“Həyat insanla şahmat oynayır”

 

Kamran Ağabalayev: “Arzularıma inanıram”

 

“Heç bir halda bağışlayan insan deyiləm. Çünki biz bağışladıqca insanlar bunu qanunauyğunluq hesab edirlər. Ona görə də bağışlamağı sevmirəm. Bir də biz kimik ki, bağışlayaq?! Bağışlamaq yalnız Allaha məxsusdur. Düzdür, Allah bizə müəyyən şeylərdə onun ardınca getməyi tövsiyyə edib, amma düşünürəm, bağışlamaq siması yalnız ona xasdır, bizə aid deyil”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı aktyor Kamran Ağabalayevdir.

-Daxili aləminizin qara rəngdə olduğunu dəfələrlə bildirmisiniz. Ona görə də sizin hər kəsə ünvanladığınız ənənəvi sualı bugün sizə vermədən birbaşa soruşuram, niyə qara?

-İlk olaraq gəlin belə bir sual verək, neolit dövründən bu tərəfə güc, mistika, eleqantlıq həmişə qara rəngdə olmayıbmı? Orta əsrlərdə zadəganların özləri belə qaraya üstünlük verirdilər. Hətta bir ara insanlar inqilab etdilər ki, niyə Roma Papası qırmızı rəngdə geyinir? Axı insanların bütün bərabərliyini bildirən qara rəngdir. Qara rəng işığın olmamasıdır. Nə qədər işığı sevsəm də, qaranı və qaranlığı da bir o qədər sevirəm. İnsan qaranlıqda öz fikirləri ilə təkbətək qala, kamilləşə bilir. Ona görə də heç bir halda qaranı pislik, şər qüvvələrin rəmzi kimi qəbul etmirəm.

-Diqqət mərkəzində olmaq, ya ondan kənar?

-İnsanlar var ki, diqqət mərkəzində olmağı sevirlər, insanlar da var, diqqətdən qaçırlar. Mən isə sevdiyim insanların diqqətində olmağı sevirəm. Digər insanların diqqətindəyəm, yoxsa yox, bu mənim üçün önəmli deyil. Əsas məsələ sevdiklərimin diqqətində olmağımdır. Diqqət stolüstü tennis kimi bir oyundur. Mən sənə, sən isə mənə. Odur ki, sevdiklərim mənim diqqətimdədir, mən də onların.

-Bir sənət insanı olaraq mən…

-Bir sənət insanı olaraq “sənətkar” sözünün əleyhinəyəm. Mənim sənətimə qıraqdan qiymət versinlər, bu cümlənin əleyhinəyəm. Bu gün insanlar hər kəsə sənətkar deyirlər. Olmaz! Düşünürəm ki, insan sevdiyi işlə məşğul olursa və bundan xoşbəxtdirsə, kənardan ona sənətkardır, ya deyil, deyilməsinin heç bir önəmi yoxdur. İnsanın sevdiyi iş ona yetməlidir. Çünki bundan xoşbəxtsən. Qalan heç bir şeyə ehtiyac yoxdur.

-Balans yaratmağı sevirsiniz?

-Balans sözünü hər zaman eşidəndə və ya oxuyanda gözümün qarşısında tərəzi canlanır nədənsə, bilmirəm. Tərəzinin iki gözü varsa, onlardan biri ağır gəlməlidir, digəri isə yüngül. Burda yalnız gözübağlı Femida ədalətin bərqərar olduğu zaman tərəziyə müdaxilə edə bilər. Heç vaxt balans yaratmağın tərəfdarı olmamışam, fikrində deyiləm. Tərəzinin mən dayandığım gözü ağır gəlməlidir. Bu prinsiplə yaşayan insanam.

-Sizi uzaqdan tanımaq yaxşıdır, ya yaxından?

-Düşünürəm, məni yaxından tanımaq olar. Sadəcə olaraq əgər mən buna izn verirəmsə. Mən buna izn verirəmsə, deməli sən mənim dostumsan. Sən mənim dostumsansa, məni yaxından tanıyacaqsan. Bu həyatda məni yaxından tanımaq yalnız ailəmə və iki dostuma qismət olub. Ki onlar mən ağzımı açanda artıq nə demək istədiyimi bilirlər. Burda da stolüstü tennisə qayıdırıq. Mən izn vermişəm, onlar izn veriblər ki, bir-birimizi tanıyaq.

-Sizə görə, həyatın ən böyük sınağı nədir?

