“Hər il oynadığım obrazlarımın doğum
gününü qeyd edirəm”
Səbinə Məmmədova: “Tamaşaçılar
tərəfindən mənfi
xarakterim gözəl qəbul olundu”
Bütün obrazları onun üçün əvəzsizdir.
Hər il oynadığı obrazlarının
doğum gününü
qeyd edir və obrazlarını şüşədə saxlanılan
qızıl gülə
bənzədir: “Tamaşa
oynanılır, əgər
o gülün bir ləçəyi düşürsə,
deməli obraza xəyanət edilmiş olur. Əgər ona parıltı və ətir gəlirsə, deməli obraz yenidən canlanır”. Müsahibimiz
“Üç nöqtə”
qəzetini qonağı
Gənc Tamaşaçılar
Teatrının istedadlı
və gənc aktrisası Səbinə Məmmədovadır.
- “Gecə” serialında
mənfi obrazı canlandırırsınız. İstərdik
ki, Xumar obrazı barədə düşüncələrinizi bölüşəsiniz...
- Deməli, həmin
serialın rejissoru Şahin Qəhrəman tərəfindən dəvət
aldım. Obrazın mənfi olması məni bir qədər
narahat edirdi. Çəkilişlərə başladıq
və ssenarinin gedişatında anladım
ki, bu qız
xolerik tipli insandır və kifayət qədər belə insanlar var. Xumar həddən
artıq özündən
çıxan, heç
nə ilə barışmayan, çılğın
və eyni zamanda öz mənafeyi üçün
hər şeyə əl ata biləcək,
tərbiyəsiz övladdır...
- Bundan əvvəl başqa
seriallarda da rollar almısınız. “Gecə” serialındakı
Xumar obrazının digərlərindən fərqi
nədir?
- İndiyə qədər
oynadığım obrazlar
hər zaman bir-birindən fərqli olub. İlk çox seriyalı filmim 2013-cü
ildə Lider televiziyasında faciə qəhrəmanı olub.
Varisin “Bir ovuc torpaq”
əsərində Nigar
obrazı yazıq, nişanı qayıtmış,
zorlanmış bədbəxt
qız idi. Sonra Xəzər tv-də sevgi xarakteri - yenə də kasıb, sentimental, sevən
qız. ATV kanalında ilk mənfi qəhrəman kimi Mediamaster tərəfindən
istehsal olunan “Məryəm” serialında
Nuray obrazı oldu. Sevən, öz ayaqları
üzərində dayanan,
sevgisinə görə
bütün mənfiliklərə
əl atan qadın obrazı idi. Tamaşaçılar tərəfindən mənfi xarakterim gözəl qəbul olundu. Düzü, özüm də
mənfi rolu bacaracağıma inanmazdım.
Və sonra “Ögey ana” serialına dəvət aldım.
Cəmilə melanxolik, eyni
zamanda realist, müasir,
heykəltəraş və
çoxlarının şirin
ağıllı qız
kimi tanıdığı
obraza çevrildi.
Xumar isə bir ayrı
aləmdir. Tamaşaçılar tərəfindən tez həzm olundu. Çox söyülürəm, hətta
şəxsiyyətə də
keçirlər. Hətta məni
Cəmilədən sonra
belə obrazda qəbul etmək istəməyənlər təhqir
yazırlar.
- Mənfi rolu oynamaq daha çətindir,
yoxsa müsbət?
- Deyərdim ki, hər ikisinin ağırlığı var. Əsas
odur, xarakter düzgün müəyyənləşsin.
Çünki tam yaxşı, ya
pis insan yoxdur. Mənfinin də müsbəti,
müsbətin də mənfisi olur.
- Həm seriallarda çəkilirsiniz, həm
də teatrda çalışırsınız. Hansı sizin üçün daha əzizdir?
- Teatr mənim üçün öndədir,
serial da ikinci işimdir.
Eyni məsuliyyətlə yanaşıram.
Çatdırmaq bir az çətin
olur, amma Allah yol açır.
- İki işdə
çalışmağın çətinlikləri nələrdir?
- Men serialda Xumar kimi psix qızı
oynayıb, axşamkı
tamaşamda musiqili sevgili oynamalı, səhər “Çeburaşka”
olmalı, axşam isə Leyliyə çevrilməliyəm. Sizcə, çətinlik
haradadır? (Gülür)
- Gənc Tamaşaçılar
teatrında bir çox obrazları canlandırırsınız. Bunların ən
piki isə “Leyli və Məcnun”da
Leyli obrazıdır.
Bu obrazın məsuliyyətini
hiss edirsinizmi? Leyli olmağın
çətinlikləri nələrdir?
- Bütün obrazlarım mənimdir və əvəzsizdir. Mən hər il
oynadığım obrazlarımın
doğum gününü
qeyd edirəm. Sanki şüşədə saxladığım qızıl
güldür. Tamaşa oynanılır,
əgər o gülün
bir ləçəyi
düşürsə deməli,
obrazıma xəyanət
etmiş oldum. Əgər ona parıltı və ətir gəlirsə, deməli obraz yenidən canlandırdım. Leyli isə
Füzuli dühasının
əl çatmaz Şərq qadınıdır.
Leyli olmaq özü böyük hadisədir.
Mən zərrə-zərrə o xanımı
axtarmışam. ”Gör
canu-tenimdə istirabım,
sor hali-dilim eşit cevabım”... Leylinin məsuliyyəti bax bu və bunun
kimi dərin misralardır.
