Qorxu
nədir bilməyən Azərbaycan zabiti
Bu vətən,
torpağın qara bağrında
sıra
dağlar kimi duranlarındır.
Bir
tarix boyunca onun uğrunda
kəndini
tarixə verənlərindir.
Qəbələ
rayonunda Əmirvan adlı bir kənd var. O 7 şəhidimin, 7
qəhrəmanımın kəndidir. Bu kənd Birinci
Qarabağ müharibəsində 3, İkinci Qarabağ
müharibəsində isə 4 şəhid verib. Bu gün
şəhidlərdən 6-sı Əmirvan kəndində dəfn
olunub, bir şəhidimiz isə Kəlbəcərdə,
Qılınclı kəndi yaxınlığındakı təpəlik
ərazidə cənnətə qovuşub. Onları vətən,
torpaq, bayraq sevdası birləşdirirdi.
Tərəddüd
etmədən məqsədin arxasınca getdi
Bu gün polkovnik-leytenant Əfqan
Abdurahmanovun qəhrəmanlıqla dolu həyat yolundan
danışacağıq. Əfqan Abdurahmanov 1976-cı ildə
Bakı şəhərində, əmirvanlı Agasəf
Əlibəy oğlu Abdurahmanovun ailəsində dünyaya
göz açıb. Qarabağ münaqişəsi
başlayanda Əfqanın 12 yaşı vardı. Həmin vaxt
çox qarışıq dövr idi. Ermənilər tərəfindən
azərbaycanlılara qarşı təxribat xarakterli
qırğınlar törədilirdi. Bu hadisələr onun
yaddaşında dərin iz buraxdı. Əfqan Dağlıq
Qarabağın düşmən tərəfindən
işğal edilməsi ilə heç cür barışa
bilmirdi. Bu səbəbdən hərbiçi olmaq və gələcəkdə
erməni işğalı altında olan
torpaqlarımızın azad olunmasında iştirak etməyi
qarşısına məqsəd qoydu. Tərəddüd etmədən
bu məqsədin arxasınca getdi. 1997-ci ildə hərbi xidmətdən
qayıtdıqdan sonra sənədlərini Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi.
İmtahanlardan uğurla çıxan Əfqan Abdurahmanov hərbi
təhsil aldığı dövrdə nizam-intizamı ilə
seçilir, ixtisasını incəliklərinədək
öyrənirdi. O, 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbindən məzun oldu və bir il
müddətində Silahlı Qüvvələrin Təlim və
Tədris Mərkəzində (TTM) praktikada oldu. Burada
Əfqanın hərbi kadr kimi daim dəyişən və
yenilənən xidmət şəraitinə
uyğunlaşdı, daha doğrusu zabit kimi peşakarlıq səviyyəsini
yüksəltdi, daha müasir hərbi peşə
bacarıqlarına və vərdişlərə yiyələndi.
Artıq bir il sonra (2002-ci ilin iyul ayı) Əfqan Abdurahmanov Gəncə
şəhəri N-saylı hərbi hissədə xidmətə
başladı.
“Onlar da mənim balalarımdır”
Xidmət
etdiyi müddətdə tabeçiliyində olan hərbiçilərin
qayğısına qaldı,
köməkliyini əsirgəmədi, hər cür dəstək
oldu. Həyat yoldaşı Abdurahmanova Rəqinə Rafiq
qızı deyir: O, hərbi ximətə
başladığı ilk gündən, şəhid olduğu
günədək ön cəbhədə oldu. Bir dəfə
də olsa narazılığını eşitmədim.
Tabeçiliyində olan hərbi qulluqçulara
qayğıkeş qardaş, ata kimi yanaşdı, imkanı
daxilində köməkliyini də əsirgəmədi.
Məzuniyyətdə
oldugu müddətdə belə isindən ayrılmazdı. Həmişə
zənglər gəlirdi, heç bir zəngi cavabsız
qoymazdı. Əsgərlərinə çox diqqət edərdi.
