“Şan-şöhrət,
var-dövlət,
bunların hər biri
gəldi gedərdir”
Maşallah Mirzəliyev:
“Muğam sənəti məni yormur”
“Heç bir zaman
taleyimə üsyan etməmişəm və etmərəm də.
Ondan ötrü ki, mən Allahdan qorxuram. İnsanın
pis əməllərindən
peşmançılığı baş verir. Pis əməl
o demək deyil ki, kiməsə pislik edəsən. Pis əməllər
dedikdə mən insanın özünü hansısa səhv
addımı atmasına yönəltməsini nəzərdə
tuturam. Həyatdır, mənim də səhvim olub. Səhvsiz
insan yoxdur. Səhvlərim də olub,
sıxıntılarım da olub, amma yenə də üsyan etməmişəm.
Bir az öncə dedim, Allaha şükür edən insanam”.
“Üç nöqtə” qəzetinin qonağı gənc və
istedadlı xanəndə Maşallah Mirzəliyevdir.
-Ehtiyacdan doğan nələrsə bəzən
nəyə görə insanın xarakterini dəyişir?
-İlk
olaraq onu deyim ki, görsəndiyi kimi olmaq hər adama məxsus
deyil. Belə insanlar bizim sənətdə də var. Kiminsə
vurğunu olursan, görürsən ki, yox, sən
düşündüyün kimi deyil. Bugün seyr edirik və
şahidi də oluruq, bəzi insanların xarakterində
ehtiyaca görə dəyişikliklər olur.
-Başqasını mühakimə
etməzdən öncə niyə özümüzü
mühakimə etmirik?
-Allah
buyurub ki, kimisə nədənsə ötrü
qınadınsa, o, sənin başına gələnə qədər
ölməyəcəksən. İnsan ilk növbədə
özünü qınamalıdır, daha sonra
başqasını. Mən inanıram ki, kimisə
qınadığımız təqdirdə o, bizim
başımıza mütləq gələcəkdir. Həyat
bumeranqdır. Bu cümləni çox sevirəm və bu
cümlədə səslənən fikirlərin
mövcudluğuna da inanıram.
-Çörçil deyir ki,
aldıqlarımız bizim həyatımızı təmin
edir, amma verdiklərimiz həyatımızın mənasıdır.
Nə düşünürsünüz?
-Bilirsiniz,
verdiklərimizi maddi və mənəvi olmaqla iki yerə
bölmək istərdim. Sualın cavabını isə mənəvi
verdiklərimiz üzərindən açıqlayacam. Mənəvi
olaraq kiməsə elə dəstək göstərərsən
ki, həqiqətən də, etdiyin yaxşılıq həyatının
mənası olar. Ümumiyyətlə, insan
çalışmalıdır ki, yaxşılıqlar etsin.
Bu həyatda yaxşı işlərlə tanınmaq o qədər
gözəldir ki. Birinci növbədə özümüzə
bu sualı verməliyik, biz nəyə görə pislik etməliyik?
Əksinə yaxşılıqlar edək.
-Sizin üçün nə vacibdir?
-Mənim
üçün vacib olan şərtlərdən biri odur ki,
vicdanla bu dünyada yaşayasan və həyatdan köç
edəndə etdiyin əməllərin (o əməllər ki,
yaxşılıqlarla zəngindir) qalsın. Həyatda onsuz hər
şey gəldi-gedərdir, biz də bu həyatdan gedəcəyik.
Ona görə də söyləyirəm ki,
çalışaq, yaxşı əməllərimiz
qalsın.
-Taleyinizdə nəyisə bərpa
etmək mümkün olsaydı, nəyi bərpa edərdiniz?
-Düzünü
deyim ki, nəyəsə görəsə peşman deyiləm.
Düzdür, geriyə boylananda özümə söyləyirəm
ki, kaş bunlar baş verməzdi, amma qətiyyən peşman
olmuram. Ona görə də həyatımda nəyisə bərpa
etmək istəyərdim, yoxdur belə bir şey. Allah bizə
bu həyatı verib və biz də onu səhvi ilə,
düzü ilə yaşamışıq. Mən dəyişmək
istəsəm, nə olacaq, dəyişməsəm?!
