“Əsl yaradıcı insanın şəxsi
həyatı olmur”
Qabil Quliyev: “Bugünkü dramaturqlar nə Cəfər,
nə Cavid, nə də Cəlil deyillər, heç onlar kimi
olmağa cəhd də göstərmirlər”
“Mən teatrın repertuarında olan 90 faiz əsərlərin
ifaçısı olmuşam. Qabil Quliyev olaraq əbədi
şedevr yaratmışam demirəm. Amma özümün və
tamaşaçılarımın sevdiyi personajlarım olub.
Oynadığım tamaşaların bəziləri Azərbaycan
televiziyasının qızıl fondunda saxlanılır.
Saymaqla bitməyən və özümün müəyyən
qədər ümid bəslədiyim, adı hallanan obrazlar silsiləsi
var. Lənkəran teatrının son 15 ildə çox
gözəl fəaliyyəti olub”. Deyir ki, bir çox yerlərdə,
Beynəlxalq Teatr Festivallarında iştirak ediblər.
Gürcüstana, İrana, ən çox da Türkiyəyə
səfərləri olub.
“Üç nöqtə” qəzetinin
qonağı Lənkəran Dövlət Dram Teatrının
istedadlı aktyoru, Xalq artisti Qabil Quliyevdir.- Lənkəran
Dövlət Dram Teatrının adı çəkiləndə
siz yada düşürsünüz. Bunun səbəbini nə
ilə izah edə bilərsiniz?
- Bu teatrda 1973-cü ilin dekabrından etibarən
çalışıram. Bəlkə də bu teatrda fəaliyyətə
başladığım dövrdən şəhərin,
teatrın ictimai həyatında fəal iştirakım,
televiziyada çəkildiyim filmlər, seriallar və
tamaşalardan irəli gəlir.- Teatra 1 illik gəlsəniz də
artıq 45 ildir ki, ordasınız...
- Hələ tələbəlik illərindən
müəllimim Akademik Milli Dram Teatrının direktoru Əliheydər müəllim
məni teatra işə götürmüşdü. Orda
çalışdım, institutu bitirəndən sonra orduya
çağırıldım. Dövlət Kino Komitəsinin hərbiləşdirilmiş
bazasına düşdüm. Qayıdandan sonra Bakıda, teatrda
vəziyyət çox çətin idi. Əliheydər
müəllimin dünyasını dəyişməsi, müəyyən
yer dəyişmələri, Bakıda yaşamaq
imkanlarımın məhdud olması məni Nazirliyə getməyə
məcbur etdi. Nazirlik xüsusi göndərişlə məni
Lənkəran Dövlət Dram Teatrına göndərdi. Həmin
vaxtı teatr yenicə açılmışdı,
dekabrın 16-sı teatrda ilk tamaşa
oynanılmışdı, dekabrın 20-də isə mənim əmrim
verildi. Guya mən bu teatra bir illik gəlmişdim, başım
teatrın işlərinə necə qarışdısa,
gözümü onda açdım ki, artıq sovetlər
ittifaqı da dağılıb. Və bu məsələnin
üstündən xeyli illə keçib.- Teatrdan
ayrılmağı, Bakıya gəlməyi heç
düşünmədinizmi?
- Bilirsiniz, tələbəlik illərimdə
Bakıda 4 il fəaliyyətim olub, hələ ondan iki il əvvəl
Bakıda yaşadığım illəri demirəm. Sadəcə
insan köçəri quş deyil ki, yuvası dalında
olsun. İnsan harasa bağlandısa, oranı buraxıb getməsi
hər halda xəyanət olardı. Buna ordu dilində fərarilik
deyilir. - Lənkəran Teatrında hazırda vəziyyət
necədir?
- Lənkəran Dövlət Dram Teatrında vəziyyət
ölkənin mövcud teatrlarında olduğu kimidir. Həm tamaşaçıya, həm kadra, həm də
qoyulan tamaşaların keyfiyyətinə görə.
Açıq danışsaq bu gün cəmiyyətimizin həyatını
əks etdirən, ictimai mühiti düzgün və durğun
göstərən əsərlər yaradılmır.
