“Bəzi insanlar var ki,
hal-əhval belə tutmurlar”
Rəşad Abbasov: “Həyat
sınaqlardan ibarətdir”
“Şükür
etməyi sevən insanam. Ən pis günümdə belə
Allahıma şükür edirəm. Çünki, ondan da pis
günüm ola bilər. Fikrimcə, insan nəfəs ala
bildiyinə görə belə Allaha şükür etməlidir.
Allah bizim qismətimizi müəyyən edir”. “Ucnoqta.az”
saytı “Müsahibələr” bölməsinin bu dəfəki
yayımını bir zamanların məşhur siması
olmuş, hazırda isə “Cavan” Tv-də fəaliyyətini
davam etdirən Rəşad Abbasova həsr edir.
Balaca, dəcəl Rəşad
Uşaqlıq
illərim çox gözəl keçib. Hətta tez-tez
içimdən geri, həmin illərə qayıtmaq
keçir. O anların çox həsrətini çəkirəm.
Atamın əlimdən tutub gəzdirdiyi o günlər elə
gözəl vaxtlar idi. Valideynlərimin dediyinə görə
9 aylığımda yerimişəm və elə o vaxt da
danışmışam. Hətta uşaq kimi deyil, sərbəst
şəkildə danışmışam. Aktiv həyatım
olub. Çılğın bir uşaq olmuşam. Anam deyir, səsin
həyətdən əksik olmayıb. Amma indi sakitəm. Bəlkə
də, evin sonbeşiyi olduğumdan dəcəl bir uşaq idim
(gülür). Dəcəl olduğum üçün də
başıma çox hadisələr gəlib. Onlardan birini sizə
danışım. Biz doqquz mərtəbəli binanın
beşinci mərtəbəsində yaşamışıq.
Uşaq vaxtı evimizin pəncərəsinə
çıxmışam, yıxıldığım anda anam məni
xilas edib. Yəni, ölümün bir
addımlığından dönmüşəm. Bu kimi hadisənin
fonunda belə uşaqlığımdan məmnunam.
Çünki, olduqca rəngarəng bir
uşaqlığım olub. Düzdür, o zaman Azərbaycan
bugün olduğu kimi inkişaf etməmişdi, istədiyin
şeyləri ala bilmirdin, amma yenə də uşaqlıq illəri
elə uşaqlıq illəridir də.
Gənclik həyatı və
jurnalistikaya gəlişi
Məktəbə
getdim, beləcə hər şey böyüyə-böyüyə
baş verdi. Orta məktəbdə təhsil alanda kiçik
biznesə həvəsim yarandı. O zaman həm dərslərimlə
məşğul olurdum, həm də alqı-satqı ilə.
Yaxşı yadımdadır, 5-ci sinifdən artıq cib xərcliyimi
özüm qazanırdım. Bunu evdən icazə alıb hobbi
olaraq edirdim. Xoşuma gəlirdi, nəsə alım və
satım, gəlir əldə edim. Nəticə etibarilə
böyüdüm və dükan açdım. İndi də
fəaliyyət göstərir o mağaza. ANS-ə işə
girəndən sonra həmin biznesi ailəmə təhvil
verdim. Yeniyetmə dövrlərim həm təhsil almaq, həm
də işləməklə keçib. Daha sonra Azərbaycan
Dövlət İqtisad Universitetinə daxil oldum. Tam
jurnalistikadan fərqli bir ixtisasa-“Qiymət və qiymətləndimə”yə.
Təhsilimi başa vurub hərbi xidmətə yollandım,
sonra oranı da bitirib evə qayıtdım. Jurnalistikaya gəlişim
isə maraqlı oldu. Təsəvvür belə etmirdim ki,
jurnalist olaram. Əsgərlikdən qayıtdıqdan sonra
mağazada çalışırdım, amma stajlı bir
iş istəyirdim. Mağazada işləyəndə radioya
çox qulaq asırdım. ANS-in radiosunda belə bir elan
verildi ki, jurnalistika akademiyasına qəbul var. Mən hər dəfə
o elana qulaq asanda cv-ni hara göndərmək lazım olduğu
məqamı diqqətdən qaçırırdım.
Elanın sonuncu günündə hansı emailə göndərmək
lazım olduğunu diqqətlə dinlədim. Bir şeyi də
deyim, mənim yalnız 1 saat vaxtım var idi, çünki 1
saat sonra cv qəbulu dayandırılırdı. Kompüter məntəqələrindən
birinə gedib dərhal şəxsi məlumatlarımı
elektron poçt ilə göndərdim. Növbəti gün
ANS-ə müsahibəyə dəvət olunmağımla
bağlı mənə məlumat verdilər. Müsahibədən
uğurla keçdim və test imtahanını da müvəffəqiyyətlə
verdim. Kursa daxil olub oranı da 1-ciliklə bitirdim. Beləcə,
ANS-də faəliyyətə başladım.