Bəzən
narazılıq bildirər, xahiş edərdim:
–
Dincəl bir az, heç olmasa məzuniyyətdə olanda
telefonu söndur.
Sakitcə
gülərdi:
-
Onlar da mənim balalarımdır–deyərdi.
“Siz
düşmən üzərində qələbə
çalıb xidməti başa vurmağın nə
olduğunu bilirsizmi?”
Rəqinə xanım sözlərinə
davam edir:
–
Əfqan həyatının çox hissəsini hərbidə
kecirməsinə baxmayaraq səyahət etməyi, yeni yerləri
görməyi çox sevərdi. Evdə oturmağı sevməzdi,
gəzməkdən zövq alardı. Qohumlar, dostlar
Əfqanın məzuniyyətə
çıxdığını eşidən kimi zəng edər,
görüşmək istədiklərini bildirərdilər.
Bu, Əfqanın qohumcanlığından,
dostcanlığından irəli gəlirdi, onlarla daima hal-əhval
tutardı. Məzuniyyət günlərinin çox hissəsini
də onlarla bir yerdə keçirərdi.
Qulluq
etdiyi müddətdə Türkiyə, Çexiya və
Çində Müdafiə Nazirliyinin sərəncamı ilə
müxtəlif kurslara, hərbi təlimlərə
qatıldı. Çindən qayıtdıqdan sonra həmişə
bizə deyərdi:
–
Pensiya çıxandan sonra sizi mütləq ora aparacağam,
görməli yerləri var -
Böyük Cin səddi. Səma məbədi, Qadağan
olmuş şəhər, qəribə yeməklər…
Biz
Əfqanın pensiyaya cıxıb bizimlə yasamasını
istəyirdik. 26 ildir hərbi xidmətdə idi, xidməti
dövründə dəfələrlə yüksək
döyüş
hazırlığına, nizam-intizama və qüsursuz
xidmətinə görə hərbi hissə komandiri tərəfindən
fəxri fərmanla, Prezident İlham Əliyev tərəfindən
“Qüsürsuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli
medalla təltif edilmişdi.
Mən ömrümüzün sonunadək
səs-küydən uzaq, sakit bir həyat yaşamağı
arzulayırdım, amma arzum həyata keçmədi.
Çünki onun ürəyində qələbə arzusu
vardı. Torpaqlarımızın düşmən tərəfindən
işğal edilməsi ilə heç cür barışa
bilmirdi, özünü təhqir olunmuş sayırdı,
intiqam almaq üçün yaşayırdı. Onda
böyük ruh yüksəkliyi, qələbə əzmi
vardı.
Deyərdi:
– Siz
düşmən üzərində qələbə
çalıb xidməti başa vurmağın nə
olduğunu bilirsizmi?
Əfqan
övladları ilə vaxt keçirməyi də sevərdi. Həm
oğluna, həm də qızına vaxt ayırar, onlarla həmyaşıd
kimi söhbət edər, məsləhətlər verər, vətənpərvər
kimi böyüdərdi.
Murad Mirzəyev onun yaxın dostu idi,
həmyaşıd idilər
Aprel döyüşlərində
ön cəbhəsində olanladan biri də Əfqan
Abdurahmanov idi. Bu döyüşlər Dağlıq
Qarabağda 1994-cü ildə atəşkəs haqqında
saziş imzalandıqdan bəri ən şiddətli
döyüşlər idi. Döyüşlər Azərbaycan
Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi,
Tərtər rayonunun Talış kəndi ətrafındakı
yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl
rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı
kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər
rayonunun Qazaxlar və Madagiz kəndi istiqamətində yollar
düşməndən azad olundu.
Rəqinə
xanım o günləri
xatırlarkən bir an fikrə dalır, sonra deyir: Aprel
döyüşlərində Əfqan Goranboy rayonunun Baranbat
mesəsi adlanan ərazilrdə xidmət edirdi.
