Dildən əcnəbi sözləri,
oturuşmuş sözləri çıxarmaq olarmı?
Azərbaycan
dilinin lüğət tərkibi minillər ərzində
formalaşıb və bugünkü günümüzə gəlib
çatıbdır. Dilin lüğət tərkibi ilə
yanaşı, həmin dildə yazan klassiklərin də
dilinin lüğət tərkibi vardır. Lüğət tərkibindəki
sözləri təhlil etmək, qruplaşdırmaq,
leksik-semantik və qrammatik cəhətdən araşdırmaq
mümkün, eləcə də təbii bir haldır. Ancaq
lüğət tərkibindəki sözləri dildən
çıxarmaq iddiasında olmaq həqiqətə söykənməyən
iddiadan başqa bir şey deyildir. Qazi Bürhanəddinin,
İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin,
Şah İsmayıl Xətainin və eləcə də digərlərinin
dilinin lüğət tərkibindəki sözləri dildən
necə çıxarmaq olar? Bu müdaxiləni etmək səlahiyyəti
heç kəsə verilmir. Hətta bizim hər
birimiz klassik ədəbiyyatı oxuyan zaman mənasını
başa düşmədiyimiz arxaik, ərəb, fars mənşəli
sözlərlə qarşılaşanda onları dilin
lüğət tərkibindən çıxarmaq əvəzinə
mənalarını öyrənməyə diqqət
ayırmalıyıq. Belə olmazsa, Qazi Bürhanəddin,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah
İsmayıl Xətai və digərləri ədəbiyyat
tariximizdə öz ədəbi mövqelərini qoruya bilməzlər.
Onların hər birinin müqəddəs ədəbi
missiyaları içərisində həm də dövrün
dilinin lüğət tərkibini qoruyub saxlaması dayanır.
Elə alınma sözlər var ki, onlar hər hansı
tarixi dövrün dilində işlənsə də, sonralar
dilin lüğət tərkibindən təbii olaraq
çıxır. Məsələn, Ə.Haqverdiyevin,
M.Ə.Sabirin əsərlərində rast gəldiyimiz
və o zamankı ədəbi dilimizdə özünə haqq
qazanmış ərəb-fars sözlərinin, ifadələrinin
bir qismi indi ədəbi dilimizdə işlənmir: dər həqiqət,
zəbani hal, xah-naxah, bilaixtiyar, xülaseyi-kəlam, məlada,
bərayi-ehtiyat, təşxis, rənç, mütəhəmmil,
ruzşəb və s. Dilin özü təbii şəkildə
sözlərə vətəndaşlıq hüququnu verib-verməməyi
tənzimləyir. Yazıçıların, şairlərin
istifadə etdikləri sözlərin dildə vətəndaşlıq
hüququ qazanıb-qazanmamasına imkan yaradır. Məsələn, vaxtilə xalq dilindən,
danışıq dilindən Səməd Vurğunun gətirdiyi
sözlər indi hamı tərəfindən başa
düşülür: şütümək, köyrək,
nisgil, sambal, ilqar, quzey, güney, qəlbi, yığbal və
s. Bu sözlərin indi hamı tərəfindən
başa düşülməsinə birinci növbədə
dilin özü tələbat və imkan yaradıbdır. Dilin
tələbatı ilə gələn və istifadəsinə
imkan yaradılan sözlər (dilin özünün imkan
yaratdığı sözlər) barədə fikir birmənalı
olmalıdır. Onları dilin lüğət tərkibinin
halal mülkiyyəti kimi qəbul etmək lazımdır. Təbii
ki, burada ərəb və fars mənşəli sözlər
də bu qəbildəndir. Bu mənada məsələnin
mahiyyətinə vaxtilə çox dəqiq və
düzgün yanaşanlardan biri də Məmməd Cəfər
Cəfərov olmuşdur. O, dilimizdəki ərəb və
fars sözləri barədə “Azərbaycan ədəbi-bədii
dilinin bəzi məsələləri haqqında” adlı
1952-ci ildə dilçilik məsələlərinə aid
müşavirədə söylədiyi məruzədə deyirdi:
“Bu sözləri (ərəb və fars sözləri – B.X.) nə
üçün dilimizdən çıxarıb ataq? Onlar ərəb
və ya fars mənşəli sözlər olduqlarına
görəmi? Məlumdur ki, Azərbaycan dilindən də ərəb,
fars və başqa dillərə bir çox sözlər
keçmişdir. Onda gərək o xalqlar da bu sözləri
öz dillərindən çıxarıb atsınlar?! Məsələn,
Azərbaycan dilindən fars dilinə yalqız, yağı,
yaylaq, yorğa, yataq, yavaş, yortmaq, yüzbaşı,
qamçı, qurultay, qışlaq, topçu, top,
tütün, ortaq, arxalıq və s. kimi bir çox sözlər
keçmişdir. Məgər farslar bu sözləri öz
dillərindən çıxarıb
atmalıdırlarmı?” Məmməd Cəfər
Cəfərov öz fikrini davam etdirərək dilin təmizliyi
uğrunda mübarizə məsələsinə də
aydınlıq gətirir, bunun bir şüar kimi başa
düşülməməsini diqqətə
çatdırırdı. O deyirdi: “Aydındır
ki, əgər biz ümumiyyətlə, dilin təmizliyi
uğrunda mübarizə şüarını belə başa
düşsək, hər bir xalq gərək başqa dillərdən
qəbul edib öz dilinin malı etmiş olduğu, dildə
tam vətəndaşlıq hüququ qazanmış olan
sözləri tamamilə çıxarıb atsın...
