“Tam olaraq istədiyim yerdə deyiləm”
Vüsal Murtuzəliyev:
“Məni haqsızlıq küsdürə bilər”
“Hər gün özümə hesabat verirəm.
Bu hesabat hər şeyin
ola bilər. Hesab edirəm
ki, cəmiyyətdə kiçik də olsa, müəyyən
bir mövqe tuturam, az-çox tanınıram. Buna görə də atdığım
addımı, elədiyim hərəkəti yüz
ölçüb, bir biçirəm. Hətta
günün əvvəlində belə özümə hesabat
verirəm ki, bax bu addımı necə atacaqsan, Vüsal”.
“Üç nöqtə” qəzetinin
qonağı istedadlı aktyor Vüsal Murtuzəliyevdir.
-Əslində mən...
-Əslində yer kürəsinin milyardlarla sakinindən
biri, sadə bir insan, Vətənini sevən bir vətəndaş,
öz işində nələrisə etmək istəyən sənətçi,
qayğıkeş ata, ailəsini sevən bir kəsəm.
-Ən böyük problemim ondadır
ki,...
-İnsanlara tez inanıram. Mənə görə
inanmaq gözəl bir şeydir, insanlar gərək bir-birinə
inansın. Artıq elə bir dövrə
çatmışıq ki, insanlar bir-birinə şübhə
ilə yanaşır və bu hal getdikcə də
çoxalır. Düzdür,
inamımı qıranlar da olur, aldanıram da. Lakin bu normaldır. Hətta
inamımın yanıldılmasına baxmayaraq yenə də
insanlara olan etibarım azalmır. Fikrimcə,
etibarsızlıq olan yerdə böyük çətinliklər
də olar və çox şey itirərik.
-Hansısa situasiyada öz prinsiplərinizə
əlvida demisiniz?
-Belə
bir situasiya olmayıb. Mən prinsipial adamam, amma
baxır nədə. Mənə görə,
hər şeydə prinsipiallıq da düzgün deyil. İnsan güzəştə getməyi də
bacarmalıdır. Konkret deyə bilmərəm
ki, daha çox nədə prinsipialam, bu vəziyyətdən
asılıdır. Güzəştə
isə yalan məqamlarda getmərəm. Yalanı
sevmirəm. Deyim ki, bu da yalan
danışmamışam, doğru olmaz. Müqəddəs
yalanlarım olub, amma belə böyük yalan
danışmamışam.
-Mənə elə gəlir ki,
yaxşılıq etdiyiniz insan sizə qarşı yamanlıq
etdikdən sonra siz yenə də ona yaxşılıq edərsiniz.
Düz fikirləşirəm?
-Xeyr, məhz
o insana yaxşılıq etmərəm. Mənim
xarakterim belədir, insanın üzünə nəyisə
vurmuram, lakin onunla elə məsafə saxlayıram ki, artıq
özü başa düşür. Düzdür,
o insana yamanlıq etmirəm, amma yaxşılıq da etmirəm.
Sadəcə məsafə saxlayıram. Bunu da deyim, o insanın həyatında hansısa bir
çətin durum olarsa, onunla olan bütün problemlərimi
kənara qoyub yenə də köməyimi əsirgəmərəm.
-Fikrimcə, dünyada ən
güclü hiss intiqamdır, hətta sevgidən də belə.
Nə düşünürsünüz?
-Elə
bir vəziyyətə düşməmişəm ki, kimdənsə
intiqam alım. İnsanlarla həmişə elə
ünsiyyət yaradıram ki, mənə böyük zərbə
vurmaq imkanları olmasın, heç buna cəhd də etməsinlər.
Xarakterimi nəzərdən keçirsək, həssaslığımla
birlikdə ona baxsaq, deyərəm ki, heç bir zaman
böyük zərbə dərəcəsində intiqam
almaram.
-İnsanın
böyüklüyü nədədir?
-İnsan bağışlamağı bacarmalıdır. Burada da
situasiya çox mühüm əhəmiyyət kəsb edən
məsələdir. Elə hallar olur ki,
insan bağışlamalıdır, amma elə hallar da var ki,
bağışlamaq istəsən də, alınmır. Ümumilikdə isə insan
bağışlamağı bacarmalıdır. Hətta bağışlamaqdan daha çox insan
üzr istəməyi bacarmalıdır. Bu
insanın böyüklüyüdür.
