“Atamın arzusu, bir az da təkidi ilə aktyor olmuşam

 

Əjdər Həmidov: “Xalq Artisti” fəxri adı illərlə çəkdiyim əziyyətin, zəhmətin bəhrəsidir”

 

“Hərbi hissəmizdə tank var idi və onları mühafizə edirdik. Növbə ilə gözətçi məntəqəsində dururduq, iki saat mən, iki saat qardaşım. Bir dəfə də gecə qardaşıma dedim ki, bu gecə mənim yerimə də sən dayan. Getdim, tankın birini götürüb sürdüm və şəhərə çıxdım. Təbii ki, bu, qadağan idi. Gecənin bir vaxtı Novosibirskini bir-birinə qatdım. Xəbər tutdular ki, gecənin bu vaxtı şəhərdə tank gəzir”. Deyir ki, bundan sonra gəlib müsahibimizi tutublar və hərbi hissəyə qayıtdıqdan sonra 10 sutka həbs cəzası veriblər.

                          

Üç nöqtə”nin qonağı tanınmış aktyor, xalq artisti Əjdər Həmidovdur. Müsahibimiz artıq 40 ilə yaxındır ki bu sənətdədir, aldığı fəxri adın heç asan başa gəlmədiyini bildirdi. Deyir ki, bu fəxri ad 40 ildə çəkdiyi əziyyətin, zəhmətin bəhrəsidir. Bizmüsahibimizi fəxri adı münasibətilə təbrik edirik və uğurlarının bol olmasını arzulayırıq.

Müsahibimizlə uşaqlıq, gənclik illərindən danışdıq, xatirələrə qayıtdıq.

 

Oğlan uşağı bu qədər fağır olmaz, kişisən sən”

 

1953-cü il avqust ayının 14-də Şabran rayonunun Mollakamallı (İndiki Aygünlü) kəndində anadan olan Ə.Həmidov deyir ki, elə həmin kəndin orta məktəbində də təhsil alıb: “Dərslərimi yaxşı oxumuşam, anam müəllimə idi və mənə də dərs deyirdi. Həm müəllimə kimi, həm də ana kimi dərslərimlə məşğul olurdu. Uşaq vaxtı həddindən artıq sakit təbiətli biri olmuşam. Atam həmişə deyirdi ki, oğlan uşağı bu qədər fağır, mülayim olmaz, kişisən sən. Bir arxasınca göndərəndə çox yavaş hərəkət etdiyimi bildirirdi. Dalaşqan olmadığım üçün elə uşaqlardan həmişə uzaq durmağa çalışmışam. Lakin böyüdükcə xasiyyətim dəyişdi, bir az başqalaşdım. Daha sonra bütün işlərin öhdəsindən gəlməyi bacardım, necə deyərlər az aşın duzu olmamışam”.

 

“Artıq 40 ilə yaxındır ki, sənətdəyəm”       

 

Müsahibimiz uşaqlıqda rəssam olmaq istəyirmiş, məktəbdə oxuyan zaman çox gözəl rəsmlər, portretlər çəkirmiş. Deyir ki, Nizaminin, Füzulinin çəkdiyi portretlərini məktəbin divarına vurubmuşlar, gəlib-gedənlər də maraqla seyr edirmiş: “Lakin bütün bunlara baxmayaraq atamın arzusu, bir az da təkidi ilə aktyor olmuşam. Beləliklə, rəssamlıq sənətinin arxasınca deyil, aktyorluq sənətinin arxasınca getdim. Hesab edirəm ki, atam fikrində səhv etməyib, tamamilə düz fikirləşib. Bəlkə də rəssam olsaydım bu uğurları qazana bilməzdim, bəlkə də qazanardım, onu deyə bilmərəm. Reallıq ondan ibarətdir ki, bu gün Akademik Milli Dram Teatrının aktyoruyam. Artıq 40 ilə yaxındır ki, sənətdəyəm bir neçə ay öncəXalq Artistifəxri adını almışam. Bu yol rahat yol deyil, əziyyət çoxdur. Aldığım bu fəxri ad illərlə çəkdiyim əziyyətin, zəhmətin bəhrəsidir.

 

İki il müddətində Sumqayıtda zavodda fəhlə işləmişəm

 

Ə.Həmidov deyir ki, orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsinə versə , qəbul olunmayıb: “Bundan sonra iki il müddətində Sumqayıtda zavodda fəhlə işləmişəm. Daha sonra isə hərbi xidmətə yola düşmüşəm. Rusiyanın Novosibirski şəhərində qardaşımla birlikdə xidmət etmişəm. Mən qardaşımdan iki yaş böyük idim, lakin bir az gec getdiyim üçün eyni vaxtda hərbi xidmət keçdik. Bizim düşdüyümüz hərbi hissədə xidmət çox çətin idi, tank hərbi hissəsi idi. Qardaşımla ikimiz tank sürücüsü olmuşuq. Mən 548, qardaşım isə 549 nömrəli tankı sürürdü. Novosibirskidə hava qışda çox soyuq keçirdi, 45 dərəcə şaxtada hərbi təlimlərə gedirdik. Bu çətin həyatı başa vurduqdan sonra vətənimizə qayıtdıq”.

 

“O tələbələr artıq mənim aktyorlarımdır, onları imtahandan kəsmək olmaz

 

Hərbi xidmətdən döndükdən sonra yenidən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsinə verən müsahibimiz elə həmin ixtisasa da qəbul olub. Qardaşı isə sənədlərini Bakı Dövlət Universitetinə verib hər ikisi ali məktəbəqəbul olublar: “Böyük sənətkarlarımız Ədil İsgəndərov, Rza Təhmasib imtahan götürdülər məni bəyəndilər. İxtisas fənnindən qiymət yazdılar, hələ qarşıda üç imtahan- ədəbiyyat yazılı, şifahi tarix imtahanı qalırdı. İkinci imtahandan da keçdim. İnstitutun rektoru rəhmətlik Rahim Hüseynov imtahan götürəcək müəllimləri çağırıb dedi ki, o tələbələr artıq mənim aktyorlarımdır, bunları imtahandan kəsmək olmaz. Qalan iki imtahandan bizə qiymətlər yazdılar, beləcə İncəsənət İnstitutuna daxil oldum”.