Döyüşlər zamanı qəhrəmancasına şəhid
olmus polkovnik-leytenant Murad Mirzəyev onun yaxın dostu idi, həmyaşıd
idilər, söz-söhbətləri tutardı. Onun
ölümü Əfqanı sarsıtdı, Bakıda olanda həmişə
II Fəxri Xiyabanda dəfn olunmuş dostunu ziyarət etməyi
özünə borc bilərdi. Ziyarətə
övladlarını da özü ilə aparar, dostunun rəhbərlik
etdiyi hərbçiləri ilə birlikdə çoxsayda
düşməni məhv etdiyindən, tutduğu mövqeyi bir
addım belə tərk etmədən son damla qanına qədər
vuruşduğundan, qəhrəmancasına şəhid
olduğundan danışardı.
Qeyd
edim ki, Murad Mirzəyev 2016-cı il Aprel döyüşlərində
komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki
yüksəklikləri düşməndən azad etmiş və
baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına
həlak olmuşdur. Murad Mirzəyev ölümündən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
"Polad şəhid olub, mən
istirahət edə bilmərəm"
Reqinə xanım həyat
yoldaşının ikinci sarsıntını bu ilin iyul
ayında yaşadığını bildirdi: Polad Həşimovun
şəhid olması xəbəri ona çox təsir
etmişdi. Evə gəlib rəngi - ruhu agarmıs halda Poladin
adını təkrarlayırdı. Məzuniyyətə 3
gündür çıxmışdı, bu xəbərdən
sonra evdə qala bilmədi, mənim israrla daha bir neçə
gün qalmasını xahiş etməyimə baxmayaraq, səhəri
gün xidmət etdiyi hərbi hissəyə qayıtdı.
–
Polad şəhid olub, mən istirahət edə bilmərəm-deyirdi.
Qorxu
nədir bilməyən dağların igidləri
Bu
hadisədən 2 ay sonra Azərbaycan ordusunun əks-hücum əməliyyatı
başladı. Ordumuzun apardığı qətiyyətli əks-hücum
əməliyyatları cəbhənin bütün istiqamətlərində
uğurla davam etdi. Ermənistan silahlı qüvvələrinin
işğal etdiyi ərazilərdəki düşmən
mövqelərinə sarsıdıcı zərbələr
edirildi, geri çəkilməyə məcbur edildi. İlk
günlərdə işğaldan azad edilən ərazilərimizdən
biri də Murov dağı silsiləsindəki zirvələrdən
biri idi. Zirvənin azad olunmasına Əfqan Abdurahmanov rəhbərlik
etdi. Döyüş zabitinin rəhbərliyi ilə əməliyyat
keçirilən zaman hərbiçilərimiz qalın
sis-dümana düşür. Duman o qədər sıx olur ki,
bir addım irəlini görmək olmur. Ərazi qayalı,
yarğanlı bir yer olduğundan adi bir səhv addım ölümlə,
səhv istiqamətə getmək isə düşmən
mühasirəsinə düşmək və ya
döyüş əməliyyatının pozulması demək
idi.
Əfqan
Abdurahmanov tabeçiliyində olan əsgərlərinə
cavabdeh olduğunu çox yaxşı başa
düşürdü. Onları bu çətin vəziyyətdən
çıxarmalı və döyüş
tapşırığını yerinə yetirməli idi. O əsgərlərinə
deyir:
–
Sıraya düzülün, öndə mən gedəcəm,
bir-birinizin kəmərindən tutun və ardımca gəlin.
Onun ən
çətin an düzgün qərar çıxarmaq peşəkarlığı,
relyefi düzgün qiymətləndirməsi sayəsində hərbiçilərimiz
heç bir itki vermədən sağ-salamat döyüş
mövqeyinə çıxır və Murovdağ zirvələrindən
birinin düşməndən azad edilməsində qəhrəmanlıq
göstərir, zirvəyə Azərbaycan bayrağını
sancır.
