“Teatrlarımız
dünya
teatrları səviyyəsində
deyil”
Elxan Rza: “Mənim üçün teatr sönüb”
“Sənətin məndən aldıqları o olub ki, bəzi şeylərdən kənar qalmışam. Zamanında bu sənətə çox bağlanmışam, ona görə də müəyyən şanslarımdan imtina etmişəm. İnanın səmimiyyətimə, mənə elə iş təklifləri olub ki, onları qəbul etsəydim, bugün mənim həyat tərzim, yaşayışım tamamilə başqa cür olardı”. “Üç nöqtə” qəzetinin qonağı Respublikanın Əməkdar artisti Elxan Rzadır.
-Uşaqlıq illərinizə nəzər salmağınızı istəyərdim...
-Hər kəsin uşaqlığı kimi mənim də uşaqlığım keçib. Sənətə olan sevgim də elə o illərdən başlayıb. Bu sevgini məndə valideynlərim yaradıb. Valideynlərim sənətə bağlı insan olub. Nə baxımdan deyirəm? Onlar incəsənətlə məşğul olmayıblar, lakin teatr, kino, ümumilikdə mədəniyyəti çox seviblər. Bu sevgi altında bizə mədəniyyəti yüksək səviyyədə təbliğ ediblər. Bu fikri həmişə demişəm, mənim aktyor olmağımın səbəbkarı valideynlərimdir. Uşaqlıqda televiziya ekranlarında hansısa bir film olanda valideynlərim o filmdəki aktyor və aktrisaları bizə tanıdırdılar və bizə film haqqında ətraflı məlumat verirdilər. Xüsusən atam rolları ifa edən aktyorlar barəsində bizi geniş informasiya ilə təmin edirdi.
-Teatr sizin üçün nə deməkdir?
-Əvvəl
insanların teatra olan sevgisi və təlabatı daha çox
idi, nəinki indi. Ona görə deyirəm ki, bugün teatr
sönüb. Onun da günahı özümüzdə deyil, mənə
elə gəlir ki, dünyada teatra maraq azalıb.
Düzdür, bəzi Avropa ölkələrində, Rusiyada
teatra olan münasibət yüksək səviyyədədir.
Lakin, ümumilikdə, teatra insanlar getmirlər. Eləcə də
bizdə. Keçmişlə müqayisədə teatra gedən
yoxdur. İnsanların marağı efirədir,
teleseriallaradır. Mənə elə gəlir bunun səbəbi
efirlərdə teatrın reklamının az olmasıdır.
-Sənət sizdən nələri
aldı?
-Sənətin
məndən aldıqları o olub ki, bəzi şeylərdən
kənar qalmışam. Zamanında bu sənətə
çox bağlanmışam, ona görə də müəyyən
şanslarımdan imtina etmişəm. İnanın səmimiyyətimə,
mənə elə iş təklifləri olub ki, onları qəbul
etsəydim, bugün mənim həyat tərzim,
yaşayışım tamamilə başqa cür olardı. Hətta
cəmiyyətdə olan nüfuzum da daha böyük
olardı. Düzdür, bunlara görə o dərəcədə
peşman deyiləm. Bunları özümə dərd eləmirəm,
sadəcə “sənətin aldıqları” dediniz
cavabladım. Sənətin aldıqları ilə
yanaşı verdikləri də olub, həm də çox. Elə
ən başlıcası bu sənətdən
aldığım ləzzət olub.
-Sənətdə sizi nələr
narahat edir?
-Sənətdə
məni narahat edən əsas məqam odur ki, bu sahəyə-seriallara,
filmlərə qeyri-sənət adamları cəlb olunur. Bunun
da bəlli bir səbəbi var. İncəsənətdən
olmayan insanlar çəkiləndə onların qonararı az
olur və yaxud da ödənilmir. Bax bu baxımdan onları cəlb
edirlər. Peşəkar aktyorları bu səbəblərdən
dəvət etmirlər. Demirəm, peşəkar aktyorlar
yoxdur, amma azlıq təşkil edir. Ümumilikdə
götürsək, görərik ki, qeyri-sənət adamları
daha çoxdur. Bu hal hətta teatrlara da ayaq açıb. Tək-tək
adlarını çəkmək istəmirəm. Onsuz bilənlər
bilir. Söylədiyim məqamlar sənətin
bayağılaşmasına gətirib çıxarır.