 

Günorta da kartof qızartması yeyirdik, axşam da...”

 

Tələbəlik illərində İnstitutun Yasamalda olan yataqxanasında qalan Ə.Həmidova vəzifə veriblər: “Tələbələr şurasının sədri idim. O yataqxanada dörd institutun tələbələri qalırdı. Otaqda isə dörd nəfər qalırdıq. Öz aramızda həftəlik pul yığırdıq. Belə ki, həftədə hər birimiz 5 manatdan verib 20 manat toplayırdıq onunla bir həftə dolanmalı idik. Tələbənin yeməyi olur? Ancaq kartof qızartması... (Gülür). Günorta da kartof qızartması yeyirdik, axşam da. Yaxşı kartof qızartmağı da elə tələbəlik illərindən öyrənmişəm. Çox dadlı kartof qızardıram. Bir qarnı ac, bir qarnı tox yaşamışıq, dörd il belə dolanmışıq. Bu gün Allahıma şükür edirəm, bütün arzularıma çatmışam”.

 

Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam

 

Müsahibimizi çoxlarımızKişi sözü”ndə Qasım obrazı ilə tanıyırıq. Filmin əsas qəhrəmanı Qasım sürücü olsa da, yalnız sevdiyi qıza görə iki illik baytarlıq məktəbinə oxumağa gedir. Özü çox gözəl bilir ki, bu iki il mənasız keçib. O, bunu yalnız sevdiyi qıza görə edib. Qətiyyən həkimlik sevdasında da deyil, onu yalnız Solmaz maraqlandırır. Müsahibimiz deyir ki, filmdəki kimi həyatda da böyük dərin sevgi yaşayıb: “Elə böyük bir sevgi mənim həyatımda da olub. Amma kinodakı kimi, həyatdakı sevgimdə uğursuzluqla qarşılaşdım. Məhəbbətimiz filmdəki kimi nakam qurtardı. Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıq çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam”.

 

Başımı nəvələrimlə qatıram

 

Xalq artisti deyir ki, institutu başa vurduqdan sonra təyinatla onu Sumqayıt Dövlət Dram Teatrına göndəriblər   orda işləməyə başlayıb: “Sumqayıt Dövlət Dram Teatrında 11 il tamaşalarda oynadım, müxtəlif xarakterli obrazlar yaratdım. Sonra isə Akademik Milli Dram Teatrında işləməyə başladım. Ailə həyatı qurmağım isə Sumqayıt Dram teatrında işlədiyim 80-ci illərə düşdü. Hazırda iki qız övladım var hər ikisi ailə həyatı qurub. Hər ikisi müəllimə işləyir. İki gözəl nəvəm var, başımı onlarla qatıram. Hamıya qismət olsun, nəvə çox şirin şeydir”.

 

Tankın birini sürüb şəhərə çıxdım hər kəs xəbər tutdu

 

Ə.Həmidov deyir ki, hərbi xidmətdə gecə növbəsində dayanırmışlar: “Biz qardaşımla birlikdə qarovul çəkirdik. Dediyim kimi hərbi hissəmizdə tanklar var idi və onları mühafizə edirdik. Gözətçi məntəqəsində dururduq, iki saat mən, iki saat qardaşım, belə əvəzləyirdik. Bir dəfə də gecə bizim növbəmiz çatdı, qardaşıma dedim ki, bu gecə mənim yerimə də sən dayan. Getdim, tankın birini götürüb sürdüm və şəhərə çıxdım. Təbii ki bu qadağan idi. Gecənin bir vaxtı Novosibirskini bir-birinə qatdım. Xəbər tutdular ki, gecənin bu vaxtı şəhərdə tank gəzir. Gəlib məni tutdular, hərbi hissəyə qayıtdıq, tankı yerinə qoyduq və mənə cəza verdilər. 10 sutka həbs etdilər, içəridə yatıb çıxmışam (Gülür). Əvvəldən əgər tutularsam həbs olunacağımı bilirdim, amma risk etdim”.

 

                                                                                       

Yoldaş general, onlar qardaşdırlar, birinin adı Əjdər, o birininki isə...”

 

Qardaşı ilə birlikdə hərbi xidmətə getmələrinin yaxşı olduğunu deyən müsahibimiz bildirdi ki, yad uzaq yerdə bir-birilərinə həmdəm olublar: “Birlikdə çox yaxşı qulluq edirdik. Hərbi hissədə yaxşı xidmət edən əsgərlərin cədvəli vurulmuşdu. Orda qardaşımla mənim adım alt-alta yazılmışdı. İkimizin adı “Ə” hərfi ilə başladığı üçün iki dəfə eyni formada Həmidov Ə.Q (Yəni Həmidov Əjdər Qüdrət oğlu, Həmidov Ənvər Qüdrət oğlu) yazılmışdı. General gəlib cədvələ baxanda kapitana dedi ki, yazanda baxın görün yazırsınız, səhv yazmısınız, bir adamın adını iki dəfə yazmısınız. Kapitan da dedi ki, yoldaş general, səhv yazmamışıq, onlar qardaşdırlar, birinin adı Əjdər, o birininki isə Ənvərdir”.

 

 

Könül Oruc

 

Üç nöqtə.-2019.- 28 noyabr.- S.12.