- Fikrinizcə, həyatda həqiqi Leylilər varmı?
- Bəli, mənəm.
- “Ögey ana” serialında Cəmilə rolunu canlandırmışdınız. Ögey ananın
doğma qızı olmaq necə bir hissdir?
- Cəmilə obrazı serialda beş
əsas obrazdan biri idi. Bu obrazı canlandırmaq üçün uzun saçlarımdan imtina etdim. Çox maraqlı bir
obraz idi. Mənim üçün hər seriala yeni imiclə
çıxmaq önəmlidir.
Onda 21 yaşında sentimental, melanxolik,
müasir, ətrafdakı
insanların fikri ilə razılaşan, hüquqlarını tapdalamağa
icazə verməyən
Səbinədən bir
hissə var idi.
- Hazırda hansı tamaşaların üzərində
məşq edirsiniz?
- Yeni bir filmə dəvət almışam.
Onun üzərində hazırlıqlar
gedir. Gənc Tamaşaçılar Teatrında Teatr Xadimləri İttifaqının
“Gənclərə Dəstək”
proqramında Bəhram
Osmanovun rəhbərlik
etdiyi Rejissor Laboratoriyasında təhsil
alıram, pyeslər üzərində işləyirik.
- Baş rollara çəkilən aktrisa daha sonradan epizodik
rollara çəkilməyi
qəbul edə bilirmi?
- Film və seriala baş rolla başlamışam, baş
mənfi qəhrəman
və s. davam edir. Amma Emil Quliyevin “İkinci
pərdə” filmində
epizodum da olub. Əgər epizod xarakterikdirsə və həqiqətən iş tələb edəndirsə,
niyə də olmasın.
- Tənqidlərlə aranız
necədir?
- Yaxşıdır. Ancaq bəzən
bizdə tənqidlə
təhqirin yerini səhv salırlar. Misal üçün, mənim
ən yaxşı tamaşaçım, müəllimim
anamdır. Elə məni
ən çox tənqid edən də odur. O, mənim bütün tamaşalarıma baxıb
və mənim bir nömrəli tənqidçimdir. Özü filoloqdur,
işinin peşəkarıdır,
Azərbaycan dilinin qrammatikasını gözəl
bilir. Səhnədə hansı sözün
vurğusunu düz deməyəndə, evdə
onun mənə izahını verir. Anam məni tərifləsə
də, tənqid etsə də, ona inanıram.
- Yay aylarında Rusiyada aktrisalar üçün təşkil olunan düşərgədə iştirak
etdiniz. Daha sonra başqa
bir düşərgəyə
getdiniz. Ümumiyyətlə, bu düşərgələr
sizə nə qazandırdı?
- STD-nin hər il müxtəlif ölkələrdən gənc
aktyor və aktrisalara yaratdığı
şans bu il mənim bəxtimə
düşdü. Qəbul olundum,
bir müddət xeyli tapşırıqlar vermişdilər. Elə
onları öyrənmək,
müxtəlif rejissorların
işləri ilə tanış olmaq, kitablar, filmlər mənə hazırlıq müddətində
çox şey qazandırdı. Daha sonra ora getdim, kastinq təşkil olundu və ən böyük uğurlu rolumu orada aldım.
Çoxlarının arzuladığı Dram layihəsində Uilyam Şekspirin “Yay gecəsində
yuxu” tamaşasında
Germiya obrazını canlandırdım. Və STD-nin
diplomunu qazandım.
Orada müxtəlif ölkələrdən,
sənət adlı sevginin birləşdirdiyi insanlarla eyni dildə tamaşa oynamaq, bir süfrədə
yemək, məşqlər,
Çexov nəzəriyyəsinin
praktikaya çevrilməsi,
müxtəlif treninqlər
özgüvənimi artırdı.
Bakıya qayıdan kimi
STD-nin təşkil etdiyi “Artmiqrasiya” layihəsinə sənəd
göndərdim. Bu dəfə Rebus Teatrının
bədii rəhbəri,
aktyor-rejissor və çox hörmət etdiyim Ceyhun Dadaşovla eyni zamanda qazandıq. Və burdan çox şey öyrəndik.
Biomexanika treninqləri,
müxtəlif tamaşalar,
müzakirələr və
rejissor kimi təcrübə artırdıq .
- Qorxmursunuz ki, hazırda canlandırdığınız
mənfi obrazla tamaşaçıların nifrətini
qazanasınız?
- Əslində, qazanmasam
qorxaram. Sadəcə elə tamaşaçı
var ki, məni
Leyli, Cəmilə kimi obrazlarla sevib və heç
cürə həzm etmirlər. O tamaşaçıları
itirmək istəmərəm.
- Gələcəyə doğru
hədəfləriniz nələrdir?
- Men Allahın “Ol “ una inanıram.
Əgər zəhmət, səbr
və inam varsa, sənin olan sənə qayıdacaq. Hədəfim
gənclikdə təcrübəsizlikdən
buraxdığım hər
hansı xırda səhvləri yenidən təkrarlamadan qüsursuz işləməkdir .
- Canlandırdığınız mənfi obraz kimi insanlar heç
həyatda rastınıza
çıxıbmı?
- Ətrafımda daha
çox sənət adamlarıdır. Və onları mən
bir mənalı qəbul etmirəm. Ona görə bir gün müsbət obraz “Cəmilə” kimi tanıdıqlarım,
“Xumar”laşsa bu məni təəccübləndirməz.
Könül Oruc
Üç
nöqtə.- 2019.- 10 oktyabr.- S.12