"Eminlə
əməlli-başlı söhbət elədik"
"Şillələyirdim
ki, "Emin, bircə yatma!"
Şəhid
Emin Kazımovun əkiz qardaşı Emil Kazımov söhbətə
bir il əvvəli xatırlamaqla başlayır:
-
Oğlu bizim ad günümüzdə, dekabrın 7-də
dünyaya gəldi, atamızın adını qoydu... Həmin
günü mənə zəng edib dedi ki, biz burada mənim
doğum günümü keçiririk, sən isə
Türkiyədəsən. Ürəyim pis olur ki, sən
öz doğum günündə orada təksən. Söz
verdim ki, gələn il gələcəyəm, birlikdə
keçirəcəyik! O da cavab verdi ki, “qaqa, gəl! Ancaq gələn
il ikimiz yox, artıq üçümüz ad
günümüzü bir yerdə keçirəcəyik!”
Azərbaycanda
daha bir həkim koronavirusdan öldü
Məşhur
xəritə şirkəti Azərbaycanla bağlı səhvini
düzəltdi - VİDEO
Azərbaycanda
dolu yağdı - FAKTİKİ HAVA
Mən
sözümə əməl etdim, bu il martın 5-də vətənə
qayıtdım. Mən gəldim... Emin isə getdi... Mən həmişə
harasa getmişəm... Həmişə də
qayıtmışam, Emin isə heç vaxt ailəni tək
qoyub heç yerə getməzdi... Bu dəfə birdəfəlik
getdi... Ata-anamın oğlu, bacı-qardaşımın
qardaşı getdi... Mənim isə param getdi... Param!
Canımın parası... Əkiz tayım...
Sözlər
boğazında düyünlənir... Səsi titrəyir...
Söhbəti atası Fərman Kazımov davam etdirir:
-
Dörd övladım var. Böyük oğlumla qızım
universiteti qırmızı diplomla bitiriblər. Əkizlərim
Emin ilə Emil də dərslərini çox yaxşı
oxuyurdular, ancaq onlar futbola meyl etdilər. Yevlaxın “Karvan”
İdman Klubunda oynayırdılar və çox perspektivli
futbolçu hesab edilirdilər. Futbol karyeralarını
başa çatdırandan sonra Emil Türkiyəyə getdi,
Emin isə hərbçi olmaq arzusunu dilə gətirdi. Dedim
ki, ay oğul, mən zabit olmaq istədim, atam icazə vermədi.
Səni də həmişə zabit görmək istəmişəm.
Vaxtında da sənə nə qədər dedim ki, gəl, Hərbi
Akademiyada təhsil al... Oxumağın da vaxtı var axı...
Nə
isə, qısa zamanda arzusuna çatdı, MAXE kimi fəaliyyətə
başladı... İşini o qədər sevirdi ki... Təlimlərdə
seçilirdi, yaxşı nəticələr əldə
etmişdi. Döyüş tapşırığını
yerinə yetirərkən fərqləndiyinə görə fəxri
fərmanı da var... Müqaviləsinin vaxtını 5 il də
uzatdılar...
Emin
gözünü qırpmadan ölümün üstünə
gedən oğul idi. Tez-tez deyirdi ki, “ata, biz
torpağımızı nə vaxtsa azad edəcəyik!” Mən
özüm də bu gün torpağım üçün
canımdan keçməyə hazıram...
Hərbidə
olduğu illər ərzində mən bir dəfə də
olsun oğluma zəng etmədim, təhlükə yarada biləcəyimdən
çəkinirdim. Ancaq əmin idim ki, o özü uyğun
bildiyi bir vaxtda zəng edəcək. Sadə telefonu var idi,
şəkil çəkmirdi, elə təkcə zəng etməkdən
ötəri idi...
Son zəngi
sentyabrın 27-də, səhər saat 6-da oldu... Biz Bakıda
idik, özü yola salmışdı ki, bacımgilə
baş çəkin. Guya bir həftəlik getmişdik... 2
gün sonra səhər tezdən zəng etdi:
-
Ata, biz gedirik!
-
Hara?
-
Toya!
-
İrəliləmisiniz?
- Hə,
ata! Xeyli irəliləmişik...
5 il ərzində
o qədər gizli danışmışdı ki, artıq mən
də parolları bilirdim... Onlar müharibəyə “toy”
deyirdilər...
Saat
təxminən 12 olardı, bədənimə titrətmə gəldi.
Dedim ki, yığışın, qayıdırıq Yevlaxa!
Evə yenicə çatmışdıq ki, qapı
döyüldü. Yoldaşım dedi ki, səni
axtarırlar... Dedim ya qazdan, ya da sudan ötrü gəliblər...
Yoxsa bu saatda məni kim axtaracaq ki?
Çıxdım
qapıya... İcra başçısının köməkçisi,
yanında da rayonun axundu... “Oğlun yaralıdır, gəl,
gedək, gör”, dedilər...
