Öz sahəsində
pillə-pillə ucalan teatrşünas
Əli Novruzəliyev: “Əfsuslar
olsun ki, hazırda teatrdan yazanların və
danışanların bir çoxunun teatr haqda təsəvvürləri
belə yoxdur”
Uzun müddətdir ki, teatr camesindəki sənət
adamları ilə görüşür, onların keçdikləri
yola şahidlik etməyə çalışır. Unudulmuş sənətkarlarımızı
axtarıb, onları televiziyaya, mətbuata yenidən dost etməyə,
bir bağ yaratmağa cəhd göstərir. Müsahibimiz gənc teatrşünas, mədəniyyət
yazarı, televiziya müxbiri Əli Novruzəliyevdir.
O, ATV səhər
verilişinin müxbiridir. Uzun müddətdir
ki, televiziyada çalışır. Yaradıcılığının
müəyyən dönəmlərində yazılı mətbuatda
müsahibələri dərc olunsa da indi daha çox televiziya
vasitəsi ilə tamaşaçılara daha yaxındır.
Ötən mövsüm gənc
teatrşünas demək olar ki, əkər teatrların “Mətbuatın
dostu” mükafatına layiq görüldü. Biz də Azərbaycan teatrına daima dəstək
olan Əli Novruzəliyevlə görüşdük.
- Sizcə
teatrdan material hazırlamaq və sənətkarlarla teatrdan bəhs
etmək üçün nəzəri biliklərə və
teatrşünaslıq ixtisasına yiyələnmək nə
qədər önəmlidir?
- Məncə
bunun çox önəmi var. Çünki nəinki teatrı bilmədən,
teatrı sevmədən belə onun haqda danışmaq,
material hazırlamaq mümkün deyil. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində teatrşünaslıq ixtisasında təhsil
almışam.
1-ci kursundan teatrlara
gedib, resenziyalar hazırlamağa başlamışam. Sənətkarlarla teatrdan bəhs etmək
üçün mütləq şəkildə nəzəri
biliklərə sahib olmalısan. Çünki
sənətkarları qarşısında duran jurnalistin
suallarından daha çox, onun teatr haqqındakı təsəvvürləri
maraqlandırır. Əfsuslar olsun ki,
hazırda teatrdan yazanların və danışanların bir
çoxunun teatr haqda təsəvvürləri belə yoxdur.
Bu həqiqətən məni və bu sənətlə
ciddi məşğul olan dostlarımı çox
üzür.
- Siz
televiziyaya yazılı mətbuatdan getmisiniz. Yazı
qabiliyyətinizin olması işinizdə nə kimi köməklik
göstərir?
- 2009-cu
ildə ilk yazım indi də məşhur olan saytlardan birində
çıxmışdı. Hətta yadıma gəlir
ki, teatrşünas bir müəllimim var idi, mənə qiymət
yazmaq istəmirdi. Səbəb isə onun
da həmin məşhur saytda yazısının
çıxması idi. Açıq danışsam tələbəsi
ilə eyni saytı bölüşməyin
qısqanclığını yaşayırdı... Mətbuatda ilk yazımın qonorarı 10 manat olub,
onu almağa bir dostumla birlikdə getmişdim. O an keçirdiyim
böyük sevinc və gözlərimdəki xoşbəxtlik nə mənim, nə
də dostumun yadından çıxıb. Çünki
bu mənim öz zəhmətimlə qazandığım ilk
qonorarım idi. Ondan sonra əlimə nə
qədər pul gəlsə də, ilk aldığım
qonorarım heç vaxt yadımdan çıxmır. Təbii ki, yazı qabiliyyətimin olması bu
gün də işimə müsbət təsir göstərir.
Mənə elə gəlir ki, mədəniyyət
sahəsində çalışanların ilk növbədə
yazı qabiliyyətləri yaxşı olmalıdır, bir
sözlə söz sərrafı olmalıdırlar. Mən hələ də öz üzərimdə
çalışıram və gündən-günə yeni nələrsə
öyrənirəm.
-
Tanınmış və hətta unudulmuş sənət
adamlarını tapır, onları gündəmə gətirirsiniz.
Sənət adamlarının, ələxsus da
böyük sənətkarların kaprizləri isə hər
kəsə məlumdur. Onlarla necə dil
tapırsınız?
- Hə,
bu sualı mənə çox tez-tez ünvanlayırlar. Deyəsən
bu mövzuda bəxtim çox lap çox gətirib. Tamaşaçılar
və oxucular da mənim həmişə
böyük sənətkarlara olan diqqət və
qayğımı, onları axtarıb-tapıb verilişlərə,
müsahibələrə razı salmağımı təqdirəlayiq
bir iş kimi görüb, həmişə mənə təşəkkür
ediblər. Onlar bunu yüksək qiymətləndiriblər.
