“Tamaşaçı primitiv filmlərə baxmaq istəmir”

 

Faiq Mirzəyev: “Aktyorun missiyası olmalıdır: təəccübləndirmək!”

 

“Sənətdə məni son vaxtlar sənətda olan bəzi dırnaqarası insanların sənətə olan münasibəti qane etmir. Sənətlə ciddi məşğul olmaq lazımdır. Məni qane etməyən ikinci məsələ bəzi sənət adamlarından efir klounları kimi istifadə olunmasıdır. Bir də görürsən ki, hansısa bir sənət adamı aidiyyatı olmayan bir verilişdədir. Buna yol vermək olmaz. Nəyəsə görə, çox da uzaq olmayan keçmişdə sənət adamları əlçatmaz idi, lakin indi belə deyil. O vaxt sənət adamları başa düşürdü ki, əlçatmaz olmalıdır. Sənət adamının yalnız sənətindən danışılmalıdır, onların şəxsi həyatı və digər məsələlər pərdə arxasında qalmalıdır”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı aktyor Faiq bəy Mirzəyevdir.

 

- Başlayaq, uşaqlıq illərinizdən...

- Uşaqlığımla bağlı onu xatırlayıram ki, həmişə digər uşaqlardan fərqlənmişəm. Heç bir zaman oynadığım oyunlar digər uşaqların oynadıqlarına bənzəməyib. Daim bir cümlə eşitmişəm ki, Faiq başqa cür uşaqdır, başqaları kimi danışmır, davranmır, sakitdir. Heç yadımdan çıxmaz, qonşumuzun həyətində böyük bir tut ağacı vardı. Həmin həyət uşaqlardan birinin nənəsinin həyəti idi. Biz uşaqlarla tut yemək üçün oraya gedərdik. Tut çırpılanda hərə çadırın bir hissəsindən tuturdu, uşaqların hər biri şıltaqlıq edirdi, lakin mən qətiyyən etmirdim. Sanki, mənə məsuliyyətli bir iş tapşırırdılar. Mənə elə gəlirdi ki, mən əgər çadırı buraxsam, böyük bir faciə baş verəcək. Sona qədər çadırı tutub missiyamı başa çatdırırdım, bundan qürur hissi duyurdum. Ona görə də böyüklər arasında sevgi qazanmışdım. Heç bir zaman istəməmişəm ki, haqqımda mənfi düşünsünlər.

- Niyə aktyorluq sənəti?

- Ona görə bu sənət ki, uşaqlıqda düşünürdüm, aktyorluq digər sənətlərdən fərqli olaraq insanı daha çox kamilləşdirə bilər. Bu sənət insanı bütün elmlərlə əhatə edir. Baxın əgər ədəbiyyatşünas ədəbiyyatı bilirsə, rəssam ancaq rəsm çəkməyi bacarırsa, şair şeir yazırsa, aktyor bütün peşələrdən az da olsa, məlumatlı olmalıdır. Aktyorluq bütün bu keyfiyyətləri özündə cəmləşdirirsə, deməli, o, bütün sənətlərin seçilmişidir. Bizə müəllimlərimiz deyirdi ki, əgər səhnədəsinizsə, insanlardan bir metr yüksəklikdəsiniz, bax o səhnənin haqqını verməlisiniz. Həmişə özümə demişəm ki, bu sənətlə insanları təəccübləndirməliyəm. Aktyor o deyil ki, çıxdı, rol oynadı, getdi, aktyor odur ki, ona baxan insanları təəccübləndirsin. Onu izləyən tamaşaçılar deməlidir ki, gör necə bacarıqlıdır, onun etdiklərini edə bilmərəm. Düzü, indi aktyorluğa dırnaqarası baxırlar, bu başqa mövzudur. Aktyorun missiyası olmalıdır: təəccübləndirmək!

- Bu sənət sizə nələri verdi, nələri aldı?