Dedim
ki, biz iman gətirmiş adamlarıq, açıq
danışın, nə olub, onu deyin!
Axund
ağladı...
Əyləşdim maşına, getdik Bərdəyə...
Götürüb gəldik...
Oğlum
Vətən müharibəsində Yevlaxa gətirilən ilk
şəhid idi... Gəldik ki, bütün rayon
toplaşıb. Mənim oğlum kimi gedib, elin oğlu kimi
qayıtmışdı. Onun qədəri belə imiş,
canı qədər sevdiyi Vətəni üçün
döyüşdü, doğru bildiyi yolda şəhadətə
qovuşdu...
Yevlaxın
Şəhidlər Xiyabanında dəfn etdik... Cənazənin
önündə özüm gedirdim... Emini torpağa
tapşırıb başımı qaldıranda gördüm
izdihamın ucu-bucağı yoxdur... Dedim, Emin, mənim kimsəyə
bənzəməyən balam, sənin vidalaşmağa minlərlə
insan gəlib, məzarının başında nə qədər
insan ağlayır...
Emil
davam edir:
-
Emin çox ailəcanlı idi. Bütün arzuları ailəsi
ilə bağlı idi. Başqa ev almaq və
uşaqlarını istədiyi kimi böyütməyi
arzulayırdı. Yaşadığı müddətdə ailəsinə
hər şeyin yaxşısını alardı. Tez-tez
hamımızı axtarar və danlayardı. Deyərdi ki, siz
çox soyuqsunuz, bir az istiqanlı olun! O qədər mehriban
qardaş idi ki... Hansımızın nə işi olsa Emin tez
qabağa düşər, birinci əl atardı...
Ən
son zəngini də mənə edib... Səhər atamla
danışandan sonra məni yığdı, təxminən
10 dəqiqə telefonla danışdıq. Heç vaxt
döyüşlə bağlı nə isə deməzdi.
Heç Tovuz döyüşlərində də harada
olduğunu bilmədik. Elə zəng edib bir kəlmə
“nigaran qalmayın, yaxşıyam, hər şey
qaydasındadır” deyərdi. Yenə də
“salamatlıqdır”, dedi. “Biz qabağa gedirik” deyəndə
and verdim ki, “qaqa, sən Allah, ehtiyatlı ol!”
Təəccüblə,
“məni tanımırsan” soruşdu. Qaqa, mən səni qəşəng
tanıyıram! Səni hamıdan yaxşı mən
tanıyıram! Ona görə and verirəm, dedim. Mən bilirəm
ki, sən daldalanan deyilsən. Demirəm arxada qal, gizlən!
Amma ehtiyatlı ol! Allaha and verirəm! Sən mənim əkiz
tayımsan! Paramsan! Əkiz olanlar bunun nə demək
olduğunu bilər. Allaha and verirəm, paramdan muğayat ol!
Bilirdim
axı... Onun illərdir dediyi bir söz var idi, “mən şəhid
olacağam!” Hər zaman bu sözləri deyirdi. Sentyabrın
26-da sinif yoldaşımız Anara zəng edib deyib ki, “ürəyimə
damıb, mən şəhid olacağam. Amma uşaqlardan
narahatam, balalarım çox körpədirlər...” Anar cavab
verib ki, “Emin, elə danışma, məni ağladırsan!”
“Yox, ürəyimə damıb, şəhid olacağam”,
deyib...
Anara
deyib, mənə isə demədi. Səhər tezdən
danışanda çox yorğun və nikbin idi. Bəlkə
də nəsə demək istəyirdi, ancaq susdu... Dedim, sən
Allah, heç olmasa arada zəng elə!
Mən
əbəs yerə demirəm ki, Emin mənim param idi. Qəfil
bütün vücudumdan bir gizilti keçdi. Özümü
narahat hiss elədim, dayana bilməyib, dərhal onu
yığdım. Bilirdim döyüşdədir, bilirdim zəng
etmək olmaz! Bilirdim ki, özü zəng edəcək...
Ancaq dözməyib, zəng etdim. Açmadı... Kaş ki,
açardı... Kaş ki, açıb yaralı olduğunu
deyərdi... Bəlkə mən özümü
çatdırıb onu həkimə aparardım... Sonradan
bildim, dostu Nail danışdı...
...Nail
yanında olub. Onların “veş-meşokları” çox
ağır olur. Emin dizi üstdə çöküb,
çiynindəkini düzəltsin. Həmin vaxtı sol
döş qəfəsindən güllə girib, bazu
sümüyündən çıxıb... Çiyni
qırılıb... Qardaşım özünü yerə
atıb... Nail soruşub “nə oldu?” Deyib, “məni vurdular...
Ancaq narahat olma, yaxşıyam...”
