Səssiz gəldi, səssiz getdi...
Mahmud Allahverdiyev M.Məmmədovun tələbəsi idi.
Aktyor sənəti dərslərini Azərbaycan
Dövlət Teatr İnstitutunda ondan almışdı. Biz Mahmudla bir kursda oxuyurduq. Görkəmli
kinorejissor Rza Təhmasib də bizim müəllimimiz idi.
…Kiçik
bir otaqda on ikiyə yaxın çarpayı qoyulmuşdu. 1952-ci ildə instituta qəbul edilmiş tələbə
oğlanlar bu yataqxanada qalırdı. Mahmudun
çarpayısı otağın baş tərəfində
idi. Bir-birimizlə yaxından tanış
olandan sonra mən başa düşdüm ki, Mahmud Bakıya həqiqətən
aktyor olmaq üçün gəlmişdir. Təbiət də onun bu arzusuna imkan
yaratmışdı. Hündürboylu, dairə sifətli,
ağappaq,
Gürcüstan dağlarının havası ilə
bəslənən, çox vaxt qəribə təsir
bağışlayan bir
oğlan. O, heç kəsin xətrinə dəymirdi. Mübahisə gedən vaxt əl-qolunu yellədərdi
və tez də mübahisəni kəsib gedərdi.
Mahmudda elə ilk gündən böyük məsuliyyət
olduğunu hiss etdim. Dərslərin
hamısında o, həvəslə iştirak edirdi.
Mehdi Məmmədov bizimlə F.Şillerin
"Qaçaqlar" faciəsini diplom tamaşası kimi
hazırlamağa başladı. Əsərdə Karl Moor rolunu Mahmuda, sonradan Karla xain
çıxan Şpigelberq rolunu isə mənə
tapşırdı. Mahmud Karl Moor rolu üzərində
elə bir həvəs, coşqunluqla məşqə
başladı ki, hamımız ona çatmağa
çalışdıq. Lakin ona
çatmaq o qədər də asan deyildi. Gecə
saat on ikidən sonra Mahmud Teatr İnstitutunun binasında yerləşən
yataqxanadan çıxıb böyük zala gedərdi və səhərə
qədər rolunu məşq edərdi. Bu ərəfələrdə
Rza Təhmasib Cəlil Məmmədquluzadənin
"Ölülər" əsərini bizimlə
hazırlayırdı. İsgəndər rolunu
mənə və Mahmuda tapşırmışdı. Mən də Mahmud kimi bir-iki dəfə gecə
yatağımdan qalxıb İsgəndər rolunu məşq
eləməyə cəhd göstərdim. Bu mənə elə
bir zülm, əzab verdi ki, gecə məşqlərini birdəfəlik
təxirə saldım.
"Qaçaqlar" faciəsini diplom tamaşası kimi
1955-ci ildə Azərbaycan Dram Teatrının səhnəsində
oynadıq. Bu tamaşaya maraq çox böyük idi. Salon yazıçılarla, jurnalistlərlə,
aktyorlarla, adi tamaşaçı ilə dolu idi. "Ədəbiyyat və
incəsənət" qəzetində Karl Moorla Şpigelberq
rolunun ifaçılarının, yəni Mahmudla mənim
şəklimiz çap olundu. O vaxt hələ tələbə
ikən bu bizim üçün böyük hadisə idi.
Mahmud Allahverdiyev incə əldə elədiyi nailiyyətlərlə
heç vaxt kifayətlənmirdi. O, həmişə nəsə
axtarırdı. O ərəfələrdə Mehdi Məmmədov
teatrda İ.Qasımov və H.Seyidbəylinin "Uzaq sahillərdə"
romanını tamaşaya hazırladı. Mahmuda
burda əsərin ikinci qəhrəmanı Vasili rolunu
tapşırdı. Səhnədə hələ
layiqincə yer tutmamış gənc bir aktyora bu qədər
böyük bir rolun tapşırılması teatrda birmənalı
qarşılanmadı. Lakin tamaşa təhvil verilən
zaman tamaşaçılar qarşısında çox cəld,
emosional amma
ağrıya müqavimət göstərməyə
çalışan səsə
malik bir obraz gördük. Xüsusilə Vasili -M.Allahverdiyev
amma ağrıya müqavimət göstərməyə
çalışan Vasilinin ölüm səhnəsini yüksək
həyəcan dərəcəsinə qədər qaldıra
bilirdi. Ansamblda M.Hüseynzadə - Möhsün Sənani,
Anjelika - Leyla Bədirbəyli ilə bərabər Mahmud bu
üçlüyü yüksək sənətkarlıqla
tamamlaya bilirdi.
