıdan bu sözləri eşitmək
böyük fəxr idi və bu xoş sözlər məni
bir az da ruhlandırırdı. Ədəbiyyatdan yazılı imtahan verdim, sərbəst
mövzuda xatırlayıram, çörəyə aid inşa
yazdım və ilk imtahandan “5” qiyməti alaraq Univeristetin
Jurnalistika fakültəsinə qəbul oldum.
-
Sevdiyiniz ixtisas üzrə təhsil almısınız. Necə keçib tələbəlik illəriniz?
- Tələbliyimiz
90-cı illərə təsadüf etdi. Bu elə
bir vaxt idi ki, Azərbaycanda ictimai-siyasi proseslər başqa
axında davam edirdi, Qarabağda, ətraf rayonlarda müharibə
gedirdi, meydan hadisələrinin ən qaynar vaxtlarıydı,
biz tələbələr tamam başqa ruhda
böyüyürdük. Dərslərimizin
ardıcıllığı pozulmuşdu, tələbələr
meydanlardaydı, döyüşə könüllü gedənlər
varıydı. Bu, bizim aktiv fəaliyyət
göstərməyimizə təsir edirdi, oxuya-oxuya qəzetlərə
yazılarımızı verirdik. Üçüncü
kursdan etibarən “Aydınlıq”, “Açıq söz”, “7
gün”, “Gənclik” jurnalının əlavəsi olan “P.S. Gənclik”
və s. qəzetlərdə yazılarım
çıxmışdı. Bir şeyi də
deyim ki, bizim fakültədə çox mehriban mühit
vardı, 1-ci kursdan 5-ci kursa qədər uşaqlar
hamısı bir-birini tanıyırdı. Böyük
qrupların bizə köməyi dəyirdi,
yazılarımızın qəzetlərdə
çıxmasında, radio- televiziyada verilişlərə cəlb
olunmağımızda bacardıqları köməyi göstərirdilər.
Onların sayəsində 3-cü kursda oxuyanda
Aztv-də “Xəbərlər” proqramında süjetim efirə
getdi, dövlət radiosunda Respublika proqramında verilişlərim
səsləndi.
- Bəs Universiteti bitirəndən sonra harda fəaliyyətə
başladınız?
-
Universitet illərində televiziya və radio ilə az da olsa, əməkdaşlıq etsəm də,
universiteti bitirdikdən sonra qəzetdə işləməyə
üstünlük verdim. İlk iş yerim “Ekspress” qəzeti
oldu. Tələbə yoldaşlarımdan - Vəfa
Allahverdiyeva, Səbinə Məmmədova, Qalib Sayılov, bu
gün tanınmış jurnalistlər – Taleh
Şahsuvarlı, Orxan Mansurzadə, Ülfət Əhmədova
və başqaları bu qəzetin ilk müxbirlərindən
olmuşuq. Tələbə yoldaşımız
Hüseyn Əzizoğlu orda baş redaktor idi, bizləri də
ora yığmışdı. Amma o vaxt elə
bir dönəm idi ki, maddi sıxıntılar var idi, bu səbələrdən
dolayı qəzetlərin fəaliyyəti çox qısa
müddətli olurdu. “Ekspress” qəzeti də
bu taleyi yaşadı. Qəzet bağlansa da, biz boş oturmurduq , başqa qəzetlərə gedirdik,
yazılar aparırdıq, o ərəfədə “Panorama”
adlı qəzet çıxırdı, orda bir neçə
yazım çıxdı, hətta qanorar da aldım. Bir dəfə bizdən bir kurs yuxarıda oxuyan tələbə
yoldaşımız Şahvələd Çobanoğlu ilə
təsadüfən metroda rastlaşdıq. Dedi ki, Azərbaycan
Demokrat Partiyasının orqanı olan “Hürriyyət” qəzeti
artıq müstəqil olacaq və mən rəhbərlik edəcəm.
