“O gün geydiyim təzə paltarın
qoxusunu hələ də unutmamışam”
"Ucnoqta.az" saytı qəzeti
tanınmış şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin
baş redaktoru Dəyanət Osmanlının xatirələrinin
II hissəsini sizə təqdim edir.
-Keçmişlə bağlı ən
maraqlı xatirəniz?
- Xatirələrdəki obrazlar əziz və
unudulmazdır. Mən reallığı sevib dəyərləndirirəm,
ona daha yaxınam. Xatirələrə qapılıb qalan deyiləm,
ancaq keçmişin bugünkü həyatda əvəzolunmaz
yerini bilirəm. Elə gün olmur ki, hansısa bir xatirəylə
baş-başa qalmayım. Bir misram var: “Mən
özümün dostuyam”. Düzü, tez-tez özümlə
dərdləşməyi, nəsə bir qərar vermək ərəfəsində
ruhumla məsləhətləşməyi bacarıram.
Maraqlı və xoş xatirələr
çoxdu. Onlar mənə həmişə kədər və
gövrək ovqat gətirir. Uşaqlıqdan qəlbi yuxa
olmuşam. Nəyəsə hirslənərəm, amma
anındaca keçər. Evdə uşaqlar da, dostlar da bilir,
tez yumşalmaq xasiyyətimdir. Ona görə də xatirələr
məni hər şeyə qarşı yumşalda bilir. Bir
dosta yazdığım şeirdəndi:
Mən bilirəm
kimin ürəyi ağlar
bir quşun dimdiyi qanayanda.
Kimin həyatı
darıxar
son
umacaq yerində
bir
dostun ağzı daşa dəyib
qəlbi
qırılanda.
Son vaxtlar kədərli xatirələr daha çox yada
düşür. Uşaqlıqdan hər canlının
körpəsinə həmişə mehr göstərmişəm.
Bizim oyuncaqlarımız heyvan balaları idi.
Hətta ilanlarla da oynamışam. Onların varlığı sanki həyatın məsumluğa
ehtiyacının göstəricisidir. Kənddə
it, pişik, mal-qoyun saxlamışıq. 4-5
yaşım olanda itlər balalamışdı, hələ
gözləri açılmamışdı. Evində it olmayan qonum-qonşular küçüklərdən
apardığını aparır, toppuş birini saxlayır,
qalanlarını da torpağı qazıb
basdırırdılar. Bir-neçə
saat inilti gəlir, sonra səs kəsilirdi. Bir dəfə qonşu 2 küçüyü
götürüb bizim çəpərin dibində
basdırdı. Mən də onu
güdürdüm. O gedən kimi, gəldim həmin yerə,
ürəyim durmadı. Yeri eşib,
küçükləri çıxardım, diriydilər.
Bir az oynatdım, sonra köynəyimin
altında gizlədib, aparıb yaxınlıqdakı dərəyə
buraxdım. Evə qayıdanda qardaşım
bunu bilib məni yaxşıca döymüşdü. Onda bütün günü ağladım, hər
ağlayıb içimi çəkdikcə də köynəyimdən
küçüklərin qoxusunu duyurdum. İndi yada
düşəndə yenə də kövrəlirəm...
Xatirələr insanın yaşı artıqca daha da
aydınlaşır, açılmayan sirlər kimi bəziləri
sonradan müəyyən hadisələrlə ilgili olaraq yada
düşür. İnsanın ömrü uzun, ya qısa
olmağına baxmayaraq, bir sıra məqamlar üstündə
qurulur. Yəni bəzən bir anı yaşamaq
ücün, ay, il sərf olunur. O məqamlar
nə zamansa artıq ömrün ruhi, irreal məqsədinə
çevrilir. Realda isə insan qarşısına müəyyən
məqsədlər qoyub ona çatmağa can atır. Bu
reallıq insanı ruhi aləmdən məcburi ayıran sosial,
inellektual, ictimai və s. yaşamın meydana
çıxardığı məqsədlərdir.
- İlk sevginiz, nə vaxt olub,
xatırlayırsınızmı o günləri?
