“Nə səsimi sevirəm, nə də
mahnılarımı dinləyirəm”
Flora xanım Kərimova: “Yaradanın
yazdığını yaşamışam”
“Yarımçıq qalan, səhifəsi açılmayan işlərim var. Mən bir şeydə xoşbəxtəm ki, xalqım məni sevdi. İlk növbədə səsimi sevdi, sonra şəxsiyyətimi. Səsimə olan münasibət və şəxsiyyətimə olan məhəbbət məni Flora Kərimova etdi”. Ucnoqta.az saytının qonağı Respublikanın xalq artisti, əvəzedilməz səs diapazonuna malik olan, oxuduğu ifaları ilə musiqi dünyasında öz möhürünü vuran Flora xanım Kərimovadır.
-“Əslində mən”iniz
kimdir?
-Keşməkeşli və əzablı yollardan keçən, neçə fəsil görən və hazırda ömrünün qışını yaşayan Flora Kərimovayam. O insan ki, mənəviyyatını itirmədi, özünü təbiətin yaratdığı kimi qoruyub saxladı. Hərdən yaradana böyük şikayətlərim olur. Qabaqlar deyirdim ki, yaratmısan, yaşat. Çox iddialı idim. Yaradanın işgəncələrini qəbul etmirdim və bir sualım vardı: “Niyə?” Demirdim, niyə mənə? Eləcə söyləyirdim, niyə? Niyə bunu yazırsan, niyə əzab verirsən, sonra da əlini uzadıb kömək edirsən? Ya da heç kömək etmirsən, özbaşına buraxırsan, məhv olur. Sonra qızım mənə şükür etməyi öyrətdi. İndi yaşımın elə bir vaxtıdır ki, söyləyirəm, şükür bu günümə.
-Şou-biznesin
indiki halından razısınız?
-Başlayım ondan ki, bizim dövrümüzdə
sənət var idi, şou-biznes yox. Bu yaxınlarda Gülyaz və Gülyanaq bacıları konsert verdi,
çox bəyəndim.
Səhnə mədəniyyətindən tutmuş ifalarına qədər hər şey təqdirəlayiq idi. Konsertdə Siyavuş Kərimli
ilə yan-yana oturmuşdum. Soruşdum ki,
ay Sivayuş, bizim dövrümüzdə nə
var idi? Dedi, mədəniyyət. Mədəniyyət o dövrü hazırkı
vaxtdan fərqləndirir.
İndi kim
nə gəldi, danışır, heç
utanc hissi də keçirmir. O zamanlar isə düşünüb nəsə
deyirdin. İnsanların daxillərində bir senzura var
idi ki, artıq-əskik
söz demək olmaz. Bu yaxşı
hal idi. Bir də indi elə
müğənnilər var,
gəlib jurnalistə deyir ki, mənim
kimlə sevgili olduğumu yaz, tanınım. Bizim dövrümüzdə belə
şey ola
bilməzdi.
-Özünüzə
məxsus ifalarınız
var. Onlardan hansı sizə doğmadır?
-Suala cavab vermək
çətindir, çünki
bütün ifalar doğmadır. Bir şeyi etiraf
edim, bəzi mahnılar var ki, onlara önəm
vermədən oxumuşam.
Ancaq səs tembri və mahnıya yanaşma tərzi onları da doğma edib. Tək mənə deyil, eləcə də insanlara. Bilirsiniz, sənət adamı
mahnını ifa edir, sən həmin mahnılarla onun obrazını yaradırsan. Vay o günə
ki, yaratdığın
obraza görə peşiman olasan. Belə deyim, siz mahnılarıma
və sənətimə
görə mənim obrazımı yaradıb müsahibəyə dəvət
etmisiniz. Mən burada
yersiz danışsam, özümü yöndəmsiz
aparsam, mənim haqqımda müsbət fikirləriniz heç olacaq. Buna görə
deyirəm ki, vəhdət-şəxsiyyətlə sənətin vəhdəti
çox vacibdir.
