“Ev-iş, iş-ev,
başqa bir yer tanımıram”
Ramin Hacıyev: “Ürəyimcə
olmayan adamlarla heç vaxt işləmirəm”
10 ildən çoxdur bu sənətdədir. Azərbaycanın
komediya janrında serial çəkimində öz
sözünü demiş rejissorlardandır. Sitkom formatlı serialı da ilk dəfə ölkəmizdə
o, çəkib. Deyir ki, serial çəkimində
əsas məsələ tamaşaçının
zövqünü oxşamaq və ona istədiyini verə bilməkdir.
Mövsüm
dəyişdikcə, serialların məkanında, süjet xəttində,
aktyorlarında dəyişikliklər etməyin vacibliyini
vurğulayır: “Tamaşaçının zövqünü
bilmək lazımdır. Yəni, mövsüm ərzində
eyni məkanda qalmaq, eyni aktyorlar və eyni süjetlərlə
çıxış etmək artıq ikinci il
tamaşaçıları yormağa başlayır.
Ona
görə də ikinci il məkanı da,
aktyorları da, süjet xəttini dəyişməyə
çalışırıq. Belə olan halda
serial sanki tamaşaçı üçün yenilənir.
Elə bir başqa bir serialdır, amma eyni aktyorlar ilə... Bir sözlə dəyişim və yenilik mütləqdir”.
“Üç nöqtə” qəzetinin qonağı sevə-sevə
seriallarını izlədiyimiz rejissor, aktyor və ssenarist
Ramin Hacıyevdir.
- Bəzi
rollar olur ki, insanların yaddaşında xüsusi iz salır.
Eynilə sizin “Bacanaqlar” serialındakı “Məhəbbət”
obrazı kimi... Bu obrazın sizin
yaradıcılığınızda bu cür yadda
qalmasına səbəb nədir?
- Tək Məhəbbət obrazı deməzdim,
özümün çəkdiyim seriallarda digər obrazlar da
yadda qalır.
Bu aktyorun oyunundan, tamaşaçıya nə qədər
yaxın olmasından və s. asılıdır. Bəzən insanlar aktyorun simasında öz qohumunu,
qonşusunu, yaxud yaxın bir adamını görür deyə
həmin obraz ona daha da doğmalaşır. Belə bir
deyim var: “Sən deyə bilmərsən, bu sənə uğur
gətirəcək, ya yox”. Amma ehtimal etmək
olur. Aktyorun parlaq obrazla
tamaşaçıların yaddaşında qalması
üçün həm ssenari, həm öz oyunu, həm də
tamaşaçıya ruhən yaxın olması şərtdir.
-
Hazırda “Xalxın evi”, “Ay yay yay” seriallarını çəkirsiniz.
Siz burada çəkilişə başlayandan
sonra demək olar ki, digər komediya seriallarının reytinqi
düşdü. Necə hesab edirsiniz,
çəkdiyiniz serialların insanların qəlbinə
birbaşa yol tapmasına nə yardımçı olur?
- Belə
deyək də, seriallar televiziyada nümayiş olunduğu
üçün tamaşaçılar baxır. Ona görə də tamaşaçının
zövqünü oxşamaq, istədiyini vermək
üçün çalışmaq ən vacib məsələlərdən
biridir.
Məsəl
üçün, mən “Xalxın evi” serialını təxminən
yeddi-səkkiz il əvvəl çəkmək
istəyirdim, amma heç cürə alınmırdı. Amma
Xəzər televiziyasına keçən kimi ilk iş olaraq
bu serialı çəkməyə qərar verdim. Məkan olaraq isə kəndi seçdim.
Bunda əsas məqsədim tamaşaçıya
bacardığım qədər kənd mühitini,
yaşıllığı, o nəfəsi yaşada bilmək
idi. Nə qədər şəhər-şəhər
desək də, hamımız yay olan kimi kəndə
qaçmağa meyl edirik. Əksəriyyətimizin
əvvəli kənd olub deyə, kənd mühiti bizə daha
yaxındır.