İşləmək istəyərsiniz? Dedik, işləmək istəyirsiniz də
sözdür? Bu, bizim üçün lap
göydəndüşmə təklif oldu. Rəfiqəm Vəfa ilə birlikdə sevincək
ora getdik, fəaliyyətə başladıq. “Hürriyyət” qəzeti peşəkar jurnalist kimi
yetişməyimdə bir məktəb oldu,
sosialyönümlü sahə üzrə konkret olaraq
ixtisaslaşdım. Lalə Nuri, Faina Hənifəyeva,
Afaq Quliyeva Qalib İbrahimoğlu, Ləman Ələşrəfqızı
kimi tanınmış jurnalistlərlə bir yerdə işlədim.
Düzdür, onlar həmin dönəmlərdə
bugünkü qədər tanınmırdılar, zaman-zaman
onlar da püxtələşdi, bu məktəbdə
yetişdilər. Sonra “Azadlıq” qəzetində işlədim,
burda da yaxşı insanlarla rastlaşdım, Gündüz
Tahirli, Hikmət Sabiroğlu, Rövşən Hacıbəyli,
rəhmətlik Zöhrab Əmirxanlı ilə tanış
oldum, onlardan çox şey öyrəndim, çünki onlar
bizə düzgün yol göstərirdilər.
- Azərbaycan Memarlıq və İnşaat Universitetinə
gəlişiniz necə oldu?
-
2016-cı ildən burda fəaliyyət göstərirəm. Ona qədər Bakı Slavyan Universitetində “Azərbaycan
dili və Jurnalistika” fakültəsində müəllim kimi
çalışırdım. Sonra təsadüfən
burdan təklif gəldi, açığı, Slavyan
Universitetində işlər yaxşı getmirdi deyə, bu təkliflə
razılaşdım. BSU-da Jurnalistika
fakültəsində qabiliyyət imtahanıyla bağlı qəbul
planı dolmurdu, tələbə sayı çox azalmışdı,
hətta 2016-cı ildə 1-ci kursa tələbə qəbul
olmadı. Bu da təbii ki, dərs
yükümüzə təsir edirdi, belə bir vaxtda bu təklif
lap yerinə düşdü. Həm
işyeri baxımından, həm də yenə də doğma
işimlə məşğul olmaq baxımından.
Universitetin rektoru Gülçöhrə xanımla görüşdüm, iş təcrübəmə,
stajima baxdı və məni işə qəbul elədi.
BSU-da dərslərim qalırdı, lakin sonra rektorumuz sağ
olsun, fiziki baxımdan iki ayrı yerdə
çalışmağın çətinliyini nəzərə
alaraq mənə burda dərs də verdi. Hazırda Azərbaycan dili və pedaqogikası
kafedrasının müəllimiyəm, ixtisasıma uyğun gələn
“Azərbaycan dili və nitq mədəniyyəti” fənnindən
1 və 2-ci kurslarda dərs deyirəm.
-
Universitetdə gündəlik iş rejiminiz necədir?
