“Somalidən övaldlığa
uşaq götürmək
istəyirəm”
Roza Zərgərli: “On iki
yaşımda kliniki ölüm keçirtmişəm”
“Günahsız insan yoxdur. Bu həyat var ikən
səhvsiz, günahsız bir Allahımızdır. Səhvlərimdə
olub, günahlarım da var. Etdiyim o səhvlərə görə
özümü bağışlamıram”. Ucnoqta.az-ın
qonağı sevilən müğənni Roza xanım Zərgərlidir.
- Geriyə baxanda uşaqlıq illəriniz
haqqında nə deyə bilərsiniz?
- Rusiyanın Tümen vilayətində
doğulmuşam. Orta təhsilimin 4 ilini orada oxumuşam, daha
sonra isə Azərbaycanda təhsilimi davam etdirmişəm.
Bilirsiniz ki, 80-cı illərin sonunda ölkəmizin üzərini
qara buludlar almışdı. Atam hərbçi və qeyrətli
kişi olduğundan xidmətini Rusiyada deyil, gəlib öz Vətənində
etdi. Buna görə də 4-ci sinifdən sonra burada təhsil
almışam. Ailədə 3 uşaq olmuşuq. Gözəl
uşaqlığım keçib. Əgər o illərə
dönmək şansım olsaydı, böyük məmnuniyyətlə
qayıdardım.
- Roza xanım, uşaqlıqda şıltaq qız
olmusunuz ya sakit?
- “Çalıkuşu” filminə
baxmısınız ? Oradakı “Fəridə”
mənim yanımda yalan olardı. Çox şıltaq, dəcəl,
dələduz və arıq bir qız olmuşam. Uşaq
vaxtı mənə ləqəb olaraq “Fatı” deyirdilər. O
zamanlar qaraçılar kimi uzun paltarlar geyinməyi xoşlayırdım.
Uşaqlıqda aliminiumdan velosiped, maşın düzəldirdim.
Sanki, bir oğlan idim. Qızlar özlərinə uyğun
oyunlar oynayanda mən oğlanlarda dəmir-dümürün
içərisində eşələnirdim.
- Bildiyim qədərilə, uşaq vaxtı
kliniki ölüm keçirmisiniz. Bir də ondan
danışaq...
- Bəli, on iki yaşımda kliniki ölüm
keçirtmişəm. Qırx iki gün, qırx iki gecə
yatmışdım o zaman. Sonra oyandım və həyətimizdə
olan qonaqların sayını görüb təəccübləndim.
Kliniki ölümdən sonra mənim həyatım tamamilə
dəyişdi. Bütün bunların hamısı “Sibir
çiçəyi” romanında var.
- 20 ilə yaxındır ki, səhnədəsiniz.
Özünüzü sənətin
hansı pilləsində hiss edirsiniz?
- Ən yuxarısında. Çünki, 20 il
həm az bir müddətdir, həm də çox. Az müddətdir, ona görə ki, hələ
görəcək işlərim var. Çoxdur isə, ondan
ötrü ki, bu illər ərzində Azərbaycan mədəniyyətinə
yetərincə töhvələr vermişəm. Uzağa getmədən söyləyim, ilk roman yazan
ifaçıyam. Daha sonra elə bir
veriliş aparıram ki, 6 ildir, televiziya
tamaşaçılarına mədəni informasiya verir.
Müəllifi olduğum “Bakı vaxtı ilə”
incəsənətin, mədəniyyətin bünövrələrinə
qulluq edir. Baxın, Nizami Rəmzini, bəlkə,
heç kim yada salmırdı. Nizami Rəmzinin repertuarından meyxanalar oxunurdu,
adı çəkilmirdi. Amma mən efirimdə
ona yer ayırdım. Daha sonra Ağasəlim Çıldaq ! İlk
“Şöhrət” ordenli meyxanaçı olub. Kim bilirdi bunu ?
- Xəyallar
çəkir, sorğuya məni... Xəyallar
sizi çoxmu sorğuya çəkir?
