“Aktyorun ürəyində olan rol arzuları tükənmir”

 

Cahangir Məhərrəmov: “Uşağımın üzümü ayda-ildə bir dəfə görürəm”

 

“Hərdən heyfislənirəm ki, bizdə aktyorların bacarığından vaxtında istifadə etmirlər. Çünki nə qədər enerjimiz, gücümüz varsa bunu vaxtında istifadə etsələr yaxşıdır. Bəzən görürsən ki, rejissorlar aktyordan 60 yaşında istifadə edir. Artıq onlar yaşlaşır, belə aktyorlarımız var və çoxdur. Nə qədər ruhları cavandırsa, bunlardan yaxşı şeylərə istifadə etmək lazımdır”. Deyir ki, aktyorun ürəyində olan rol arzusu tükənmir. Gələcəkdə bəlkə də yenə hansısa teatrda fəaliyyət göstərə bilər.

 

“Üç nöqtə” qəzetinin qonağı 15 il Bakı Uşaq Teatrında çalışan, hazırda isə “İmtahan” serialına çəkilən aktyor Cahangir Məhərrəmovdur.

 

- Hər bir aktyorun özünü tapdığı, gördüyü obraz olur. Siz özünüzü daha çox hansı obrazda görürsünüz?

- Düzdür, adətən, mənə komik rollar verirlər. Amma mənim arzuladığım rollar psixoloji obraz olub. Hansısa bir filmdə “bomj” rolunu oynaya bilərəm. Yaxud hər hansı bir insanın daxilində o qədər sözlər var ki, deyə bilmir. O insanın içində olanları, demək istəyib, amma deyə bilmədiklərini onun dilindən demək istərdim.

 

Bəzi filmlər var ki, tək, yaxud iki-üç aktyordan ibarət olur. Belə filmlərdə oynaya bilərəm. Amma gərək əsər, ssenari maraqlı olsun. Bununla yanaşı maraqlı komediya da oynamaq istəyərdim.

 

- Uzun saçlarınızın başınıza çox hadisələr gətirdiyini demisiniz. Bəlkə bu maraqlı hadisələrdən danışasınız.

- Bəli, zamanında uzun saçlarım başıma çox maraqlı və gülməli hadisələr gətirib. Düzdür, hazırda saçlarımı qısaltmışam. Bunun da səbəbi seriyala çəkilməyimdir. Obrazıma görə qısa saçlı olmağımı istədilər.

 

Saçım uzun olanda “Qaynana” seriyalına çəkilirdim. Orda səhnədə əlimdə şam var idi, bir də gördüm ki, şamın alovu saçlarıma keçib və saçlarım yanır. Hələ bir dəfə saçlarıma görə az qalsın dostumun ailəsini dağıdacaqdım (gülür). Bir dəfə axşam vaxtı dostum Mehman Quliyevin evinə getmişdim. Qonşular da bizi görüb, Mehmanın yoldaşına xəbər veriblər ki, yoldaşın evə xanımla gəlib, səni aldadır. Dostum sonradan izah edib ki, iş yoldaşım Cahangirdir.

 

Hələ ictimai nəqliyyatda mənə əyləşməyə yer verənləri demirəm. İctimai nəqliyyat vasitələrində qalxıb mənə yer də veriblər. Bir dəfə avtobusda ağsaqqal dayı arxadan məni görüb, saçlarım uzun olduğu üçün elə bilib ki, xanıma. Ayağa durub dedi ki, buyurun əyləşin. Üzümü çevirəndə dayı oğlan olduğumu gördü, yazıq rəng verib, rəng aldı (gülür).

 

- Hazırda seriyala görə saçlarınızı kəsdiyinizi dediniz. Bəs özünüz hansı saç üslubunuzu daha çox sevirsiniz?

- Uzun saç mənə xüsusi xarakter verirdi. Amma qısa saçlarımı da sevirəm. Ümumiyyətlə, aktyor elədir ki, hər obrazda ola bilir. Sabahı gün bığ, saqqal da saxlaya, saçımızı keçəl də edə bilərik. Bu aktyorun rahatlıqla edə biləcəyi şeylərdir.

 

- Deyirlər ki, uşaqlarla işləmək böyüklərlə işləməkdən daha çətindir. Uşaqlarla işləyən bir aktyor olaraq bu fikirlə razısınızmı?

