“Kamera söndükdən sonra
ağlamışam”
Nigar Sabirqızı: “Tamaşaçı
kimi də özümü bəyənirəm”
“Mən həyatda belə ciddi insanam. Xəbər
aparıcı olduğum üçün deyil, natura olaraq beləyəm.
Yəni mən xəbər aparıcısı
olmasaydım da, geyimimə, davranışıma, sözlərimə
fikir verəcəkdim. Ona görə deyə
bilmərəm ki, xəbər məni ciddi çərçivəyə
salıb. Amma dediyiniz düz fikirdir ki, bəli,
xəbər aparıcısı üçün bir qədər
sədlər müəyyən edir”. “Üç
nöqtə” redaksiyasının qonağı sevimli
aparıcı Nigar xanım Sabirqızıdır.
-Sizin
üçün efir və efir sərbəstliyi
anlayışları nədir?
-Ümumiyyətlə,
efir çox böyük məsuliyyətdir. Hər
kəs elə bilir ki, efirə çıxmaq, xəbər
oxumaq çox asandır, amma bu heç də belə deyil.
Efir məsuliyyətdir, nə mənada? Sən efirə çıxanda yalnız
özünü təmsil etmirsən, bir kanalı təmsil
edirsən. Çünki, sən o
kanalın simasısan. Bunu da unutmaq olmaz ki,
sən 10 milyonluq xalqın qarşısına
çıxırsan. Ona görə də
sözünə, duruşuna, hərəkətinə diqqət
etməlisən. Efir sərbəstliyinə
gələndə isə qeyd edim ki, təəssüf, bu
gün bir çoxları bu anlayışla efir
özbaşınalığını səhv salır.
Efir sərbəstliyi odur ki, sən cəmiyyətə
çatdırmaq istədiyin fikri, sözü elə deməlisən
ki, tamaşaçı düşünməsin, sən ona
ağıl verirsən. Əksinə fikirləşsin ki, mənim
düşündüyümü aparıcı dedi. Efir sərbəstliyi o demək deyil ki, istədiyin hərəkəti
edə bilərsən. Artıq jest və
mimikalardan, yersiz ifadələrdən istifadə efir sərbəstliyi
deyil. Bu efir
özbaşınalığıdır və
tamaşaçıya hörmətsizlikdir.
-“İTV xəbər yekun”, “Diqqət mərkəzi” kimi
verilişləri aparırsınız və
çalışırsınız ki, burada
tamaşaçı ilə səmimi olasınız. Bunun
üçün də efirdə sərbəst
davranırsınız. Bu əvvəldən
belə olub?
-Desəm
ki, ilk efirə çıxan gündən sərbəst
olmuşam, yalan olar. Amma deyə bilərəm
ki, ilk efirə çıxdığım vaxtdan səmimi
olmağa çalışmışam. Bir
müddət keçdikdən sonra, yəni kameralara,
işıqlara öyrəşəndən sonra
yavaş-yavaş sərbəst davranmağa başladım və
unutdum ki, yaxamda mikrafon, önümdə kamera var. Elə zənn
etdim və indi də edirəm ki, efirdə yaxın bir dostumla
söhbətləşirəm. Fikrimcə,
əsl aparıcı belə olmalıdır. Kameraya işləməməli, yalandan gülümsəməməli
və oynamamalıdır. Çünki,
tamaşaçı anında tutur ki, sən roldasan.
-Şou-bizneslə maraqlanırsınız yoxsa
zamanınızı yalnız ciddi xəbərlərə
ayırırsınız?
-Qətiyyən
şou bizneslə maraqlanmıram. Şou-biznes
tamamilə mənə yad sahədir. Bu tək
yerli şou-biznesə aid deyil, ümumiyyətlə dünya
şou-biznesi belə mənə cəlbedici gəlmir. Mənim üçün analitik təhlillər daha
çox önəmlidir. Elə buna görə
də aparıcısı olduğum proqramlar analitik təhlilə
əsaslanır.
-Nigar
xanım, o vaxtki diktorlarımız bu günkü
aparıcıları bəyənmirlər. Sizcə
bunun səbəbi nədir?