- Mən
bilsəydim ki, bir mahnını illər boyu hansısa bir gənc
dinləyirmiş, onu daha çox ifa edərdim. Hər zaman
prinsipim bu olub: “Bir mahnımı bir insan bəyənirsə, mənə
bəsdir”. O mahnını həyatımla bağlı
oxumuşdum. Bu açıqlamanı heç
yerdə etməmişəm, sizə edim. İfa
etdiyim mahnıların hər biri həyatımın müəyyən
bir dövrünə aiddir. Elə
“Qırmızı günlər” mahnısını deyim.
O, mənim janrıma uyğun bir mahnı deyil. Çünki,
mən pop ifaçısıyam. Buna
baxmayaq yenə də mən onu ifa etmişəm. Çünki, həyatımın bəlli bir dönəminə
aiddir. Onu Əlikram Bayramov mənim ad
günümə yazıb. Çox
sağolsun. Gələk, “Deyə bilsəm”
mahnısına. Bəstəkarı Bikə
xanım Axundovadır. Mahnı efirə çıxandan
13 il əvvəl yazılıb. Yəni, 13
il o mahnını oxumamışam. Ta ki,
sözləri mənə aid oldu və mən ifa etdim. Ən çətin anlarım idi o zaman. Böyük qızımla problemlər
yaşadığım vaxtlar idi. O mahnını oxudum və
özümlə tək-tənha qaldım.
- O
gün siz sənətdən də getdiniz, o gün siz
çox dostlarınızdan da ayrıldınız... O gün
haqqında danışmanızı istərdim...
- Əslində, hazırda münasibətim o qədər
gözəldir ki, istəmirəm, o qəlb ağrıdan, ananı
incidən məqamlara geri qayıdım. Amma sual
verilibsə, cavablamalıyam. İlk olaraq
bunu deyim ki, fikrimcə, heç bir övlad valideynini incitməməlidir.
Böyük qızımı mən
övladlığa götürmüşdüm. Qızım bunu bilirdi və anasının kimliyi ilə
maraqlanırdı. Günah məndə oldu ki,
anasını tapdım, onunla tanış
elədim. Çünki, bunları etməsəydim,
qızım məni atıb öz anasına getməyəcəkdi.
Bir tərəfdən də fikirləşirəm,
yaxşı ki oldu. Nəyə görə
? Qızım ana oldu, mənim onu necə
sevdiyimi anladı və məni daha çox sevdi. Qızım məni tərk etdikdən sonra ilk dəfə
onu görəndə, sanki, yer yarıldı və mən onun
içinə düşdüm. Tarqovudan
alış-veriş edib evə gedirdim, arxadan bir səs gəldi:
“Ana, anacan”. Mən əlimdəkiləri
qeyri-ixtiyarı buraxdım və diz üstə oturdum. Onu sözlə təsvir etmək olmur.
- Roza
xanım, övladınızdan bu münasibəti
gördükdən sonra insanlara olan etibarınız itmədi?
- İtmədi, amma qəlbim qırıldı. Özümə
müəyyən bir sərhəd yeri qoymağa
başladım. O dönəmlər insanları görmək
istəmirdim. İnsanlardan uzaq qalım deyə səhnəni
də tərk etdim. Ümumiyyətlə, mən
səhnədən 3 dəfə gedən ifaçıyam.
Üç dəfə bu sənəti
özüm istəmədən tək etmişəm. Qayıdıb gələndə isə
tamaşaçılar məni qəbul edib. Bu baxımdan özümü xoşbəxt
müğənni hesab edə bilərəm ki, mən sənətə
qayıdanda yenidən sıfırdan başlamamışam.
Bütün sevənlərimə minnətdaram.
- Tez-tez Allahla danışırsınız?
- Hər
gün danışıram. Allahı içimdə
daşıyıram. Atdığım hər
addımda onun varlığını düşünürəm.
Hər bir işimdə deyirəm, ya Rəbbim,
özün nə məsləhət bilirsənsə, onu mənim
üçün elə. Oğlanlarımın
ikisini də əsgərliyə yola salanda “Quran”ı
götürüb demişəm, Allah necə edəcəksə,
o cür də olsun. Əgər bilsəm
ki, şəhid olmusunuz, demək Allah belə
yazıbmış. Böyük oğlumu
yola salanda balaca küsdü ki, qardaşıma niyə belə
deyirsən? Cavabladım ki, bu, o mənanı
verir ki, heç nədən qorxma, Allah səninlədir və
o, bilir, nə edir. Artıq kiçik
oğlumun özünü yola salanda və deyəndə ki,
bilsəm ki, şəhid olmusan, söylədi, izah etmə,
bilirəm. Allaha çox bağlı
insanam.