- Erkən
insan hissləridir. Çox olub, uşaqlıqda
da, gənclikdə də. Sevgi demək
olmaz buna, sadəcə yetişkənliyin, yeniyetməliyin xoş
xüsusiyyətləridir. Üçüncü
sinfdə oxuyanda bir qız vardı. Ondan
xoşum gəlirdi. Həmişə
onların məhləsindən keçəndə
qaçırdım. Utancaq idim. O
yaşda uşağın nə fikri, nə sözü
olacaqdı. Ötəri duyğulardı,
yaşla birgə keçib gedir. Bəzən adam bunları xatırladıqça içdə
özünə gülməyi tutur.
Sevgi erkən özünüdərk ərəfəsində
fərdi hisslərin təzahürüdür. Özünüdərk
prosesi sürətləndikcə ya ötüb keçir, ya da
yönünü dəyişib hədəfini yəqinləşdirir.
Xeyli müddət izləri qalıcı olur.
Adam yeniyetməlikdən başlayaraq, gənclik
və sonrakı mərhələlərdə sevginin həqiqi
anlamını dərk edir. Və istər-istəməz,
bu mərhələdə ruh müxtəlif subyektlərə
münasibətini netləşdirir. Sevgi də bu zaman
yaranır: insana, doğmalara (və ətrafa), vətənə,
torpağa... Əsil sevgidə bir
intellektuallıq olmalıdı. Əsil
sevgi Vətəni də, torpağı da, insanı da, sənəti
də mahiyyətcə dərk edib ağılla sevməkdir.
Harda fanatizm varsa, deməli, orda bir çahillik,
nadanlıq var. Fanatizm hissləri güc gələn yerdə
mütləq gec-tez həyatın dəngəsi pozulacaq. Vətəni də, milləti də, fərdi də
sevəndə gərək hisslərlə deyil, ağılla
sevəsən.
Universitetdə
rus-sovet jurnalistikası fənnindən müəllimiz C. Məmmədlinin
sevimli bir misalı vardı “Zəmanəmizin
qəhrəmanın”dan. Təkrar-təkrar Peçorinin bu
sözlərini misal gətirirdi: “Bütün dünyanı
sevməyə hazır idim, dəyərləndirən
çıxmadı. Nəticədə nifrət
etməyi öyrəndim”. Sözüm onda
yox ki, belə olmalıdı. Bunda da bir
naqolaylıq, çatışmazlıq, təkəbbürlük
var.
Təəssüf ki, intellekti olmayan, düşüncədən
pozuq birisi həmişə romantik və bioloji hisslərinə
adekvat reaksiya gözləyir. Bunu görməyəndə
pis halda qıcıqlanıb xoşagəlməz hadisə
törədir, ya da ən yaxşı halda məyus olub
özünə qapanır. Əgər
insan hisslərini idarə edib ona düşüncə qata
bilmirsə, bu idiotluq, kütlük əlamətidi.
-
Keçmişdə olan nələrdənsə
pemansınızmı? Geriyə qayıtmaq
şansınız olsaydı, həyatınızda nəyi dəyişmək
istərdiniz?
- Həyatda
qürur da, peşmanlıq da təbii əlamətlərdir. Hər kəs mütləq bu və ya digər formada
özüylə ilgili bəzi neqativ olaylara görə
peşmanlıq çəkə bilər. Amma
peşmanlıq həmişə həyatın dərsi və
həlledici pozitiv təsirə malik olmur. Adamı
məyus edən olaylar bəzən uşaq təfəkkürü,
sonrakı mərhələdə təsadüflər, təcrübəsizlik
və nadanlıq ucbatından baş verir. Bilərəkdən,
yaxud qanmazlıqdan törədilən olaylar cəmiyyətdə
utancverci reaksiya doğursa da, heç zaman o addımı adan fərddə
həqiqi peşmanlıq yaratmır. Adam
doğru yerini, kimliyini tanıyanda nadir hallarda səhvlərə
yol verir. Təəssüf ki, bu səhvlər
də kiçik olmur.
Mənim də peşmanlıq doğuran anlarım olub. Amma bununla
bağlı bir-iki məqamı xatırlayıram.
Uşaqlıqda, gənclik dövründə olanlar var. Yenə
şeirimdən bir parça söyləyim:
Ürək
inlədən qeybin səsi
hər
addımda pıçıldayır:
daha
gecdi sevinmək,
daha
gecdi heyfslənmək...
Məktəbə gedənə kimi anamdan heç
ayrılmamışam. Sovxozda işləyirdi. Çox vaxtlar aradan çıxıb onunla tarlaya
gedirdim. Onda görürdü ki, yük
maşınında yanındayam. Daha nəsə
demirdi. Bir balaca heybəm də vardı.