-Həyatın ən böyük sınağı ana itkisi. Çox yaxın dostum, sirdaşım, dayağım olan ana itkisi! Hər kəsin həyatında bu sınaq var. Odur ki, mən insanların həyatını iki yerə bölürəm; analı və anasız həyat. Ümumiyyətlə, insanın sevdiklərini itirməsindən böyük bir sınaq yoxdur. Çünki bu sınaqdan insan həmişə məğlub çıxır. Mümkün deyil ki, bu sınaqdan qalib ayrılsın. Həyat insanla şahmat oynayır, sən şahmatı mükəmməl oynamağa başlayanda, o, səninlə nərd oynamağa başlayır.

-Bağışlayan insansınız?

-Heç bir halda bağışlayan insan deyiləm. Çünki biz bağışladıqca insanlar bunu qanunauyğunluq hesab edirlər. Ona görə də bağışlamağı sevmirəm. Bir də biz kimik ki, bağışlayaq?! Bağışlamaq yalnız Allaha məxsusdur. Düzdür, Allah bizə müəyyən şeylərdə onun ardınca getməyi tövsiyyə edib, amma düşünürəm, bağışlamaq siması yalnız ona xasdır, bizə aid deyil. Buna görə də bizim bağışlamağımızın nə xeyri var? Əsas Allah bağışlasın.

-İnsan bu qədər adi ola bilərmi?

-Füzüli demiş, insan hər şey ola bilər, dünyanın ən əşrəflisi də. Dünyada ən adi varlıq da insandır, ən vəhşi varlıq da elə odur, dünyanın ən xeyirxah varlığı da insandır.  Problemləri yaradan, onları çözən də insandır.

-Sizə nə uyğundur?

-Mənə nə uyğundur? Bugün pepsi, sabah kofe, birisigün isə kapuçino. Mənim yuxudan durmağımdan, əhval-ruhiyyəmdən asılıdır. Əlbəttə, günlər təkrar ola bilir, mən desəm ki, bütün günlərim fərqlidir, bu düzgün olmaz. Lakin çalışıram, günümə müxtəlifliklər qatım. Hazırda mənə pepsi uyğundur, soyuq, buzlu pepsi.

-Kamran Ağabalayev özü üçün maraqlı insandır?

-Bəli, Kamran özü üçün maraqlı insandır, buna görə də özünü axtarmağa çalışır, özündə tapmadığı şeyləri axtarmağa çalışır. Düşünürəm, maraqlı insanam. Təbii ki, özüm üçün. Mənə maraqlı deyil ki, mən özümdən başqa kiməsə maraqlıyam, yoxsa yox?! Verdiyim qərarlarla, düşüncələrimlə, oxuduğum kitablarla, baxdığım, oynadığım filmlərlə, oradakı rollarla özüm üçün maraqlıyam. Ətrafımda kimsə olmasa belə özümlə dil tapa bilərəm, həm də rahat şəkildə.

-Nə zaman səmimi olmaya bilərsiniz?

-Bir insanın xətrinə dəyməmək üçün, hansısa məclisdə onu yola vermək üçün səmimi olmaya bilərəm. Nə yalan danışım? Amma sonradan görsəm ki, o insan elədiyini edir və mənim buna dözmək fikrim yoxdur, həmin yeri təkr edərəm. Ümumiyyətlə, çalışıram, dostlarımın ətrafında olum, harada ki, hər zaman səmimiyyət hökm sürür. Sizə bir şey deyim, səmimi olmayan insanların arasında mən də səmimi olmaya bilirəm. Səmimiyyət səmimiyyət istəyir. Deyir, mənə doğru bir addım gəl, sənə qaça-qaça gələrəm.

-Sizin üçün nə çətindir?

-Fikirləşirəm, çətinliklər var ki, onlar aradan qaldırılsın. Çətinliklər olmasa, həyat maraqsız və çox sadə, monoton olar. Çətinliklər olmalıdır ki, biz kim olduğumuzu anlayaq. Hər bir halda Allah bizə daşıya biləcəyimiz qədər yük verib. Buna görə də mənim üçün nəsə çətindir, deyə bilmərəm. Çətin nəsə olarsa, hansısa bir şəkildə bu çətinliyin çarəsini tapıb aradan qaldırmaq lazımdır. Sonradan daha da çətin olmaması üçün.

-Planlı şəkildə hərəkət edirsiniz, ya həyatı zamanın axarına buraxırsınız?