- İndiyə qədər
açmadığınız hansısa bir sirriniz varmı?
- Bir
sirrim vardı övladlığa götürdüyüm
uşaqlarla bağlı, onu da məcbur olub açdım. Hər
kəs deyirdi ki, uşaqlarının adı niyə xaricidir ? Yəqin ki, Roza nigahdan kənar
xarici vətəndaşla ailə qurub və uşaq dünyaya
gətirib. Uşaqlarım bunu eşidirdi,
pis olurdu. Onların təkidi ilə efirdə dedim ki,
övladlarımı götürmüşəm. Başqa saxlayacağım hansısa bir sirrim yoxdur.
- Elə
anlar olubmu ki, özünüzdən küsəsiniz?
- Xeyr,
olmayıb. Özümdən niyə küsüm ki ? Əgər özümü tənqid
edirəmsə, demək ki, nəyinsə yaxşı
olması üçün bunu edirəm. Bəzi
xasiyyətim var, xoşuma gəlmir, mübarizə aparıram
ki, aradan qalxsınlar. Bir sözlə,
özümdən küsən insan deyiləm.
- Roza
xanım, özünüzə
bağışlamadığınız günahınız
varmı?
-
Günahsız insan yoxdur. Bu həyat var ikən
səhvsiz, günahsız bir Allahımızdır. Səhvlərimdə olub, günahlarım da var.
Etdiyim o səhvlərə görə özümü
bağışlamıram. Elə
götürək səhnəni. Özümə
incəsənətdən 3 dəfə getməyi
bağışlamıram. Çünki,
yerimi başqalarına verdim və onlar ulduz oldular. Demirəm, mən ulduz deyiləm, sadəcə gərək
o kəslərə imkan yaratmazdım. Bir də
mənim ürəyim çox yumşaqdır. Onun
ucbatından hər kəsə can yandırmışam və
zamanımı onlara sərf etmişəm. Düşünürəm
ki, o zamanı özümə xərcləməli idim.
Bu yaxında Xəzər tv-də “Şən bazar”
verilişində idim, aparıcı Zümrüd xanım bir
gözəl cümlə dedi: “Siz yaradıcılar oxuyun,
öndə olun ki, bayağıların sayı azalsın”.
- Sizi həyatda
saxlayan qüvvə nədir?
-
Övladlarım, tamaşaçılarım yox. Niyə? Fikirləşirsiniz,
baxırsınız, sual vermək istəyirsiniz, amma cəsarət
etmirsiniz, sanki. Ancaq deyim, niyə ?!
Tamaşaçılarımın qarşısında baş əyirəm,
lakin bu günə qədər heç bir
tamaşaçıdan bir dəfə eşitmədim ki, Roza
xanım, nəyəsə ehtiyacın var ?
Heç olmaya mənəvi. Lakin
övladlarım mən içəri daxil olanda soruşurlar,
maraqlanırlar. Ona görə də məni
həyatda saxlayan qüvvə övladlarım və bu
yaxınlarda görəcəksiniz bir də kimdir.
- Məndə
sual yaratdınız. Bu yaxınlarda görəcəm
kimdi?
-
Çox böyük bir arzum var, Somalidən
övladlığa uşaq götürmək istəyirəm.
Əgər bu məqaləni oxuyanlardan kimsə
bu gücə sahibdirsə, mənə yardım göstərsin.
Sual yaranır, niyə özümüzdən deyil, Somalidən ? Öz uşaq evlərimizə
dövlət tərəfindən hərtərəfli
qayğı göstərilir. Somalidə isə
vəziyyət acınacaqlıdır. Bir də
öz uşaq evlərimizdən 3 övlad
götürmüşəm, böyütmüşəm.
Birini də istəyirəm, oradan
götürüm. Allah arzuma
çatdırsın.
- “Amin” deyib sizə təşəkkür edirəm. Qonağımız
olduğunuz üçün sizə təşəkkür
edirəm.
- Mən
də Xoşqədəm xanıma, sizlərə minnətdaram.
Rövşən Tahir
Üç nöqtə.-
2019.- 16 noyabr.- S.12