Məhsul yığımında o heybə
mütləq evə dolu gəlməliydi. Təsərrüfat
rəhbərləri bunu bilir və adi hal kimi qəbul edirdilər.
Anamın isə xoşu gəlmirdi. 5 yaşındaydım, yay günüydü, məni
evdə qoyaraq darvazanı kilidləyib getdi. Əl çəkmədiyimə görə bir-iki
sillə də vurmuşdu. Divardan
aşıb ardıyca düşdüm. Evdən
xeyli aralıda gördü ki, gəlirəm. Yuxarı məhlədə bir zəhmli müəllim
qohumumuz vardı. Onu səslədi ki, ay
Yahya, ədə, gəl bunu qaytar. Müəllimdən
yaman qorxurdum. Geri çəkilib arxın
qırağından balaca bir kəsək götürüb
atdım. Bilmədim, sən demə, anamın dirsəyinə
dəyib göynədibmiş... Mən yaşa
dolanda, hərdən ailə bir yerə yığışanda
anam bu hadisəni bir xatirə kimi danışır,
gülüşürdülər. Və hər
dəfə, elə indi də yadıma düşəndə o
xatirədən böyük peşimanlıq keçirirəm.
İstər-istəməz gözlərim
yaşarır, bütün həyatım onun dirsəyi kimi
göynəyir. Deyirəm, nə ola,
bircə anlığa o günlər qayıda...
Sualın ikinci hissəsinə gəlim. Yenidən həyata
qayıtmaq şansını kim istəməz...
Bir şeirimdən bu misraları
xatırladım.
Tanrının
qoca vaxtında
insanlıq üzərinə,
tale-qismətin qanına yerikləyib,
alın
yazısını
dəyişmək eşqinə düşənlər var...
Bəllidir, hər kəs həyatda missiyasını
başa vurub getməlidi. Hələ ki, realda kiməsə həyatı
tərk edəndən sonra qayıtmaq imkanı verilməyib.
Qayıtmaq şansı bir mistik
düşüncə məhsuludur. Bu
düşüncə ilə sanki insan özünə həm
də bir təsəlli verir. Ümidlə fikirləşir
ki, hansı formadasa qayıdış ola
bilər. Və təkrar həyata
dönüşündə necə yaşayacağını
özlüyündə götür-qoy edir, səhvlərini dəqiqləşdirir.
Mən heç bu şans üzərində
düşünməyi vacib saymamışam. Təkrarı sevmirəm. Əgər
həqiqətən bu şans verilsəydi, tamam başqa bir
insan tək, doğma bir məkanda, buna bənzəri olmayan bir
ömür sürmək istərdim. Azadlığı,
qüruru, səhvləri ilə birgə fərqli bir
ömür...
- İlk işiniz harada olub?
İşləməyə erkən, orta məktəbdə
oxuyarkən başlamışam. Yay tətilində
kartof yığımına gedirdik. Kisələri
maşınlara yükləyib qonşu İmirhəsən kəndindəki
qatar stansiyasında Rusiyaya gedən soyuducu
vaqonlara yükləyirdik. İki aylıq
mövsümdə 200-300 rubl qazanırdıq. Buna da məktəb paltarı, kitab-dəftər,
ayaqqabı-filan alırdıq. 7-ci sinifdə
oxuyarkən maaşıma anamla Marneuli univermağından 17
rubla bir gümüş saat almışdım. O vaxtdan
ömür boyu tələsmişəm ki, hər işi
zamanında bitirə bilim. O zaman saatdan xoşum gəlirdi. Mən Bakıya gələndən sonra atam ölənədək
o saatı qoluna taxdı. İndi saatla elə də aram yoxdu.
- İlk maaşınız nə qədər olub, və
nəyə xərcləmisiz?
- İlk rəsmi işim yerim 1982-cildə Sumqayıt
Xovllu iplik fabriki olub. Sexdə toxuyucu maşınlar tez-tez
yanırdı. Mən də
yanğından dərhal sonra çarxlarını
yağlayırdım. Fikirləşirdim
ki, deyəcəklər, maşınlar yağsızlıqdan
yanıb. Bir dəfə usta Məmməd kişi
dedi, oğlum, sən narahat olma, bu maşınlar həm
köhnə, həm də düzgün istifadə
olunmadığına görə yanır. Ançaq
yenə də adətimdən qalmırdım. 130 rubl maaş alırdım. İlkindən
anama bir çit yaylıq, atama isə papaq almışdım.
