“Ən böyük çətinliklər
belə təbəssümlə dəf edilir”
Aynur Naz: “Məğlubiyyətdən
depressiyaya düşmürəm”
“Dünən mənə
hər can deyəndən can yandıran olmaz, bunu öyrədib.
Bəzən ağlayanla ağlayıb, gülənlə
gülməyi öyrədib. Ən əsası da
vicdanımın təmiz olmağını öyrədib. Mən
başımı balışa rahat qoyub yata bilirəmsə,
deməli, vicdanım qarşısında məsuliyyət hissi
dərk edirəm. Dünən mənə bunları öyrədib.
Bir də öyrəndiklərimlə öyrətdiklərim
arasındakı fərqi gözdən
qaçırmamağı, hər nə olursa, olsun, hər nə
yaşanırsa, yaşansın, insanları sevməyi öyrədib”.
“Üç nöqtə” qəzetinin qonağı Bakı Bələdiyyə
Teatrının istedadlı aktrisası Aynur Nazdır.
-Dəyişiklikləri
sevirsiniz?
-Düzünü deyim ki, əvvəllər dəyişiklikləri daha çox sevirdim. Lakin hazırda ara-sıra dəyişiklik edirəm. Əvvəllər saçımdan tutmuş geyim tərzimə qədər tez-tez dəyişirdim, lakin yaş artdıqca insanın bunlara o qədər də həvəsi olmur. Bilmirəm, bəlkə də, insan dəyişikliklərdən yorulur, ona görə mən də dəyişiklikləri tez-tez etmirəm.
-Deyirlər ki,
buraxdığımız səhvlər bizə təcrübə
qazandırır. Elə məğlubiyyətin özü həyat
dərsidir. O zaman məğlubiyyətin nəyi pisdir? Niyə
qəbul etmirik?
-Çox düzgün fikirdir. Bəli, səhvlər insana təcrübə qazandırır və sən deyirsən ki, bir daha bu səhvləri etməyəcəm. Etiraf edim ki, həyatımda barmaqla sayılacaq qədər çox az səhvim olub. Heç məğlubiyyətə də bir o qədər düçar olmamışam. Uğursuzluqlarım olub, mənə görə uğursuzluq hesab olunan uğursuzluqlarım. Lakin onları da qəbul etmişəm və bunları həyat dərsindən daha çox nəticə adlandırmışam.
-Son dəfə əlləriniz
haçan yanınıza düşüb və demisiniz ki,
artıq məğlub olmuşam?
-Mənim o dərəcədə məğlubiyyətim olmayıb həyatda ki, hər şeydən əlimi üzüm və düşünüm, artıq sondur. Olmayıb belə bir hal. Bir məsəl var türklərdə, küllərimdən yenidən doğaram. Məndə də belə olub. Hansısa bir məğlubiyyət mənə yalnız güc verib. Daha da irəli addımlamağım üçün stimul olub. Məğlubiyyətdən heç bir zaman depressiyaya düşmürəm. Özünəqapanma hissi mənə yaddır. Mən o kəsləri sevirəm ki, səhvləri və düzlərini qəbul edir. Təbii ki, çox insan səhvlərini qəbul etmir. Səhv olduğu təqdirdə belə özünü haqlı sayır. Bax mənə görə məğlub insanlar elə onlardır.
-Etdiyiniz yaxşılıqlara görə çox peşman olmusunuz?
-Həyatımda heç bir zaman elə bir hal olmayıb ki, etdiyim yaxşılığın peşmanlığını yaşayım. Etdiyim elə yaxşılıqlar var ki, həmin insanların onlardan xəbəri yoxdur. Hətta elə insanlar da var ki, bugün onlarla ünsiyyətim də yoxdur. Nəyinsə peşmanlığını yaşayan insan deyiləm. Ümumiyyətlə, nəsə edəndə qarşılıq gözləmədən edirəm. Eləcə də yaxşılıqları. Onları Allaha görə edirəm. O biri dünyada insanlar əməllərinə görə ya cəzalanır, ya da mükafatlanır. Odur ki, mən də yaxşı əməllərdən geri qalmıram.
-Sizin ən xarakterik xüsusiyyətiniz hansıdır?
-Məncə, ən xarakterik xüsusiyyətim
güclü olmağımdır. Ən çətin anlarda belə güclü ola bilirəm.