-Bəlli ki, sənətin zirvəsindəsiniz. Bəs sənətlə
bağlı yarımçıq
qalan işləriniz var?
-Nəinki, yarımçıq
qalan, səhifəsi açılmayan işlərim
var. Mən bir şeydə xoşbəxtəm
ki, xalqım məni sevdi. İlk növbədə səsimi
sevdi, sonra şəxsiyyətimi. Səsimə olan münasibət və şəxsiyyətimə
olan məhəbbət
məni Flora Kərimova
etdi.
-Geriyə baxanda özünüzə
nəyi etiraf etmək istəməzdiniz?
-Mən yaradanın yazdığını yaşamışam.
Heç birimizdə nəsə təsadüfi
ola bilməz.
O ki, deyirlər, alın yazısı, bax onu yaşayırıq
hamımız. Hər şey
yaradandan gəlir.
Biri var Allah, biri var Yaradan. Allaha inana bilərsiniz, ondan nicat istəyə
bilərsiniz, amma Yaradandan bunu istəyə bilməzsiniz.
O, yaradır, yazır.
Bəziləri bu iki fərqi başa düşmür. O, nəyi
yazıbsa, onu da yaşayırıq. Mən isə üsyanla yaşayıram. Niyə, oğul
ananın üzünə
durur, qadınlar əxlaqsız yola düşür? Niyə?
-Deməli, biganə qalan insan deyilsiniz, sizi hər şey
narahat edir...
-Biganə qalsaydım, mən tank qarşısına
çıxmazdım. Narahat etməsəydi,
mən Fransa bayrağını tapdalamazdım.
Təbii
ki, narahat edir.
-Taleyinizdən razısınız?
-Narazı olsam, nə dəyişəcək?
Mən heç kimin üstünə ağlayan
insan deyiləm. Bir az öncə dedim, mən yazılanı yaşamışam. Razı ya
narazı olsam belə. Bir də siz hansı insanı görmüsünüz ki,
hər şeydən razı olsun. Razı adam
var? Razı ancaq dəlilər
olur. Çünki, dərd çəkmir.
Onun dərdini çəkən
olduğu üçün
xoşbəxt adamdır.
Yoxdursa da küçələrdən
birində canını
tapşıracaq. Sual olunur
yenə, niyə belə edirsən? Allahdan nəyisə ummaq olur, Yaradandan isə heç nə. Sualımı Allaha vermirəm,
Yaradana verirəm.
Təkrarən deyirəm, bəziləri
bu iki sözü
düz başa düşmürlər. “Ya Allah, mənə kömək ol. Bax, Allah mənə kömək etdi” bunu deyirlər.
Düz də söyləyirlər.
Sənin
taleyininə yazılanları
isə Yaradan müəyyənləşdirir.
-Yaradanla
Allahın fərqi nədir ki, Flora xanım?
-Yaradan mütləqi sahibdir. Yaradana yalvarmaq əbəs
yerədir. O, səni
yaradır və taleyini yazır. Allah isə ümid
deməkdir. Məsələn, ay Allah, mənə kömək elə. Valideynlərimi
itirəndə Allaha yalvarırdım ki, alma əlimdən, yazığam. Bir az da mənlə qalsın. Onda Allahla Yaradan arasındakı fərqi başa düşmürdüm.
Yaradan yeganə bir varlıqdır ki, yazdığını pozmur.
Bilirsiniz,
Allahı da Yaradan yaradıb.
-Flora xanım, bağlı qapıları
belə açmaq gücünə sahib olan sənətkarsınız. Bütün bunlara
rəğmən özünüzü
xoşbəxt qadın
sayırsınızmı?
-Heç vaxt bağlı qapını açmağa çalışmamışam.
Bunu özümə rəva bilməmişəm. Mənim üzümə
taybatay qapılar açılanda daxil olmağı sevmişəm
həmişə.
-Övladlarınız
nə edir? Necədirlər?