Universitetdə oxuyanda axşamlar mühafizədə
işləyirdim. 75 rubl burdan, 75-100 rubl da tələbə
təqaüdü alırdım. Əlbəttə,
tələbə üçün yaxşı gəlir idi.
Evdən pul istəmirdim, əksinə kəndə
gedəndə yağdan, qənddən və atama çoxlu
siqaret alıb aparırdım. II kursda
oxuyanda “Ulduz” jurnalında 4 şeirim
çıxmışdı. İlk
böyük 150 rubl qonorarı isə onda aldım. Bunlar hər biri ayrılıqda unudulmaz özgə
cür ləzət, məmnunluq hissi idi.
- Bu sənəti
sevərəkmi gəlmisiz?
- Atam iki
müharibədə iştirak eləyib. Böyük
Vətən və Sovet -Yaponiya müharibələrində.
Ömür boyu traktorçu-mexanizator işləyib.
Bolnisi rayonunun demək olar ki, hər iri kəndində
işləmişdi deyə, yaxşı
tanıyırdılar. Uzun zaman Rayon partya
Komitəsinin büro üzvü olmuşdu. Pensiyaya çıxandan sonra heç yerdə işləmədi,
tamamilə fərdi təsərrüfata bağlı həyat
sürdü. Bədii kitablar oxuyurdu, kinoya
gedirdi, tay-tuşu ilə domino oynayırdı, mal-qara
saxlayırdı. Yer şumlayır, əkib-becərirdi.
Həyətimizə meyvə-tərəvəz
maşınla gəlirdi. Atamın
yaşlı ögey anası vardı. Atam
ona çox doğma və xüsusi bir hörmətlə
yanaşırdı. Biz də ana deyə
çağırırdıq. Hər dəfə gələndə
həyətin ortasıyla ləmhələm olan buğda,
qarığdalı topasının qırağını
ayağı itələyib deyirdi: bu andırı o yana yığsanız, a. Varlı deyildik. Amma heç nədən kasad deyildik. Bu gəlir yaxşı işləyən kənd əhalisinin
bir yığım mövsümündə əldə etdiyi
qazanc idi.
Atamın dostları qışın gündüz
çağlarında bizə yığışardılar. Atam oxuduğu
romanları böyük həvəslə onlara nağıl edərdi.
Daha çox da Mayn Ridin “Başsız atlı”sını... Çox gözəl təhkiyəsi vardı. Müharibə xatirələrini elə
danışardı ki, qulaq asdığca əllərim
bir-birinə sürtünməkdən tərləyirdi. Ədəbiyyata təbii həvəs məndə elə
o vaxtlardan yaranmışdı. 3-cü
sinifdə oxuyurdum. Bir gün atamın
müharibə xatirələrinin təsiri ilə “Düşmən”
adlı 3 bəndlik şeir yazmışdım. Məndən böyük qohumum, əlaçı
şagird olan Əliyə vermişdim. Necə
bir maraqla oxuduğuna təəccüblənirdim. Şeir demək olmazdı. Amma
bir obraz vardı o mətndə, onu yarada bilmişdim. Elə
o zamandan başladım yazmağa...
Jurnalistika isə mənimçün sosial-ictimai statusu
olan bir peşədi. 1991-ci ildə BDU-nun jurnalistika fakültəsini
bitirmişəm. Elə həmin ildən də
sırf professional jurnalistika ilə məşğul
olmuşam. 14 il gündəlik rəsmi
qəzetdə çalışmışam. Hər
gün sərasər məqalə və xəbərlər
yazmışam. 12 ildir ki, Atatürk Mərkəzində
baş redaktor işləyirəm.
-Sevərək
gəldiyiniz bu sənət gözləntilərinizi
doğruldubmu?
- Sənətdən
gözləntim yaxşı və səmimiyyətlə yazmaq
olub. Çox çətinliklə çap
olunmuşam. 90-cı illərdə ədəbi
mücadiləyə illərim gedib. Müstəqillik
dövründə ilk Ədəbi Birliyi mən
yaratmışam. Yazıçılar
Birliyində tədbirlər keçirirdik. Binaya buraxmaq istəmirdilər. Çünki
orda ədəbiyyatdan, YB-nin fəaliyyətsizliyindən
danışırdıq. Bir dəfə sədrin
kabinetində şəhid şairlərlə bağlı tədbir
keçirirdik. İclasda ilk təklifim bu
oldu ki, Ülvi Bünyazədənin, Nizami Aydının və
Alı Mustafayevin xatirə lövhəsi yaradılsın.
