“Maddiyyat həmişə var, ilk növbədə
sənəti öyrənmək lazımdır”
Xalq artisti Aygün Bayramova: “İfa dinləyicini
düşündürmək deməkdir”
“Hər xanəndənin özünün ifa tərzi
var. Oxuduğun qəzəlləri, təsnifləri,
muğamları hiss etmək, onları dərk etmək
lazımdır. Xanəndə ifasını
tamaşaçıya sevdirməlidir. Əgər sevdirməsə,
özü də sevilən ifaçı olmayacaq. Bəzən
deyirlər ki, ifaya canını qoyur, özünü fəda
edir, bu elə-belə bir fikir olmur. Mən hər zaman nəyi
ifa edirəmsə, edim, başqa bir aləmdə oluram. O aləmin
adı muğamdır. Yəni yalandan ifa etmək tərzi mənə
yaddır. Özüm haqqında demək düzgün
çıxmaz ki, mən yaxşı oxuyuram. Bunu
ustadlarımız deyə bilər”. “Üç nöqtə”nin
qonağı Respublikanın xalq artisti Aygün xanım
Bayramovadır.
- Aygün xanım başlayaq uşaqlıq illərinizdən...
- Ağdamda mən dünyaya göz
açmışam, uşaqlıq illərim də orada
keçib. Heyif o günlərdən. O torpağın suyunu
içmişəm, havasını udmuşam. Zaman-zaman bu haqda
danışmışam. Bu gün Ağdamsız yaşamaq
çox çətindir. İnanıram ki, bir gün o
torpağa, ümumən işğal olunmuş ərazilərimizə
geri qayıdacağıq. Allah o günü tezliklə bizə
nəsib eləsin. O illərə-Ağdamlı illərimə
çox qayıtmaq istəyərdim. Mənim orada o qədər
gözəl uşaqlıq, məktəb illərim keçib
ki. İnanın, bu mənim ən yaralı yerimdir. Ağdama həsrət
qalmaq çətindir.
- Nə zaman qərar verdiniz ki, xanəndəlik
sənətini öyrənməliyəm və niyə bu sənəti
seçdiniz?
- Sözün düzü, uşaqlıqda pioner
evinə gedəndə qərar vermişdim ki, xanəndə
olacam. Ağdamda oxuyanda tədbirlərdə yer alırdım.
O zamanlar da muğam müsabiqələri təşkil olunurdu
və münsif heyəti də Arif müəllim Babayev,
Şövkət xanım Ələkbərova, İslam müəllim
Rzayevdən və digər sənətkarlarımızdan ibarət
idi. Mən də belə müsabiqəyə qatıldım,
Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum və sənətə
gəldim. Kollecdə müəllimim Şövkət xanım
Ələkbərova idi. Musiqi Akademiyasında isə müəllimim
Arif müəllim Babayev olub. 5 il də ondan dərs
almışam. Hərdən sual verirlər ki, yenidən bu sənəti
seçərdinizmi? Mən fikirləşmədən deyirəm
ki, bəli.
- Ailəniz necə o zaman sizə dəstək
oldumu?
- Təbii ki. Bilirsiniz niyə? Bizim ailəmizdə
artıq oxuyan var idi, qardaşım. Elə məni
də o aparmışdı pioner evinə. Bunu da əlavə
edim ki, mənim rəhmətlik atam o zaman Bakıda işləyəndə
tez-tez operalara baxmağa gedirmiş. Tar alətinə
marağı olub. Ümumən sənəti sevib və hər
zaman sənətkarlara hörmət edib. Bu da
yadımdadır, o zaman hər bazar günü saat 2-də
muğam konsertləri gedirdi televiziyada. Atam ona yüksək səs
verib dinləyirdi və biz hamımız muğamlara qulaq
asırdıq. Yəni mən evdə xalq musiqiləri,
mahnıları, bəstəkar əsərləri
eşitmişəm. Ona görə də mən bu sənətə
gələndə ailəm dəstək durdu.
- Sizin ürəyə yatımlı bir səs
tembriniz var. Dinləyəndə insan əhvalı xoş olur.
Özünüz necə kefiniz olmayanda səsinizlə nəyisə
ifa edirsinizmi?
- Dediyiniz səsi mən bir Allahın vergisi
adlandırıram ki, nə yaxşı onu mənə bəxş
edib. Buna görə Allahıma təşəkkür edirəm.
Ustadım Arif müəllim Babeyev həmişə deyir ki,
Allah sənə o qədər gözəl səs nəsib
edib, ondan çox istifadə elə. Doğrudan da, o düz
deyir. Bilirsiniz, ifa tək qulaq asmaq deyil, ifa onu səsləndirənin
diapazonu ilə dinləyicini düşündürmək deməkdir.
