"Bağçaların uşaqların mənəvi  inkişafındakı rolu  danılmazdır"

 

 

 

Uşaqların təlim-tərbiyəsi ilk növbədə ailədən başlayır. Daha sonra isə bu işi bağçalar və məktəblər yerinə yetirir. Valideynlər övladlarını bağçaya göndərərkən həyəcan keçirirlər. Bağça uşaqların həyatında ilk addımlardır desək yanılmarıq. Bəs görəsən bağçaların uşaqların mənəvi və psixoloji inkişafında rolu nə dərəcədədir?

 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edir ki, hal-hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var: “Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır”.

 

Ekspert bildirir ki, lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır: “Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75 faizlik uşaqda bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80 faizi özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür.

 

Təəssüflər olsun ki, bağçalara fəaliyyət lisenziyası verilsə də orda zəruri hallara o qədər də  diqqət yetirmirlər. Belə ki, bağçalarda uşaqların təhlükəsizliyinə zəmanət yaratmaq üçün bir sıra mexanizmlər olmalıdır. İlk növbədə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən razılaşdırılmış təxliyə planı hazırlanmalı və bağçanın hər mərtəbəsində asılmalıdır.

 

Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi yerlərə yanğın söndürmə balonları yerləşdirilməli və bağçalarda yanğın söndürmə guşəsi olmalıdır. Həmin guşə lazımi avadanlıqla təchiz edilməlidir. Bura yanğın baş verdiyi zaman lazım olan torpaq, vedrə, bel kimi vasitələr və ilkin tibbi yardım çantası daxildir. Bağçalarda mütləq təhlükəsizlik çıxışları olmalı və onlardan rahat istifadə edilməlidir. Bağça əməkdaşları fövqəladə hallar zamanı davranış qaydaları təlimindən keçməlidir. Təcrübə göstərir ki, bağça əməkdaşları bu təlimlərdən keçmədikləri halda daha çox təlaşlanır və lazımi tədbirləri həyata keçirə bilmirlər”.

 

K.Əsədovun sözlərinə görə, bağçalarda təhlükəsizliyin təmin olunması üçün uzun müddətli yaddaşa malik, günün bütün saatlarında işləyəcək kameralar lazımdır: “Kameralar təhlükəsizlik işinə müsbət təsir edir. Düşünürəm ki, video kameraların olması çalışanları məsuliyyətli etməklə yanaşı, həm də valideynlərin qarşısında güvənli olmağa zəmanət verir. Bu kameralar təkcə valideynlərin övladlarını izləməsi üçün deyil. Həm də müəssisənin təhlükəsizliyi təmin olunur”.

 

Təhsil eksperti deyir ki, bundan başqa balacaların təhlükəsizliyini təmin etmək məqsədilə bağçada xüsusi nəqliyyat xidməti fəaliyyət göstərməlidir: “Bu xidmət vasitəsilə uşaqlar hər səhər saat 09:00-da bağçaya, axşam saat 18:00-da isə valideynlərinə təhlükəsiz şəkildə təhvil verilməlidir. Uşaqların nəqliyyatda təhlükəsizliyi təcrübəli sürücü və nəzarətçi vasitəsilə həyata keçirilməlidir.

 

Onları səhər tezdən evdən götürməmişdən 10-15 dəqiqə öncə valideynə zəng vurulmalı və xəbər verilir ki, uşağı hazırlaşdırın, axşam da təhvil verildikdə, yenə əvvəlcədən xəbər verilməlidir. Qeyd etdiklərim dünyada qəbul edilmiş təhlükəsiz və yüksək keyfiyyətli bağça modelidir. Bütün bunları əlbəttə ki, Təhsil Nazirliyi təmin edə bilməz. Bu kimi fəaliyyəti Təhsil Nazirliyinə tabe müstəqil qurum tərəfindən həyata keçirilməlidir. Necə ki, diplomların tanınması, peşə təhsili üzrə ayrıca Təhsil Nazirliyinə tabe qurumlar fəaliyyət göstərir, bu mexanizmi də eyni ilə təmin etmək olar”.