-Sizin üçün daha çox nə
nisbidir?
-Mənim
üçün hər kəs gəldi-gedərdir, yalnız
ailədən başqa. Həyatda hamı sənə doğma ola bilməz. Düzdür,
insanlara bağlı insanam, tənhalığı sevmirəm,
amma yenə də deyirəm, mənə görə, insanlar
nisbidir.
-Çarəsiz və viranə
qaldığınız anlarda nə edirsiniz?
-Çalışıram,
bu vəziyyətdən çıxım, çətin də
olsa. Öz iradəmlə, hansısa
çıxış yolları ilə bu situasiyadan
çıxmağa çalışıram. Çünki insan bu vəziyyətdə qaldıqca
heç nə edə bilmir. Fikrimcə,
çətin də olsa, bu durumdan çıxmalıdır
insan.
-Həyatın acı günləri...
-Çox
olub. Bu acı günləri daha çox
uşaqlıq illərimdə yaşamışam. Ata itkisi, maddi çətinlik...Uşaqlıqla
müqayisədə yeniyetməlik və sonrakı illərimdə
böyük çətinliklərim olmayıb.
-Dünyada bizə aid olan heç nə
yoxdur, mənə görə. Bəs sizcə?
-Dərinliyinə
getsək, görərik ki, bizə aid olan hər bir şey
Allaha məxsusdur. Amma suala başqa səpkidə
cavab versəm, bizə aid olan çox şey var, ailə var,
doğmalar var, işimiz var. Bu siyahını daha da uzada bilərik.
-Özünüzə hesabat
verirsiniz?
-Hər
gün özümə hesabat verirəm. Bu hesabat hər
şeyin ola bilər. Hesab
edirəm ki, cəmiyyətdə kiçik də olsa, müəyyən
bir mövqe tuturam, az-çox tanınıram. Buna görə də atdığım
addımı, elədiyim hərəkəti yüz
ölçüb, bir biçirəm. Hətta
günün əvvəlində belə özümə hesabat
verirəm ki, bax bu addımı necə atacaqsan, Vüsal.
-Olub ki, deyəsiniz, sənəti bir
qırağa qoyum və yeni bir işə başlayım?
-Xeyr, tam
səmimi deyirəm, olmayıb. Düzdür, sənətdən
bezdiyim anlar olub, amma düşünmüşəm ki,
başqa bir işdə özümü tapa bilmərəm.
Bəlkə də, elə bir zaman və elə
bir vəziyyət yarana bilər ki, məcbur olaram və hər
şeyin üstündən xətt çəkərəm,
lakin cari situasiya üçün sənətdən imtina etmərəm.
-Bu sənət sizə nə verib?
-Bu sənət
məni insan kimi formalaşdırdı. Onun sayəsində
həyata düzgün baxışı
formalaşdırdı, insanlara inamı, etibar etməyi
formalaşdırdı. Sənət mənə
az-çox sevgi gətirdi. Hesab edirəm,
incəsənətlə məşğul olan insan
üçün bundan artıq heç nə lazım deyil.
Düzdür, bəlkə də, başqa bir
işlə məşğul olsaydım, daha varlı
olardım, amma bu məsələnin maddi tərəfidir.
Mənəvi cəhətdən mən kasıb
olacaqdım. Məşğul olduğum bu
sənət ruhuma yaxındır.
-Kiminsə vicdan əli təmiz
olmayanda salam verirsiniz?
-“Mexaniki salam” deyilən bir şey var, bu olur. Elə adamlar var ki,
salamlaşanda ürəyini verisən, amma elələri də
var ki, mexaniki olaraq salam verirsən. Əslində, vicdan çox böyük bir
anlayışdır.
-Kimdən və nədən
asılısınız?
-Deyərdim,
ailəmdən asılıyam. Sözün
yaxşı mənasında doğmalarımdan asılıyam.
Bəlkə də, həyatımda onlar
olmasaydı, uğurlara imza atmazdım. Uğur
mənbəyim doğmalarımdır. Nədən
asılıyam? Sənətdən. Bizim sənət
asılı sənətdir, desəm, səhv olmaz. Biz aktyorlar rejissorlardan asılıyıq
(gülümsəyir).