Buradan lazimi qurumlara müraciət edirəm ki, nəzarəti
gücləndirsinlər, qeyri-peşəkar rejissorları,
aktyorları bu sahədən uzaqlaşdırsınlar.
İxtisası rejissor olmayan birinin film çəkməsi mənə
görə qəbuledilməzdir. Bunlar çox ciddi məsələlərdir.
-Niyə teatr aktyoru kimi
tanınırsınız daha çox? Yəni
özünüz teatrı sevmisiniz?
-Teatrdan
öncə aktyor sənətini sevmişəm.
Özümü xüsusi olaraq ayırmamışam ki,
sırf teatr aktyoru olum, ya kino. Mən aktyor sənətini
seçmişəm. Yəqin ki, şansım burada daha
çox gətirib. Əvvəldən kinoda və ya serialda
daha çox çəkiləsdim, orada daha çox
tanınardım. Bəxtim elə gətirib ki, teatrda
populyarlaşmışam. Teatr aktyorları ilə kino
aktyorları arasında həmişə belə bir fikir
ayrılığı olur, onlar deyir, kino çətindir,
teatr aktyorları isə deyir ki, xeyr, teatr çətindir.
Sözün həqiqi mənasında teatr olduqca çətin
bir sahədir. Teatrda aktyorun bir dəfə oynamaq şansı
var. Nə göstərdinsə, odur. Kinoda isə bir neçə
dəfə çəkilmək şansı olur.
-Rollarınızdan
danışmağınızı istərdim...
-22
yaşımdan professional səhnədəyəm. Hətta
ondan da qabaq professional səhnədə olmuşam təqribən
19-20 yaşımda. Lakin böyük rolları 22
yaşımda oynamışam. Bu illər ərzində
çox rolları canlandırmışam. Məsələn,
Hüseyn Cavidin “İblis” əsərində Arif, Cəfər
Cabbarlının “Dönüş” əsərində
Ötkün Zamanbəyli, M.F.Axundzadənin “Müsyo Jordan və
Dərviş Məshəti şah” əsərində
Şahbaz bəy kimi rolları ifa etmişəm. Amma insanlar əsasən
məni Cəlil bəy Məmmədquluzadənin “Ölülər”
əsərindəki Kefli İskəndər kimi
tanıyıblar. Yəni bu obrazla məni daha çox seviblər.
-Arzusunda olduğunuz hansısa bir rol
varmı?
-Bilirsiniz,
mən o tip aktyorlardanam ki, heç bir zaman hansısa bir rolun
arzusunda olmamışam. Təbii ki, istəmişəm,
maraqlı rol olsun. Aktyor üçün ən əsas
obrazın maraqlı xarakterinin olmasıdır. Bu baxımdan da
obrazın maraqlı olması ilə kifayətlənmişəm.
Odur ki, istər dünya klassikası və ya
dramaturgiyasından, istərsə də özümüzdən
hansısa bir rol arzusunda olmamışam.
-Teatrdan hansı halda imtina edərsiniz?
-Dəfələrlə
imtina etmək istəmişəm. Hərdən adam
küsür teatra olan münasibətdən, teatra olan diqqətsizlikdən.
Mən açıq danışmağı sevirəm, bəziləri
kimi rəng verməyi sevmirəm. Mənə elə gəlir,
Azərbaycan teatrı istənilən səviyyədə deyil.
Bunun günahı kimdədir, tam deyə bilmərəm.
Dünya teatrlarında qastrollarda oluruq, görürük. Yəni
bizim teatrlarımız onlarla müqayisədə zəifdir.
Teatrlarımız dünya teatrları səviyyəsində
deyil.
-Elxan bəy, sizin üçün
xoşbəxtlik teoremi nədir?
-Xoşbəxtlik
anlayışı mənə görə real deyil. Yəni
heç bir insan özünü tam şəkildə xoşbəxt
hiss eləmir. Bəlkə də, xoşbəxtik, amma onun dəqiqliyini
dərk edə bilmirik. Ola bilər, onu dərk etmirik. İnsan
yaşadıqca, müəyyən problemlərlə
rastlaşdıqca özünü xoşbəxt hiss eləmir.