Dilimizdə işlənən sükunət, zülmət, xəyal,
kamal, şeiriyyət, idrak kimi sözləri
çıxarıb atmağı təklif edən yoldaşlar
bunları hansı sözlərlə
əvəz etmək fikrindədirlər?” Görünür ki,
bütün dövrlərdə dilin təmizliyi uğrunda
mübarizəyə bir qisim adamlar (bəzən bir qisim
mütəxəssislər də) düzgün mövqedən
yanaşmamışlar. Tarixin bütün dövrlərində
yanlış mövqedə olanların fikirləri
özünə meydan ala bilibdir. Ancaq hər dəfə bu
yanlış təsirin altına düşməyə həm
dilin özü, həm də peşəkarların mövqeyi
imkan verməyibdir. Bu mənada Məmməd Cəfər Cəfərovun
vaxtilə söylədiyi fikri qeyd etmək yerinə
düşər. O deyirdir: “Dili təmizləmək, sadələşdirmək
onu yoxsullaşdırmaq demək deyildir. Dilimizdə ta qədimdən
ayrılıq sözü də var, hicran sözü də. Bəziləri
belə zənn edirlər ki, bu iki sözdən birini, məsələn,
hicran sözünü çıxarıb atsaq dilimizi təmizləmiş
olarıq. Dildə addımbaşı təsadüf
etdiyimiz ulduz-səyyarə, ildırım-şimşək,
çay-nəhr, külək-rüzgar, od-atəş, tək-tənha,
qaranlıq-zülmət, gələcək-istiqbal, təmiz-pak,
əyyam-epoxa, müəllim-pedaqoq kimi yüzlərcə
sözlər də bu qəbildəndir. Bu hadisə, əlbəttə,
dilimizin lüğət fondunun və xüsusən lüğət
tərkibinin zənginliyini göstərir. Onları
çıxarıb atmaq, dili təmizləmək deyil, dili
yoxsullaşdırmaq, öldürmək demək olardı.
İki gözün biri də kifayət edər – deyib, o birini
çıxarmağa ehtiyac yoxdur!...” Bir sözlə,
düzgün və dürüst mövqe həmişə Azərbaycan
dilinin saflığını qorumaq işini düzgün
istiqamətə yönəltmişdir. Nöqsanlı və
qüsurlu fikirlərin bərkiməsinə, dərinləşməsinə
imkan verməmişdir. Yenə də İlyas Əfəndiyevin
sözləri yerinə düşür: “Biz dilimizi, onun
saflığını, gözəlliyini qorumalıyıq.
Onu məhəlliçiliklər, jarqonlar, süni ifadələr
alağı basmasına yol verməməliyik. Biz eyni zamanda
“arxaikdir”, “kənardan gəlmədir” – deyə artıq
xalqın dilinə, ədəbi dilə çoxdan daxil
olmuş söz və ifadələrdən də imtina edə
bilmərik.”
Millətimizin tarixboyu yetişdirdiyi
böyük şəxsiyyətləri böyük fikir
sahibləri olmaqla öyrənirik. Böyük fikir, ideya
sahibləri bütün dövrlərin sınağından
çıxır və bütün dövrlərin tələblərinə
cavab verir. Konkret olaraq şair və yazıçılardan
söhbət gedirsə, onlar yazdıqları yüksək sənət
əsərlərinə görə həm də Azərbaycan
dilinə borcludurlar. Azərbaycan dili bütün dövrlərdə
şair və yazıçıların bədii təfəkkür
imkanlarını aça bilibdir. Belə olan
təqdirdə Azərbaycan dilinin lüğət tərkibində
vətəndaşlıq hüququ qazanmış sözlərə
müdaxilə etmək, onları alınma olduqları
üçün dildən çıxarmaq iddiasında olmaq ən
azı dilin özü ilə oyun oynamaqdır. Şair və
yazıçılar isə dillə oyun oynamayıb, ancaq
onun imkanlarından gen-bol istifadə ediblər. Ona
görə də şair və yazıçılara, o
cümlədən klassiklərin
yaradıcılığına dəyər, qiymət vermək
dilin özünə verilən qiymətdir. Azərbaycan dilində
yazan şair və yazıçılar, o cümlədən
klassiklər doğma ana dilinin, həm də millətin təəssübkeşi
olmuşlar. Onlar doğma ana dilinin və mənsub olduqları
millətin ən həssas övladlarıdır. Məsələn,
Məhəmməd Füzuli ərəb və fars dillərində
divan yazsa da, həm də ən gözəl və mükəmməl
əsərlərini doğma ana dilində yazmışdır.