-Nəyi özünüzə
bağışlamırsınız?
-Olur ki, bəzi
insanlar var ki, onlardan incik düşürəm, lakin kinli insan
olmadığım üçün bu uzun sürmür.
Kaş mən də soyuqqanlı birisi olardım. Ancaq belə
biri deyiləm. Kinsiz biri olmağımı özümə
bağışlaya bilmirəm ki, axı niyə mən digər
insanlar kimi hər şeyə laqeyd yanaşa bilmirəm?
Kaş mən də bəzi insanlar kimi olardım və bəzi
məsələlərə ötəri yanaşıb vecimə
almazdım.
-Qazanclar və itkilər. Hansı
daha çoxdur?
-Onsuz da
qazandıqlarımızı da itiririk. Bu dünyada
qazanılıb əbədi mənim olacaq deyə bir şey
yoxdur. Şan-şöhrət, var-dövlət, bunların hər
biri gəldi-gedərdir. Həyatımda, şükür
Allaha, elə də böyük itkilərlə
rastlaşmamışam. Mən şükür edən insanam.
Allah mənə nələri veribsə, ona görə təşəkkür
edirəm. İnsan Allahdan nəyisə istəyəndə də,
gərək xeyirlisini dua edə. Söyləməyə ki, ya
Allah, bunu mənə nəsib et, söyləyə ki, ya Allah, xeyirlisini
nəsib et.
-Nəfis nə zamansa sizi aldada bilər?
-Nəfis
insanın düşmənidir. Hər zaman dua edirəm ki, ya Rəbbim,
məni nəfsimin qulu etmə, nəfsimi mənim qulum et.
Heç bir insan deyə bilməz ki, məni nəfsim
aldatmır. Nəfis insanı gözləmədiyi anda aldadır.
Amma çalışmaq lazımdır ki, ona qalib gələsən.
-Sizi nə kövrəldə bilər?
-Bəzən
oturub ustad sənətkarlarımızı dinləyirəm. Hərdən
də tar, yastı balabanda ifa edilən musiqilərə qulaq
asıram. Bax o zaman özümdən ixtiyarsız kövrəlirəm.
Elə səslər var ki, onları eşidəndə insan
kövrəlir. Bəzi anlarda isə xəyallara dalıb
kövrəlirəm. Düzünü deyim ki, elə kövrək
adamam.
-Daha çox kimləri dinləyirsiniz?
-Bayağı
mahnıları çıxmaq şərti ilə bütün
janrlarda olan mahnıları dinləyirəm. Daha çox ustad
sənətkarlarımızın ifalarına qulaq asıram.
Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Alim Qasımov, Zabit
Nəbizadə, Əvəzxan Xankişiyev, Mənsum
İbrahimov, Ağaxan Abdullayev və digər sənətkarlarımız
kimi şəxsiyyətlərin, Abgül Mirzəliyev, Səfalı
Mirzəliyevin ifaları mənim dinləyəcəyim mahnılar
sırasında yer alır.
-Heç olub ki, taleyinizə üsyan
edəsiniz?
-Xeyr,
heç bir zaman taleyimə üsyan etməmişəm və
etmərəm də. Ondan ötrü ki, mən Allahdan qorxuram.
İnsanın pis əməllərindən
peşmançılığı baş verir. Pis əməl
o demək deyil ki, kiməsə pislik edəsən. Pis əməllər
dedikdə mən insanın özünü hansısa səhv
addımı atmasına yönəltməsini nəzərdə
tuturam. Həyatdır, mənim də səhvim olub. Səhvsiz
insan yoxdur. Səhvlərim də olub,
sıxıntılarım da olub, amma yenə də üsyan etməmişəm.
Bir az öncə dedim, Allaha şükür edən insanam.
-Bugünə kimi onun
ağrı-acısını hiss edirəm. Varmı, elə
bir şey?
-Mənə
elə gəlir ki, bu hiss elə bir adam yoxdur ki, onda olmasın.