Bu əməliyyat
nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini
Ermənistanla birləşdirən hərbi əhəmiyyətli
Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də
atıcı silahların və artileriya vasitələrinin atəş
nöqtələri nəzarətə götürüldü.
Əldə edilən hərbi üstünlük Ermənistandan
əlavə hərbi yüklərin işğal altında olan
Kəlbəcər və Ağdərə istiqamətindəki
marşrutla daşınmasının qarşısını
almağa imkan verdi.
Əməliyyatın
uğurlu keçməsində Əfqan Abdurəhmanov və
onun döyüşçülərinin böyük rolu oldu.
Zirvəyə bayraq sancan Əfqan Abdurəhmanov həyatının
ən xoşbəxt gününü yaşadı.
Zirvədən
cənubda isə Kəlbəcər rayonu yerləşirdi.
Əfqanın gözünün qarşısında çox
gözəl mənzərə canlanırdı: Ard-arda
düzülmüş dağlar, yuxarı meyillənmiş təpələr,
duman çökmüş vadilər. Sanki Azərbaycan əsgərinə
səslənirdi: Yolunuzu gözləyirik, düşmən
tapdağından azad edin bizi!
Daha sonra Suqovusana kimi olan kəndlər azad edildi. Suqovuşan kəndinin
azad edilməsindən öncə Əfqan Abdurahmanovun dəstəsi
mühasirəyə düşmək təhlükəsi ilə
qarşılaşdı. Ac-susuz qalan hərbiçilərimiz
hər cür çətinliyə dözdü, yarpaqların
üstündəki şehləri toplayaraq içdilər, amma
ruhdan düşmədilər. Çünki
onların Əfqan kimi peşəkar komandiri vardı, ona
inanırdılar. Hərbiçilərimiz
bu çətinliyin də öhtəsindən gəldilər.
"Mən də orada idim..."
Qarşıda isə
Suqovuşanın düşmən işğalından azad
edilməsi kimi çox mühüm əməliyyat dururdu.
Çünki Suqovuşan yaşayış məntəqəsinin
həm hərbi, həm də strateji əhəmiyyəti
vardı. O Ağdərə və Sərsəng
su anbarı istiqamətində mühüm əhəmiyyətə
malik yolların nəzarətdə saxlanılmasına imkan
verirdi. Bundan başqa, Suqovuşan
yaşayış məntəqəsinin azad olunması cəbhənin
həmin istiqamətində böyük bir ərazinin, o
cümlədən Ağdərənin və digər məntəqələrimizin
də işğalçılardan təmizlənməsi
üçün ordumuza böyük üstünlük
yaradırdı. Bundan başqa, erməni
ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651
nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.
Bu səbəblərdən də yaşayış məntəqəsinin
azad edilməsi ordumuzun qarşısında duran ən
mühüm vəzivələrdən biri idi. İlk əvvəl
Suqovuşanın ətrafındakı yüksəkliklər,
postlar düşməndən təmizləndi. Düşməndən təmizlənən postlardan
biri də, Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun şəhid olduğu post idi.
Rəqinə
xanım deyir: Əfqan Mubariz Ibrahimovun şəhid oldugu postu
azad etmisdir. Biz həmin postun düşməndən
azad edilməsini televizorda görmüşdük. Hərbi posta Azərbaycan əsgərləri bayraq
sançırdı. Ürəyimə damdı ki,
Əfqan da oradadır, başqa cür də ola
bilməzdi, həmişə döyüşdə öndə
getməyi, əsgərlərinə nümunə olmağa
çalışardı, bu onun xarakterində vardı. Özümdən aslı olmayaraq məndə ruh
yüksəkliyi, sevinc hissi yarandı. Qarışıq
bir hiss idi, bu günə kimi belə bir şey
yaşamamışdım. Tez telefonu götürüb nömrəni
yığdım, zəngə bir az gec
cavab verdi. Həyəcandan az qala ürəyim
yerindən çıxacaqdı. Xəttin o biri
tərəfində onun səsini eşidən kimi sakitləşdim.