Bəzən olur ki, kefim olmur. Amma heç öz ifamı demirəm,
digər sənət yoldaşlarımı dinləyirəm,
kefim açılır. Özlüyümdə deyirəm, yox
bədbinliyə qapılmamalıyam. Aygün, sən xoşbəxt
adamsan ki, bu cürə səsin var. Onu qoru və hər
şeyi fikirləşib səhhətini korlama. Bu sənət
düzgün düşüncə və ağıl da tələb
edir ki, səni idarə etsin.
- Belə
bir sual verim. Muğam sizin üçün nə
deməkdir?
-
Muğam mənim həyatımdır. Bəlkə
də mən başqa bir sahənin adamı olsaydım, bu qədər
tanınmazdım. Yaxşı müəllim
kimi tanıya bilərdilər, yaxşı həkim kimi
tanıya bilərdilər, bəlkə. Amma
Aygün Bayramova kimi geniş kütləyə
tanınmazdım. Muğam unikal sənətdir.
Onu başa düşmək lazımdır.
Bu sənətə gəlməzdən əvvəl heç
olmasa az da olsa, onun dərinliklərini və
sirlərini duymalısan. Duymasan, muğamın nə
olduğunu başa düşməsən, heç vaxt
yaxşı ifaçı ola bilməzsən.
Xoşbəxtəm ki, muğamı hiss edib bu sənətə
gəlmişəm. Ailəmə təşəkkür
edirəm, mənə icazə verdi ki, bu sənəti
seçim. Müəllimlərimə təşəkkür
edirəm ki, məni Aygün Bayramova kimi yetişdiriblər.
Bu gün ölkəmizin Birinci-vitse prezidenti
Mehriban xanım Əliyeva və rəhbəri olduğu Heydər
Əliyev Fondu muğama çox diqqət göstərir.
Buna görə Mehriban xanıma və Fonda minnətdaram.
-
Muğam ifaçılarında hər zaman bunu hiss etmişəm
ki, onlar musiqini varlığı ilə yaşayırlar, yəni
onu özününküləşdirirlər. Aygün
xanım muğam ifa edəndə hansı hisslər aləmində
olur?
- Hər
xanəndənin özünün ifa tərzi var. Oxuduğun qəzəlləri,
təsnifləri, muğamları hiss etmək, onları dərk
etmək lazımdır. Xanəndə
ifasını tamaşaçıya sevdirməlidir. Əgər sevdirməsə, özü də sevilən
ifaçı olmayacaq. Bəzən deyirlər
ki, ifaya canını qoyur, özünü fəda edir, bu elə-belə
bir fikir olmur. Mən hər zaman nəyi ifa
edirəmsə, edim, başqa bir aləmdə oluram. O aləmin
adı muğamdır. Yəni yalandan ifa etmək
tərzi mənə yaddır. Özüm
haqqında demək düzgün çıxmaz ki, mən
yaxşı oxuyuram. Bunu ustadlarımız
deyə bilər. Amma
çalışıram ki, ifalarıma canımı qoyub
ürəklə səsləndirim. Sevgimi,
məhəbbətimi muğama qoyum. Tamaşaçı
hər şeyi görür.
-
Aygün xanım rollarınızdan sizə ən
doğması hansı olub?
- “Leyli” mənim sevdiyim bir obraz olub. Amma ondan 4
ildir ki, ayrılmışam. Niyə?
Müəyyən bir yaşa qədər orada
çalışdım. Bəs etdi.
Hər şeyin bir zamanı var. Düzdür, bu gün həm
səsim, həm xarici görkəmim ona imkan verir ki, “Leyli”ni
oynayım, amma dediyim kimi mən Operaya gələndə
demişdim ki, müəyyən yaşdan sonra oradan
ayrılacam. Opera səhnəsi fərqli bir səhnədir.
Opera səhnəsi nə üçlüklə,
nə də ansamblla çıxış etdiyin səhnədir.
Orada obraz yaratmalısan. İfanla
bərabər obrazı canlandırmalısan.
İnanırsınız, bu günə qədər jurnalistlər
sual verir ki, siz və Nəzakət xanım oranı tərk
etdiniz, bəs “Leyli”ni kimə həvalə
edib getdiniz? Çalışıram ki, bu sualdan
qaçım.