-Oğlum Almaniyada
yaşayır. Nənəyəm artıq. Böyük nəvəm
dil açanda mənə “Flora xanım”
deyirdi, qoymadım.
Söylədim ki, nənə
dedən. İndi elə
şirin “nənə”
deyir. Oğlum çox qayğıkeşdir.
Qızım da xaricdə
yaşayır. O biri
övladım Yaqut isə mənlə qalır. Yaqut mənim övladlarımın
başının tacıdır.
Bütün evimizi o idarə
edir. Üç övladım var
ki, onlardan birincisi Yaqutdur. Sizə bir şey danışım.
Yaqut zəng edib bir dəfə Oqtaya ki, pul
göndər, filan şeyi alacam. Oğlum da deyib ki,
keçən dəfə
göndərdim axı.
Yaqut hirslə cavab verib, anaya baxıram,
lazımdır. Oqtay
gülüb deyib, mən nəsə demədim, baş üstə göndərəcəm.(gülür)
-Deyirlər, ölkə sənətçiləri
arasında ilk dəfə
plastik əməliyyatı
siz etdirmisiniz?
-Xeyr, mən etməmişəm. Adını çəkməyim,
ilk dəfə bir qiraətçi xanım edib. Sonra İlhamə olub.
Onun gənclik illərindəki
burnunu görənlər
bilir, necə idi. Bunlara baxıb mən
də həvəslənmişdim.
Evdə anamı aldadıb dedim ki, məşqə gedirəm. Amma bilet alıb
Tiflisə yola düşdüm. Əməliyyat etdirdikdən sonra evə zəng etdim. Təbii ki, burnumda danışırdım. Anam
səsimi eşidib demişdi: “Evim yıxıldı”. Söylədim, ana, hər şey
qaydasındadır. Nəysə, təyyarəyə minib ölkəmizə qayıtdım.
Hava limanında təyyarədən
enəndə arxa-arxaya
düşdüm ki, anam məni görüb qorxmasın.
Burnumda sarğı var idi axı. Yavaşca çevrildim, anam məni görüb yenə qışqırdı: “Evim
yıxıldı”. Söylədim ki, səhhətim yaxşıdır.
-Əməliyyatdan
söz düşmüşkən
bir ara
da neçə il səhhətinizlə bağlı sənətdən
kənar qaldınız.
Oxuya bilmədiniz. Həmin illər
çətin oldu?
-Xeyr, olmadı. Mən oxudum, ya oxumadım,
fərqi yoxdur. Çünki, nə səsimi
sevirəm, nə də mahnılarımı
dinləyirəm. Ola bilər, xalq məni sevsin, mahnılarımı dinləsin,
amma mən özümə qulaq asmıram.
-Söylədiniz
ki, özümü
dinləmirəm. Bəs kimə qulaq
asırsınız?
-Şövkət xanıma. Şövkət xanım ifaları ilə mahnılara “layla” gətirib, sanki. Onun “Pıçıldasın ləpələr”, “ Ay mirvari dalğalar” və onlarla mahnıları nəyə desəniz, dəyər. Onun mahnıları ruhumu oxşayır. Allah ona rəhmət eləsin. Onun ölümü mənim üçün böyük itkidir.
-Flora
xanım, ürəyinizdən hazırda hansı
mahnını ifa etmək keçir?
Eşqimiz elə bu qədərmiş,
Məhəbbət qürbətə gedərmi ?
Bilməzdim, bilməzdim, bilməzdim...
-Məhəbbət qürbətə getməsin. Qoy elə daim sizinlə birlikdə addımlasın. Addımlasın ki, sevgi dolu günləriniz çox olsun. Dəvətimi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.
-Xoşqədəm xanıma söyləyərsiniz
ki, ona sonsuz
hörmətim var. Onun kimi dəyərli jurnalistlərimiz var olsun. Başda Xoşqədəm xanım olmaqla mən də hər birinizə təşəkkür edirəm.
Rövşən
Tahir
Üç nöqtə.- 2019.- 23
noyabr.- S.12.