– Əsgərlərimiz Mubariz Ibrahimovun şəhid oldugu
posta Azərbaycan bayrağı sancdılar, sən də orada
idinmi?
–
Cüldü və verdiyi cavabı, səsinin tonunu bu gün də
xatırlayıram.
Mən də orada idim.
Fəxr
etdim Əfqanımla, igidimlə! Bunu onu
yaşayanlar bilər.
Döyüşlər isə davam edirdi. Düşmənin
Suqovuşan istiqamətində ağır məğlubiyyətə
uğradılmasında, tutduqları mövqelərdən və
ərazinin vacib sahələrindən geri çəkilməyə
məcbur edilməsində Əfqan Aburəhmanov və
tabeçiliyində olan əsgərləri də yaxından
iştirak etdi. Ermənistan ordusunun müxtəlif
istiqamətlərdə hərəkət edən hərbi
kolonları bölmələrimiz tərəfindən dəqiq
atəşlə məhv edildi. Düşmən
Suqovuşanı itirilməsi ilə heç cür
barışa bilmirdi, strateji cəhətdən önəmi
olan yaşayış məntəqəsini geri almaq məqsədilə
bir neçə dəfə əks-hücuma keçdi, lakin
ordumuz tərəfindən hücumun qarşısı
alındı, düşmən çoxsayda canlı qüvvə
və texnika itirərək geri çəkilməli oldu.
Qarşıda isə Ağdərə vardı, ordumuzun
yolunu gözləyirdi.
Qəhrəmanlar can verir yurdu
yaşatmaq üçün
Oktyabrın 9-da Ermənistan
və Azərbaycan Xarici İşlər nazirləri Moskvada
görüş keçirdilər, görüşün nəticəsində
tərəflər arasında atəşkəs barədə
razılığa gəlindi. Razılığa əsasən,
Azərbaycan və Ermənistan tərəfi arasında 10
oktyabr saat 12:00 radələrindən Beynəlxalq
Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və
kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və
saxlanılan şəxslərin dəyişdirilməsi və
cəsədlərin mübadiləsi nəzərdə tutuldu. Amma tərəflər arasında humanitar atəşkəs
uzun sürmədi. Ermənistan silahlı
qüvvələri növbəti dəfə
razılaşmanı kobud surətdə pozaraq ağır
artileriya vasitləri ilə yaşayış məntəqələrimizi,
döyüş mövqeylərimizi atəşə tutdu.
Bununla da düşmən tərəfi öz mənfur
sifətini dünyaya bir daha nümayiş etdirdi. Düşmən əclaflığının
qurbanlarından biri də qəhrəman zabitimiz, Murov
dağına bayrağımızı sancan, Suqovşanı
düşməndən azad edən polkovnik-leytenant Əfqan
Abdurahmanov idi. Oktyabrın 10-da Əfqan
Abdurahmanovun rəhbərliyi ilə hərbiçilərimiz
Ağdərə ətrafında yerləşən yüksəkliklərdən
birinin düşməndən təmizlənməsi əməliyyatını
həyata keçirirdi. Artıq
ağır döyüşlər gedir, düşmən xeyli
sayda canlı qüvvəsini itirmişdi. Polkovnik-leytenanta
bildirilir ki, 20 dəqiqədən sonra humanitar atəşkəs
qüvvəyə minir, hücum əməliyyatı
dayandırılsın. Əfqan Abdurahmanov əmrə
tabe olur və hücumu dayandırır və zarafatla:
– Bu
yüksəkliyi almaq üçün imkanımız
vardı. Ağdərə istiqamətində irəliləmək
üçün böyük imkan yaradardı, qaldı
növbəti dəfəyə, tez-gec torpaqlarımızı
azad edəcəyik.