“Ay yay
yay” serialı isə sadəcə olaraq romantik komediya
janrındadır. İndiyə qədər bizdə
romantik komediya olmamışdı. Sitkom
formatlı serialı Azərbaycanda ilk dəfə etdiyim
üçün orda yeniliklər etmək istəyirəm.
Düzdür, bundan əvvəl “Kişi
sözü” serialı da bu janrda olsa da, orda tam istədiyimiz
effekti ala bilməmişdik. Amma “Ay yay yay”da
sırf romantik komediya olduğunu üçün
tamaşaçılarımız tərəfindən sevilir.
Bu serial onlar üçün həddindən artıq
maraqlı və yenidir, romantika, sevgi və üstəgəl
komediya da varsa, nəticənin uğurlu olduğunu
düşünürəm. Çalışırıq
ki, tamaşaçıların istədiyini onlara verə bilək.
- Seriallar
çəkən Ramin Hacıyev özü bəs seriallara
baxırmı?
- Mütləq.
Çünki bu, mənim işimdir,
baxmalıyam, proseslərin necə getdiyini izləməliyəm.
Həm Azərbaycan, həm də xarici seriallara baxıram. Xaricilərdən əsas türk seriallarına
baxıram, çünki bizə çox yaxındır.
Rus serialları isə bizə o qədər də
yaxın olmadığı üçün onlara baxmıram.
Türk serialları dünyada tanınmış
serialların sırasındadır. Həm çəkim,
həm aktyor oyunu, həm də süjet xətti
baxımından elə bil, dünyada 10 yaxşı kino
çəkən ölkə varsa, türklər birincidir.
Ona görə birbaşa onların süjet xəttinə,
çəkimlərinə, tərzlərinə, oyunlarına
baxırıq. Bu bizə kifayət edir.
-
Baxdığınız yerli seriallar zövqünüzü
oxşaya bilirmi?
- “Vicdan haqqı” serialını çox bəyənirdim. Sentyabr
ayında yeni mövsüm başlayan zaman seriallar
başlayır. Bu vaxtı demək olar ki,
serialların hamısına baxıram, amma davamlı olaraq izləmirəm.
Artıq əvvəlinə baxanda nələrin
olacağını təxmin edirəm, arada ümumi
gedişatlara baxıram.
- Belə
deyək də, artıq serialları bir tamaşaçı
gözü ilə deyil, bir rejissor gözü ilə izləyirsiniz...
- Bəli,
artıq professional olaraq baxıram, proseslərə diqqət
yetirirəm. Sırf hansısa seriala oturub
baxım, seriyasını ötürəndə “Youtube”dən
izləyim və s. belə bir şeylər yoxdur.
- Bəzən
görürük ki, seriallar çəkilir və tez bir
zamanda final etmək məcburiyyətində qalır. Fikrinizcə, serialın uzunömürlü
olması üçün nələr vacibdir?
-
Tamaşaçının zövqünü bilmək lazımdır.
Yəni, mövsüm ərzində eyni məkanda qalmaq, eyni
aktyorlar və eyni süjetlərlə çıxış
etmək artıq ikinci il
tamaşaçıları yormağa başlayır. Ona
görə də ikinci il məkanı da,
aktyorları da, süjet xəttini dəyişməyə
çalışırıq. Belə olan halda
serial sanki tamaşaçı üçün yenilənir.
Elə bir başqa bir serialdır, amma eyni aktyorlar ilə... Bir sözlə dəyişim və yenilik mütləqdir.
Hətta mövsümün ortasında da dəyişiklik
etmək olur.
-
Zamanında sizin də əməyiniz olan və Azərbaycanda ən
uzun serial kimi tarixə düşən “Bacanaqlar” serialı
bağlanır. Necə hesab edirsiniz, bu “Ay yay yay, “ Xalxın evi” seriallarının çox reytinq verməsindən qaynaqlanmır ki?
- Yox, yox,
inanmıram, belə deyil. Hesab edirəm ki, 10 il
müddət “Bacanaqlar” serialı üçün bəsdir.