Teatr dramaturgiyadır. Əgər dramaturgiya güclü, aktual
olarsa, müasir dövrün tələbləri illə səsləşərsə,
tamaşa da keyfiyyətli olar. Bu gün bu dramaturgiya yoxdur. Ona
görə də biz yaradıcı kollektiv olaraq çox zaman
xarici dramaturgiyaya müraciət etməli oluruq. Hər halda
bugünkü dramaturqlar nə Cəfər, nə Cavid, nə
də Cəlil deyillər. Heç onlar kimi olmağa cəhd də
göstərmirlər. - Gənc aktyorların fəaliyyəti
necə sizi qane edirmi?
- Çox nadir hallarda. Bu da ondan
irəli gəlir ki, bu gün gənc aktyorlar əvvəla
ölkəmizin digər şəhərlərinə getməkdən
imtina edirlər. Çünki onlar özlərini hələ
tələbəlik illərindən etibarən çox
böyük sənətkar hesab edirlər. Və nəticə
etibarilə də biz onları nə teatrda, nə də ekranda
görmürük. Başa düşə bilmirəm ki,
buraxılan o qədər kadr hara gedir? Onlar diplom xətrinə
gəliblərsə, gedib başqa yerlərdə oxusunlar.
Axı həmin adamlar orada oxumaq şansı olan başqa
istedadlı bir adamın yerini tutur. Nəticə etibarilə Azərbaycanda
teatrlarda kadr qıtlığı yaranır.- Rayonlarda teatra gələn
tamaşaçılar çoxdurmu?
- Bu
gün insanlar teatra gəlir. Gələcəyin
tamaşaçısını formalaşdırmaq
üçün bu sahədə güclü iş
aparılmalıdır. Amma çox təəssüf edirəm
ki, əlaqədar təşkilatlardan məktəblərə
və ali təhsil müəssisələrinə
elə göstərişlər verilir ki, onlar teatrla əlaqə
saxlamaqda çətinlik çəkirlər. Yadımdadır,
bir neçə il bundan qabaq demişdilər
ki, məktəblərdə biletlər yayılmasın. Bəs bu xalqın, millətin mənəvi dəyərlərini
yaşamaq üçün vətəndaş
formalaşmalıdır, ya yox? Axı millət
mədəniyyəti ilə tanınır. Ona görə də bu gün Mədəniyyət və
Təhsil Nazirliyi birgə proqram yaxud layihə
hazırlamalıdırlar. Məktəblərdə, ali məktəblərdə yaradıcı
kollektivlərlə görüşlər, müasir
dövrün problemlərinin həlli haqqında diskussiyalar
keçirilməlidir. Gənc nəsli ədəbiyyatımızı,
musiqimizi, teatrımızı sevməyə hazırlamaq lazımdır.
Bu gün hər hansı maşına əyləşirsən,
orda bir dənə də milli musiqimiz səslənmir. Hamısı rok, rep, caz və sairdir. Hanı mənim bəstəkar musiqilərim, hanı
Ələkbər Tağıyevin, Tofiq Quliyevin
mahnıları, hanı Cavanşir Quliyevin bəstələri,
hanı mənim muğamım? Televizoru
açıram, çox eybəcər, musiqisi olmayan, ritm əsasında
adi sözlər deyilən mahnılardan başqa heç nə
eşitmirəm. Nə vaxta kimi belə
olacaq? Bu gün bizim canlı sənətimiz
olan teatr da eyni taleyi, eyni həyatı yaşayır. Bunlar təkcə mənim düşünməyimlə
həll olunacaq məsələlər deyil. Bunun üçün xüsusi adamlar, rəhbərlik
var. Onlar millətin gələcəyini, milli-mənəvi
taleyini düşünməlidirlər.
-
Teatrın əvvəlki vaxtları ilə indikini müqayisə
etdikdə nələr dəyişib?
-
Sözsüz ki, zaman keçdikcə hər şey dəyişir,
amma bu dəyişmələrin qütbləri var, müsbət
yaxud mənfi. Bu gün müstəqil Azərbaycanda
yaşayırıq. 23 aylıq ömür
yaşamış müstəqil Azərbaycanın varisləriyik.