-Bəyənməməkdə
haqlıdırlar. Hazırki
aparıcıların 60-70 faizinə mənim özüm belə
aparıcı deyə bilmərəm. Çünki,
onların nitqində qüsur var, hərəkətlərində
yersiz hallar özünü göstərir və s. Bir də
görürsən ki, xəbər aparıcısı xəbər
oxuyur, makiyaj həddən artıq və iri sırğalar isə
göz oxşayır. Qətiyyən olmaz. Çünki, tamaşaçını xəbərə
yönləndirmək lazımdır. Bizim
bəzi xəbər aparıcılarımız isə
yalnız tamaşaçıların diqqətini özünə
cəlb edir. Mənim üçün
aparıcının səsi, diksiyası və intelektual səviyyəsi
önəmlidir. Nə olsun ki, televiziyada
görüntü rol oynayır, nə olsun? Səs, diksiya vacib amillərdən biridir. Sən səsinlə, diksiyanla tamaşaçının
diqqətini proqrama yönləndirməlisən.
-Nigar
xanım deyiləndə ki, efirə
çıxmalısınız, nə
düşündünüz? Ümumiyyətlə,
ilk efir həyəcanı oldumu?
-Təbii
ki, oldu. 2010-cu ildə ilk dəfə İctimai
televiziyada efirə çıxmışam. Ona qədər isə radioda aparıcı idim.
Qeyd etdiyim ildə təklif olundu ki, iqtisadiyyat xəbərlərini
mən aparım və dəyərləndirib qəbul etdim.
Düzdür, canlı deyildi, ona görə də həyəcanım
az idi. Amma bir müddət sonra rəhbərlik
dedi ki, “Carçı” xəbərlər proqramını mən
aparım. O yadımdadır ki, ilk canlı efirə
çıxanda çox həyəcanlı idim və indiyədək
ürəyimin döyüntüsü yadımdadır. Bir müddətdən sonra keçdi getdi.
-Bəs
bu gün o həyəcan varmı?
-Düzünü
deyim ki, o həyəcan yoxdur. Amma o məsuliyyət
var. Hətta daha artıqlaması ilə. Çünki
anlayıram ki, insanlar məni aparıcı kimi qəbul edib.
Söylədiyim hər bir sözə, etdiyim hər
bir hərəkətə fikir verməliyəm. Bir şey də var, mən əvvəllər xəbər
aparıcısı idim, indi isə proqram
aparıcısıyam. Xəbər
aparıcısı elədir ki, kiminsə
yazdığını oxuyur, proqram aparıcısı isə
öz yazdığını. Mən hər
yazdığıma, hər ağzımdan çıxan ifadəyə
diqqət etməliyəm.
-Özünüzə
bir də tamaşaçı kimi baxın. Tamaşaçı
Nigar xanım aparıcı Nigar xanımda nəyi bəyənir,
nəyi bəyənmir?
-Çətin
sualdır. Təbii ki, özümə
tamaşaşı kimi baxıram. “Diqqət mərkəzi”
canlı olduğumdan onu sonradan nəzərdən keçirirəm,
amma “İTV xəbər yekun”u hər bazar günü ekran
qarşısına keçib saat 19:00-da doğma kanalımdan
izləyirəm. Mənim elə bir verilişim
olmayıb ki, özümü izləməyim. Təvazökarlıqdan uzaq olacaq, lakin
tamaşaçı kimi də özümü bəyənirəm.
Amma tamaşaçı kimi izləyəndə
də özümə bir jurnalist gözü ilə baxıram
və deyirəm ki, kaş ki bu hərəkəti belə edərdim,
kaş ki bu sözün yerinə başqa sözü deyərdim,
daha da yaxşı olardı. Bu isə çox az hallarda olur. Ümumilikdə
götürsək, tamaşaçı Nigar aparıcı
Nigar Sabirqızını bəyənir.
-Elə mən
də sizi bəyənirəm. Belə bir sual
verim. Özünüzü çoxmu tənqid
edirsiniz?
-Özümə
çox tənqidi yanaşıram. Özümü
bu qədər tənqid etməmə baxmayaraq deyim ki, çox
da bəyənirəm. Düşünürəm
ki, tənqid edib özümü bəyənirəmsə, deməli,
uğur qazanmışam. Özümdə çox
şeyi tənqid etsəm də, işimdə az
halları tənqid edirəm. Bir az öncə
dediyim kimi, bu çox nadir hallarda olur ki, apardığım
proqramlarda nəyisə bəyənməyim.
-Deyirlər
ki, xəbər proqramı aparıcısını ciddi
çərçivəyə salır. Bununla
bağlı nə düşünürsünüz?