- Səhər
saat 9-dan fəaliyyətə başlayırıq. Demək olar ki, işimiz qaynar olur. Yalnız imtahan sessiyasında dincələ bilirik
(Gülürük). Adətən, həmin ərəfələrdə
universitetdə tədbirlər çox az
olur, tələbələrin də başı imtahana
qarışır. Başqa vaxt
çalışırıq ki, bütün fakültələri,
şöbələri əhatə edək, universitetdə
keçirilən bütün tədbirləri
işıqlandıraq. Mütəmadi
konfranslar keçirilir, sərgilər açılır, tələbələrimiz
müsabiqələrdə çox iştirak edirlər,
görüşlər davamlı olur. Qonaqlarımız
da çox olur, Memarlıq fakültəsində xüsusilə
ustad dərsləri tez-tez keçirilir, xaricdən mütəxəssilər
gəlir. Bütün bunlar hamısı universitetin
PR-ı üçün çox vacibdir,
çalışırıq ki, hər hansı bir iş, tədbir
diqqətimizdən kənarda qalmasın, həm öz
saytımızda, həm də ölkə mediasında
işıqlansın. Ən gərgin iş rejimimiz universitetdə
beynəlxalq konfranslar keçiriləndə olur, çoxlu
qonaqlar gəlir, yazıları operativ hazırlamaq, saytlara və
qəzetlərə göndərmək, sonra onları izləmək,
sosial şəbəkələrdə paylaşmaq lazım gəlir.İş
vaxtımız saat 5-də bitsə də, həmin gün hətta
7-ə qədər işdə qaldığımız vaxtlar
olub. Düzdür, aktiv jurnalistika ilə müqayisədə
işimiz o qədər də çətin deyil, ən azı
oturaqdır, bir az rahatdır, amma məsuliyyət
hissi güclüdür. Bundan başqa
şöbəmizdə universitetin aylıq orqanı olan
“İnşaatçı kadrlar” adlı qəzeti
çıxır, onu da biz hazırlayırıq, universitetin
saytına qoyduğumuz xəbərləri genişləndirib məqalə
şəkilində qəzetə hazırlayırıq. Kiçik, həm də çox mehriban, səmimi bir
kollektivimiz var, qəzetimizin redaktoru, illərin jurnalisti Akif
Hacıyevdir, yeri gələndə bizə yaxşı məsləhətlər
verir, yol göstərir. Digər əməkdaşlarımız
– müxbir Günel Ağalı, operator Nigar Cəniyeva,
fotoqraf Əhməd Hüsüyev gəncdirlər, istedadlı
uşaqlardırlar. Yeri gələndə
onlardan da nəsə öyrənirik, maraqlı ideyalarından
yararlanırıq, bir sözlə, əl-ələ verib
çalışırıq.
- Deyirlər
ki, jurnalistika elə bir sahədir ki, bura daxil olan bir daha
çıxa bilmir...
- Bu
sözü mən də hər zaman deyirəm
(Gülürük). Həqiqətən elədir.
Xüsusi ilə böyük istək, maraq və
həvəslə bu sahəyə gəlmisənsə,
aralaşa bilmirsən. Bəzən yorulsan
da, müəyyən məqamlarda inciyib küsüb bezsən
də, nəsə səni çəkir.
- Media ilə
işləməyin çətinlikləri nələrdir?
- Şükürlər olsun ki, mediayla heç bir
problemimiz olmur, bir-birimizi başa düşürük. Peşəkar
jurnalist olduğum üçün mən də onları
başa düşürəm. Çalışıram
ki, suallarını cavabsız qoymayım. Amma
bəzən jurnalistlər xırda bir məsələni
böyütməyə çalışırlar,
şişirdirlər. Böyük universitetdir, 9 minə
yaxın tələbəmiz var, hər şey ola
bilər, hansısa xoşagəlməz hadisə də ola bilər.
Biz təbii ki, universitet olaraq üzərimizə düşən
işi görürük, amma biz məsələn, universitetdən
kənar hansısa tələbənin işinə cavabdeh ola bilmərik ki? Təəssüf
ki, reket saytlar var, ağızlarına gələnləri
yazırlar, biz o yazıları oxuyub gülürük, hadisələri,
faktları o qədər təhrif edirlər ki, oxuyub mat
qalırsan. Belə yazılara ciddi əhəmiyyət
vermirik, çünki bilirik ki, nə istəyirlər, kimlərə
çalışırlar. Universitet
vaxtından müəllimlərimiz bizi öyrədirdi ki,
jurnalistikada etik normalar mütləq gözlənilməlidir,
yalan-yanlış, araşdırmadan, şəxsi mənfəətin
üçün kiminsə şəxsiyyətini
alçaltmaq, haqqında böhtan-iftira yaymaq yolverilməzdir,
cinayətdir. Amma təəssüflər
olsun ki, günümüzdə belə meyllər var, belə
cızmaqaraçılar jurnalistikanı gözdən
salır, nüfuzuna mənfi təsir edir.
- Deyirlər
ki, işləyən xanımlar üçün ailə və
iş birlikdə adətən çətinlik yaradır. İşlərinizi
necə tənzimləyirsiniz?