M.Allahverdiyev çox istedadlı bir aktyor idi. C. Məcnunbəyovun
"İliç buxtası" pyesində Aslan kişi rolu ilk günlər SSRİ xalq artisti
Sidqi Ruhullaya tapşırılmışdı. Məşqlərin
gedişində nə hadisə baş verdiyindən xəbərimiz
yox idi. Bir gün Sidqi müəllim teatrda Komsomol Komitəsinin
katibi olduğum üçün mənə
yaxınlaşıb dedi ki: "Mənim bu tamaşada
oynadığım Aslan kişi obrazı onsuz da kiçikdi,
amma rejissor Mahmudu
mənə dublyor verib". O
gündən Mahmudun Aslan kişi rolunda məşqlərinə
diqqət yetirdim. Mahmud rola o dərəcədə
məsuliyyətlə yanaşdı ki, Sidqi Ruhulla kimi əfsanəvi
sənətkar bu roldan imtina etdi. Aslan kişi
- M.Allahverdiyevin Kirovun kabinetinə gəldiyi səhnə indi də
gözümün qabağındadı. Hündürboylu,
qara yapıncıda, başında uzunsov papaq, əlində
çomaq, yanlarını basa-basa kabinetə sanki bir dağ
girirdi. Aslan kişinin duruşundan,
danışığından, hərəkətlərindən
hiss edirdin ki, Kirovun
qarşısında möhtəşəm
dağların möhtəşəm bir ağsaqqalı
dayanıb.
Mehdi Hüseynin "Cavanşir" faciəsində
Elçin rolunu oynadıqdan sonra Mahmudda teatra qarşı tənqidi
bir meyil baş qaldırdı. Mənimlə söhbətlərində
o, tez-tez hazırlanan tamaşaları, ifaçıları və
ən çox da quruluşçu rejissorları tənqid
edirdi. Hətta Moskvada keçirilən Azərbaycan
Ədəbiyyatı və İncəsənəti
ongünlüyü üçün hazırlanmış
S.Vurğunun "Fərhad və Şirin"
tamaşasının məşqlərində
yazdığım gündəlikləri mən bir gün
oxumaq üçün ona verdim. Aradan bir az
keçəndən sonra Mahmud qeydləri mənə
qaytardı və dedi, bura yazılanların hamısını
özün uydurmusan. Məşqlərdə belə
söhbətlər olmamışdır. Mahmud
dəyişmişdi. Hamısı da ona
görə ki, o, Elmlər Akademiyasının İncəsənət
İnstitutunun teatrşünaslıq üzrə
aspiranturasına daxil olmuşdu. Rəhmətlik
Cəfər Cəfərov ona inanırdı, böyük
ümidlər bəsləyirdi. O vaxtdan Mahmud artıq
Vasili, Elçin kimi böyük rollar almadı. "Seyx Sənan"da
Simon, "Qaçaq Nəbi"də Mehdi, "Otello"da
Lüdoviko rollarını oynadı. Teatrda aktyorluq fəaliyyətini 1961-ci
ildə bitirib, əvvəl Akademiyanın Memarlıq və
İncəsənət İnstitutunda namizədlik
dissertasiyası müdafiə etdi, orada elmi işçi
işlədi. Azərbaycan Dövlət Teatr
İnstitutuna keçdi və pedaqoji fəaliyyətinə
başladı.
Səmimi
etiraf edim ki, Mahmud Allahverdiyev kimi nadir aktyor istedadına malik
bir yaradıcının teatrşünaslıqla məşğul
olması məni bir dost kimi çox məyus elədi. Lakin get-gedə onun, xüsusilə böyük sənətkar
Ələsgər Ələkbərov haqqında
monoqrafiyası çapdan çıxandan sonra, görkəmli
bir alimin teatrşünaslıq aləminə inamlı
addımlarla gəldiyini gördük. Mahmudun dediyinə
görə bir çox mövzuları ona C.Cəfərov verərdi. "Azərbaycan xalq
teatrının tarixi" kitabı da məhz C.Cəfərovun
təklifi ilə
yazılmışdı.