Televiziyada yeni bir sima
görünürdü-Rəşad Abbasov
ANS-də
ilk olaraq iqtisadiyyat xəbərlərində ixtisaslaşdım.
Sonra sosialda, bunun ardınca isə kriminal xəbərlərdə
müxbir kimi fəaliyyət göstərdim. 2006-cı ildə
“Növbəçi” verilişi yaranmışdı. Allah rəhmət
eləsin, Natiq Qədimovla birlikdə onu aparırdıq. Kifayət
qədər reytinqli proqram idi. Gündəlik kriminal xəbərləri
tamaşaçılara təqdim edirdik. Sonra “İç xəbər”
verilişində aparıcı oldum və daha sonra “Cinayət
işi” verişini də mənə həvalə etdilər. Mən
həmin ərəfədə 3 verilişi məsuliyyətli
şəkildə aparırdım ki, adlarını qeyd etdim.
2006-cı ilin yanvar ayından efirdə görsəndim. Məni
yoxlamadan birbaşa efirə buraxdılar. Aparıcılıq həyatı
belə başladı və ANS fəaliyyətini dayandırana
qədər davam etdi. Efirdə olduğum müddətdə
çalışırdım ki, az səhvlər edim. Demirəm,
səhvlərim olmayıb, onlar da olub, amma məsuliyyət deyilən
bir anlayışı dərk edərək səhvlərin az
olmasına səy göstərirdim. Bunu da əlavə edim,
verilişlər içərisində “Cinayət işi” mənə
daha çox doğma idi. Orada mənim bir cümləm
vardı: “Çalışın cinayətdən və cinayətkarlardan
uzaq olun”. İnanırsınız, günü bugün belə
məni görüb xatırlayanlar o cümləni mənə
deyirlər. Hətta xaricdə olanda belə oradakı azərbaycanlılar
bu cümləni mənə xatırladırlar.
İnsanlar uzaq düşdülər
Vəzifə,
şan-şöhrət çox pis şeydir. Ona gərək
audə olmayasan. Mənə ANS bağlanandan sonra müəyyən
vəzifələrə iş təklifləri oldu, ancaq
özüm getmədim. ANS-də
çalışdığım zaman mən böyüklə
böyük, kiçiklə kiçik kimi davranmışam.
Ona görə də bu gün kimsə məni görəndə
mehribancasına salam verir. Amma işdən
çıxdıqdan sonra uzaqlaşmalar da oldu. Belə deyim, əgər
sənin əvvəlki şan-şöhrətin yoxdursa, bir
çox insanlar artıq yanında olmur. Mən də də belə
oldu. Düzdür, bunu açıq-aşkar elan etmədilər,
amma hiss etdirdilər. Məsələn, mən populyar
olduğum dönəmdə əgər mənə gələn
zənglərin ardı-arası kəsilmirdisə və facebook-a
gündə 100 mesaj gəlirdisə, işdən ayrılandan
sonra o zənglər də azaldı, yazılan mesajlar da. Efir,
mavi ekran bax belədir. Sən orada nə qədər ki, varsan,
insanlar da bir o qədər sənə can atacaqlar. Yox, əgər
deyilsənsə, o zaman çoxsu yanında olmayacaq.
Keçmiş iş yoldaşlarımın əksəriyyəti
ilə yalnız xeyir və şər işlərdə
görüşürəm. Komandam olan iş
yoldaşlarımla sosial şəbəkələrdə
danışırıq. Yəni kriminal sahədə
çalışan işçilərlə daim ünsiyyətdəyəm.
ANS-də olan işçilərin hamısı ilə
hazırda tez-tez üzbəüz görüşməsək
də, masa arxasına oturub çay içməsək də,
münasibət normaldır. Düzdür, soyuqluq var. O da
bilirsiniz, nəyin soyuqluğudur? Əvvəllər iş
prosesində üz-üzə gəlirdin, nəyisə
müzakirə edirdin, lakin indi bölüşə biləcəyimiz
ortaq bir şey yoxdur. Bunu da əlavə edim, məşhur
olduğum dönəmlərdə əlindən tutub kömək
etdiyim bəzi insanlar var ki, indi hal-əhval belə tutmurlar.
Onlara dəstək olduğuma görə qətiyyən
peşiman deyiləm. Mən belə insanam.