- Əvvəl mən də elə
düşünürdüm. Xeyli müddət aktiv jurnalistika
ilə məşğul olmuşam. 2002-ci ildə son iş
yerim olan “Kaspi” qəzetindən ayrıldım, burdan da
analıq məzuniyyətinə çıxdım. Fikirləşirdim
ki, uşaqlar balaca olanda onlara mütləq ana
baxmalıdır, baxmayaraq ki, köməyim də var idi,
qayınanam yanımdaydı, amma mən işləmədim,
tam 5 il müddətinə ara verdim. Böyük
oğlum hazırlığa gedəndə, 2007-ci ildə Beynəlxalq
Mətbuat Mərkəzinin saytı açıldı, bmm.az
saytı, onun redaktoru oldum. İşə başlayandan sonra
üzərimə o qədər də ağır yük
düşmürdü, çünki köməyim
varıydı. Amma hər bir halda düşünürəm
ki, qoçaq qadınlar işlə ailəni bir yerdə
mükəmməl idarə edə bilir, mənim kimi
(gülürük). Təvazökarlıqda uzaq olsa da, bu belədir.
Bu gün mən həm işləyirəm, həm
də ailəmin məişət qayğılarını
özüm həll edirəm, ev işlərini özüm
görürəm, gecə saatlarına qədər demək
olar ki, bütün işlərimi - xörək, ütü,
yüngülvari yır-yığış və s. həll
edirəm. Uşaqlar böyüsə də onların da
qayğıları azalmır, böyük oğlanlardır,
yaxşı qidalanmalı, səliqəli geyinmək istəyirlər.
Bir sözlə, hər bir işin yaxşı getməsi və
problemlərin olmaması üçün bir qədər
artıq əziyyət çəkmək lazımdır. Mənim
anamım bir sözü var, analar hamıdan gec
yatmalıdır, hamıdan tez durmalıdır.
- Bəs işlərinizi çatdıra bilməyəndə
həyat yoldaşınızın münasibəti necə
olur?
- Elə vaxt gəlir ki, kişilər də
başa düşür, bununla razılaşırlar. Olur ki, tədbirimiz
gec qurtarır, işdən geç çıxıram, təzə
xörək hazırlamağa vaxt çatmır.
Yoldaşıma zəng vururam ki, axşama yemək yoxdur, nə
edək? Deyir ki, əşi eybi yox, bir şey fikirləşərik,
buterbrodla, salatla, nə bilim, birtəhər yola verirəm
gedir. Həyat yoldaşının xanımını başa
düşməsi, işinin çətin olmasını qəbul
etməsi çox vacibdir. Yoldaşım da jurnalistdir, ona
görə məni və işimi başa düşür.
- İki jurnalistin evliliyi... Bəlkə
tanışlıq hekayənizi danışasınız...
- Jurnalsitika mənə ailə də
qazandırıb. Jurnalstikada bu bir ənənədir, jurnalist
xanımlar çox vaxt həmkarları ilə ailə qururlar.
1996-cı ildə “Hürriyyət” qəzetində işə
başladım, müəyyən müddət aralandım.
Sonra qayıdanda yoldaşım da burda işləyirdi. Burda
tanış olduq, adi bir iş yoldaşı kimi. Savadlı,
ağıllı bir oğlan kimi seçilirdi,
dünyagörüşü, həyata baxışı
maraqlı idi, o xüsusiyyətini çox bəyənirdim. Təbiətcə
çox sakit və utancaq olmasını isə
xoşlamırdım. Amma əslində mənə elə gəlirmiş,
sonralar gördüm ki, elə də görünən kimi
deyil (gülürük). Sonra “Kaspi” qəzetində
birlikdə işləməyə başladıq və orda da
nişanlandıq, ailə qurduq. İki oğlumuz var, 18 ildir
ki, birlikdəyik. Şükür, heç bir problemimiz yoxdur,
bir-birimizi başa düşürük, hər məsələdə
bir-birimizə dəstəyik. (ucnoqta.az)
Üç nöqtə.-
2019.- 16 may.- S.8.