Mahmud
Allahverdiyevin fəaliyyətində mənim teatrdakı
işimlə bir çox paralel gedişlər
mövcuddur. Mən Peterburqda (o zamankı Leninqradda) təhsil alan
vaxtlar Azərbaycan xalq teatrının tarixi ilə çox
maraqlanırdım. Bu
axtarışlarım barədə hətta 1968-ci
ildə "Ədəbiyyat və İncəsənət"
qəzetində "Teatr ənənəmiz"
başlığı altında bir məqalə ilə
çıxış etdim. O zamanlar Mahmud Azərbaycan xalq
teatrının tarixi ilə ciddi məşğul olduğundan
bir az ehtiyat edirdim (O,
aspiranturanı qurtarandan sonra müəllimlikdən kafedra müdirliyinə və professor vəzifəsinə
qədər yüksəlmişdi). Məqaləmi
ona təqdim etdim və onun xeyir-duasını aldım. Xüsusilə Azərbaycan xalq teatrının
dramaturgiyasının epik olması, tamaşalarda
mahnılardan, rəqslərdən geniş istifadə edilməsi
və nəhayət, obrazları aktyorlar cildə girməklə
yox, yadlaşdırmaqla ifa edirdilər fikri Mahmudun çox
xoşuna gəlmişdi.
Zaman
keçdikcə M.Allahverdiyevin "Mirzağa Əliyevin
yaradıcılıq yolu", "Cəfər Cabbarlı və
müasirlik","Azərbaycan teatrı bu gün",
"Ənənə və novatorluq" kimi elmi kitabları nəşr
olunmağa başladı.
Sənətşünaslıq
doktoru elmi adını alandan sonra Mahmudu Türkiyənin Memar Sinan
Universitetinə dərs deməyə dəvət etdilər. Pedaqoji fəaliyyətini orada da müvəffəqiyyətlə
davam etdirən M.Allahverdiyev "Sözüm var sizə, gənclər"
kitabını da yazdı və orda türk dilində nəşr
etdirdi.
Görkəmli alim, pedaqoq, sənətşünaslıq
doktoru Mahmud Allahverdiyev çox
xeyirxah, ziyalı bir şəxsiyyət idi. Onun
xeyirxahlığını, insanpərvərliyini, sənət
adamlarına olan hörmətini dəfələrlə
görmüşəm. 1956-cı ildə institutu qurtarıb dram teatrında işlədiyimiz
ərəfələrdə İçərişəhərdə
onunla mənə birotaqlı mənzil verdilər. Gəlib
otağa baxandan sonra Mahmud tam xeyirxahlıqla dedi ki,sən burda
qal. Hələlik mən kirayə bir otaq tutaram, bu balaca yerdə
biz bir-birimizə mane olarıq.
Mahmud Azərbaycan Dövlət İncəsənət
Universitetində prorektor işləyəndə bir gün Gənc
Tamaşaçılar Teatrına gəldi. Onu da qeyd edim ki, mənim
Sumqayıtda, Dram Teatrında, GTT-da hazırladığım
bir çox tamaşalarıma o, resenziyalar yazırdı. Teatra
növbəti gəlişində məni instituta dəvət
elədi, dərs deməyi məsləhət bildi. Oğlumun
teatr İnstitutuna daxil olmasında da dost köməyini əsirgəmədi.
Mən onun Bakı Şəhər Sovetinin yanındakı
kiçik mənzilində, sonra 8-ci mikrorayonda yerləşən
geniş mənzilində dəfələrlə olmuşam.
Oğlu Azərlə teatr və sənət barəsində
maraqlı söhbətlər
etmişik.
1990-cı ilin ikinci yarısından Mahmud xəstələndi.
Prorektor işlədiyi vəzifəsində də az-az
görünürdü. 1999-cu ilin may ayından Almaniyada
Köln- Düssöldorf
Türk teatrosunda Ü.Hacıbəyovun "Arşınmal
alan" komediyasını hazırlayırdım. Ordan
qayıdandan sonra hadisələr o qədər sürətlə
inkişaf etdi ki, Mahmudla əlaqələrim seyrəşdi. O
il Teatr Xadımləri İttifaqının növbəti
qurultayı keçirilirdi. Sədr əvvəlki
qurultayla indiki qurultay arasındakı dünyasını dəyişən
sənətkarların xatirəsini yad etmək
üçün bir dəqiqə ayağa durmağı
xahiş etdi və mən vəfat eləyənlərin
arasında Mahmud Allahverdiyevin adını eşidəndə
sarsıldım.
Düşündüm ki, o, Gürcüstandan Bakıya səssiz
gəlmişdi və 68 yaşında da səssiz getdi. Amma onu
gəncliyindən tanıyanların qəlbində Mahmud
Allahverdiyev istedadlı aktyor və onun elmi tədqiqatlarını
oxuyan, öyrənənlər üçün isə görkəmli
alim kimi qaldı.
Kazımov
Ağakişi
Üç nöqtə.-
2019.- 29 oktyabr.- S.14