Nail
deyir, kitelinin arxası yanırdı, torpaqla
söndürdüm. Çox qan itirib... Emini neytral zonadan
çıxardan zaman onu qəbul edən dostu Tural olub...
...Tural
danışır ki, “ola bilməz, Emini də vurdular?!” deyib,
özümə tərəf çəkdim. Artilleriya
atırdı, ağacın altına sıxılıb,
gözlədik. Bu müddət ərzində Eminlə əməlli-başlı
söhbət elədik, “narahat olma, yaxşıyam”, dedi. Amma
çox qan itirirdi. Şillələyirdim ki, “Emin, bircə yatma!”
“Telefonu
yerə düşmüşdü, sən zəng edəndə
gördüm”, deyir. “Nə olar, açardın! Açıb
bircə kəlmə deyərdin ki, özünü yetir,
qardaşın yaralanıb” deyirəm... Cavab verir ki, “Nə
ağlıma gələr ki, Emin ölər?
Düşündüm yaxşıdır, həkimə
çatdıracağam, sonra da telefonunu özünə verəcəyik,
cavab verəcək. Ancaq hospitala son nəfəsinə yaxın
çatdıra bildik, xilas etmək mümkün olmadı...”
Hüzrə
gələn dostları onun qorxmazlığından və qəhrəmancasına
döyüşdüyündən danışdı. Öyrəndik
ki, Emini “Canavar” çağırırmışlar... Çox
cəsur idi, döyüşçülərə də
ürək-dirək verirmiş... Döyüşçü
dostları da deyirlər ki, inanmırıq ki, Emin şəhid
olub...
Dostları
inanmır, biz gözləyirik, balaları isə xəbərsizdir...
8
yaşlı Zeynəb deyir ki, “atam gələndə bizə
şirniyyat alacaq!” 3 yaşlı Xədicə isə
“özü gəlsin, şirniyyat istəmirəm”, deyir...
Evin ən
kiçiyi, babasının adını daşıyan Fərmanın
isə bu gün 1 yaşı tamam olur. Eminin balası Fərmanın
1, parası Emilin isə 33 yaşı tamam olur. Emin isə əbədiyyətə
qovuşub. O müharibə ilə eyni yaşda, 32 yaşında
qalmağı seçdi...
Fərman
atasının haqqında onun döyüşçü
yoldaşlarından dinləyib, öyrənəcək ki, bu
torpaqlarda bir zaman uzun, çox uzun, bir igidin ömründən
də uzun müharibə gedib... O müharibə hər kəsin
həyatını yaralayıb. Uşaqdan böyüyə hər
kəs o savaşın başa çatması, zəfərin
qazanılması üçün ən qiymətli
olanından keçib. Fərman isə o savaşa
atasını verib!
Fərman,
qürurla “mənim atam Vətən müharibəsində zəfərin
qazanılması üçün qəhrəmancasına
döyüşüb, öz canını fəda edib! Mənim
atam mənə bütöv, tam bir Azərbaycan miras qoyub!” deyəcək.
Ancaq
hələlik Fərman bütün bunlardan xəbərsizdir.
Bu haqda adını daşıdığı babası
danışır:
-
Övlad itkisi çox ağırdır, qızım. Ancaq mən
bu günə şükür edirəm ki, 28 il erməni
tapdağında qalan torpaqlarımız azad edildi. Namusumuz,
ayaqlanmış izzəti-nəfsimiz onların ayaqları
altında qalmadı. Biz bu torpaqları şəhidlərin
qanı, canı hesabına geri qaytara bildik. Torpağı Vətənə
çevirən şəhid qanıdır. Mən bütün
bunları dərindən dərk edirəm. Hər gün şəhidlər
xiyabanındayam. Əvvəl Emin üçün “Quran”
oxuyuram, sonra da yanında yatan oğullar üçün.
Komandiri Sultan Məmmədov da şəhid oldu. Əgər
sağ qalsaydı, bəlkə də Emin Kazımovun qəhrəman
əsgər olması barədə təqdimat verərdi. Bunu mən
demirəm, onunla birlikdə Suqovuşan istiqamətində
döyüşən əsgərlər deyir...
Bu
gün Bakıdakı 20 nömrəli məktəb-liseydə
2 “X” sinfinə Emin Kazımovun adını veriblər. Emin cəmi
bir balasının məktəbə getdiyini gördü, Zeynəb
2-ci sinifdə oxuyur. Onun övladı ilə yaşıd
uşaqlar oxuduqları sinfin adını
daşıdığı qəhrəmanı tanıyacaq,
öyrənəcək, onun əməllərinə layiq nəsil
kimi böyüyəcəklər. Mənim övladım o
uşaqlarda yaşayacaq...
Emil Kazımov
Söhbəti
apardı: Vüsalə Məmmədova
Üç nöqtə.-
2021.- 3 dekabr. S. 7.