Mənə qaldıqda hazırda özümü xoşbəxt
hiss edirəm.
-Bugün kimin üçün
darıxırsınız?
-Açığı
bugün heç kim üçün darıxmıram. Sadəcə
bugün bir insan olaraq nigaranam. Bir vətəndaş olaraq
nigaram. Hamı kimi mənim də mövqeyim var. Allah bizim
dünyamızı bəlalardan qorusun. Bugün çəkiliş
meydançası üçün darıxıram. İstəyərdim,
günüm bütünlüklə çəkiliş
meydançasında keçsin, səhnədə keçsin.
Bax səhnə üçün darıxmışam. Gözəl
və geniş səhnə üçün
darıxmışam.
-Silməyi bacaran insansınız?
-Baxır
nədə. Onu deyə bilərəm ki, ürəyimdə kin
yoxdur. Amma baş verən hadisənin mənə təsiri və
insanın münasibəti hər şeyi həll edir. Bax bu
kimi məqamlar nəyisə və kimisə silməyimə təsir
edə bilər.
-Geriyə boylananda nələri yada
salmaq istəmirsiniz?
-Elə
bir peşmançılığım yoxdur. Bəzi məqamlarda
özümə sual verirəm ki, nələri özümə
rəva bilmərəm, əgər geriyə qayıtsam? Olub
belə bir hallar. Amma elə bir
peşmançılığım yoxdur ki, nələrisə
xatırlamaq istəməyim.
-Qarşınıza qoyduğunuz məqsəddən
sizi nə döndərə bilər?
-Əgər
məqsədim məndən böyük ağıllı
insanlar tərəfindən qəbul edilməyəcəksə,
ondan imtina edərəm. Mən insanam, ola bilər ki,
ağlıma görə hansısa bir məqsəd qoyaram. Amma
məndən böyüklər məsləhət bilsə ki,
bu səhvdir, məqsədimdən dönə, imtina edə bilərəm.
Məni istəyən böyük məsləhətini qəbul
edən insanam.
-Elxan bəy, biri var kimdənsə
qaçmaq, biri də var özündən. Siz kimdən
qaçırsınız?
-Mən nəfsimdən
qaçıram. Çalışıram, ona qalib gəlim. Mənim,
təkcə mənim də yox, elə bəşəriyyətin
ən böyük düşməni nəfsdir. Nəfsimin
qurbanı olmamağa çalışıram. İnsan nəfsinə
qalib gəlməlidir. Çalışıram mən də
qalib gəlim.
-Alınmadısa, mən getdim, ya da
daha inadlı olmalıyam. Sizdə hansıdır?
-Baxır
işə. Əgər bir iş planlayıramsa, o, bir neçə
cəhddən sonra alınmırsa, deyirəm ki, bu doğrudan
da, mənim getdiyim məqsəd deyil. Deməli, məsləhət
deyil mənim üçün. Düzdür, insan inad etməlidir,
amma alınmırsa, demək məsləhət deyil.
-Qınayan insansınız?
-Bir
çox hallarda insanları qınayıram. Bugün belə
qınayıram. Deməyəcəm hansı hallarda
qınayıram. Çünki onlardan danışsam, çox
olacaq. Ümumiyyətlə, həyat var olduqca və insan olan
yerdə problemlər də olub və olacaq. Bunu birmənalı
qəbul etmək lazımdır. Bununla paralel qınaq da. Nə
qədər ki, insan və yaşam var, qınaq da mütləq
şəkildə mövcud olacaq.
-İçinizdəki “mən”...
-İçimdəki
“mən”dən qısa danışacam. Məni necə
görürsünüzsə, necə hərəkət edirəmsə,
daxilimdəki “mən” də bax odur. Yalan, saxta
görüntü mənə yaddır. Yəni olduğum kimiyəm.
Necəyəmsə, eləcə də görünürəm.
-Sonda mənə bir sual
maraqlıdır, ruhunuzla bu dünyanın
adamısınız?
-Tam şəkildə bu dünyanın adamı deyiləm. Nə mənada bu dünyanın adamı deyiləm? Bu dünyanı başqa cür görmək istəyərdim. Mən dünyadakı insanları bundan da ali görmək istəyərdim. Daha da mələk kimi görmək istəyərim, saf, gözəl.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 23
aprel.- S.12.