-Sənətdən sizi nə
küsdürə bilər?
-Məni
çox böyük haqsızlıq küsdürə bilər.
Mənə düzgün qiymət verilməməsi
məni küsdürə bilər. Mən
dediyim kimi, çox həssas insanam. Belə
hallarla qarşılaşmışam, amma bu məqamlar məni
qırmayıb, işimə davam etmişəm. Tək incəsənətdə deyil, istənilən
sahədə insan haqsızlıqla üzləşir.
-Üç yaradıcı beyin
(Oqtay müəllimin, Dilarə xanımın və sizin)
toqquşanda nə baş verir?
-Fərqli
fikirlər ortaya çıxır. Oqtay müəllimin
fikirləri fərqli olur, Dilarə xanımın başqa, mənim
fikirlərim isə tamam başqa. Ümumilikdə
isə, hər üç beyin bir məqsədə qulluq edir.
Deyirlər, ağıl ağıldan
üstündür. Hərəmiz bir şey təklif edəndə
ortaya mükəmməl bir iş çıxır.
-Dilarə xanımdan incidiyiniz anlar
olubmu?
-Tam səmimi
deyirəm, heç bir zaman. Hərdən
özümə də qəribə də gəlir ki, necə
olur bu? Biz ailədə dörd
uşağıq-iki bacı, iki qardaş. Mən
sonbeşiyəm. Düzdür, fərqli
xarakterlərə malik insanlarıq dördümüzdə,
amma heç bir zaman böyük küsülülüklərimiz
olmayıb. Dilarə xanım çox
yaxşı insandır.
-Düşünməyə zaman
yoxdur, anidən qərar verməlisiniz. Olub sizdə
belə bir hal?
-Olub. Etiraf edim ki, uduzduğum məqamlar da olub. Ümumiyyətlə, sakit və
proqramlaşdırılmış həyatı çox sevirəm.
Bəlkə də, özümü buna öyrəşdirmişəm.
Amma bəzən də olur ki, anidən qərar
verirsən, bax onda çox vaxt yanılıram.
-Hər kəsi həyatınıza
rahatlıqla buraxa bilərsiniz?
-Xeyr,
buraxa bilmərəm. Bu mümkün deyil. Bəlkə, o insan mənə xas deyil, xarakterimə,
mənə uyğun deyil. Əgər mən
o insanla iki kəlmə söz danışa bilməyəcəmsə,
niyə buraxım? Bir insandan mənəvi
olaraq nəsə almayacamsa, buraxmaram.
-İnsanlara maneələr
necə qoyursunuz?
-Müəyyən
maneələr olub ki, qoymuşam. O da baxır kimə maneə
qoymuşam. Təbii ki, hər kəsə maneə
qoymaq olmaz. Amma adamlar var ki, onlara maneə
qoymalısan. Mütləq şəkildə
qoymalısan. Məsələn, işin
özündə elə insanlar olur ki, onlarla məsafəni
qorumalısan.
-İstədiyiniz yerdəsiniz?
-Tam olaraq
istədiyim yerdə deyiləm. Layiq olduğum
yerdə daha çox olmaq istərdim. Özümün
potensialına əminəm və bilirəm ki, daha çox
şeylər edə bilərəm. Bir az
da şans və bəxt mühüm rol oynayır. Mən şansa inanıram. İnsan çox
istedadlı ola bilər, amma şans da
qaçılmazdır. Hesab edirəm ki, daha yüksək zirvələrdə
ola bilərəm, sadəcə bunu
görmürlər. Əminəm ki, gec-tez o pillədə
olacam. Belə şikayətim yoxdur, şükür
Allaha, sənətimdə müəyyən yerdəyəm,
amma daha da zirvədə ola bilərəm. Təbii ki, o şərait mənə yaradılsa.
-Gündəlik olsaydı,
gördüyünüz işləri neçə balla qiymətləndirərdiniz?
-Beş ballıq sistemdən dörd balla qiymətləndirərdim. Çünki beş bal olması üçün o potensialımı göstərməliyəm. Təbii ki, onu göstərsəm, beş balla qiymətləndirərəm. Mən heç bir zaman özümdən tam şəkildə razı olmamışam. Çalışıram, razı olmayım.
Rövşən
Tahir
Üç nöqtə.- 2020.- 25
aprel.- S.12.