İçimdə belə bir hiss var, kimsə məni heç
bir zaman əzə bilməz. Bax bu hissdir məni hər zaman
ayaq üstə saxlayan. Lakin nəticə etibarilə mən də
insanam, özümü zəif hiss etdiyim anlar da olur. Bu isə
müəyyən qısa bir zamanı əhatə edir. Tez
özümü toparlayıb deyirəm ki, Aynur, yox, sən zəif
olmalı deyilsən. Digər yaxşı xüsusiyyətim isə,
mənə görə, kin-küdurətimin olmamasıdır.
Heç vaxt heç kimin pisliyini istəməmişəm.
Heç kiməsə zərər verəcək davranışım
da olmayıb. Ətrafımdakı insanlar tez-tez mənə
deyir ki, hər şeyə sığal çəkən
insansan, nəyinsə pis tərəfini
düşünmürsən.
-Həyatınızın devizi nədir?
-İnsanları
xoşbəxt etmək. Kiçik bir şeydən də olsa,
onları xoşbəxt etmək. Olubdur ki,
tanımadığım insanların da xoşbəxtliyi
üçün nələrəsə can atmışam.
İnsanları sevindirmək mənə zövq verir. Əgər
hansısa bir davranışımla kiminsə üzündə
təbəssüm yaradıramsa, nə xoş mənə.
Çalışıram, simamda təbəssüm olsun ki,
insanlar müsbət enerji alsın. Ən böyük çətinliklər
belə təbəssümlə dəf edilir.
-Çox maraqlıdır, insanlar
yaşadıqlarını illərlə xatırlayır. Niyə
xatirələrlə xatırlamırlar?
-Mənim
xatırlanacaq o qədər gözəl xatirələrim var
ki. Hərdən rəfiqələrimlə onlardan
danışıram. O zaman rəfiqələrim söyləyir
ki, xatirələrin heç tükənmir. Allaha
şükürlər olsun ki, gözəl və ürəyimcə
olan bir həyat yaşamışam, ona görə də hər
şeyi gözəl xatırlayıram. Təbii ki, mənə
bu gözəl həyatı yaşadan insanlara da minnətdaram.
-Kimə və nəyə görə
minnətdarsınız?
-Ən
çox anama minnətdaram, məni dünyaya gətirib və
mənə gözəl tərbiyə verib. Bu tərbiyə ilə
mən insanlar arasında öz yerimi müəyyən edirəm.
Çalışıram, o tərbiyəni elə
nümayiş etdirim ki, insanlar mənə hörmət etsinlər
və buna nail oluram. Daha sonra dostlarıma və işlədiyim
kollektivə minnətdaram. Ətrafımda olan hər kəsə
minnətdaram, arada kaprizlərimə dözürlər. Minnətdar
olduğum çox insan var.
-Həyatın vurduğu zərbələr...
-Deməzdim,
həyat zərbə vurur, çünki insana yalnız insan zərbə
vurur. Tanıyıram sanıb əslində tanıya bilmədiklərimiz
zərbə vurur. Belə zərbələr mənim də həyatımda
olub. Hətta günlərlə oturub ağladığım
anlar da olub ki, özlüyümdə demişəm, axı niyə
bu insan bu haqsızlığı elədi? Həyatdır,
yaşayırıq və bu şeylərlə də
qarşılaşmalıyıq. Zərbələrlə
qarşılaşa-qarşılaşa və onları dəf
edərək davam edirik həyatımıza. Zaman keçdikcə
o zərbələr də unudulur. Zaman hər şeyi
sağaldır.
-İnsanlar sizi başa
düşür?
-İnsanlar
məni başa düşür. Başa düşülməyəndə
isə hər şeyi zamana buraxıram. Zaman hər şeyin əlacıdır.
O qədər bu hallarla qarşılaşmışam, kimsə
məni başa düşməyib, lakin sonradan hər şey
öz yerinə oturub. Bir də mən elə bir xarakterə
malik insanam ki, çətin adamlarla belə yola gedə, dil
tapa bilirəm. Tərif kimi çıxsa da, deyəcəm, mən
sevilə biləcək bir insanam. Çünki mərhəmətli
biriyəm. Mərhəmətli və vicdanlı olmaq mənim ən
böyük zənginliyimdir.
-İnsan hisslərinə xəyanət
etmir. Bəs hissləriniz sizə necə?
-Hisslərimə
xəyanət etdiyim zaman olub, həmçinin onların da mənə
etdiyi. Hiss mövzusu çətin bir mövzudur. Bəzən
hissləri sevgi ilə bağlayırlar, xeyr, yalnız sevgi ilə
əlaqələndirmək olmaz. Bir insanı sevgili kimi deyil,
dost kimi, doğma kimi də sevmək olar. Məsələn,
bir insanı sevib qarşılıq görməyəndə
onun yerinə başqasını qoyursan. Bu zaman sən hissinə
xəyanət edirsən. Hisslərimin mənə xəyanətinin
açıqlamasını verə bilməyəcəm.