-Elə şeylər var, mütləqdir ki, planlı şəkildə hərəkət edim. Elə şeylər də var ki, onlar zamanın axarına buraxılmalıdır. Başqa çarə yoxdur. Plansız şəkildə həyat xaos deməkdir və mən xaosu sevmirəm. Müəyyən yerlərdə ola bilər ki, xaosu sevə bilərəm. Stolüstü masamda, harasa gedəndə çantamı yığarkən orada xaos ola bilər. Həyatımda hər bir şeyi planlı şəkildə edirəm. Həyatın axarına buraxdıqlarım isə mənim üçün önəmli olmayan şeylərdir.

-Arzularınıza şübhə edirsiniz, ya qətiyyətlə onların gerçəkləşəcəyinə inanırsınız?

-Arzular həyata keçməlidir. Mən arzulayıramsa, sən arzulayırsansa, o arzulayırsa və bunun həyata keçməsini çox istəyiriksə, deməli, həyata keçəcəkdir. Burada energetika çox şeyi həll edir. Arzunun həyata keçəcəyinə inanmaq lazımdır. Mən öz arzularıma inanıram. Əsas arzulamaq lazımdır. 30 il öncə başımı balışa qoyarkən arzuladıqlarım indi görürəm ki, həyata keçir.

-Sizi nə yora bilər?

-Məni cahil adamlar yora bilər. Məni günəş yora bilər, mən günəşdən yoruluram. Bütövlükdə isə düşünürəm, insanlar yorduğu qədər heç bir şey yora bilməz. İnsanı insanlar yorur, başqa heç nə. Həyat maraqlıdır, o qədər görüləsi işlər var ki. Məni evdə xırda işlər yora bilər. Məsələn, lampanın dəyişilməsi kimi.

-Sevilmək, ya sevmək hissi? Hansı sizə daha doğmadır?

Hər ikisi doğmadır. Əgər ürək atırsa, beyin işləyirsə, hər ikisi doğmadır. Yenə də gəlib çıxırıq stolüstü tennisə. Ya da çıxmırıq. Bir çox insanlar var ki, qarşılıqsız sevirlər. Əsl sevgidən gedir söhbət. Mən çox xoşbəxtəm ki, sevgim qarşılıqlıdır. Məncə, bu çox önəmlidir. Çünki hər şeyə siraət edir, gördüyün işdən tutmuş aldığın nəfəsə qədər.

-Ani qərarlar, yoxsa düşünüb daşınmaq?

-Düşünülmüş qərarlar. Bu qərarlar insanı çox uzağa aparır. Ani qərarlardan fikirləşmirəm ki, bugünə kimi kimsə xeyir tapıb. Ani qərarlar hansısa hisslərin nəticəsində verilən qərarlardır. Daha çox kin, küdurət, nifrət kimi hisslərin. Söhbət qərardan gedirsə, mənə görə ani olmamalıdır.

-İnsanları sınaqlardan keçirirsiniz?

-Qırx yaşım var, ona görə də düşünürəm ki, mənə gərəkli olan insanlar artıq çoxdan sınaqlardan keçib. Mən kiməm ki, insanları sınaqdan keçirim?! İnsanlar özləri sınaqlardan keçirlər. Heç bir halda insanları sınaqlardan keçirməyi fikirləşməmişəm. Həyatımda olan insanlar əminəm ki, hansısa çətin bir anımda yanımda olarlar. Eləcə də mən onların yanında olaram.

-Kədəri daha çox paylaşırsınız, ya sevinci?

-Əgər sevdiyim insan olarsa, hər şeyi paylaşaram. Paylaşmaq gözəl hissdir. Kiminlə paylaşacağın çox önəmlidir. Həyatında olan hər bir şeyin kimlə paylaşılacağına diqqət yetirməlisən. Bir şey də var, xoşbəxtlik paylaşılmağı sevmir. Xoşbəxtsənsə, otur bir küncdə və onun kefini yaşa. Hər bir halda sənin xoşbəxt və ya bədbəxt olmağın səni sevənlər xaric heç kimin vecinə deyil.

-Bu vaxta qədər nəyə cavab tapa bilməmisiniz?

-Başımı bir o qədər də yormaq istəmirəm ki, nəyə cavab tapa bilmirəm. Məncə, bu vaxt itkisi olar. Fikrimcə, hər bir şeyin cavabı var. Mənə görə, hər zaman hər bir cavab gözümüzün önündə olur, sadəcə biz onu görmürük.

-Həyatınızın indiki anını bir bənd şeirlə ifadə etməli olsanız, hansı şeiri səsləndirərsiniz?

Hər yerdə qar var, ağ qar,

Yox, qara…

Gözlərimə oxşar,

Qəmli və kədərli…

 

Rövşən Tahir

 

Üç nöqtə.- 2020.- 9 aprel.- S.12.