- Sənətin verdikləri aldıqlarından daha çoxdur mənim üçün. Sənət mənə çox şey verib. Birincisi, mən dünya ədəbiyyatını bu sənətdə olduğuma görə mənimsəmişəm, poeziyanı mənə sevdirib. Tək Azərbaycan poeziyasını deyil, dünya poeziyasını da. Daha sonra dünya incəsənətini, klassikasını tanımağıma yol açıb. Bu sənətdə olduğuma görə onlara yaxın durub, oxumuşam, öyrənmişəm, maariflənmişəm. Bax onlar mənim zövqümü formalaşdırıb. Hansısa bir insanın bilə bilmədiyi incəsənət nümunələri ilə məni tanış edib. Məsələn, hansısa bir rəsm haqqında, onu çəkən rəssam, həyatı barəsində informasiyalar toplamışam. Ona görə deyirəm ki, sənət mənə çox şey verib. Adi insanın maraq dairəsində olmayan bilgilərin verilməsi qədər çox şeyi verib. Elə məqamlarım var ki, sənət mənə öz sevinclərini yaşadıb.  O sevincləri ki, başqa insanlar bunu duya bilməz. Sənətin aldıqlarına gələndə isə bu barədə danışmaq istəmirəm.

- Aktyor, sizcə, necə olmalıdır?

- Aktyor ilk növbədə intelektli olmalıdır. Aktyor savadlı olmalıdır. Hər şeydən öndə savad dayanır. Aktyor improvizə etməyi bacarmalıdır. Aktyor dəyişməyi bacarmalıdır. O, ədəbiyyatı, poeziyanı təbliğ etməlidir. Aktyor necə olmamalıdır? Bax bu mənim üçün əsas məsələdir. Aktyor obraz yaradarkən klounluq etməməlidir. Mənə görə, aktyor o kəsdir ki, məktəbi var və ədəbi əsərləri təbliğ edir. Aktyor o kəsdir ki, rejissorun nəzərdə tutduğu mesajları ötürə bilir. Aktyorun üzərində çox böyük bir missiya var. Lakin təəssüflər olsun ki, bugün özünə “aktyoram” deyənlərin çoxsu bu missiyanı həyata keçirmir. Ortalıqda atılıb-düşənlər özünə aktyor deyirlər.

- Oynamaq istədiyiniz rol varmı ki, hələ onu canlandırmamısınız?

- Hər bir aktyorun bioqrafiyasında oynadığı, oynamaq istədiyi, oynaya biləcəyi və oynamaq istəyib, amma oynaya bilməyəcəyi rol bölgüsü var. Bəli, mən müəyyən rolları oynamışam. Bəzi rollar var ki, mən onları oynamaq istəyirəm, lakin təəssüf ki, onlar tamaşaya qoyulmur, yaxud da onların filmi çəkilmir. Bir də var ki, bəzi rollar sənə çətin gəlir. Fikirləşirsən ki, bu obraz mənə uyğun deyil. Ya faktura baxımından, ya obrazın yaşadığı vəziyyətlərin psixoloji çətinliyi baxımından baxırsan ki, bu sənlik deyil. Düzdür, bu çoxlarında yoxdur, elə deyirlər ki, mən o rolu da oynaya bilərəm, iddialı olurlar. Baxırsan ki, rol onun görünüşünə uyğun deyil, amma yenə də təkid edir ki, mən bacararam. Bax o zaman təəccüb edirsən. İddialı olmaq yaxşı bir şeydir, amma tamaşaçı o obrazı səndə sevməlidir. Ona görə də deyirəm ki, hər bir aktyorun həyatında sadaladığım bölgü var. Oynadığım rolları artıq tamaşaçılar görüb, bəyənən bəyənib, bəyənməyən də yox. Oynamaq istədiyim rollardan Voyniçin “Ovod” əsərində gənclik vaxtlarımda “Artur” obrazını oynamaq istəyirdim, indiki yaşımda isə “Montanelli”ni. “Artur”u oynamaq qismət olmadı, o baxımdan ki, bu əsərə quruluş verən olmadı işlədiyim teatrda. Yaxud da filmi çəkilmədi. Ona görə indi “Montanelli”ni oynamaq istəyirəm

- Ən uğurlu işiniz sizə görə hansı olub?