Məhz xalq artisti Səfurə İbrahimovanı 23 il sonra ekranlara gətirmək, onun sevənləri
ilə arasında körpü yaratdım. Buna
özüm də çox şad olmuşdum. Səfurə İbrahimova bilirsiniz ki, çox
qapalı həyat tərzi keçirir və bir neçə
insandan başqa heç bir kəsi yaxınına buraxmır.
Onu hər dəfə çəkəndə
özüm də uşaq kimi sevinirəm. Bir
çox böyük sənətkarlar uzun fasilədən sonra
ekranlara məhz mənim təqdimatımda qayıdıb.
Bir gənc jurnalist kimi sənətkarları
sevirəm və gücüm çatdığı qədər
onları qorumaq istəyirəm. Siz deyirsiz
ki, onlarla necə dil tapırsız? Sənətkarlarla
ünsiyyətdə olan zaman onlar mənim bu sənətə,
onların yaradıcılığına olan sevgimi və səmimiyyətimi
hiss edirlər. Ona görə hər
müsahibə belə maraqla qarşılanır.
- Tələbəlik
illərinizdən jurnalist fəaliyyətinizə
başlamısınız. İlk dəfə
hansı sənətkarlarla tanışlığınız
başlayıb?
- Məni
sənətkarlarla tanış edən dəyərli
insan, xalq artisti Həmidə Ömərova olub. Həmidə
xanımla tanışlığımın da qəribə və
gülüş doğuran tarixçəsi var. Həmidə
Ömərova bizdə imtahanda nəzarətçi idi.
2009-cu il, universitetin birinci kursu idi. Mənim üçün bu gözəl və cazibədar
aktrisanın imtahanımızda nəzarətçi olması
çox sevindirici bir hal idi. Elə oldu ki, mən tələbə
yoldaşlarıma imtahanda köməklik edirdim, hər imtahan
olduğu kimi bu dəfə də onlara yardımımı əsirgəmirdim.
18 tələbə yoldaşımdan ən
azı 15-i yazı masasının və mənim
başımın üstünü almışdı. Həmidə
Ömərova bunu görüb, məni çağırıb
dedi ki, qalx və ayaq üstə dayan. Səbəbini
soruşduqda isə səsimin çox gəldiyini dedi, halbuki mənim
danışmağa imkanım belə yox idi (gülür).
15 dəqiqə
ayaq üstə saxlayandan sonra mənə rəhmi gəldi və
dedi ki, otur başını aşağı sal, yazını
yaz. Bir neçə dəqiqədən sonra
imtahanımız bitdi, hamıya köməklik etdiyim
üçün özüm hələ də imtahana
düşən suallara cavab yaza bilməmişdim. O boyda
böyük sənətkar imtahan bitəndən sonra düz yarım saat tək məni
gözləyib, suallara cavab yazmağıma şərait
yaratdı. Hətta mənə demişdi ki, “Bax
görürsən, hamıya köməklik etdin, səni tək
qoyub getdilər “(gülür). Daha sonra Həmidə
xanım çantasından foto kameranı çıxarıb,
fotolarımı çəkməyə başladı, dedi ki,
bir film çəkilir, deyəcəm səni
dəvət etsinlər. O vaxt onun köməkliyi ilə bir
neçə məşhur film və serialda çəkilmişdim,
özü də baş rollarda. Bundan sonra Həmidə
xanımla daha yaxın əlaqəm yarandı. O hər dəfə
məni
aparıcısı olduğu “Kinoklub” verilişinin
çəkiliş pavilyonuna dəvət edirdi. Böyük
sənətkarların əksəriyyəti ilə ordan əlaqəm
yarandı.
-
Teatrşünaslar daha çox yazılı mətbuatda
görünsə də siz televiziyanı seçdiniz. Buna səbəb nə oldu? Televiziya vasitəsi ilə daha tez məşhurlaşmaq
olur onun üçün?
- Sizə
deyim ki, televiziyanı seçməyim də tam təsadüf
olub. Məşhurluq üçün,
tanınmaq üçün televiziyanı seçməmişəm.
Mənim simamdan çox, imzam
tanınırdı. Onda heç televiziya sahəsində
yox, yazılı mətbuat sahəsində idim. Sadəcə istədim ki, teatr, mədəniyyət
sahəsində olan bilgilərimi televiziya vasitəsi ilə
daha da üzə çıxarım. Axı
televiziyanın da kütləsi genişdir. Buna qismən
də olsa nail olmuşam.
- Əkiz qız atasısınız. Ata olandan sonra
həyatınızda nələr dəyişdi?
- Bu sual məni
bir az düşünməyə vadar edəcək.
Öncə onu deyim ki, nəsə dəyişsə
də, qayğılarım dəyişməyib, daha da
artıb. Ata-anama, bacı-qardaşıma, dost-tanışıma
göstərdiyim diqqətin, qayğının
üstünə qayğı gəlib. Övlad
qayğısı. Onların bir
gülüşü yetər ki, dərdimi, problemimi unudum.