Özüm də orda iştirak edən zaman hiss edirdim ki,
artıq çox oldu. Yəni maksimum iki, yaxud
üç sezon yaxşıdır. Artıq
olmasına ehtiyac olmadığını
düşünürəm. Elməddin Cəfərov
serialı bağlamaq qərarına gəlib, yəqin ki,
artıq 10 il müddətində öz
sözünü deyib. Düşünürəm
ki, artıq başqa seriallar çəkməyə
başlayarlar.
- Bu
gün Azərbaycanda komediya janrında film və serialların
çəkimi geniş yayılıb. Fikrinizcə,
bu hər kəsdə yaxşı alınırmı? Yəni, tamaşaçını güldürə
bilirlərmi?
- Söhbət
komediya seriallarından gedirsə, bu incəsənətin ən
incə sənətidir. Çünki komediya bir az çətindir. Yəni
güldürmək həqiqətən çətin məsələdir.
Çünki tamaşaçını
güldürəndə biri deyir gülməlidir, biri deyir
gülməli deyil, biri deyir şitdir və s. Hərə bir
söz deyir. Amma dram olanda ya
ağlamalıdır, ya yox. Yaxşı
seriallarımız var, Arb telekanalında “Baldız” serialı,
Atv-də “Qız atası”, “Bacanaqlar” serialları
yaxşıdır. Xəzər
televiziyasında “Niyə”, “Ay yay yay” və s. var. Normal
tamaşaçı baxımı varsa, demək ki,
yaxşıdır. Növbəti
mövsümdə yəqin ki başqa kanallar da bu sahədə
rəqabətə başlayar.
- Ən böyük təndiqçiləriniz
kimlərdir?
- Öz dostlarım və evdəkilər.
Doğmalar, yaxınlar həmişə doğru sözü
deyir.
- İş çox olanda ailəyə
ayırmağa vaxt qalmır. Bəs siz necə, ailənizə
yetərincə vaxt ayıra bilirsinizmi?
- Ev-iş, iş-ev, başqa bir yer tanımıram.
Maksimum dostlarla çay evində oturub bir domina
oynamağa vaxtım olur (Gülür).
- Qız
böyütməyin oğlan böyütməkdən çətin
olduğunu deyirlər. İki qız
övladınız var. Övladlarınıza necə
atasınız?
- Necə
ata olmağımı gərək qızlarımdan
soruşasınız (Gülür). Hər zaman
boş vaxtımı ailəmə sərf etməyə, onlarla
vaxt keçirməyə çalışıram.
- Rejissor
olaraq serialların ssenarilərinə müdaxilə və dəyişikliklər
edirsinizmi?
- Bəli,
mütləq. Ssenarnin özəli, əzəli,
ideyası özümdən asılıdır. Təbii ki bizim ssenaristlərimiz var, Səbuhi, Elsevər,
Araz, Azər, Tərlan, Kənan. Birlikdə
işləməyimiz və müdaxilə də etməyim
normaldır və vacibdir. Ssenariyə
yalnız ehtiyac olan halda müdaxilə edirəm, birlikdə
müzakirə edirik. Amma əsasən hər
şey bizim ssenaristlərimizdən asılıdır.
- İşlədiyiniz kollektivdən
razısınızmı?
-
Ümumiyyətlə, ürəyimcə olmayan adamlarla
heç vaxt işləmirəm. Çox gözəl
kollektivimiz, texniki heyətimiz var. Bizim komanda da bir-birinə
münasibəti pis olan adam qalmır. Kollektivimiz dostluq üzərində qurulub. Münasibətimizin yaxşı olması mütləqdir.
-
Qarşıdan yay sezonu gəlir. Yeni layihələr
varmı? Tamaşaçılar bu yayda
Ramin Hacıyevdən nə gözləsin?
-
Mövsümə başlamadan “Yay” serialı çəkməyi
düşünürəm. Bu serial 7-8
bölümdən ibarət komediya janrında olacaq. Yeni sezon üçün isə müəlliflərlə
və ssenaristlərlə yığışıb ya dəyişiklik
edəcəyik, ya da başqa serial çəkəcəyik.
Amma hələ tam dəqiqləşdirməmişik.
Könül Oruc
Üç nöqtə.-
2019.- 18 may.- S.12.