Düşmən üçün isə atəşkəs
bir bəhanə, xəbis niyyətini həyata keçirmək
məqsədilə yaranmış imkan idi. Dəfələrlə
olduğu kimi bu dəfə də mövqelərimiz atəşə
tutuldu. Hərbiçilərimizin olduğu
ərazi iki istiqamətdən atəşə tutuldu, tankın
partlaması nəticəsində yaranan partlayış
dalğası Əfqan Abdurəhmanovu kənara atdı. Alnı yaxınlıqdakı qayaya dəyməsi nəticəsində
şəhadətinə qovuşdu. Döyüş
zabiti, qələbə arzusu ilə yaşayan, həmyerlisi
Polad Həşimovun intiqamını alacağına söz verən
Əfqan Abdurəhmanov qəhrəmancasına həlak oldu.
Vətən sevdalı, ölümün
gözünə dik baxan, döyüş meydanında qəhrəmanlıqlar
göstərən igid zabitin Kəlbəcərin,
Şuşanın, Laçının azad edilməsində
iştirak etmək arzusunu döyüş dostları həyata
keçirməli oldu.
Bu gün onu tanıyanlar zabiti xoş xatirələrlə
yad edirlər.
Xəzər
Osman yazır: Komandirim olub. O vaxt hələ baş leytenant
idi. İgid, mərd və əsl hərbiçi
idi. Əsgərləri arasında
böyük hörməti vardı, onların hər birinə
xarakterinə uyğun yanaşar, məsləhətlərini
verər, lazım gələndə köməklik də
göstərərdi.
Onun şəhadətini eşidib çox kədərləndim. Yerin cənnətlik
olsun komandir. Bu vətəni göz bəbəyimiz kimi
qorumalıyıq, Gör necə oğullar baş qoyub bu torpaqlara .
Mustafayev
Zamin: Mən Əfqanla bir yerdə xidmət etmişəm. savadlı, güclü kadr idi. Məkanı
cənnət olsun.
Tofiq
Şahmuradov: Əfqan şəhid olanda orada idim,
yaralıları çıxarmağa girmişdik. Əfqangil 951 saylı yüksəkliyi almaq
üçün döyüşə girmişdilər. Onları sol tərəfdən tank vurmuşdu. Partlayış dalğasından şəhid
olmuşdu.
Başımızı dik tuta bilirik
Anam, anam
sağ olsun vətən,
Vətən
olurmu bu dağdan, bu daşdan
Qoynunda yoxsa
yatan
Əfqan Abdurəhmanovun
şəhid olması xəbərini onun dostu, hərbi polisdə
xidmət edən Azərə bildirirlər. O isə
acı xəbəri Əfqan Abdurəhmanovun qohumlarına
ürək ağrısi çatdırmaq məcbutiyyətində
qalır.
Rəqinə
xanım deyir: Əfqanla bir neçə saat əvvəl
danışmışdım, “hər şey normaldır,
narahat olma”- demişdi. Telefon zəng çalanda ev işləri ilə məşğul idim,
amma az da olsa həyəcan vardı, məndə. Son vaxtlar telefon səsi eşidəndə diksinirdim,
qorxurdum. Bu dəfə də eyni hissi
keçirdim, özümü toparlayıb trubkanı
götürdüm. Telefonun o biri başında qohumlardan
biri idi, əvvəlcə hal-əhvalımı soruşdu,
sonra Əfqanı soruşdu:
– Əfqandan nə xəbər var, heç
danışırsan?
Səhər danışdığımı bildirdim.
–
Salamları var, şükür sağ-salamatlıqdır,
Ağdərə istiqamətində yüksəklikləri azad
edirlər.