- Uğurlu və uğursuz işlərdən danışanda onu qeyd edim ki, burada da təzad özünü göstərir. Nə mənada açıqlayım. Mənim uğurlu hesab etdiyim və tamaşaçı tərəfindən rahatlıqda qəbul ediləcəyini gözlədiyim hansısa bir rol olur ki, baxıram, tamamilə əksi alındı. Bir də olur ki, könülsüz gedirsən, həvəssiz çəkilirsən, görürsən, tamaşaçı həmin işini sevdi. Burda tamaşaçı zövqü, tamaşaçı fikri əsasdır. Mənim sonuncu çəkildiyim filmlərdən biri olan Mir Cəlal Paşayevin hekayələrinin motivləri əsasında lentə alınan “Beçinci fəsil” filmini qeyd etmək istəyirəm ki, düşünürəm, o da “İki yad adam” kimi uğur gətirəcək. Çünki ssenarini oxuyanda görürsən ki, orada böyük bir missiya var, tamaşaçıya yönlənmiş mesajlar var, yaxşı rejissor, aktyor işi var. “İki yad adam” neçə festivalda iştirak etdi, mükafatlar aldı. Eləcə də düşünürəm ki, “Beşinci fəsil” də onun kimi olacaq.

- Faiq bəy, tamaşaçılar hazırda nə istəyir?

- Bilirsiniz, hazırda tamaşaçının zövqü dəyişib. Tamaşaçı hazırda daha çox o filmlərə üstünlük verir ki, orada yüngül gülüş, məhlə zarafatları öz əksini tapır. Sadaladıqlarım olanda baxıb görürsən ki, o filmlər, obrazlar daha çox sevilir, tamaşaçı tərəfindən qəbul olunur, nəinki bir qədər həyati mövzuları əhatə edən, ona yol göstərəcək filmlər.

- Bu sənətdə sizi nə qane etmir?

- Bu sənətdə məni son vaxtlar sənətda olan bəzi dırnaqarası insanların sənətə olan münasibəti qane etmir. Sənətlə ciddi məşğul olmaq lazımdır. Məni qane etməyən ikinci məsələ bəzi sənət adamlarından efir klounları kimi istifadə olunmasıdır. Bir də görürsən ki, hansısa bir sənət adamı aidiyyatı olmayan bir verilişdədir. Buna yol vermək olmaz. Nəyəsə görə, çox da uzaq olmayan keçmişdə sənət adamları əlçatmaz idi, lakin indi belə deyil. O vaxt sənət adamları başa düşürdü ki, əlçatmaz olmalıdır. Sənət adamının yalnız sənətindən danışılmalıdır, onların şəxsi həyatı və digər məsələlər pərdə arxasında qalmalıdır. Əfsuslar olsun ki, bu gün KİV-lərdə sənət adamlarının şəxsi həyatları manşetlərdə əks olunur. Bax bunlar məni qane etmir.

- Hazırda çəkilən filmlərimiz niyə keçmiş filmlər kimi geniş auditoriya tərəfindən sevilmir?

- Bəzilərini çıxmaqla yerdə qalan filmlər sevilmir, ondan ötrü ki, əvvəlki filmlərimiz kimi dərin məzmunlu deyil. İndi elə bir zamandır ki, tamaşaçını heyrətləndirmək bir neçə il bundan öncə ilə müqayisədə çətindir. Çünki bu günün tamaşaçısı çox şeylər görür. Bu gün dünya kinosuna çıxış var. Bizdə çəkilən məhəlli mövzulu filmlərə nə qədər tamaşaçı yığa bilərik? Çox az. Dünya kinolarını izləyən tamaşaçı dönüb bizim primitiv filmlərə baxmaq istəmir. Ssenarinin kasad olması, rejissor işinin zəifliyi də burada mühüm rol oynayır. Güclü aktyorlarımız var, amma onlarla yanaşı güclü rejissor və ssenaristlər də olmalıdır. Filmlərimizin baxılmamasının səbəbi bunlardır.

- Faiq bəy, sonuncu sualımı verim. Sənətlə bağlı nələrə ümid edirsiniz?

- Bütün nailiyyətlərin əldə olunması üçün açar rolu elm oynayır. Bu sənətdə də nəyəsə nail olmaq istəyirsənsə, sənətin elmini öyrənməlisən. Bu olacaqsa, sənətimiz parlayacaq, olmayacaqsa, əksi olacaq. Əgər gələcəkdə də “viner”lər hazırda olduğu kimi bu sənətdə qalacaqlarsa, hansısa bir ümiddən danışmaq olmaz. Ümid edirəm ki, gələcəkdə sənətdə öz üzərində işləyən, hansısa bir məktəb görən aktyorlar daha çox seviləcək. Ümid edirəm ki, gələcəkdə ciddi sənətlə daha çox məşğul olunacaq.

 

Rövşən Tahir

 

Üç nöqtə.- 2020.- 30 aprel.- S.12.