- 15 ildir Bakı Uşaq Teatrında işləyirdim. Hazırda seriyalda işlərimin çoxluğu ilə əlaqədar olaraq 3-4 aydır teatrdan ayrılmışam. Seriyalda çəkildiyim üçün müdiriyyətlə razılaşa bilmədik. Uşaqlarla işləmək insana xüsusi bir zövq verir. Amma, bununla yanaşı həqiqətən çox çətindir. Bunu teatrda uşaqlarla işləyən  bütün aktyorlar bilir.

 

Uşağı aldatmaq, onların qarşısında tamaşa oynamaq doğrudan çətindir. Uşaqlar hər şeyi dərk edir, nə qaranlıq qalsa soruşur, suallar verir. Uşaqlarla işləmək böyük bir məsuliyyət tələb edir. Uşaqlar dinamik, hərəkətli, rəngarəng tamaşaları sevirlər. Teatrda işlədiyim müddətdə həmişə çalışmışam ki, uşaqların zövqünü oxşayım. Tamaşaların rəngarəng və maraqlı olması üçün əlimdən gələni əsirgəməmişəm, maraqlı rollar oynamışam.

 

- 15 illik teatrdan ayrılmaq sizə çətin olmadı?

- Çətindir. Bəlkə də hazırda başım seriyal çəkiminə qarışıb deyə o qədər də hiss etmirəm. Amma teatr üçün, tamaşa üçün, səhnə üçün darıxıram. Səhnədə rollar oynamaq istəyirəm. Çünki aktyor səhnəsiz qala bilməz. Aktyor səhnənin tozunu hər zaman udmalıdır. Aktyoru formada saxlayan həmişə teatrdır. Mənim fikrimcə, professional aktyorlar teatrda yetişməli, ordan çıxmalıdır.

 

- Deyirlər ki, uşaqlarla işləyənlərin ruhu gənc qalır. Bunu özünüzdə hiss edirsinizmi?

- Bəli, elədir ki, var. May ayının 25-də 33 yaşım tamam olacaq. Hələ ki özümdə yaşlılıq əlamətləri hiss etməmişəm (gülür). Hələ də enerjiliyəm. Bu enerjimi hələ də istifadə edirəm, istər kinoda, istərsə də həyatda. Hərdən heyfislənirəm ki, bizdə aktyorlardan vaxtında istifadə etmirlər.

 

Çünki nə qədər enerjimiz, gücümüz varsa bunu vaxtında istifadə etsələr yaxşıdır. Bəzən görürsən ki, rejissorlar aktyordan 60 yaşında istifadə edir. Artıq aktyor yaşlaşır, göz qabağındadır. Belə aktyorlarımız var və çoxdur. Nə qədər ruhları cavandırsa, bunlardan yaxşı şeylərə istifadə etmək lazımdır.

 

- Teatrda da çalışırsınız, film və seriyallara da çəkilirsiniz. Bunlardan hansı sizin üçün daha doğmadır?

- Təbii ki, teatr mənim üçün daha doğmadır. Sadəcə bəzən insan əlacsız qalır. Çünki ailəni dolandırmaq lazımdır. Reallıqla danışsaq, hazırda ailəm və uşağımla kirayədə qalıram. Bir şeylər etmək lazımdır. Yəni seriyala da çəkilmək, teatrda da işləmək lazımdır. Sadəcə elə etmək lazımdır ki, nə şiş yansın, nə kabab.

 

- Bu günə qədər teatrda istədiyiniz rollarda çıxış edə bilibsinizmi?

- Bəli, istədiyim rollar da olub, maraqlı rollar da. Uşaqlar üçün də, böyüklər üçün də rollar oynamışam. Amma təbii ki, aktyorun ürəyində olan rol arzuları tükənmir. Düzdür, bizdə əksəriyyət tamaşalar uşaqlar üçün olsa da böyüklər üçün də olub. Elə rollar var ki, onu teatr səhnəsində oynamaq istəyərəm. Bilmək olmaz, bəlkə gələcəkdə hansısa teatrda işlədim. Bunu gələcək göstərər.

 

- Sizi tamaşaçılar daha çox böyrəyini satışa çıxaran aktyor kimi tanıyır.

- Bir jurnalist dostum ilə səmimi söhbət zamanı dedim ki, çox ehtiyac içindəyəm. Atam da, anam da işləmir, kirayə qalıram. Hər ay borc tapıb kirayə pulu verirəm. Ən əsas problemim evsizlikdir. Belə getsə böyrəyimi satacağam. O da dərhal gedib saytda yazdı. Düzdür, onu söz gəlişi demişdim, amma müəyyən qədər həqiqət də var idi.