Suala qayıdaq. Bəli, “Leyli” sevdiyim obrazdır. Mən
Operaya getməzdən əvvəl Rübabə xanımın
ifasında o obrazı sevmişəm və şükür
Allaha ki, “Leyli”ni canlandırmaq mənə
də qismət olub. “Leyli”ni sevməmək
olar? Dahi bəstəkarımız Üzeyir
müəllim onu o qədər gözəl yazıb ki, onu sevməmək
qeyri-mümkündür. “Leyli və Məcnun”da
elə səhnələr olub ki, məni yaş boğub.
“Ey mənə qəmxar olan” bu ifadə özü bilirsiniz,
insanı haralara aparır ? (ifa
edir və gözləri dolur).
- Bir az da pedaqoji fəaliyyətinizə nəzər
salaq...
- 20 ildən
çoxdur ki, həm Asəf Zeynallı adına
Musiqi Kollecində, həm də Milli Konservatoriyada müəllim
kimi fəaliyyət göstərirəm. Tələbələrlə
işləmək xoşdur. Səhnədə
olmaq, yaradıcılıqla məşğul olmaq başqa bir
aləmdir, tələbələrə dərs demək isə
başqa bir aləm. Müəllimlik
çətin və şərəfli peşədir. Baxın, hər tələbənin eyni səsi və
diapazonu olmur. Müəllim nə istəyir?
İstəyir ki, tələbəsinin elə bir
səsi olsun ki, bütün muğamları ifa edə bilsin.
Bəzən bir tələbə bu imkana sahib ola
bilmir. Bəzənsə tələbə səs
dəyişmə dövründə olur. Bütün
bunlara baxmayaraq çalışırıq ki, muğamın hər
bir şöbəsini tələbələrə yetərincə
öyrədək.
- Tələbələrinizdən
razısınızmı?
- Tələbələrimə
hər zaman deyirəm ki, sənət öyrənin,
maddiyyatın arxasınca qaçmayın. Burada
oxuduğunuz illəri boşa verməyin, öyrənin. Çünki, bitirib gedəcəksiniz, deyəcəksiniz
ki, ay müəllim, mən niyə tənbəl oldum, niyə
belə elədim. Yəni peşman
olacaqsınız. Onda gec olacaq. Ona görə də bu illərinizə heyfiniz gəlsin.
Biz tələbə olanda maddiyyat dalınca
düşmürdük. Tələbəlik
illərim yaxşı yadımdadır. Məni
o vaxtlar məclislərə çağıranda getmirdim.
Deyirdim ki, hələ yeniyəm, məni heç kim tanımır. Bir hələ
oxuyum, sənət öyrənim, tamaşaçı sevgisi
qazanım, sonra gedərəm.
Maddiyyat həmişə var, ilk növbədə sənəti
öyrənmək lazımdır. Bütün tələbələrimdən
razı deyiləm. Amma öyrənməyə can atan, bu
sənətin sirlərinə yiyələnmək istəyən
tələbələrim var. Mənim tələbərimin bəzisi
bu gün musiqi məktəblərində müəllimdir. Onu da deyim, Azərbaycan televiziyasında yayımlanan
axırıncı muğam müsabiqəsində 2-ci yeri mənim
tələbəm Zülfiyyə Cəbrayılzadə tutdu.
Hazırda o, magistr təhsilini alır. Yəni, yaxşı tələbələrim var.
-
Tanınmış xanəndə, xalq artistisiniz. Bir sual maraqlıdır. Aygün
xanımın sənətlə bağlı həyata
keçməyən hansısa bir arzusu varmı?
- Əlbəttə var. Yaradıcı insanın
arzuları tükənmir. Mənim bir layihəm
var. Çox açıqlama verməyəcəm. Ola bilər ki, onu həyata keçirim. O layihə
ansambla, yaxud üçlüklə başa gələn bir
şey deyil. Böyük həcmli bir layihədir.
Bəlkə ola bilər, bir ilə, iki ilə
reallaşdıraram. Çox gözəl bir
layihədir. Allah qismət eləsin, həyata
keçirib xalqımıza təqdim edək. Sənət adamının işi nədir? Allaha qurban olum, bu səsi, bu sənəti verib.
Səs də, sənət də mənim deyil
xalqındır.
- Elə
xalqa məxsus olan o səsinizi daim Allahın qorumasını
arzulayırıq. Allah o səsi var eləsin ki, Azərbaycanımızı
muğam cəhətdən dünyada layiqincə təmsil edəsiniz.
Dəvətimizi qəbul edib bizə müsahibə
verdiyiniz üçün sizə minnətdaram.
- Siz
sağolun. Mən də “Üç nöqtə”
redaksiyasının hər bir əməkdaşına təşəkkürümü
bildirirəm.
Rövşən Tahir
Üç nöqtə.- 2019.- 19
oktyabr.- S.12