Nəsiminin qəzəlləri on
beş dildə
nəşr olunub
“İmadəddin Nəsimi dünya dillərində” kitabı TÜRKSOY-un “Nəsimi
ili”nə dəyərli
töhfəsidir
Prezident
İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında sərəncamlarına
uyğun olaraq ölkəmizlə yanaşı,
həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirilir, kitablar nəşr edilir. Türk xalqlarının bir-birinə yaxınlaşması
və onların ortaq mədəniyyətinin
təbliği missiyasını
üzərinə götürən
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY da 2019-cu ili
türk dünyasında
İmadəddin Nəsimi
ili elan edib.
AZƏRTAC xəbər verir ki, TÜRKSOY şairin qəzəllərini
15 dildə tərcümədə
Ankarada nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr
etdirib. “İmadəddin
Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar
yubileyə dəyərli
töhfədir.
Kitabın tərtibçisi və redaktoru Azərbaycanın
TÜRKSOY-dakı rəsmi
nümayəndəsi Elçin
Qafarlıdır. Kitabda Nəsiminin şeirləri
Azərbaycan, qazax, qırğız, özbək,
türk, türkmən,
alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna dillərində verilib. Şeirlərin tərcüməsinə həmin ölkələrdən
təcrübəli mütəxəssislər
cəlb olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar
İnstitutunun direktoru,
akademik Teymur Kərimlinin kitaba yazdığı “Ön söz”də deyilir:
“Humanist ənənələrə söykənən XIV yüzillikdə
əfsanəvi səməndər
quşu kimi xarabalıqların və yanğın küllərinin
altından baş qaldıran İslam filosof və şairləri insanların sınmış
ümidlərini özlərinə
qaytarmağa, onların
taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə,
öz talelərinin qüdrətli hakimi olduqlarını təlqin
etməyə və inandırmağa başladılar.
İslam şərqinin hər
üç hakim dilində-
ərəb, fars
və türk dillərində bu cür humanist ruhlu əsrlər qələmə
alan ən böyük sənətkarlardan
bir də XIV yüzilliyin sonu, XV yüzilliyin əvvəllərində
yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi oldu”.
Akademik qeyd edir ki, Nəsimi
humanizmi insana böyük məhəbbət
duyğuları ilə
yoğurulub. Bu məhəbbət
təkcə onun əsərlərinin məna
və mahiyyətində,
məzmununda deyil,
forma xüsusiyyətlərində, daha doğrusu ritmikasında, oynaqlığında,
ahəngində, alliterasiyasında
da özünü göstərir.
Nəsimi qəzəllərinin də bir çoxunda
ritmika sanki oxucunun ürəyini oynadır, ona həyat eşqi, sevinc aşılayır.
İnsana daxili mənəvi
rahatlıq gətirir.
Bunun kökündə isə, şübhəsiz ki, şairin özünün
böyük insan sevgisi dayanmaqdadır.
Kitabda yer alan
şeirlər bir daha göstərir ki, Nəsimi dünya poeziyasının
ən kamil nümunələri sırasında
diqqətəlayiq yer tutan əsərlərində
daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını
tərənnüm edib.
Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha
da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olub. Nəsiminin mənbəyini xalq
ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu
və rəngarəngliyi
ilə əks etdirir. Müxtəlif dillərdə təqdim
edilən şeirlər
sənətkarın yaradıcılığının
bir sıra xalqların bədii-ictimai
fikrinin inkişafına
qüvvətli təsir
göstərdiyini əyani
şəkildə sübut
edir.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitaba yazdığı təqdimatında rəhbərlik
etdiyi təşkilat tərəfindən 2010-cu ildən
etibarən hər ilin türk dünyasının tanınmış
simalarından biri ilə bağlı olduğunu diqqətə çatdırır. O, bu
sırada İmadəddin
Nəsiminin xüsusi yeri olduğunu vurğulayaraq yazır: “Şərqin hər üç ədəbi dilində əsərlər
yazan bu qüdrətli şair qələmə aldığı
bənzərsiz qəzəlləri
ilə daha çox tanınmaqdadır.
Yaradıcılığındakı səmimiyyət, humanizm, həyatın gözəlliklərindən zövq
almaq, şeirlərində
ifadə etdiyi fəlsəfi düşüncəsi
onu dünya ədəbiyyatının ən
görkəmli, mütərəqqi
adamları ilə yaxınlaşdırır və
böyük mütəfəkkirin
dünya görüşünün universal
miqyasını göstərir.
Onun nəsihətləri və
təlimləri sadəcə
türk dünyası
üçün deyil,
bütün insanlıq
üçün yol göstəricisidir. Şeirlərdəki
eşq, din və fəlsəfi ifadələr bu gün də ədəbiyyatçıların və tədqiqatçıların
diqqət mərkəzindədir”.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun məsləhətçi olduğu
kitabda Xalq rəssamı Arif Hüseynovun Nəsimiyə
və onun əsərlərinə həsr
etdiyi rəsmlərdən
istifadə olunub.
Kitabda Nəsiminin
“Məndə sığar
iki cahan, mən bu cahana
sığmazam”, “Üzünü
məndən nihan etmək dilərsən, etməgil!”, “Dilbara, mən səndən ayrı təndə canı neylərəm?”, “Mərhaba, insani-kamil, canımın cananəsi”,
“Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba!”
və digər qəzəlləri müxtəlif
dillərdə oxuculara
təqdim olunur.
On beş
dildə iyirmidən çox qəzəlin yer aldığı kitab Nəsiminin böyük bir ədəbi məktəb yaratdığını göstərir.
Kitabla tanış olan oxucu orta əsr
klassik Azərbaycan lirikasının bənzərsiz
nümunələrini yaratmış
İmadəddin Nəsiminin
şeirlərinin insanın
qüdrəti haqqında
himn kimi səsləndiyini, onun şeirlərində kamil insan olmağa çağırışların ifadə olunduğunu bir daha görəcək.
TÜRKSOY-un Nəsimi irsinin təbliğinə çox
böyük töhfə
olan bu kitab
müxtəlif dillərdə
danışan insanları
İmadəddin Nəsimi
irsi ilə yaxından tanış etmək və böyük söz ustadının yaradıcılığı
haqqında dolğun fikir formalaşdırmaqda qiymətli mənbə rolu oynayacaq.
Üç nöqtə.-
2019.- 22 oktyabr.-S.8