Buna nail olduq da. Tədbirdə
Anar Rzayev Fikrət Qocadan soruşdu ki, o inqilabçı
şair deyilən budurmu? Sonra cavab gözləmədən
qəlyanı sümürüb yuxarı üfürdü...
Təəssüf ki, YB-nin rəhbirliyi məndən
özünə qarşı inqilabçı obrazı düzəltmişdi. Ona görə
də bəzilərini çağırıb vədlər
verir, sıramızdan ayırırdılar. Onlar da söz aparıb gətirirdilər, ədəbiyyatı
qeybətə çevirir, donosbazlıq edirdilər. Ona görə bu məsələlərdən
uzaqlaşdım. İstedadlı gəncləri
çəkinmədən müdafiə etdiyimçün tənqid
də olunmuşam, paxıllıq da, qısqanclıq da, həsəd
də görmüşəm. Doğru
saydığım yoldan dönməmişəm. Adım siyahılardan, təltif və mükafatlatdan
kənarda qalıb. 1997-ci ildən
2014-cü ilədək AYB-nin İdarə heyətinin
üzvü olmuşam. Amma İH-nin bir
iclasına belə dəvət etməyiblər. Bunun səbəbləri məlum idi. İstəmirdilər ki, o iclaslarda obyektiv tənqid səslənsin.
1997-ci ildə “Ağ kitab” adlı ilk şeirlər
kitabımın gərgin müzakirəsi keçmişdi.
Sabahı gün öyrədilmiş gənclərdən
biri qəzetdə yazmışdı ki, guya bu şeirlərdə
Avropa üçün darıxan türk atlarının ayaq səsləri
duyulur. Hətta məni pantürkist adlandıran gənc
həmkarlar da vardı...
1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev gənc
yazarlarla görüş keçirdi. Dövlət
başçısı yüksək demokratizm göstərərək
hamını diqqətlə dinləyir, ürək
sözünü deməsinə imkan yaradırdı. Görüş qarşılıqlı dialoq şəklində
davam edirdi. Orda mən də
çıxış edərək YB-nin fəaliyyətini tənqid
etdim. Gənc istedadlı yazarlara Birliyin
strukturunda, ədəbi orqanlarda yer verilməsi, təqaüd
ayrılması barədə təkliflər verdim. Bəzi məsul yazıçıların sifətlərində
özümə qarşı yaranan ikrah və qəzəb
qızartlarını açıqca görürdüm. Sonralar heç ortada əməlli bir əsəri
olmayan gənclər də işə cəlb edildi, təqaüd
də ayrıldı. O tədbirə müəyyən
vasitələrlə məqsədli şəkildə
qatılanlar vardı. Onlar da vaxtında da bunun bəhrəsini
yaxşıca gördülər. Amma təklifləri
irəli sürən mən - işdən də, 2008-ci ilədək
təqaüddən də kənarda qaldım.
Soruşanda da deyirdilər: gənclər hamısı
özünü istedadlı sayır, hər kəsi necə təmin
edək?! Sözsüz, bu cür yanaşmalar
psxoloji təsir vasitəsi idi. Və bu
gün də bu yeknəsəkliyi davam etdirirlər.
Ədəbiyyat idarəçiliyi bir təsərrüfat
səciyyəsi daşıyır. Fərdi münasibətlər,
regionçuluq timsalında qruplaşmalar hökm
sürdüyü halda ədəbiyyatın inkişafından
söhbət gedə bilməz. Köklü dəyişiklik
olmasa, hər kəs doğru yerində olmasa, ədalət-haqq
gözlənilməsə, həqiqi istedad qiymətləndirilməsə,
ədəbiyyat aləmində hərc- mərclik davam edəcək.
Ədəbiyyat fərdlərin cılız hissləri, mənafeləri
çərçivəsindən çıxıb millətin
ümumi ruhu, əxlaqı səviyyəsinə
qalxmalıdır.
Üç nöqtə.-
2019.- 25 may.- S.12