 

- Bəs bu gün dönüb geriyə baxanda o fikirləriniz sizə bir qədər qeyri-ciddi gəlirmi?

- Xeyr, yenə də ciddi gəlir (gülür). Deyilənə görə, teatrda işləyən aktyorların gələcəkdə vəziyyəti yaxşı olacaq. İnşallah hər şey yaxşı olar. Allah Afaq xanım Bəşirqızına can sağlığı versin. Prezidentimizin qarşısında çıxış etdi, aktyorların maddi vəziyyətindən, şəraitsizliyindən, evsizliyindən danışdı. Bir çoxlarının deyə bilmədiyi sözü Afaq xanım dedi. Düzdür, mən hazırda teatrda işləməsəm də, təbii ki, dostlarım orda işləyir. Onlar üçün sevinirəm.

 

- Bu gün bəzi insanlar tənqidlə, təhqiri ayırd edə bilmir. Belə insanlara münasibətiniz necədir?

- Bununla razılaşmıram. Amma elə aktyorlar da var ki, tənqidi qəbul edə bilmirlər. Təhqiri yox, tənqidi qəbul etmək lazımdır. Heç kim özünə deyə bilməz ki, mən filan rolu çox yaxşı oynadım və s. Sağlam və düzgün tənqid qəbul olunmalıdır.

 

- “İmtahan” seriyalında etdiyiniz zarafatlar bu gün bir çox məktəblərdə uşaqların ağzından düşmür. Bu baxımdan özünüzdə məsuliyyət hiss edirsinizmi?

- Məsuliyyət obrazımındır. Amma orda sözlərin çoxunu özüm improvizə edirəm. Ssenaridə olmayan şeyləri deyirəm. Bu da obraza bir maraq qatır.

 

- Aktyor olaraq özünüzü inkişaf etdirmək üçün nələr edirsiniz?

- Hələ ki, evdə filan özümü inkişaf etdirmək üçün elə bir şeylər etmirəm. Ancaq başımız seriyal çəkilişinə qarışıb. Çəkilişdən bəzən gecə səhərə yaxın çıxıram. Amma hazırda bir az sıxıcıdır, darıxıram. Çünki bizdə sənət bir az başqa tərəfə yıxılıb. Normal aktyora, sənətkara qiymət verən yoxdur. Bazar tamam başqa cür formalaşıb. Yaxşı rejissorlarımız da var. Amma bəzən rejissorlarımız elə şeylər çəkirlər ki, görürsən ki, bu adamın sənətdən xəbəri də yoxdur, amma öndədir.

 

- Aktyorlar davamlı olaraq çəkilişlərdə olduqları üçün ailəyə ayırmağa o qədər də vaxtları qalmır. Bəs siz ailənizə yetərincə vaxt ayıra bilirsinizmi?

- Düzünü desəm, o qədər də yox. Bacardığım qədər ailəmin yanında olmaq istəyirəm. Amma məndən asılı olmayan səbəblərdən alınmır. Çəkilişlərdə oluram, buna görə vaxtım az qalır. Uşağımın üzümü ayda-ildə bir dəfə görürəm.

 

- Bəs bu ailədə narazılıq yaratmır?

- Yox, şükür Allaha artıq ailədə qəbul olunub. Ailə qurmamışdan əvvəl hər şeyi həyat yoldaşımla danışmışam. Demişəm ki, mən aktyoram, sabahı gün aylarla kino çəkilişinə gedib hardasa qala bilərəm. Necə deyərlər, şərti şumda kəsmişəm. Onu da deyim ki, aktyorun həyat yoldaşı olmaq çox çətindir. Həyat yoldaşım da sağ olsun, məni və işimi başa düşür.

 

- Ata olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Həyatın məsuliyyəti iki qat artdı. Ata olmaq çox gözəl bir hissdir. Ata olduqdan sonra insan çox şeyi anlayır. O həyacanı yaşadıqdan sonra göz yaşları da tökdüm. Allah arzusunda olan hər kəsə nəsib etsin.

 

- Gələcəklə bağlı planlarınız nələrdir?

- Hər zaman işlərimi zamana buraxıram. Konkret nələrin olacağını planlaşdırmıram. Həmişə deyirəm ki, səbr edim, sabah daha yaxşı olar. Yaşayıram hələ ki... Hansısa rola çəkilmək üçün heç vaxt dost-tanışdan xahiş etmirəm. Çəksələr də, çəkməsələr də canları sağ olsun.

 

Könül Oruc

Üç nöqtə.- 2019.- 23 mayS.12