Yalnız onu deyə bilərəm ki, onlar məni yanıldaraq
mənə xəyanət edib.
-Allaha daha çox şükür
edirsiniz, ya daha çox istəyirsiniz?
-Allaha hər
gün şükür edirəm, hər gün. Əvvəla
şükür edirəm ki, sağlamam, sevdiklərim
yanımdadır. Buna görə hər gün
şükür edirəm. Allaha təşəkkür edirəm
ki, mənə uğurlar bəxş edib. Xırda bir şey
nümunə çəkim, əgər bugün nəyisə
istəyib, ala bilirəmsə, deməli, Allaha şükür
etməliyəm. Aldığım nəfəsə görə
Allaha təşəkkürüm sonsuzdur.
-Ümid insanı yaşadır,
öldürür və sonra özü ölür. Ümidlərlə
yaşayırsınız?
-Ümid
məni yaşadır, öldürmür və heç vaxt da
öldürməyəcək. Mən arzulamadan və ümid
etmədən yaşaya bilmərəm. Elə bir gün yoxdur
ki, ümidim olmasın. Hər zaman ümidlə
yaşayıram, ən gözəl arzuları diləyirəm
və çox şükür Allaha ki, nəyi arzulayıb
ümid etmişəmsə, bəxş edibdir. Gec və ya tez,
əsas odur ki, olub.
-Təsəvvür eləyin,
dünyanın son günüdür, bugün özünüzə
hansı sualları verərsiniz?
-Əgər
dünyanın son günü olsaydı və bilsəydim ki,
bir neçə saatdan sonra nəfəs ala bilməyəcəm,
düşünərdim ki, nə itirdim, nə qazandım? Təbii
ki, bugün üçün qazandıqlarım daha
çoxdur. İtirdiklərim də var, lakin fikirləşirəm,
onlar itirilməli imiş ki, belə olub. Dünyanın son
günündə çalışardım, sevdiklərimin
yanında olum. Həmin günümü onlara sərf edim.
Düzü, həmin günü düşünmək istəmirəm.
Çünki nə qədər çətinliklərlə
qarşılaşsanda bu həyat yenə də şirindir.
İnsan qəlbi yaşamaq arzusu ilə doludur.
-Həyatınızda elə bir
gün varmı, o günü hər gün yaşamaq istəyəsiniz?
-Həyatımda
elə gün yox, günlər var ki, onlara yenidən
qayıtmaq istəyərdim. O günlər təkrar olunmasa da,
onları xatırlayıb özümü xoşbəxt hiss
edirəm. O günlərin sayəsində mən
bugünkü çətinliklərə qalib gələ bilirəm.
Yaxşı ki, o günləri yaşamışam.
Düzdür, bugün də xoşbəxtəm, amma o günlər
olmasaydı, bugünün xoşbəxtliyi də olmazdı.
-Səs-küyü sevirsiniz, ya səssizliyi?
-Hər
ikisini sevirəm. Hərəsinin öz yeri var. Səs-küy
dedikdə mən toy, nişan, hansısa yığıncaq
başa düşürəm. Deyim ki, çox böyük
dost çevrəm yoxdur. Mövcud dostlarımla da bir araya gələndə
xoş olur, yəni o səs-küydən yorulmuram. Səssizliyə
gəldikdə isə onu da sevirəm. Nəyisə
düşünəndə səssizliyə qapıla bilərəm.
Məsələn, obrazım üzərində
çalışanda səssizliyə daha çox
üstünlük verirəm.
-Dünən sizə nə öyrədib?
-Dünən
mənə hər can deyəndən can yandıran olmaz, bunu
öyrədib. Bəzən ağlayanla ağlayıb, gülənlə
gülməyi öyrədib. Ən əsası da
vicdanımın təmiz olmağını öyrədib. Mən
başımı balışa rahat qoyub yata bilirəmsə,
deməli, vicdanım qarşısında məsuliyyət hissi
dərk edirəm. Dünən mənə bunları öyrədib.
Bir də öyrəndiklərimlə öyrətdiklərim
arasındakı fərqi gözdən
qaçırmamağı, hər nə olursa, olsun, hər nə
yaşanırsa, yaşansın, insanları sevməyi öyrədib.
Rövşən Tahir
Üç nöqtə.- 2020.- 16
aprel.- S.12.