Lakin insanlar bu ağrı-acıları kimsəyə bildirmək
istəmirlər. Füzulinin bir qəzəli var. Deyir, məqsədim
açmaq deyildi, dərdimi əsla sənə, İstədim
pünhan edim, səndən nə pünhan, ey təbib?! Elə
məsələlər var ki, pünhan qalır. Bəzən
pünhan qalan elə şeylər var ki, bax insanın qəlbini
sızladır.
-Bu səbəbdən sənətdən
yoruldum. Olub belə bir hal?
-Bəzi
musiqiçilər var ki, pul qazanmaqdan ötrü elə
şeylər edirlər ki, adam məətəl qalır.
Düzdür, yaxşını görəndə deyirsən
ki, nə yaxşı elə mən də bu sənətdəyəm.
Amma o musiqiçiləri görəndə adam təəssüf
hissi keçirir ki, bu sənətdəyəm. Ümumi
cavablasam, muğam sənəti məni yormur. Bu sənətdə
görəcəyim hələ çoxlu işlər var. Allah
qismət etsin, zamanla onları həyata keçirim.
-Niyə xanəndəlik?
-Gözümü
açıb aşıq musiqiləri və muğam dinləmişəm.
Onların hər ikisi qanıma işləyib. Başqa
mahnı janrında istəsəm də, oxuya bilmərəm.
Düzdür, toy repertuarında oxuyuram, amma bəzi ifalar var
ki, onları istəsəm də, oxuya bilmərəm. Ona
görə ki, onlar mənim ruhuma uyğun deyil.
-Muğam sizin üçün nə
deməkdir?
-Muğam
mənim üçün böyük bir sənətdir.
Muğam deyiləndə gözümün önündə sənətkarlar
canlanır və qulağımda əsrarəngiz bir səslər
eşidirəm. Muğama bağlı insanam. Özümü
muğamdan aralı təsvir edə bilmərəm. Heç
özüm üçün də demirəm, muğam o qədər
ustadyana bir sənətdir ki. Düzdür, bugün muğam sənətini
ucuzlaşdıran insanlar da var. “Xanəndəyəm, xanəndə
adını daşıyıram” deyib hər yerdə muğam
oxuyurlar. Mənə görə, belə olmaz. Çünki
muğam bizim milli sərvətimizdir.
-Muğam ifa edəndə
özünüzü necə hiss edirsiniz?
-Açığı
söyləyim ki, o təbə bağlıdır. Əgər
əhvalın yaxşıdırsa, muğamdan doymayacaqsan, yox, əksinədirsə,
o zaman deyəcəksən ki, tez bitsin. Xoşuna gəlməyən
yerdə muğam oxuyanda gərək insanların simasına
baxmıyasan. Çünki baxırsan, görürsən ki,
xeyr, auditoriya sən istədiyin deyil. Elə yer də var ki,
görürsən, məclis söz xiridarlarından ibarətdir.
Belə olan halda məclisdən doymursan. Gərək
oxuduğun auditoriya da muğamı sevsin, onu qavrasın ki, sən
də bir enerji alasan.
-Bəs təklikdə necə?
Özünüz üçün muğam ifa edəndə bu
dünyada olursunuz, ya başqa hisslər aləmində?
-Qəzəli
dəqiq dərk edəndə bu dünyada özünü hiss
edə bilməzsən. Bu mümkün deyil. Bir də bu qəzəli
musiqi üzərində ifa etmək tamam başqa bir hissdir. O
hiss ki, sən artıq bu dünyada olmursan. Yox, əgər qəzəlin
sözlərini dərk etməyib kor-koranə oxuyacaqsansa,
heç bir duyğudan söhbət belə gedə bilməz.
-Sonda sizə bir sual vermək istəyirəm,
özünüzə tez-tez hansı sualı verirsiniz və nə
üçün?
-Bu suala
cavab verə bilməyəcəm. Ondan ötrü yox ki,
cavabım yoxdur, sadəcə o sual və ona cavab mənə
qalsın. Açıqlamaq istəmirəm.
-Çox sağolun. Minnətdaram ki,
dəvətimi qəbul edib gəldiniz.
-Siz
sağolun ki, dəvət etdiniz.
Rövşən Tahir
Üç nöqtə.- 2020.- 28
aprel.- S.12.