Onların sayəsində insanlara sevgim daha da
artıb. Əksər hallarda işlə
bağlı olaraq onlara vaxt ayıra bilmirəm, bax bu hal məni
çox üzür. Elə günlər
olur ki, səhər evdən çıxanda da, axşam evə
qayıdanda da onlar yatmış olurlar. Həyatıma bir
cüt xoşbəxtlik - Selcan və Səltənət gəlib,
bunun özü elə böyük bir dəyişiklikdir də...
- Ötən
mövsüm bir çox teatrlar sizi “İlin ən
çalışqan və fəal jurnalisti” ,
həmçinin “Teatrın dostu” elan etdi. Təəssüratlarınızı
eşitmək istərdik...
- Bəli,
paytaxt teatrlarının əksəriyyəti bu sahədə əməyimi
qiymətləndirərək, məni “İlin ən
çalışqan və fəal jurnalisti” və “Teatrın
dostu” mükafatı ilə təltif etdilər. Bu
təşəbbüs ilk öncə Akademik Musiqili Teatr tərəfindən
gəldi. Teatrın direktoru Əliqismət
Lalayevə və bütün kollektivinə təşəkkürlərimi
bildirirəm. Bu sənət ocağında
“Teatrın dostu” mükafatını mənə Xalq artisti, Azərbaycan
teatr və kino sənətinin sütunu Şəfiqə Məmmədova
təqdim etdi. Mükafat bir yana, onun əlindən
bu təltifi almaq çox böyük bir sevinc idi. Mənə elə gəlir ki, hər bir jurnalist o an
mənim yerimdə olmaq istəyərdi. Daha
sonra Dövlət Kukla Teatrı, Bakı Uşaq Teatrı və
bir neçə ictimai qurum məni mükafatla təltif etdilər.
Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə,
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltana da təşəkkür
edirəm. Bakı Uşaq Teatrı həmçinin
mənə “Gümüş körpə” döş
nişanı təqdim etmişdi. Düşünürəm
ki, bu mənim əməyimə verilən ən böyük
qiymətdir. Ən böyük təşəkkürüm
isə Atv səhər verilişinin baş
redaktoru Yaqut Məmmədovayadır. Çünki hər bir
uğurumda Atv səhər verilişi və verilişin böyük
kollektivi mənim yanımda idi. Biz həqiqətən
də bir ailəyik və birlikdə güclüyük.
- Nədən
güc və səbr alırsınız?
- Həyatdır,
bəzən sıxıntılar, problemlər, səbrimizin
tükənən zamanı olur. Bəzən elə
insanlarla qarşılaşırıq ki, insan abrına
sığınıb, susduğu zamanlarda onu cəsarətsiz
kimi tanıya bilirlər. Amma mən ata
olandan sonra bunu daha yaxşı başa düşdüm ki, mənim
həyatda güc və səbr aldığım insanlar var.
Ən çətin, səbrimin tükənən anlarında
belə qızlarımı düşünürəm, onlar
üçün səbr etməyə, əksər
haqsızlıqlara göz yummağa özümü məcbur
edirəm. Çünki mən atayam və
qızlarıma gözəl ata nümunəsi olmaq
üçün əksər vaxtlar belə etməliyəm.
-
Hansı daha rahatdır, televiziyada çalışmaq, yoxsa
yazılı mətbuat?
- Mənə
elə gəlir ki, işini bilən insan üçün mətbuatın
istənilən sahəsində çalışmaq asandır.
Mən saytda da, qəzetdə də, jurnalda da
çalışmışam. Hazırda fəaliyyətimi
Atv telekanalında, Atv səhər
verilişində davam etdirirəm və
çalışıram ki, mədəniyyət sahəsində
əlimdən gələni əsirgəməyim. Atv kanalı gənclər üçün
böyük imkanlar yaradıb. Bu da təbii ki,
telekanalın rəhbəri Azər Xəlilovun sayəsində
olub. Çalışdığım Atv
səhər ictimai-siyasi yükü olan bir verilişdir və
hər bir həmkarım bir sahəni işləyir. Mədəniyyət sahəsini isə hər zaman
olduğu kimi mən işləyirəm. Jurnalist kimi Atv səhər verilişində fəaliyyətimi
davam etdirməkdən çox məmnunam. Təbii ki, bununla kifayətlənmək
istəmirəm və inşAllah ki, artıq mədəniyyət
sahəsində əldə etdiyim biliklərim ilə
özüm üçün bir müəllif layihəsi
hazırlamaq istəyirəm. Əminəm ki, burda da Atv kanalı və
çalışdığım kollektiv hər zaman
dayağım olacaq.
Üç nöqtə.-
2019.- 22 oktyabr.- S.12