Müstəqil Azərbaycanımızın mənəvi
dəyərlərini dünya ictimaiyyətinə
çatdırmaq, onu təbliğ etmək, gənclərimizi
buna kökləmək üçün bizə fundamental əsərlər
lazımdır. Əgər sənətimizdə
bu məsələlərə diqqət yetirməsək, gələcək
nəsil manqurtluğa gedəcək, millət öz
simasını itirəcək. Mənim bir
sənət əsərimi hansısa muzeydə, beynəlxalq
festivalda görəndə maraqlanırlar. Kiyevdə
yaşayan bir dostum var. Ona internetlə Salyanlı qarmon
ifaçısının bir ifasını göndərdim.
Mənə yazdı ki, Azərbaycanda yəni belə
ifaçılar var? Dedim, bəli. Azərbaycanın
Qara Qarayevi, Tofiq Quliyevi, Tahir Salahovu və s. böyük sənətkarları
var.
- Bu
günə qədər ən sevdiyiniz və yadda qalan rolunuz
hansı olub?
- Mən
teatrın repertuarında olan 90 faiz əsərlərin
ifaçısı olmuşam. Qabil Quliyev olaraq əbədi
şedevr yaratmışam demirəm. Amma
özümün və tamaşaçılarımın
sevdiyi personajlarım olub. Mirzə Cəlilin “Ölülər”
əsərində kefli İsgəndəri, Üzeyir Hacıbəyovun
felyetonları əsasında hazırlanmış
“Olanlardan-keçənlərdən” əsərində Mirzəni,
faşizm üzərində qələbənin 30 illiyinə həsr
olunmuş “Nəsillər eşidin” əsərində Kapitan
Kartaşovu oynamışam. Bütün bunlar Azərbaycan
televiziyasının qızıl fondunda saxlanılır.
Saymaqla bitməyən və özümün
müəyyən qədər ümid bəslədiyim, adı
hallanan obrazlar silsiləsi var. Lənkəran teatrının
son 15 ildə çox gözəl fəaliyyəti olub. Bir çox yerlərdə, Beynəlxalq Teatr Festivallarında
iştirak etmişik. Gürcüstanda,
İranda, ən çox da Türkiyədə səfərlərimiz
olub. Bir neçə gün əvvəl
kollektivimizin bir qrupunu İranın Həmədan şəhərinə
Beynəlxalq Uşaq Tamaşaları Festivalına yola
saldıq. Çətinliklərə
baxmayaraq kollektiv işləyir. Heç kim
silahını yerə qoyub gizlənmir. Amma bu
gün dramaturgiya teatrımızdan çox geridə qalıb.
- Hər
işin öz çətinlikləri olur, bəs sizin
işinizin hansı çətinlikləri olub?
-
Yaradıcılığın yolu asan olmur,
yaradıcılıq bütünlükdə çətindir.
Əsl yaradıcılıq itkilərlə
bağlıdır, insan özünü bir çox şeylərdən
məhrum etməlidir. Əsl
yaradıcı insanın şəxsi həyatı olmur. Onun həyatı sənətindədir.
-
Ömrünüzün yarıdan çoxunu teatra həsr
etmisiniz. Bu teatr sizə nələri
qazandırıb?
- Teatr
yaradıcı insandan çox şeyləri almaqla bərabər
çox şey də verir. Sənət
insanı mənən saflaşdırır. Söhbət bu gün özündə müştəbeh
sənətkarlardan və sənətçilərdən
getmir. Sənət insanı xalqına, millətinə,
dövlətçiliyinə bağlayır. Sənət insanı həmişə
düşünməyə vadar edir. İnsan
öz mənəvi dünyasını həmişə pak, təmiz
saxlamağa çalışır. Aktyor
çox zaman səhnədə təbliğ etdiyini ilk növbədə
özündə görməlidir, özünə tərbiyə
etməlidir. Əgər mən çirkin
adamamsa heç vaxt insanlara təmizlikdən söz deyə
bilmərəm, çünki saxta çıxacaq. Mən bu gün düşündüklərimi,
gördüklərimi sənətimin dili ilə kütləyə,
tamaşaçılarıma deyə bilirəm. Amma hər insan öz
düşündüyünü heç də hər zaman deyə
bilmir. Bax, məni sənətə, teatra
bağlayan belə şeylərdir. Teatr, sənət
mənə bunu verib.
Könül Oruc
Üç nöqtə.-
2019.- 3 oktyabr.- S.12