Çalışıram, bacardığım
yaxşılığı edim. Mən istənilən anda yenidən
populyarlaşa bilərəm. Bu özünü tərif kimi
çıxmasın. Çünki, mən işimi məsuliyyətlə
görürəm və bilirəm ki, yenidən efirlərə
qayıtsam, əvvəlki populyarlığımı qazana bilərəm.
Sual verirsiniz ki, onları yenidən ətrafınıza
buraxacaqsınız? Cavablayım ki, buraxacam, amma çərçivədə.
Çox yaxın olmayacaqlar. Bayaq dediniz ki, etdiyiniz
yaxşılığa görə peşimansınızmı
indi? Dedim, xeyr. Peşiman o zaman olaram ki, yenidən o səhvləri
edib bəzi insanları ətrafıma buraxaram. Bir dəfə
etmişəm, bu normaldır. Çünki, səhvlər
hamı üçündür. Səhvsiz insan yoxdur. Amma
çalışmalısan ki, o səhvi ikinci dəfə etməyəsən.
Mən də ikinci dəfə həmin səhvləri etmərəm.
Həyata fəlsəfi baxış
Həyat
sınaqlardan ibarətdir. Allah istənilən bir bəndəsinə
sınaq göndərir. Məni də kifayət qədər
sınaqlarla üz-üzə qoyub və mən də
sınaqlardan keçə-keçə gedirəm.
Çünki, Allah səbr edən insanı sevir. Səbrli
insanam. Düzdür, illər ərzində əsəbi
hallarım da olub. Amma səbrim həmişə qalib gəlib.
“Həyat sizi sınayır ya siz həyatı?” sualını
verirsiniz mənə. Çalışıram ki, həyatı
sınamayım. Çünki, həyatı Allah verir. O sənə
nəyisə yazır, tale yollarını müəyyən
edir. Biz kimik ki, həyatı sınayaq?! Etiraf edirəm,
keşməkeşli həyat yaşamışam, lakin
şükür etmişəm. Mən şükür etməyi
sevən insanam. Ən pis günümdə belə Allahıma
şükür edirəm. Çünki, ondan da pis
günüm ola bilər. Fikrimcə, insan nəfəs ala
bildiyinə görə belə Allaha şükür etməlidir.
Allah bizim qismətimizi müəyyən edir. “Alın
yazısı” deyilən bir şey var. Ona inanan hər kəs
bilməlidir ki, pis də, yaxşı da Allahın
payıdır. Onu şükürlə qəbul etmək
lazımdır. İnsanın həm yaxşı, həm də
pis günü olur. Bütün bunlar onun qismətidir.
Arzular onu da sahilsiz ümmanların
sahilinə aparır
Mən
özümü şanslı insan saya bilərəm ki,
arzularımın bir qismini Allah həyata keçirib. Buna
görə ona minnətdaram. Elə ANS-də
çalışmağım kimi arzunu misal göstərə
bilərəm. Kifayət qədər arzularım var. Bilirsiniz,
arzu elə bir şeydir ki, hər arzudan biri doğur. Məndə
də arzular tükənmir. Belə fikirləşirəm ki,
normal insanda arzuların sayı çox olmalıdır.
İşlə, ailəylə, peşəylə, övladla,
valideynlə bağlı olan arzularım sonsuzdur. Deyim ki,
hamısını reallaşdıra biləcəyəm, xeyr.
Düşünürəm ki, həyata keçməsi
mümkün olmayan arzularım da olacaq. Jurnalistika fəaliyyətimlə
bağlı arzularım çoxdur. Reallaşdırmaq istədiyim
layihələr var. Allah imkan yaratsın, onlar da işıq
üzü görsün.
O, ömrünün yazındadır
Yaşım
38 olmağına baxamyaraq özümü o yaşda hiss etmirəm,
cavan, gənc bir insan kimi hiss edirəm. Xarici görkəmim belə
məni o yaşda göstərmir. Mənə “Sən 25, 26
yaşdasan, sanki” deyənlər var. Bütövlükdə
götürsək, özümü ömrümün yaz fəslində
hiss edirəm. Düzdür, payız kimi arada saralıb soluram
da. Amma ömrümdə yaz fəsli özünü daha
qabarıq göstərir.
Onunla
sağollaşıb diktafonu keçirirəm. Beynimdə dediyi
cümlələr, səsləndirdiyi fikirlər bir
burulğan kimi fırlandıqca fırlanır. O cümlələri
və fikirləri ki, insanlarla və insanlıqla bağlı məqamları
özündə əks etdirir və mən düşüncələrimin
astanasında bir sualla üz-üzəyəm:“Niyə biz
insanların çoxsu şan-şöhrətə meyil
edirik?”
Rövşən
Tahir
Üç nöqtə.- 2019.- 30
noyabr.- S.12.