-İlk olaraq qeyd edim ki, mən həyatda belə ciddi
insanam. Xəbər aparıcı olduğum
üçün deyil, natura olaraq beləyəm. Yəni mən xəbər aparıcısı
olmasaydım da, geyimimə, davranışıma, sözlərimə
fikir verəcəkdim. Ona görə deyə
bilmərəm ki, xəbər məni ciddi çərçivəyə
salıb. Amma dediyiniz düz fikirdir ki, bəli,
xəbər aparıcısı üçün bir qədər
sədlər müəyyən edir.
-Nigar
xanım, xəbər aparıcısı olduğunuz müddətdə,
yəni xəbərə mövqe bildirə bilmədiyiniz bir
zamanda heç kövrəldiyiniz an olubmu?
-Bəli
olub. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Aprel
döyüşləri zamanı xəbərləri təqdim
edəndə gözlərim dolurdu. Mən
robot deyiləm, insanam. Bir də bu ölkənin
vətəndaşıyam. Nəzərə
alsaq ki, şəhid olan insanlar mənim torpağımın
övladlarıdır, biganə qala bilməzdim. O
situasiya üçün mən aparıcıdan daha çox vətəndaş
idim. Buna görə də gözlərim
yaşarırdı. Hətta həmin zaman
kamera söndükdən sonra ağlamışam da.
-Nigar
xanım, siz tamaşaçıları “Hər vaxtınız
xeyir olsun, istəkli tamaşaçılar” deyərək
salamlayırsınız. “İstəkli
tamaşaçılar” ifadəsini öz fərqliliyinizi ortaya
qoymaq üçün deyirsiniz ya sadəcə dilinizə rahat
gəlir deyə?
-Belə
deyim, televiziyalarımızda hər kəs “hörmətli
tamaşaçılar” deyərək müraciət edir. Düşündüm ki, bu şablondur. Mən yeni bir salamlama tərzinə müraciət
etməliyəm. İlk efirə
çıxanda elə “istəkli tamaşaçılar”
formasında müraicət etdim və neçə illərdir
ki, tamaşaçılarıma belə müraciət edirəm.
-Ola bilməz
ki, bu həyatda çətin günləriniz olmasın. O zaman
hansı güc sizi ayaqda saxlayıb?
-Çətin
günlərim həddindən artıq çox olub. Məni
ayaqda saxlayan isə bir inam olub: “Hər qaranlıq gecənin
bir işıqlı sabahı var”. Bu həyatda hər
bir insanın başına gələn çətinliklərlə
mən də rastlaşmışam. Əziyyətlərim
olub, ədalətsizliklə də
qarşılaşmışam. Amma Allaha
sığınıb dediyim cümləni özümə həyat
devizi seçmişəm.
-Darıxdığınız
zamanlar olurmu və nə üçün
darıxırsınız?
-Belə
deyim, işə o qədər audə olmuşam ki, evdə
olanda işim üçün darıxıram. İnanmazsınız,
yatana qədər, hətta yuxudan duranda belə ilk olaraq
işimi düşünürəm. Odur
ki, işdən bir gün kənarda qalanda, yəni istirahət
günümdə onun üçün darıxıram. Bir də mənim atam dünyasını dəyişib.
Onu tez-tez xatırlayıram.
-Sədaqətli
insansınız? Ətrafınızdan necə
bu sədaqəti görürsünüz?
-Bəli,
sədaqətli insanam, özü də çox. Bunu dostlarım, yaxınlarım təsdiq edə bilər.
Mən heç bir zaman heç kimə xəyanət
etməmişəm və düşünürəm ki, bu
heç vaxt da olmayacaq. Ətrafıma gələndə
isə deyim ki, onlar da sədaqətlidir. Yəni,
onların da xəyanətləri ilə üzləşməmişəm.
-Tutaq ki,
bu gün həyatınızın son günüdür. Nə
etmək istəyərdiniz ?
-Çalışardım
ki, həmin günü sevdiyim insanların ətrafında keçirim
və televiziyaya gəlib sonuncu dəfə kamera
qarşısına keçərək “istəkli
tamaşaçılar” deyim.
-Nigar
xanım, Allah etməsin ki, bu yaşınızda nə efirə,
nə də həyata vida deyəsiniz. Yaşayasınız
və xalqımıza dəyərli fikirlərinizi
çatdırasınız. Dəvətimizi
qəbul edib gəldiyiniz üçün təşəkkür
edirəm.
-Mən də
sizə və komandanıza minnətdaram.
Rövşən Tahir
Üç nöqtə.-
2019.- 17 oktyabr.- S.12