Bununla da o, milli həssaslığını və mənsub
olduğu millətə sadiqliyini göstərmişdir. Məhəmməd
Füzuli və bu qəbildən olan sənətkarlar
dövrün dili olan ərəb, fars dillərində yazmaqla
yanaşı, həm də Azərbaycan dilində yazmaqla bu dilin
üstünlüklərini göstərməyə
çalışmışlar. Məhəmməd Füzuli və
bu qəbildən olan sənətkarlar fars dilində çoxlu
şeir yazıldığını həm də ənənənin
olduğunu bilirdilər. Ancaq Türk dilində (Azərbaycan
dilində) şeir yazmaq ənənəsini yaratmağa
ehtiyac hiss olunurdu. Bu ehtiyacın nə qədər çətin
olub-olmamasından asılı olmayaraq yerinə yetirilməsi
milli hissə, milli kimliyə sahiblik tələb edirdi. Odur ki, Məhəmməd Füzuli və bu qəbildən
olan klassiklər ərəb və farsdilli oxuculara sərt,
tikan kimi görünən türk dilində (Azərbaycan
dilində) şeir yazmaqla öz doğma dillərinin, milli dillərinin
imkanlarını göstərirdilər. Təsadüfi
deyil ki, Məhəmməd Füzuli və bu qəbildən
olan sənətkarlar öz istedadları ilə yanaşı,
həm də türk dilində (Azərbaycan dilində) yazmaqla
üstün mövqelərini qazanırdılar. XVI əsrdə
Bağdadda və onun ətrafında dövrün elm dilinin ərəb
dili olduğu bir vaxtda türk dilində (Azərbaycan dilində)
yazmaq türk milli hissinin və qürurunun ən üstün
göstəricisidir. Türk dilində (Azərbaycan
dilində) yazan klassik şair və
yazıçılarımız əllərini Allaha
qaldırıb dua etmiş, Allahdan istəkləri o olmuşdur
ki, ərəb və fars dillərinin sehrindən
çıxmaq üçün türk dilinin (Azərbaycan
dilinin) imkanlarını onlardan əsirgəməsin.
Axı Allahın yol verdiyini və yer verdiyini verə biləcək
başqa bir varlıq yoxdur. Ərəb, fars dillərinə bərəkət,
bolluq verən Allah olmuşdur. Allah bu dillərdə gözəl
və aydın yazmağa və danışmağa imkan
yaratmışdır. Bu dillərin özünə bir gözəllik
vermişdir. Odur ki, belə bir gözəlliyi türk dilində
(Azərbaycan dilində) tapmaq üçün Məhəmməd
Füzuli və bu qəbildən olan şairlər Allahdan
kömək istəmişdir. Məhz Məhəmməd
Füzuli türk (azərbaycanlı) olduğu
üçün türk (Azərbaycan) dilində yazmaq
üçün Allahdan diqqət, mehribanlıq,
lütfkarlıq istəmişdir. Məhəmməd
Füzulinin Allahdan istəyi, duası türk dilinin (Azərbaycan
dilinin) ərəb və fars dillərindən daha
üstün imkanlarını üzə çıxarmaq
olmuşdur. Allahın köməyi ilə o, istəyinə
çatmış, türk dilində (Azərbaycan dilində)
mükəmməl yazmağa nail olmuşdur. Türk dilinin
(Azərbaycan dilinin) bütün gözəlliklərini
türklərlə (azərbaycanlılarla) yanaşı, ərəblərə
və farslara da anlatmışdır. Məhəmməd
Füzuli və türk dilində (Azərbaycan dilində)
yazan şairlər türk (Azərbaycan) sözlərini elə
dəqiq, düzgün istifadə etmişdir ki, bu, nəticədə
türk dilinin (Azərbaycan dilinin) ləzzətini,
dadını üzə çıxarmışdır.
Buludxan Xəlilov
Üç nöqtə.-
2019.- 31 oktyabr.- S.9