 

Ekspert nəzərə çatdırır ki, 2011-ci ildə prezidentin sərəncamı ilə bağçalar Təhsil Nazirliyindən alınıb icra hakimiyyəti orqanlarına verildi. Bundan sonra bağçaların fəaliyyəti diqqətdən kənarda qaldı: “ Ancaq bizdə bu sahəyə kifayət qədər vəsait ayrılsa, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir. Elə-belə pərakəndə şəkildə olmamalıdır. İş adamları özəlləşdirmək istədikləri bağçaları standartlara uyğunlaşdırmalıdırlar. Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi də fəaliyyət göstərmir.

 

Doğrudur, özəl bağçaları da istər qidalanma, istər tədris dövlət bağçaları ilə müqayisədə yaxşı təşkil olunub. Burda çalışan işçi – tərbiyəçilər uşaqlara daha həssas yanaşırlar. Lakin özəl bağçalar müstəqil kommersiya fəaliyyəti həyata keçirdiyi üçün hansısa təhsil qurumunun onun fəaliyyətinə müdaxilə etməsi, yoxlanılması mümkün deyil .Qanunvericilik yalnız onların təhlükəsizlik, vergi, sanitar qaydalara riayət edib-etməməsini yoxlaya bilir. Təəssüf ki, heç bir qurum bağçalarla bağlı yoxlama aparmır”.

 

K.Əsədov qeyd edir ki, respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir: “Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir.

 

Yeni qəbul olunmuş “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna əsasən 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması ilə yanaşı, bu sahənin inkişafının təkcə dövlət sərmayələri ilə deyil, həmçinin özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə təmin etmək məqsədi daşıyır”.

 

Ekspertin fikrincə, məktəbəqədər təhsil Avropada yüksək ictimai əhəmiyyət kəsb etməklə sosial xidmətlər qrupuna məxsusdur və Avropa İttifaqının siyasətinin prioritetlərindən biridir: “Avropa İttifaqının üzvləri olan dövlətlər 3 yaşadək olan bütün Avropa uşaqlarının üçdə birinin və bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmasını hələ 2010-cu ilədək vəzifə olaraq qarşıya qoymuş, 2020-ci ilədək isə uşaqların məktəbəhazırlıq təhsilinə cəlbolunma göstəricisinin yüksəldilməsini təklif etmişlər. ABŞ-da məktəbəqədər təhsil icbari hesab edilmir. Lakin 2013-cü ilin fevral ayında bəyan edilmiş bütün amerikalılar üçün erkən yaşlı uşaqların təhsili üzrə Obama Planında hər bir uşağın məktəbəqədər təhsillə təmin olunması təklif edilir. Bu məqsədlə böyük miqdarda investisiya yatırımı nəzərdə tutulur. Amerikada uşaqların məktəbəqədər təhsillə əhatə olunması həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir”.

 

K.Əsədov bildirir ki, Çində məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir: “Çində 3 yaşdan 6 yaşadək uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir. Yaponiyada məktəbəqədər təhsil pilləsi məcburi deyil. Yalnız valideynlərin arzusu ilə adətən uşaqlar dörd yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul olduqları halda onların uşaqları 3 yaşından uşaq bağçasına götürülə bilər. Yaponiyada 1 yaşlı uşaqlar üçün körpələr evi vardır, lakin uşaqları belə erkən ailədən vermək məsləhət görülmür. Həmin müəssisələrə uşaqların yerləşdirilməsi valideynin körpəsini 3 yaşadək tərbiyə etmək imkanı olmamasını ciddi səbəblərlə əsaslandırılmış xüsusi müraciəti olduğu halda mümkündür”.

 

K.Əsədov deyir ki, Rusiyanın 2013-cü ildə təsdiq edilmiş “Məktəbəqədər təhsilin federal dövlət təhsil Standartı”na əsasən, bu təhsilin başlıca məqsədi uşağın şəxsiyyətinin, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin, sosial bacarıqlarının inkişaf etdirilməsidir. Bütün bunlara böyüklərlə və yaşıdları ilə əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət növləri vasitəsilə nail olmaq nəzərdə tutulur. Uşaqların fərdi inkişafı və sosiallaşması üçün inkişafetdirici təhsil mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir. Məktəbəqədər təhsil dövlət, özəl və bələdiyyə müəssisələrində həyata keçirilir”.

 

Üç nöqtə.- 2019.- 10 sentyabr.- S.9