Hiss etdim
ki, xəttin o biri tərəfində danışan şəxs
çox narahatdır, nəsə demək istəyir, amma deyə
bilmir. Hıçqırıqlarından hər
şeyi anladım, o an nə çəkdiklərimi bir Allah
bilir. Gözlərim qaraldı. Özümü toparlamağa, toxdamağa
çalışdım, alınmadı, göz yaşlarım
da təsəlli olmadı, kədər çökmüş
ürəyimə. Əfqan kimi dayağımı itirdim…
Mənim üçün təsəlidir ki, onu hami
sevirdi. Xidmət etdiyi rayonların sakinləri xəstəxananın
qarşısına toplaşmışdı, göz
yaşı axıdır, həlak olduğuna
inanmırdılar. Bu gün də ondan
danışırlar onun adını anırlar. Adı dillərindən düşmür.
Əfqan dövlətinə,
torpağına bayrağına sevdalı zabit idi. Bu gün onun kimi
şəhidlərimizin, qazilərimizin, əsgər və
zabitlərimizin sayəsində alnımız
açıqdır, başımızı dik tuta bilirik.
Artıq biz məğlub, qüruru ləkələnmiş
bir millət deyilik, qalib millətik.
Əfqanın
anası Nərgiz Camaləddin qızı söhbətə
qoşulur: Mənim oğlum vətənini sevən zabit idi. Döyüşlərdə həmişə öndə
olub, əsgərlərini qələbəyə
ruhlandırıb. Bəzən mənə
elə gəlir ki, yuxudayam, ayıldıqda oğlumu,
Əfqanımı sağ-salamat görəcəyəm.
Mənə
elə gəlir ki, qapı açılacaq, Əfqan otağa
girib boynumu qucaqlayacaq və deyəcək:
– Ana necəsən,
nəyə ehtiyacın var?
Qapı isə dəfələrlə
açılıb-örtülüb, otağa çox sayda
adamlar girib-çıxıb, amma onların arasında
Əfqan olmayıb, ciyərparam olmayıb. Ondan mənə
yalnız xoş xatirələr, haqqında söylənilən
qəhrəmanlıq hekayələri qalıb.
Qohumu
Kamal Nəsrullayev deyir: Əfqanın şəhid olduğu barədə
xəbər mənim üçün gözlənilməz
oldu, çünki bir neçə gün əvvəl
danışmışdım. Atası Ağasəf
Əlibəy oğlu Abdurahmanov və anası Nərgiz Camaləddin
qızını Əmirvana mən aparmalı oldum. Valideynləri Əfqanın şəhid olduğundan
xəbərsiz idi. Onlara yalan danışmalı oldum və
bildirdim ki, Ağasəf kişinin anası Əmirvanda rəhmətə
gedib, hazırlaşın kəndə gedirik.
Ağasəf kimi xəstəhal idi, yaddaşı tez-tez itirdi. Şamaxinkaya çatanda maşını saxlatdı, düşüb şəhərə qayıtmaq istədi. Güc-bəla ilə onu Əmirvana getməyə razı saldıq.
Ağasəf kişi Əmirvandakı ata evinin həyatına toplaşmış insanları görəndə həyacanlandı, oğlunun həlak olduğunu hiss etdi, maşından düşən kimi dizüstə çökdü.
**
Əfqan Abdurəhmanov son nəfəsində həm dostu, həm də həmyerlisi olan Polad Həsimovun yaninda dəfn olmasını vəsiyyət etmisdi. Hətta onun II Fəxri Xiyabanda dəfn olunması üçün yerdə hazırlanmışdı, lakin görünür yaxın qohumlarından kiminsə xahişi ilə Əmirvan kəndində dəfn olundu.
P.S. Onun şəhadətə yuksəlməsindən bi ay sonra vətənimizə qələbə gəldi. Ordumuz döyüşlərdə zəfər qazandı, Əfqanın intiqamı alındı, arzuları reallaşdı.
Pünhan Əfəndiyev
Üç nöqtə.-
2021.- 3 dekabr. S. 8-9.