Xalq artisti Hacı İsmayılov 75 illiyini teatrsevərlərlə birlikdə
qeyd edib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
Abbas Mirzə Şərifzadə səhnəsində
xorvat yazıçısı
Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası növbəti
dəfə təqdim olunub.
Teatrın mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, bədii rəhbəri Xalq artisti Azər
Paşa Nemətov olan səhnə əsərinə rejissor Əlif Cahangirlinin quruluşunda baxılıb.
Səhnə tərtibatı Xalq
rəssamı Nazim Bəykişiyevə məxsus
tamaşada rolları Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev ifa edib. Ötən
ilin yazından repertuarda olan tamaşanın budəfəki
nümayişinin bir özəlliyi də var. Tamaşada əsas rollardan birini oynayan Xalq artisti Hacı
İsmayılov ad günündə səhnəyə
çıxıb. Görkəmli
aktyor 75 yaşını
doğma teatrda, yarım əsrə yaxındır fəaliyyət
göstərdiyi sənət
ocağında tamaşaçılar
qarşısında qeyd
edib.
Tamaşadan sonra
Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub.
Mədəniyyət naziri Əbülfəs
Qarayev aktyoru 75 illiyi münasibətilə
təbrik edərək
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın
“Şöhrət” ordeni
ilə təltif olunması haqqında Sərəncam imzaladığını
diqqətə çatdırıb.
Qeyd edib ki, görkəmli aktyorun 75 illik yubileyində səhnədə,
tamaşaçıların qarşısında olmağı
olduqca sevindirici haldır. Aktyora yeni yaradıcılıq axtarışlarında uğurlar
arzulayan nazir, onun səhnədə hələ çoxsaylı
obrazlar qalereyası yaradacağına əminliyini
ifadə edib.
Qeyd edək ki, 1944-cü
il yanvarın 22-də
Bakıda anadan olan H. İsmayılov, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu
fakültəsini bitirib.
1968-ci ildə Sumqayıt
Dövlət Dram Teatrında fəaliyyətə
başlayıb. O, 1970-ci ildən Akademik Milli Dram Teatrında
çalışır. Ötən
illərdə bu teatrın səhnəsində
tamaşaçı rəğbəti
qazanan onlarla xarakterik obraz yaradıb. Aktyorun 1977-ci ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı “Ad günü” filmində yaratdığı
obraz ona geniş şöhrət qazandırıb. Sonrakı
illərdə sənətkar
bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan
rollar oynayıb. Hacı İsmayılov
1989-cu ildə respublikanın
Əməkdar artisti,
2000-ci ildə isə Xalq artisti fəxri
adına layiq görülüb. Prezident
təqaüdçüsüdü
Üç
nöqtə.- 2019.- 24 yanvar.- S.12.